Azərbaycan respulikasi


Azərbaycan dili pedaqoji terminologiyasının nizamasalınma və unifikasiya məsələləri



Yüklə 0,86 Mb.
səhifə27/30
tarix11.01.2022
ölçüsü0,86 Mb.
#110718
1   ...   22   23   24   25   26   27   28   29   30
3.3. Azərbaycan dili pedaqoji terminologiyasının nizamasalınma və unifikasiya məsələləri
Pedaqogika terminlərini müəyyən qismini sahələrarası, eləcə də fənlərarası əsasda təhlil etmək onların semantik fərqlərini, daha doğrusu, anlayışa uyğunluğuna görə məna fərqlərini aydınlaşdırmağa imkan verir. Belə təhlil linqvistik və pedaqoji nöqteyi-nəzərdən anlayışların konnotativ fərqlərini aşkara çıxarır, onları ifadə edən terminlərin hansı sahədə necə işlənməsinə işıq salır.

Koqnitiv terminologiya baxımından termin dinamik hadisə kimi götürülür. Termin dərketmə, koqnisiya prosesində yaranıb formalaşır, verballaşan konsept bu və ya digər nəzəriyyə, konsepsiya ilə bağlı olmaqla müəyyən bilik sahəsində dərk olunur” [122, s.21].

Pedaqogikada bir sıra terminlər vardır ki, onlara uzual polisemiya müşahidə olunur. Uzual polisemiya eyni terminlə müxtəlif anlayışları adlandırma prosesində yaranır. Təlim və təhsil sahəsinin qloballaşması nəticəsində uzual polisemiya problemi dərinləşir. Humanistləşdirmə və humanitarlaşdırma pedaqoji fəaliyyətin təşkilinin yeni formalarını doğurur. Metodik yeniliklər müasir Azərbaycan pedaqogikasına daha çox qərbdən gəlir. Yeniliklər yalnız Avropadan deyil, ABŞ-dan da gəlir. Nəticədə pedaqogika sahəsinə yeni Avropa mənşəli terminlər daxil olur. SSRI dövründə pedaqogikada (pedaqoji psixologiya və psixologiya) istisna edilərsə, terminologiya rus dilinə əsaslanırdı. Çünki SSRI-də qərb pedaqogikası qəbul edilmir, bu pedaqogika dövrün ideologiyasına görə qüsurlu və ziyanlı sayılırdı. Müasir dövrdə isə ideoloji maneə ortadan götürülmüşdür. Nəticədə qərb pedaqogikasının postsovet ölkələrinin pedaqogikasına nüfuz etməsi sürətlən­mişdir. Bu, terminlərin alınmasında da özünü göstərir.

Bütün elm sahələrində vacib elmi-tədqiqat işlərindən biri terminlərin nizama salınmasıdır. Nizamasalma prosesində anlayışlar təhlil olunur, sistemləşdirilir və normalaşdırılır. Y.V.Titovanın fikrinə görə, “pedaqoji biliklərin bugünkü səviyyəsində pedaqogika terminlərinin çoxmənalılığını aradan qaldırmaq mümkün deyildir. Bunun obyektiv səbəbləri vardır. Polisemantik pedaqogika terminlərinin anlayışı dəqiq təyin etməsi üçün tərifi təkmilləşdirmək vacibdir” [143].

Qərb təhsil sistemində şagirdə əsaslanma prinsipi xeyli vaxtdır ki, tətbiq olunur. Belə yanaşma metodu “learner-centered approach” adlanır. Bu təhsil sistemi müəllimin yeni funksional rolunu müəyyənləşdirir. Yeni yanaşmanın təhsil sistemində tətbiqi ingilis dilindən pedaqogika terminlərinin alınmasını sürətləndirir. Bununla belə, alınma pedaqogika terminlərinin Azərbaycan pedaqogikasında işlənməsinin dəqiq sərhədləri hələ ki, məlum deyildir. Bir sıra alınma pedaqogika terminlərinin həm linqvistik, həm də pedaqoji nöqteyi-nəzərdən öyrənilməsinə, onların fasiləsiz təhsil sahəsində tətbiqi imkanları dəqiqləşdirməyə ehtiyac hiss olunur.

Terminin daxil olduğu sahənin daxili bölgüsü geniş olduqda terminlər bu sahədə funksional ixtisaslaşmış anlayışları ifadə edir. Bu halda yaxın anlayışların müxtəlif terminlərlə adlandırılması tələb olunur. Yaxın anlayışları bildirən terminlərin qarışdırılması, onlardan birinin digərinin əvəzinə istifadə edilməsi baş verir. Terminləri dəqiq istifadə etmək məqsədilə ümumi mənanın funksional ixtisaslaşmasını öyrənmək yaxın terminlərin sinonim sırasını qurmaq və onların real tətbiq sahəsini (peşə uzusu) tapmaq lazım gəlir [90; 143]. Terminin real funksionallıq sferası sahəyə aid mənbələr əsasında müəyyənləşdirilir. Terminoloji sistemdə sinonim cərgə alınma terminlərin iştirakı ilə formalaşır. Fasiləsiz təhsil sistemində semantik baxımdan yaxın anlayışları bildirən terminlərə çox təsadüf edilir. Belə terminlərin bir qismi ümumi mənanın sahədaxili funksional ixtisaslaşması üzrə fərqlənir.

