Azərbaycan respulikasi


Pedaqogika terminologiyasında alınmalar



Yüklə 0,86 Mb.
səhifə24/30
tarix11.01.2022
ölçüsü0,86 Mb.
#110718
1   ...   20   21   22   23   24   25   26   27   ...   30
3.2. Pedaqogika terminologiyasında alınmalar
Tarix boyu dillər arasında həmişə əlaqələr olmuşdur. Həmin əlaqələr iqtisadi, ictimai, sosial və s. səbəblərdən irəli gəlmişdir. Yəni dillərarası əlaqələri insanlararası, cəmiyyətlərarası əlaqələr doğurmuşdur. Dil əlaqələri reallaşdıran vasitə kimi çıxış etmişdir. Sivilizasiyanın son dərəcə inkişaf etdiyi müasir dövrdə dil əlaqələri xeyli güclənmişdir. Dil əlaqələri prosesində təmasda olan dillər bir-birindən müxtəlif vahidləri alır. Nəticədə, dildə alınmalar meydana gəlir. “Alınma bir prosesdir, bu prosesin nəticəsində söz və ya termin bir dildən başqa dilə keçir. Deməli, “alınma” termininin özü iki mənadadır. Geniş mənada “alınma” dedikdə bir dildən başqa dilə keçən bütün linqvistik vahidlər, hər cür dil elementləri başa düşülür, “alınma söz” dedikdə isə yalnız leksik vahidlərin mənimsənilməsi nəzərdə tutulur” [67, s.133]. Alınmalar, eləcə də alınma terminlər, terminoloji vasitələr istər Azərbaycan, istərsə də xarici dilçilik tədqiqatlarında geniş şəkildə tədqiq edilir. Bununla belə, ayrı-ayrı sahə terminologiyalarındakı alınmaların ayrıca tədqiq edilməsi də zəruridir [42; 48; 54; 53; 17; 119; 135; 148; 107 və s.].

Azərbaycan dilinin pedaqoji terminologiyasındakı alınmalar kifayət qədər öyrənilməmişdir. Bu sahədə alınmalar, təbii ki, qruplaşdırılmalı, tədqiq və təhlil edilməlidir. Məlumdur ki, alınmalar fonetik, leksik, qrammatik cəhətdən mənimsənilir . Başqa dildən sözün alınmasının əsas səbəbi obyekt dildə əşyanı, predmet və ya hadisəni adlandırmaq üçün alan dildə müvafiq vahidin yoxluğudur. Müvafiq söz olmadıqda başqa dilin sözü tarnsliterasiya və ya transkripsiya olunaraq istifadə edilir. Terminoloji sistemdə də eyni vəziyyət özünü göstərir. Sözlama və terminalmanın bu cəhəti bütün dillər üçün ümumidir. Müasir dövrdə alınan sözlərin əsas mənbəyini ingilis dili təşkil edir. Tarixən isə vəziyyət bu cür olmamışdır. Azərbaycan dilinin daha qədim dövrü ərəb-fars dilləri ilə əlaqələrin möhkəmliyi ilə səciyyələnir. Bir zamanlar Azərbaycan dilinə ərəb-fars sözləri çox daxil olmuşdur. Sonralar Rusiya ilə dil əlaqələri rus dilindən, eləcə də rus dili vasitəsi ilə alınmaların çoxalmasına səbəb olmuşdur. Ərəb-fars dillərindən sözalma prosesi, demək olar ki, dayanmışdır. Avropa dillərinə aid alınmalar Azərbaycan dilinə daha əvvəllər rus dili vasitəsilə keçmişdir. “Müstəqillik illərində terminalma mənbələri də dilin əvvəlki inkişaf dövründən xeyli dərəcədə fərqlənməyə başlamışdır ki, bu da bilavasitə cəmiyyətdə gedən proseslərlə birbaşa bağlı şəkildə üzə çıxır. Yəni əgər sovetlər birliyi dövründə digər müttəfiq respublika xalqlarının dillərində olduğu kimi, Azərbaycan dilində də alınma terminlər, əksər hallarda terminin hansı dilə mənsub olmasından asılı olmayaraq rus dilindən alınırdısa (bu qaçılmaz, iqtisadi-siyasi fakt idi), müstəqillik illərində artıq cəmiyyətin müasir inkişaf durumuna uyğun olaraq rus dilindən uzaqlaşma meyli güclənmiş və termin mübadiləsində üstünlük daha çox müxtəlif səpkili əlaqənin qurulduğu Avropa dillərinə verilmişdir” [9, s.88]. Hazırda Azərbaycan dilinin ingilis dili ilə təmaslı əlaqələri artır. Bu isə Avropa mənşəli alınmaların birbaşa alınmasına zəmin yaradır.