Elmi-texniki tərəqqi prosesi müxtəlif elmlərə məxsus terminlərin ayrı-ayrı dillərdə eyni şəkildə işlənməsini gerçəkləşdirir. Eyni zamanda terminologiyada unifikasiyanın aparılması da terminlərin müxtəlif dillərdə eyni şəkildə istifadə edilməsinə təkan verir. Müasir dövrdə ictimai-siyasi terminlərdən istifadə olunmasında da eyni cəhət müşahidə olunur. Ingilis dilinin beynəlxalq miqyasda ümumi ünsiyyət vasitəsi kimi tətbiqi isə bu dildə XX əsrdən başlayaraq yaranan yeni sözlərin dünyanın müxtəlif dillərinə keçməsinə şərait yaradır. Qeyd edək ki, yeni sözlər də daha çox terminləri əhatə edir və bu terminlər sırasında pedaqogika terminləri də vardır. Beynəlxalq aləmdə baş verən inteqrasiya prosesində pedaqogikanın ən yeni nailiyyətlərini müxtəlif ölkələrin pedaqoji sistemlərinə tətbiqini gerçəkləşdirir. Belə tətbiq terminlərin müxtəlif dillərə eyni şəkildə keçməsi üçün əsas verir və nəticədə internasional terminlər artır.

Terminin məzmun strukturuna aşağıdakı təşkiledicilər daxil olur: semantika, motivləşmə, siqnifikativ məna. Terminin məzmun strukturundan bəhs edərkən terminin məna və mahiyyəti nəzərə alınmalıdır. B.N.Qolovinin fikrinə görə, sözün mənası anlayışın əsasını və onun yaranma üsulunu təşkil edir. Sözün mənası anlayışın yaranıb mövcud olduğu çərçivədə onun məna fərqləndirici formasıdır. Sözün bu xüsusiyyəti yaddaşda hansısa informasiyanı canlandırır [98, s.121]. “Terminoloji məna həmişə şərtiliyi, emosionallığı və yozumluluğu qəbul etməyən birbaşa mənadır” [96, s.101].

Terminin motivləşməsi terminin yaranmasının əsasında duran əlamətlər üzrə təyin olunur. Motivləşmə terminin yaddaqalan olmasını, onun başqa terminlərlə əlaqəsini təmin edir [141, s.130].

Terminologiyada terminin formasına, eləcə də terminin semantika və funksionallığına görə motivləşməsi baş verir. Birinci halda motivləşmə forma üzrə gedir və bu formanın nə üçün seçilməsi müzakirə obyekti olur. Ikinci halda isə adlandırma obyektinə və terminin terminoloji sistemdəki yerinə münasibət motivləşmə üçün zəruri prinsipə çevrilir [121, s.39].

Terminin funksiyası anlayışı adlandırmaqdır. Bu cəhət çoxkomponentli terminlərə sintaktik tamlığı saxlamağa imkan verir və tərkib elementlərinin miqdarını nəzərə almır” [100, s.32].

V.M.Leyçik terminin funksiyasını təyin edərkən onun yaranması üçün əsas olan sözün nominativlik funksiyasına istinad edir. Nominativ funksiya xüsusi biliyi qeyd etmək imkanı verir. Termin predmet və anlayışı təqdim etdiyindən onun təqdimetmə funksiyası də qeyd olunur [121, s.63-64].

Terminin ikinci funksiyası siqnifikativ funksiyadır. Bu funksiya predmeti adlandırmağa xidmət edir [116, s.27].

Terminin üçüncü funksiyası kommunikativ funksiyadır. Çünki termin xüsusi biliyin ötürülməsi vasitəsidir. Terminə everistik funksiya da şamil edilir. Elmi dərketmə prosesində yeni biliklər əldə olunur. Termin yeni anlayışı bildirir. Termini qəbul etmək, onun istifadə etmək, anlamaq yeni biliklərin alınması deməkdir [121, s.67-70].

Termin və anlayış münasibəti vacib şərtdir. Anlayış -ümumiləşmiş formada predmet və məfhumlar və onların xüsusiyyətləri (keyfiyyətləri) olaraq meydana çıxan ümumi və spesifik əlamətlərin təyin edilməsi yolu ilə təyin edilir və bu obyektləri arasındakı münasibətləri ifadə edir. Obyektiv gerçəklikdə predmet və məfhumlar haqqında anlayışların formalaşmasının insan üçün əsas üsulları abstraktlaşdırma, ümumiləşdirmə, müqayisə və təyin etmədir. Anlayış insan beynində ətraf mühitin predmet və məfhumlarının birbaşa inikası nəticəsində meydana gələ bilər. Anlayışın formalaşmasının yeganə yolu predmet və məfhumlar haqqında məlumatların toplanmasıdır.

Bəzi terminlərin işlədilməsində isə dolaşıqlıq özünü göstərir: sinifdənkənar-sinifdənxaric, məktəbdənkənar-məktəbdənxaric, sərbəst mövzuda inşa-mücərrəd mövzuda inşa və s. terminlərində bu cəhət aşkar hiss olunur.

Pedaqoji elmləri sahəsində terminlərin çoxu, demək olar ki, sabitləşmişdir. Lakin hələ müəyyən bir şəklə düşməmiş və iki-üç şəkildə yazılan terminlər də az deyildir. Məsələn, tədris-hissə müdiri -dərs hissə müdiri, tədris planı -dərs planı, inspektor -müfəttiş, metodist -üsulçu, xarakteristika -səciyyənamə, dərsdən kənar işlər - dərsdən xaric işlər, gündəlik rejim -gün rejimi -vaxt cədvəli, fiziki cəza -bədəni cəza - cismani cəza və s.

Son zamanlarda mətbuatda “uçebnıy qod” -dərs ili, “uçebnaya çast” -tədris bölməsi, “uçebnıy plan” - dərs planı kimi işlədilməyə başlanmışdır. Halbuki, burada “uçebnıy” sözünü “dərs” kəlməsilə ifadə etmək düzgün deyildir. Dərs rusca “urok” sözünün qarşılığıdır, dərs pedaqogikada sabit cədvəl üzrə sabit şagird kollektivi ilə aparılan məşğələyə deyilir. Bir saatlıq dərsin planına “dərs planı” deyilir, “uçebnıy plan” isə tamamilə başqa məfhumu ifadə edir. Bu, siniflər üzrə dərslərin həftəlik miqdarını göstərən sənəddir.

Bəzi hallarda eyni məfhumu ifadə edən iki termini saxlamaq lazım gəlir. Məsələn, “pamyat” sözü həm “hafizə”, həm də “yaddaş”, “fantaziya” sözü həm “fantaziya”, həm də “xəyal”, “demonstratsiya” həm “demostrasiya”, həm də “təcrübə göstərmək”, “mışlenie” həm “düşüncə”, həm də “təfəkkür”, “aktivnıy” sözü həm “aktiv”, həm də “fəal” işlədilir. Terminoloji sistemin nizama salınması və unifikasiyası üçün bu terminlərlə bağlı mübahisəli cəhətlər həll edilməlidir.

Termin ancaq bir məfhum ifadə etməlidir. Bu cəhətdən də pedaqoji terminlərdə dolaşıqlıq vardır. Məsələn, “opıt”, “eksperiment” və “praktika” terminlərinin hər üçü bir terminlə - “təcrübə” sözü ilə ifadə olunur. “Təcrübə” ancaq “opıt” sözünün qarşılığı kimi qəbul edilərsə, onda “praktika” və “eksperiment” anlayışları və onları ifadə edən terminlər müəyyənləşdirilməlidir. Rus dilindəki “pokazatelğnıy urok” və “probnıy urok” terminlərinin “nümunə dərsi” sözü ilə ifadə olunmasına rast gəlinir. Halbuki, birincisi “nümunə dərsi”, ikincisi isə “sınaq dərsi” termini ilə ifadə olunmalıdır. “Cəza” - “nakazanie”, “tənbeh” - “vzıskanie”, “nəsihət” - “nastavlenie”, “öyüd” -”nazidanie” sözünün qarşılığı kimi qəbul edilməlidir.

Bəzi tədqiqatçıların fikrinə görə, “samodeatelnost” məfhumunun mahiyyətini “yaradıcılıq” təşkil edir, onu “yaradıcılıq” termini ilə də ifadə etmək lazımdır. Həmçinin “doşkolğnıy vozrast” məfhumunu “bağça yaşı”, “preddoşkolğnıy vozrast” məfhumunu “körpəlik yaşı” kimi qəbul etməliyik.

Pedaqogika terminologiyasının tədqiqi prosesində izahlı pedaqoji terminlər lüğətinə, eləcə də pedaqogika üzrə digər terminoloji lüğətlərə kəskin ehtiyac hiss olunur. Təəssüf ki, pedaqogika üzrə mütəxəssislər və bu sahə terminologiyası ilə məşğul olan tədqiqatçılar indiyədək belə lüğətlərin hazırlanması ilə bağlı az iş görmüşlər. Müxtəlif biblioqrafik mənbələr üzrə axtarışlar prosesində bu sahədə aparılmış bir neçə iş haqqında məlumat əldə etmək olur. 1949-cu ildə Azərbaycan dilinin pedaqogika və pedaqogika tarixi üzrə terminlərin siyahısı müzakirə üçün “Azərbaycan məktəbi” jurnalında çap edilmişdir [128].

1956-cı ildə pedaqogika və psixologiya terminləri üzrə lüğət əlyazması hüququnda hazırlanmışdır [139]. Nəhayət, 1958-ci ildə 1956-cı ildə hazırlanmış əlyazması hüquqlu mənbə əsasında ilk belə bir lüğət buraxılmışdır [140]. Qeyd edək ki, həmin lüğətə daxil edilmiş terminlərin əksəriyyəti müasir dövr üçün arxaikləşmişdir.

Bu barədə müzakirə səciyyəli bir sıra məqalələrin çap olunması faktı qeydə alınır. “Azərbaycan müəllimi” qəzetinin 15.01.1953 və 26.02.1975 tarixli nömrələrində T.Əfəndiyevin və C.Əhmədovun, 1953-cü ildə “Kommunist” qəzetində M.Murad­xanovun, 1978-ci ildə Y.Talıbovun “Azərbaycan məktəbi” jurnalında pedaqoji terminlər haqqında məqalələri çap olunmuşdur [20; 22; 56; 76]. Məqalələrin çap olunduğu mənbələr (qəzet və curnal) və onların adları da göstərir ki, qeyd olunan dövrlərdə Azərbaycan pedaqoji terminologiyasında işlənən terminlərlə bağlı mübahisəli cəhətlər çox olmuş, sahə terminologiyası nizama salınmamış, eyni anlayışın müxtəlif terminlərlə adlandırılması, terminlərin paralel işlənməsi özünü aşkar hiss etdirmişdir.