Sözlər terminlərdən daha əvvəl alınmışdır. “Alınma terminləri “normalaşmış dil”ə qarşı qoymaq düzgün deyil, çünki elmi dil də elə ədəbi dilin funksional üslubudur. Elmi dil gerçəkliyin qnesoloji inikası, tarixi və məntiqi dərk edilməsi vasitəsi, elmi-texniki informasiyanın reallığıdır. Ədəbi dilin normalarına, qaydalarına tabe olan alınma terminlər söz yaradıcılığında xüsusi yer tutur. Terminoloji leksikanın müəyyən bir qismi yalnız müvafiq sahə mütəxəssislərinin leksikonuna aiddir. Belə terminlərdən bəziləri müəyyən zamandan sonra hətta milli ədəbi dilə də keçə bilir” [52, s.3]. Bu hadisə alınma terminin determinləşməsi prosesində baş verir.

Azərbaycan dilinin müəyyən sahə terminologiyasındakı alınma terminləri tədqiq edərkən tədqiqatçılar onları üç əsas qrupda birləşdirir. Birinci qrupu ərəb-fars dillərindən alınmış pedaqoji terminlər təşkili edir. İkinci qrup rus dilindən alınmaları əhatə edir. Üçüncü qrupa isə Avropa dillərindən alınmalar daxil edilir. Eyni sistemi saxlamaqla alınma pedaqoji terminləri də üç qrupa ayırmaq olar :

Ərəb-fars dillərindən alınma pedaqoji terminlər sahənin təşəkkül, formalaşma və ilkin inkişaf dövrünə aiddir. Bu proses Azərbaycan dilinin rus dili ilə əlaqələrinin güclənməsinə qədər və ya Azərbaycanda sovet hakimiyyətinin qurulmasına qədərki dövrü əhatə edir. Azərbaycanın Rusiya tərkibinə ilhaq edilməsindən sosialist inqilabına qədərki müddətdə pedaqoji terminlərin ərəb-fars dillərindən alınması, rus dili ilə paralel getmişdir.

Alınma sözlərlə alınma terminlər arasındakı fərq əsasən terminlərin dildəki əhatə genişliyindədir. Həm alınma sözlər, həm də alınma terminlər mənimsəmə prosesində fonetik, qrafik, orfoqrafik, leksik, qrammatik, semantik xüsusiyyətlərə malikdir, lakin ikincilər üstəlik terminoloji yük də daşıyır. Termin söz olduğu kimi, alınma termin də alınma sözdür” [52, s.4]. Bu fikirlə bağlı bir məqamı qeyd edək ki, termin başqa dildən termin olaraq hazır alına bildiyi kimi, termin dilə keçmiş alınma söz əsasında da formalaşır. Deməli, birinci halda başqa dilin elmi və ya sahə materialına birbaşa müraciət olunur. İkinci halda dilin öz leksik qatına müraciət olunur, söz ümumişlək leksik qatdan seçilib götürülür. Azərbaycan pedaqoji terminologiyasında dilin öz leksik fondundan götürülmüş və terminləşmiş alınma pedaqogika terminləri kifayət qədərdir. Məsələn, məktəb, tərbiyə, istehsalat, imtahan, sınaq, müəllim, təhsil, təlim, tərbiyə və s.