Azərbaycan müəlliflərinin pedqogikaya dair dərslikləri, monoqrafiyaları sovet dövründə kifayət qədər çox nəşr olunmamışdır. Hazırda bu sahədə xeyli yeni kitablar, müxtəlif monoqrafiyalar nəşr olunmuşdur. 1999-cu ildə A.Abbasov və X.Asimqızı “Ingiliscə-azərbaycanca pedaqoji-psixoloji lüğət” çap etdirmişlər. 2006-cı ildə isə A.N.Abbasov “Azərbaycanca-inciliscə pedaqoji-psixoloji terminlər lüğəti” tərtib etmişdir [2; 1]. Sonuncu lüğətdə verilmiş ədəbiyyat siyahısında Azərbaycan dilində pedaqoji terminologiyaya dair əvvəl nəşr olunmuş “İngiliscə-azərbaycanca pedaqoji-psixoloji lüğət” istisna olmaqla heç bir başqa pedaqoji terminlər lüğətinə istinad edilmir. Məlumdur ki, ensiklopediyalar və xüsusi məlumat kitabları da terminlərin toplanması və nizama salınması üçün xüsusi əhəmiyyət daşıyan vasitələrdir. Professor N.Kazımovun rəhbərliyi altında Azərbaycan Dillər Universitetində “Azərbaycan milli izahlı ensiklopedik pedaqoji lüğəti” 2005-ci ilə çap olunmuşdur [12]. Həmin ensiklopedik lüğətdə qeyd olunur ki, Azərbaycan ictimaiyyəti tərəfindən çoxdan qəbul edilmiş əcnəbi pedaqoji məfhumlara lüğətdə yer verilməmişdir. Pedaqoji proseslə əlaqədar işlədilən mesac, tener, treninq, menecer, menecment, monitorinq, innovasiya, interaktiv, modernləşdirmə, kurrikulum kimi əcnəbi sözlərin lüğətə daxil edilməsinin məqsədi həmin sözlərin Azərbaycan dilində kifayət qədər uğurlu qarşılığının olmasını nəzərə çarpdırmaq olmuşdur [12, s.4]. Bununla belə, lüğətdə kifayət qədər alınma pedaqoji terminlər vardır. Məsələn, abitüryent, akademik, akademiya, akrobatika, analogiya, annotasiya, antropologiya, aprobasiya, applikasiya, assistent, auditoriya, dekan, diafilm, diapozitiv, didaktika, diplomant, ekskursiya, eksperiment, narkomaniya və s.

Qeyd edilmiş lüğətlər və ensiklopedayada pedaqogika terminologiyası kifayət qədər əhatəli deyildir. Mənbələrdə pedaqogikaya aid olmayan başqa sahə terminləri, eləcə də ümumişlək sözlərin termin kimi verilməsi də diqqəti cəlb edir. Bütün bu faktlar pedaqogika sahəsində terminologiyanın nizamasalma və unifikasiyasının aparılmadığını, yeni və dövrün tələblərinə cavab verən lüğətlərə kəskin ehtiyac olduğunu təsdiq edir.

Təhsil sistemindəki yeniləşmə ilə bağlı yeni alınma terminlərin yanlış şərhi, müxtəlif yazılış formaları və izahları da ədəbiyyatda qeydə alınır. Bu məqsədlə bəzi mənbələrdə yeni alınmaların işlənməsini nümunələr əsasında nəzərdən keçirək.

Mentor, kouç, fasilitator, tyutor (tütor), edvayzer, moderator kimi pedaqogika terminləri istər Azərbaycan pedaqogika terminologiyasında, istərsə də rus pedaqogika terminologiyasında yeni terminlərdir. Bu terminlər Azərbaycanda pedaqogika ilə bağlı tədqiqat işlərində, eləcə də elmi-kütləvi şəkildə yazılmış işlərdə istifadə olunur. Z.Veysova fəal (interaktiv) təlimlə bağlı müəllimlər üçün qələmə aldığı vəsaitində fasilitasiya qaydalarından, müəllimin fasilitator funksiyasını yerinə yetirməsindən bəhs etmişdir. O, “Şagird - tədqiqatçı, müəllim - fasilitator” bölməsində yazır: “Şagirdin mövqeyi – “kəşf edən”, “tədqiqatçı” mövqeyidir; … Müəllimin mövqeyi – “bələdçi” (fasilitator) , “aparıcı” (istiqamət verən) mövqeyidir. Fəal təlim prosesində müəllimin biliklərə aparan yolda bir bələdçi kimi əsas funksiyası, təyinedici rolu fasilitasiya (ingilis dilində facilitation -əlverişli şərait yaratma) adlanır. Bu müəllim liderliyinin yeni tipidir və o, müəllimlə şagirdin təhsil məqsədinə nail olmağa yönəldilmiş birgə fəaliyyətinə əsaslanır. … Müəllimin vəzifəsi - öyrənməyi öyrətməkdir” [81, s.68].

Müəllif fasilitasiya qaydalarından bəhs edərkən fasilitasiya termininin izahını da verir. Onun fikrinə görə, “fasilitasiya fəal (interaktiv) təlim prosesində müəllimin mövqeyini əks etdirir. Fasilitasiya özü çoxşaxəli bir fəaliyyətdir və özündə bir sıra bilik, bacarıq, vərdiş və şəxsi keyfiyyətləri birləşdirir. Bu prosesdə müəllim şagirdləri yaradıcı işə təhrik etməli, onlara psixoloji, informasiya və təşkilati dəstək verməlidir” [81, s.72].

K.Məmmədova fasilitator terminini təlimçi termini ilə sinonim kimi qəbul edir. O yazır: “Təlimçi\fasilitator iştirakçıları kiçik qruplara bölür. Hər bir qrupa flipçart vərəqi və marker verilir. Sonra təlimçi\fasilitator oyunun məzmununu açıqlayır”. [55].

“az.toplum.az” internet saytında fasilitator və təlimçi bir-birindən fərqli olan anlayışlar kimi də təqdim olunur. “Məzmun: Təlimçi və fasilitator iştirakçıları təsadüfi yolla 4 kiçik qrupa ayırırlar. Hər bir qrupa lazımi sayda flipçart vərəqi və marker verilir” [78].

S.Bədiyev fasilitator terminini köməkçi kimi izah etmişdir. “Bu şagirdləri müəyyən qədər fəallaşdıran, təlimdə müvəffəqiyyət qazanmağa imkan verən ənənəvi təlimdir. Şagird təliminin fəal iştirakçısı olmaq üçün hazırlanmalıdır. Müəllim bu zaman fasilitator (köməkçi) və müşahidəçi rolunda çıxış edir” [13].

Fəal təlimdə müəllimin rolu: A) Tədqiqatçı. B) Avtoritar. C) Nəzarətçi. D) Fasilitator. E) Köməkçi” [11]. Fəal təlimdə müəllimin rolu ilə bağlı olan bu parçada dörd termindən istifadə olunmuşdur.

N.Əmirova riyaziyyatın tədrisi ilə bağlı məqaləsində yazır: “Riyaziyyat dərsi şagirdin təlim fəaliyyətinin rəngarəng təşkil edilməsi forması ilə xarakterizə olunur. Deməli, riyaziyyat dərsində müxtəlif təlim üsullarından -məlumat-inkişafetdirici, evristik, reproduktiv üsullardan istifadə olunur. Təlim prosesində təfəkkür və təxəyyülün inkişafını intensivləşdirən, yaradıcılıq münasibətlərini formalaşdıran, bilikləri müstəqil surətdə axtarıb tapmağa təhrik edən, şagirdləri məntiqi surətdə düşünmək, sübut etmək, öz mühakimələrini, çıxardığı nəticələri əsaslandırmaq üçün mövcud biliyi səfərbərliyə almaq bacarığı ilə silahlandıran müasir fəal təlim metodlarından (“Beyin həmləsi” (“Əqli hücum”, “BİBÖ”, “Klaster”), “Müzakirə” (“Diskussiya”), “Problemin həlli”, “Kublaşdırma”, “Venn diaqramı” və s.) istifadə etmək təlimin səmərəsini xeyli artırır. Kiçik və böyük qruplarla, cütlərlə, fərdi iş formalarından istifadə olunan fəal dərslərdə müəllimin mövqeyi “bələdçi” (fasilitator), şagirdin mövqeyi isə “kəşf edən”, “tədqiqatçı” mövqeyidir. “Monoloji” təlim “dialoji” təlimlə əvəz olunur. Hafizəyə, yaddaşa əsaslanan təlim təfəkkürə (məntiqi, tənqidi və yaradıcı) əsaslanan təlimlə əvəz olunur. Belə dərsdə müəllim şagirdlərlə sistemli, məqsədyönlü şəkildə əməkdaşlıq edir, problemli vəziyyət yaradır, tədqiqat məqsədlərinin qoyulmasında, biliklərin əldə edilməsində şagirdlərə istiqamət verir” [28].

Azərbaycan Dövlət Pedaqoji Universitetində tarixin tədrisi üzrə hazırlanmış test bankında fəal təlimdə müəllimin rolu sualına verilən dörd cavabdan biri fasilitatordur. Bu termin tədqiqatçı, nəzarətçi və köməkçi terminləri ilə bir sırada cavab variantı kimi təklif olunur. Deməli, fasilitator “tədqiqatçı”, “nəzarətçi” və “köməkçi” terminlərindən fərqləndirilmiş, ayrıca termin kimi qəbul edilmişdir.

Saytda yerləşdirilmiş və pedaqogikaya həsr olunmuş başqa bir məqalədə göstərilir ki, müəllim yaradıcı, tədqiqatçı, fasilitator, psixoloq, novator, innovativ olmalıdır. Bu gün müəllimin qarşısında çox böyük vəzifə və tələblər durur. O, kurslarda, treninqlərdə, seminarlarda, konfranslarda, layihələrdə, KİV-də fəal iştirak etməlidir. Bu tipli nümunələri kifayət qədər artırmaq mümkündür. Faktlardan aydın olur ki, Azərbaycan pedaqogika terminologiyasında da fasilitator termininin başqa terminlərlə eyniləşdirilməsi halları az deyildir.