Pedaqoji terminologiyanın baza anlayışları ümumişlək leksik qatdakı sözlərdən formalaşmışdır. Azərbaycanda pedaqogikanın, ümumiyyətlə tədrisin inkişaf etməyə başladığı dövrdə təhsil müəssisələrində ərəb qrafikasından istifadə olunurdu, dini tədris daha çox diqqət mərkəzində idi və bu dövrdə Azərbaycan dilinin ümumişlək leksik qatı ərəb-fars alınmaları ilə zəngin idi. Ona görə də pedaqogika terminlərinin də bu alınmalar əsasında formalaşması aparıcı mövqedə dururdu. Məlumdur ki, terminlər sahəyə aid anlayışları adlandırır. Sahə anlayışları bu sahənin inkişafı prosesində üzə çıxır. Yeni anlayış yarandıqda adlandırılır. Ad sahənin termini olur. “Biz o sözü termin adlandırırıq ki, ona elm, texnika və incəsənət sahəsində tam şəkildə müəyyən edilmiş hər hansı bir anlayış müvafiq gəlir” [95, s.117]. Bu fikir bütün sahələr üçün eyni şəkildə qəbul olunmalıdır. Pedaqogikada da terminə qarşı bir anlayış qoyulur. Məsələn, bacarıq - insanın əldə etmiş olduğu biliyin müəyyən fəaliyyət növünə tətbiq etməsinə əsaslanan işə deyilir; qabiliyyət - şəxsiyyətin, hər hansın bir fəaliyyət növünü müvəffəqiyyətlə icra etmək üçün şərt olan fərdi psixi xassəsinə deyilir; qavrayış - hiss üzvlərinə indiki anda bilavasitə təsir edən maddi aləmin ayrı-ayrı cisim və hadisələrinin beyində inikasından ibarət olan psixi prosesə deyilir; müşahidə- qavrayışın çox mühüm və xüsusi növü olub, hər hansı bir fəaliyyət sahəsində müəyyən plan üzrə cərəyan edən davamlı və müntəzəm qavrayışa deyilir. Bu terminlər həm pedaqogika, həm də psixologiyada istifadə olunur və bir termin, demək olar ki, bir anlayışa qarşı qoyulur. Termin-anlayış uyğunluğu həm alınma, həm də mənşəcə dilin öz sözləri üçün eyni bir prinsipdir. Yəni nə dilin öz sözü olan termin, nə də alınma termin bir neçə anlayışı deyil, bir məfhumu ifadə etməlidir. Hər bir termin bir anlayışa uyğun gəlməlidir. Əlbəttə, sahələrarası omonimlik və terminin müxtəlif variantlarının müvazi işlənməsi halları məqbuldur. Elm, texnika və incəsənət sahəsində təyin olunmuş hər hansı bir anlayışı adlandıran söz alınırsa, bu hadisə terminalma hadisəsidir. “Ümumişlək sözlərdən fərqli olaraq termin hər hansı bir sahədə müəyyən bir anlayış ifadə edərək xüsusi funksiya daşıyır” [67, s.4].

Dilin sözalmasına təkan verən və mane olan səbəblər mövcuddur. Ekstralinqvistik səbəblər siyasi, iqtisadi, sosial, mədəni, ideoloji amillərdən bəhrələnə bilər.

K.N.Yeryomina müasir fars dilində Avropa mənşəli sözlər haqqında tədqiqatında M.A.Cazeyriyə istinadla yazır. “Alınma doktor sözü elə anlayışı bildirir ki, onun ifadə olunması üçün fars dilində həkim, təbib və pezeşk sözləri vardır. Iranda doktor sözü alınana qədər də xəstələnib müalicə olunmuşlar. Ona görə də doktor sözü mədəni yenilik sayılmamalıdır. Deməli, müasir doktor sözü həkim və təbib sözləri ilə eyni deyildir. Bu anlayışın müalicə üsulları və müalicə alətləri baxımından yeni məzmunu vardır” [107, s.15]. Fikrimizcə, dil termin olaraq qeyd edilən sözlərdən hər hansı birini seçmək imkanına malikdir. Yəni “təbib”, “loğman”, “həkim”, doktor sinonim sırasının hər hansı bir elementini seçib müvafiq termin kimi qəbul etmək olardı. Lakin dildə tarixən yaranmış bu sözlərdən bəzilərinin arxa fon planında müəyyən semantika durur və bu semantika həmin sözü termin olaraq seçməyə bəzən az da olsa mane olur. Bundan əlavə, eyni sahə terminologiya sistemlərinin bir-birinə yaxınlaşması prosesi daim davam edir, beynəlmiləl terminlər, eləcə də regionalizmlər yaranır. Terminologiyada müxtəlifsistemli dillərdə qeydə alınan, oxşar semantikaya, qrafik, fonetik və morfoloji əlamətlərə malik olan sözləri internasional terminlər və ya beynəlmiləl terminlər adlandırılır [Bax: 82; 83; 111].