Mentor və mentorluq terminlərinin Azərbaycan pedaqoji ədəbiyyatında işlənməsində də oxşar xüsusiyyətlər üzə çıxır. Tədqiqatçılar mentoru və mentorluq fəaliyyətini müxtəlif şəkillərdə izah edirlər. İ.Tağıyeva bu barədə yazır: “Dünya təcrübəsində, eləcə də Azərbaycanda aparılan müşahidələrin nəticəsi göstərir ki, seminar və təlimlər biliklərin mənimsənilməsi, bacarıqlarının qazanılması istiqamətində qənaətbəxş nəticələnsə də, öyrənilənlərin auditoriyada tətbiq faizi olduqca aşağıdır. Müasir innovasiyaların auditoriyada tətbiqi zamanı “yaranan problemlərin müəyyən edilməsi →problemlərin aradan qaldırılması üçün ideyaların müzakirəsi, istiqamətlərin verilməsi →həmin tətbiqin izlənilməsi-monitorinqi” mexanizminin tətbiqi məhz bu problemi aradan qaldıracaq. Müəllimlər üzləşdikləri çətinlikləri digər həmkarları və mütəxəssislərlə bölüşmək və yaranan çətinliklərin aradan qaldırmaq yollarının müzakirəsinə hər zaman ehtiyac duyurlar. Məktəblərdə bu işi yerinə yetirəcək xüsusi mentorlar hazırlanmalıdır. Bu mentorlar müəllimlərə həm məzmun, həm metodika ilə bağlı istiqamət vermək bacarığına malik yüksək potensiallı mütəxəssislər olmalıdırlar. Tədqiqatçılar öz fikirlərini bununla əsaslandırırlar ki, mentorluq dəstəyi kimi əməkdaşlığa əsaslana, təfəkkürü inkişaf etdirən tədris metodologiyası müəllimin tədris işində 85 faizdən çox dəyişikliyə səbəb olur” [75].

C.Rəsulov göstərir ki, “Mentorluq dəstəyi ilə reallaşan fəaliyyət təhsilalanların nailiyyət qazanmasına təsir edən davamlı əməkdaşlığa əsaslanan peşəkar tədris metodologiyası növüdür. Mentorların müvafiq peşəkar inkişaf yanaşmaları, belə ki, həmkarına (müəllimlərə, kitabxanaçılara və digər pedaqoji sahədə çalışan işçilərə) dəstək göstərməsi, iş prosesi zamanı onlara baş çəkməsi, həmkarları ilə əməkdaşlıq etməsi, rəy verməsi və fikir yürütməsi təhsildə, məktəbdə perspektivləri təmin edir” [64].

Azərbaycan pedaqoji terminologiyasında getdikcə daha fəal işlənən mentor, fasilitator kimi alınma terminlər bir sıra hallarda ifadə etdikləri anlayışa deyil başqa anlayışa aid edilir. Mentorluq sisteminin yaradılması ilə bağlı elanın mətnini nəzərdən keçirək: “01 may 2014 - cü il tarixdən Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi “Mentorluq sisteminin yaradılmasi” mövzusunda 10 günlük ödənişli təlim kursları təşkil edir. Təlim kursunda mentor; müəllim və rəhbərlik arasında əmakdaşlıq; mentorun fasilitator, təqdimatçı, məsləhətçi, məşqçi və s. fəaliyyəti; ünsiyyət vərdişləri; müşahidə qaydaları; sənədləşmə; planlaşdırma; təhlil; qiymətləndirmə ilə bağlı nəzəri məsələlərin müzakirəsi və praktik işlərin icrası nəzərdə tutulur” [19].

İnkişaf dövründə hər bir insana dəstək, köməklik lazımdır. Müəllimin inkişafında bu missiyanı təhsil kouçinqi yerinə yetirir. Təhsil kouçingini kouç aparır. Kouç kimdir? - öz işinin yüksək səviyyədə bilən və başqalarını bu səviyyəyə çatdırmağa bacaran bir profesionaldır. Təhsildə kouçinq yeni bir bacarıq, profesionallıq, innovativlik və yeni davranış öyrənməsində, özü üçün qoyduğu məqsədə çatmaqda qarşısına çıxan problemləri həll etməsinə dəstək müddətidir.

Müəllimin kouçinq sistemi -profesionallıqda, innovativlikdə, liderlikdə, təhsil hədəflərinin yerinə yetirilməsində, müəllim-şagird- valideyn ünsiyyətinin qurulmasında açar pedaqoji üsullar təqdim edir; - müəllimə yeni təlim texnologiyalarından istifadə yollarını öyrədir; bu üsullar onun hər bir şagirdini müvəffəq edir; Kouçinqin alt qatı fərdi treninqdir [77].

Göründüyü kimi, pedaqoji terminologiyada istər daha əvvəl istifadə olunmuş terminlərin, istərsə də yeni alınma terminlərin izah və şərhlərində kifayət qədər əhəmiyyətli fərqlər vardır. Bütün bunlar pedaqoji terminologiyanın toplanıb müzakirə olunmasını, onların nizama salınmasını və unifikasiyasını tələb edir.



NƏTİCƏ
Tədqiqat prosesində əldə edilən nəticələri aşağıdakı şəkildə ümumiləşdirmək olar:

1. Anlayışın meydana çıxması mürəkkəb və uzunmüddətli prosesdir. Anlayışlar elmin yeni nailiyyətlərini, eləcə də ictimai praktikanın yeniliklərini özündə birləşdirir. Hər bir elmin, o cümlədən də pedaqogikanın anlayışlar sisteminin və terminologiyasının yaranması bu elmin inkişafı ilə sıx bağlıdır. Pedaqogikada üç qrup leksik vasitə vardır: 1)sözün həqiqi mənasında terminlər; 2)yalnız nominativ funksiya yerinə yetirən nomenklaturlar; 3)qismən pedaqogikaya aid olan terminlər.

2. Elmi terminologiyanın yeniləşməsinin terminləşmə, terminoloji derivasiya və terminalma üsulları vardır. Terminlərin derivasiyanın dörd əsas xüsusiyyətini fərqləndirmək olar: 1) terminlər sahə anlayışlarının adlandırır; 2) terminoloji derivasiya şüurlu şəkildə gedir; 3) terminlərin düşünülərək yaradılması prosesə nəzarət etməyə imkan verir; 4) sözdüzəltmə vasitələri terminin başa düşülən daxili formasının yaradılmasına kömək edir.