Qeyd olunduğu kimi, Azərbaycan dili pedaqogika terminləri formalaşdığı dövrdə ərəb-fars dillərindən alınmaların miqdarı çox olmuşdur. Bu terminlər Azərbaycan dili pedaqogika terminologiyasına dilin ümumişlək leksik qatından keçmişdir. Azərbaycan dilinin bu leksik layında olan ərəb-fars sözləri pedaqogika sahəsi formalaşıb inkişaf etdikcə sahənin terminoloji sisteminə daxil olmuşdur. Bir sıra ərəb-fars mənşəli terminlər sonralar arxaikləşsə də, əsas korpus qorunub saxlanmışdır. Ərəb-fars alınmaları qrupuna aşağıdakı terminlər daxil olur: məktəb, mollaxana, mədrəsə, müəllim, molla, axund, xamen, talib, talibə, təlim, tərbiyə, tədris, maarif, sinif, dərs, tənəffüs, imtahan, diqqət, hafizə, tətil, cədvəl, cavab, sual, dərnək, mühazirə, nizam-intizam, məsələ, misal, fənn, təhsil, kitab, kitabxana, mövzu, müqayisə, şagird, təfəkkür, təhlil, qiymət, tədqiqat, mədəniyyət və s.

Ərəb-fars mənşəli əsas pedaqogika terminlərinin bəzilərini nəzərdən keçirək.

Mollaxana -müsəlman ibtidai təhsil müəssisəsi. Belə tədris müəssisəsinin əsas funksiyası dini bilikləri yaymaq, molla hazırlamaq olmuşdur. Mollaxanada uşaqlara Quran oxumaq öyrədilirdi. Mollaxana termini “molla” və “xana” komponentlərindən düzəldilmişdir.

Molla müsəlman din nümayəndəsidir. Dini mərasimlərin təşkili və keçirilməsində aparıcı rol oynayan “molla” həm də tədrislə məşğul olurdu. Bəzi mollalar fərdi məşğələlərlə təhsildə iştirak edirdilərsə, bəziləri, daha doğrusu tanınanları, yaxud yanına çox uşaq gələn mollalar mollaxana açırdılar. Onlar yanlarına göndərilən uşaqlara ərəb əlifbasını, Quranı oxumağı öyrədirdilər. Ilk mollaxanalarda əsas məqsəd Quran oxumağı öyrətmək olmuşdur. Mollaxanaların yalnız bəzilərində uşaqlara yazı təlimi keçirilirdi.

A.Abdullayev XIX əsr Azərbaycanda tədris müəssisələrindən bəhs edərkən mollaxana və mədrəsəni qeyd etmişdir. O göstərir ki, mollaxana ibtidai, mədrəsə isə ali ruhani məktəb sayılmışdır. Mollaxana mədrəsəyə daxil olmaq üçün hazırlıq dövrü (pilləsi) idi. Mollaxanalarda oxuyanlar təhsili mədrəsədə davam etdirirdilər. Mədrəsə ali müsəlman məktəbi sayılmışdır [6, s. 21].

Xəlfə- mollaxanada mollanın köməkçisi. Molla bu vəzifəyə yaşlı şagirdlərdən birini təyin edirdi.

Ərəb-fars mənşəli termin və sözlər birləşərək müxtəlif terminoloji birləşmələr əmələ gətirir. Pedaqogika terminologiyasında həm hər iki tərəfi ərəb-fars mənşəli olan, həm də bir komponenti başqa dillərə aid pedaqoji terminoloji birləşmələr vardır. Məsələn, əyani vəsait, dərs cədvəli, sinif rəhbəri, əyani təhsil, qiyabi təhsil, ibtidai məktəb, məktəbəqədər müəssisə, yeddillik məktəb, səkkizillik məktəb və s.