3. Pedaqogika terminologiyasının təşəkkülü, formalaşması və sabitləşməsi həm pedaqoji biliklərin, həm də cəmiyyətin inkişaf qanunauy­ğunluqları ilə şərtlənir. Pedaqogikanın anlayışlar və terminlər sisteminin inkişafı müxtəlif istiqamətlərdə getmişdir. Bu elmin anlayışları arasında induktiv-empirik əlaqələr hökm sürür. Həmin əlaqələr tərbiyə sahəsindəki əlaqələrdən doğur. Pedaqogikanın inkişafının çoxcəhətliliyi onun müxtəlif dövrlərdə ayrı-ayrı istiqamətlərdə irəli getməsini göstərir.

4. Azərbaycan pedaqogikası qədim türk tərbiyə və təlim sisteminin tərkib hissəsi kimi təşəkkül tapmışdır. Türk dilinə aid ən qədim yazılı abidələrdə tərbiyə məsələləri, tərbiyə sistemi ayrılıqda şərhini tapmır. Bununla belə ailənin yaranması ilə ailə tərbiyəsinin də formalaşması faktları ayrı-ayrı fikir və kontekstlərdə üzə çıxır. İbtidai cəmiyyətdə məktəbəoxşar müəssisələr formalaşmışdırsa, quldarlıq dövründə artıq müxtəlif səciyyəli və təyinatlı məktəblər, təlim müəssisələri fəaliyyət göstərmişdir. Bu müəssisələrin adları, burada çalışanların və xidmət göstərənlərin adları olmuşdur. Həmin adların bir qismi sonralar pedaqogika terminologiyasına daxil edilmişdir. Belə məktəblər artıq pedaqogika elminin formalaşmasında xüsusi rol oynamışdır.

5.Şərqdə nəsihətnamələr, ümumi təlim-tərbiyə kitablarının yazılmasına diqqət verilmişdir. “Qobusnamə”, “Gülüstan”, “Bustan”, “Əxlaqi-nasiri”, “Siyasətnamə”, “Kəlilə və Dimnə” ayrı-ayrı nəsihətnamələr tərbiyə vasitələri və demək olar ki, ilk dərsliklər funksiyasını yerinə yetirmişdir. Azərbaycanda pedaqogika elmi yaranana qədər təşəkkül tapmış və istifadə olunmuş, müasir dövrdə pedaqoji terminologiyada yer almış sözlər dilin ümumişlək leksik qatından götürülmüşdür.

6.Pedqogika terminləri pedaqogika nəzəriyyəsi və təcrübəsi, milli dillərdə təhsillə sıx bağlıdır. Pedaqoji terminologiya fəlsəfə, biologiya, tarix, hərbi iş və digər bilik sahələri, eləcə də məişət leksikası hesabına təşəkkül tapmış və zənginləşmişdir. Peldaqoji fikir qədim şərqin fəlsəfi sistemində yaranmışdır. Pedaqoji fikirlər sonrakı inkişafı antik dövrün filosoflarının, şərqin dahi mütəfəkkir və şairlərinin yaradıcılığında ifadəsini tapmış, eyni zamanda, açılmış məktəb və mədrəsələrdə inkişaf etmişdir. Aparılmış təhlil göstərir ki, XVIII əsrdə və XIX əsrdə Azərbaycan dilinin pedaqoji terminologiyası, əsasən ərəb-fars mənşəli olmuşdur. Azərbaycanın Rusiya tərkibinə ilhaq edilməsi rus pedaqoji terminologiyasının təsirini gücləndirmiş və XIX əsrin sonlarında, XX əsrin əvvəllərində bu sahədə rus dilindən alınan terminlərin artması ənənəsi müşahidə olunur.

7. Azərbaycan pedaqogika terminologiyasında dilin daxili imkanları hesabına yaranan və müxtəlif dillərdən (yunan, latın, rus, ərəb, fars, ingilis və s.) alınma terminlər işlənir. Pedaqoji terminologiyanın müasir səviyyəsində beynəlmiləl pedaqoji terminlər də üstünlük təşkil edir. Pedaqogika terminlərinin tədqiqi aşağıdakı istiqamətlərdə aparılır: 1) pedaqoji elmlərin anlayışlar və terminoloji sisteminin quruluş və funksiyalarının təhlili; 2) pedaqogikanın ayrı-ayrı sahələrinin ümumi pedaqogika, didaktika, tərbiyə nəzəriyyəsi, məktəbəqədər pedaqogika və s. sahələrinin terminlərinin təhlili; 3)pedaqoji tədqiqat işlərində terminlərin birmənalı işlənmə məsələləri; 4) etnopedaqogikanın terminologiyasının tədqiq olunması; 5)pedaqoji elmlərin leksika-leksikasının linqvistik mövqedən təhlili.

8. Pedaqoji terminologiya müəyyən dəyişikliklə seçilir. Pedaqoji terminlərin müəyyən qisminə çoxmənalılıq, sinonimlik xasdır. Pedaqoji terminologiyanın spesifik cəhətlərindən biri bu sahənin anlayışlar sistemində dəqiqliyin olmamasıdır. Pedaqogikanın əsas anlayışlarına münasibətdə fikir müxtəlifliyi müasir pedaqogikanın sürətli inkişafı ilə bağlıdır. Bununla belə qeyd olunan elmin anlayışlar və terminlər sistemi hələ də sistemləşdirilməmişdir. Pedaqogikanın nəzərdən keçirilən anlayışları bir-biri ilə qarşılıqlı vəhdətdə olub, bir-birini tamamlayır. Onlar birlikdə vahid və bütöv pedaqoji prosesi təşkil edir, şəxsiyyətin ahəngdar inkişafına kömək göstərir.

9. Müxtəlif pedaqoji nəzəriyyələr yaradıldıqda anlayışlar sistemi vasitəsilə yeni hadisələr aşkarlanır, pedaqogikada olmayan təzə terminlər əmələ gəlir. Bu terminlər ya dilin öz sözləri, ya da alınmalarla ifadəsini tapır. Pedaqoji terminologiya sahəsində linqvistik fəaliyyət əsasən aşağıdakı istiqamətləri əhatə edir: 1) pedaqoji lüğət, ensiklopediya, məlumat kitabları, terminoloji lüğətlərin hazırlanması; 2) pedaqoji rubrikator və tezaurusların hazırlanması; 3) pedaqoji terminologiyanın nizama salınması; 4)pedaqoji terminlərin tərcüməsi, ikidilli və çoxdilli lüğətlərin tərtibi; 5)beynəlxalq pedaqoji terminologiya fondunun yaradılması.

10. Pedaqoji terminologiya cəmiyyət həyatı ilə sıx bağlı olduğundan tarixi inkişaf prosesində bu sahə terminologiyasında tez-tez dəyişmələr baş vermişdir. Bir sıra anlayış və terminlər arxaikləşmiş, onların əvəzinə yeniləri yaranmışdır. Təhsil sisteminin yeniləşməsi də bu prosesə ciddi təsir göstərmişdir. Pedaqoji terminlərin yaranmasının beş üsulu vardır: 1) semantik; 2) morfoloji; 3) sintaktik; 4) kalka; 5) sözlərin ixtisarı və qısaldılması (abberveaturlar).

11. Pedaqogika terminologiyasında semantik üsulla termin yaradıcılığı sahənin yaranma dövrü üçün daha səciyyəvidir. Bu sahə terminologiyasında ümumişlək sözlərin terminləşməsi geniş yayılmışdır. Semantik üsulla yeni terminlərin yaranması iki formada gedə bilər. Birinci halda dilin ümumişlək leksik qatındakı sözün semantikasında dəyişmə baş verməklə terminləşmə gedir. İkinci halda bir sahə termini semantikasını dəyişərək başqa sahə termininə çevrilir. Bu iki istiqamətdə terminləşmə həm dilin mənşəcə öz vahidləri, həm də alınmalarda özünü göstərir.

12. Morfoloji üsulla sözdüzəltmə müxtəlif formal vasitələrdən istifadə etməklə mövcud sözün formasının dəyişdirilməsi ilə yeni sözün yaradılmasıdır. Mürəkkəb söz şəklində gedən sözdüzəltmədə iki və daha artıq sözün bir-biri ilə qovuşması baş verdiyindən burada formanın dəyişməsi bir qədər fərqli şəkildə baş verir. Söz yaradıcılığında olduğu kimi, terminologiyada da morfoloji üsul məhsuldarlığı ilə seçilir. Azərbaycan dilində pedaqoji terminlərin yaranmasında morfoloji şəkilçilərdən fəal iştirak edir. Morfoloji-sintaktik üsulla əmələ gələn mürəkkəb söz quruluşu pedaqoji terminlərdə təşkiledici komponentlərdən birinin tərkibinə sözdəyişdirici morfoloji vasitə daxil olur.

12. Pedaqoji terminlərin müəyyən qismi termin-söz birləşmələri şəklində olub komponentləri həm qrammatik, həm də semantik cəhətdən bir-biri ilə bağlanır. Pedaqogika terminologiyasında termin - söz birləşmələrini müxtəlif prisniplər üzrə qruplaşdırmaq mümkündür. İlk növbədə bu terminlərin birləşmə tərkibindəki sözlərin sayına görə ayırmaq daha məqsədəuyğundur. Azərbaycan dilinin pedaqoji terminologiyasında həm ismi, həm də feli söz birləşmələri vardır. İsmi birləşmələr üç növ təyini söz birləşməsi şəklində qruplaşdırılır. Pedaqogika terminologiyasında hər üç növ təyini söz birləşməsi şəklində olan termin-söz birləşmələri işlənir.

13. Pedaqogikanın bir çox terminləri rus dilindən Azərbaycan dilinə kalka olunmuşdur. Kalka yolu ilə yaranan terminlər quruluşuna görə müxtəlifdir. Kalkalar bir sözdən, iki sözdən və çoxkomponentli terminoloji birləşmələrdən olur. Sadə kalkalar, əsasən, morfoloji kalkalardır. Morfoloji kalkalarda ekvivalent morfemlərə ayırma, hər morfemi qarşılığı ilə əvəz etdikdən sonra onları yenidən birləşdirmə yolu ilə aparılır. Morfoloji kalkalarda affiksal morfem tərcümə edilir. Leksik morfem də bu halda ya tərcümə olunur, ya da alınma leksik vahid (termin) saxlanılır. Pedaqoji terminologiyada bu iki yolun hər biri ilə kalkadan istifadə olunur.

13. Pedaqoji terminlər əvvəllər yalnız