Azərbaycan dili pedaqogika terminologiyasında tətil, qış tətili, yay tətili terminləri işlədilir. Tətil ərəbcə “dayandırma, fasilə vermə, işdən və ya dərsdən müvəqqəti buraxılma” kimi mənalarda işlənir. Məktəblilərin qış tətili dedikdə qışda, adətən yanvar ayının əvvəllərində dərsin müvəqqəti dayandırılması, dərsin kəsilməsi nəzərdə tutulur.

Ərəb sözü olan qiraət termini məktəb pedaqogikasında istifadə olunur. Bu termin bəzən qirayət deyə tələffüz edilmiş və yazılmışdır. Ərəb mənşəli termin ədəbi qiraət, bədii qiraət terminoloji birləşmələrinin tərkib komponentidir. Son dövrlərdə bu alınma termin “oxu” sözü ilə əvəzlənir. Məsələn, ədəbi qiraət, bədii qiraət əvəzinə indi çox zaman ədəbi oxu, bədii oxu işlədilir və yazılır. Belə bir əvəzləmə həm də terminin aydın başa düşülməsinə təsir göstərir. Terminlərin bu cür sadələşdirilməsinə, aydınlığına həmişə xüsusi fikir verilməlidir.

Mofoloji üsulda şəkilçi növlərinə görə bölgü müxtəlifsistemli dillərdə istifadə edilən şəkilçi tiplərinin rəngarəngliyi ilə əlaqədardır. Azərbaycan dilində sözdüzəldici şəkilçilər sözün kökünə və ya əsasın sonuna artırılır. Buna baxmayaraq, bəzi alınma ön şəkilçilərdən istifadə olunduğundan prefiksal sözdüzəltmə halları da dilimizdə qeydə alınır. Bu cür terminlər ərəb-fars dillərindən də alınimışdır. Məsələn, nabələd oxucu, nadanlıq etmək, nadinc, nadinc şagird, nadinclik, natamam təhsil, bisavad, bitəhsil, natamam bilik, natamam orta məktəb və s. Doğrudur, bisavad, bitəhsil kimi terminlər strukturca arxaikləşdiyindən onlar savadsız, təhsilsiz terminləri ilə əvəz edilmişdir.

Terminlərin alınması prosesi ədəbi dildəki sözalmadan cüzi fərqlənir” [101, s.]. Sözalmada da dildə adı olmayan predmetə, əşyaya ad verilir. Terminalmada predmet, əşya, hadisə sahə anlayışı ilə əvəz olunur. Müasir dövrdə söz və ya termin olmasından asılı olmayaraq, alınmalara üç cür münasibət müşahidə edilir. Tədqiqatçılardan müəyyən qısmi alınmaların artımını mənfi hadisə sayır. Başqa bir qismi alınmaların dilin lüğət tərkibini zəngin­ləşdirilməsini əsas götürərək bu hadisəyə müsbət istiqamətdən yanaşırlar. Nəhayət, üçüncü qisim tədqiqatçılar sözalmanı təbii proses sayır və bu zaman hansı sözlərin necə, nə üçün alınmasını ön plana çəkirlər. “Effektiv ünsiyyət üçün sözün mənşəyi deyil, onun lazımı mənanı necə ifadə etməsi, dildə necə yaxşı başa düşülməsi vacibdir” [82, s.202].

Rus dilindən alınma pedaqoji terminlər rus dili ilə əlaqələrin geniş olduğu dövrə təsadüf etməlidir. Pedaqoji terminlərin izahlı lüğətləri əsasında apardığımız tədqiqat və təhlil göstərir ki, pedaqogika terminologiyasında bilavasitə rus mənşəli terminlər Azərbaycan dilində, demək olar ki, yoxdur. Daha doğrusu bir neçə belə termin rus dilindən hələ inqilabdan əvvəl alınmış, sonralar bu terminlər ya arxaikləşərək terminoloji sistemdən çıxmış, ya da dəyişdirilmişdir.

İnqilabdan əvvəl alınmış terminlər realnı uçilişa, uçilişa, həmçinin inqilabdan sonra alınmış fabrik məktəbi, sex məktəbi, fabrik-zavod məktəbi, kabinet, kadr, pedaqoji kadr, karandaş, kartoçka, kolba, meşşan, meşşan tərbiyəsi, obraz, obrazlı ifadə terminləri Azərbaycan dili pedaqoji terminologiyasında rus dilindən alınmalar kimi qeyd olunur. Lakin ciddi etimoloji təhlildən aydın olur ki, onların bir çoxu mənşəcə rus sözləri əsasında formalaşmamışdır. Bu məsələni nümunələr üzrə nəzərdən keçirək.

Kabinet - Müəyyən tədris fənni və ya bir-biri ilə yaxın olan fənlər üzrə tədris və sinifdənkənar məşğələlərin keçirilməsi üçün xüsusi tədris vəsaitləri, materiallar, mebel və avadanlıqlar, məktəb ləvazimatları ilə təchiz edilmiş otaqdır. Kabinetin əsas xüsusiyyəti orada kifayət qədər əyani vasitələrin və ya təcrübə keçirilməsi üçün ləvazimatların, stend və digər lövhələrin yerlləşdirilməsindədir. Kabinet rus mənşəli deyildir. Bu söz fransız dilindən alınmadır - sabinet. Fransız dilində kabinet evdə zehni əməklə məşğul olmaq üçün ayrılan otağı bildirir. Belə otaqlarda bir qayda olaraq yazı stolu, kitab şkafları və kitablar yerləşdirilmişdir. Pedaqoji terminologiyada da motivləşmə xüsusi təchizat və təyinatla bağlı getmişdir. Termin kimi fransız dilində formalaşmış və rus dilinə, oradan da pedaqoji termin kimi Azərbaycan dilinə keçmişdir. Bir sıra pedaqoji termin birləşmələrin komponenti rolunu da oynayır.

Uçilişa - sırf rus mənşəli bu söz rus dilinin pedaqoji terminologiyasında istifadə olunur. Inqilabdan əvvəl və inqilabdan sonrakı ilk dövrlərdə bu söz Azərbaycan dilində pedaqoji termin kimi istifadə olunmuşdur. Lakin sonralar Azərbaycan dilinin ümumişlək leksik qatında möhkəmlənmiş məktəb sözü ilə əvəz edilmişdir.

Inqilabaqədərki pedaqoji terminologiyamızda uyezd uçilişi, uyezd məktəbi, quberniya məktəbi kimi terminoloji birləşmələr olmuşdur ki, onlar rus dilindən olduğu kimi alınmış və sonralar arxaikləşərək terminoloji sistemdən çıxmışdır. Sex uçilişası, fabrik-zavod uçilişası da eyni qaydada Azərbaycan dilinə keçmiş və arxaikləşərək pedaqoji terminlologiyadan çıxmışdır. Onu da qeyd edək ki, “sex” sözü də bilavasitə rus mənşəli söz deyildir. Bu söz rus dilinə alman dilindən gəlmişdir (zeche). Avropada, o cümlədən də Almaniyada XIII-XIV əsrlərdə istehsal yeri kimi fəaliyyət göstərən sexlərdə peşə hazırlığı üçün sex məktəbləri təşkil olunmuşdur. Bu tipli məktəblər sonralar Rusiyada da yaradılmışdır.

Azərbaycan dilinin pedaqoji terminologiyasında bir zamanlar istifadə olunmuş uşkol, şkola terminləri də rus mənşəli deyildir. Bu termin latın (schola) və yunan (schole) sözündən alınmadır. Əvvəlcə yunan dilində işlənməsi ehtimal edilir. Bu dillərdən birindən də rus dilinə keçmişdir.

Təhlil və tədqiqat göstərir ki, Azərbaycan pedaqogika elmi uzun illər rus pedaqogikası ilə əlaqəli şəkildə inkişaf etsə də terminoloji sistemdə birbaşa alınmalara , demək olar ki, yer verilməmiş, terminlər kalka yolu ilə ya Azərbaydcan dilinin öz sözləri, ya da Azərbaycan dilinin ümumişlək leksik qatına keçmiş ərəb-fars mənşəli alınmalarla əvəz edilmişdir. Bunun müqabilində rus dili vasitəsilə Azərbaycan dilinə keçmiş kifayət qədər çox Avropa mənşəli alınmalar vardır.


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin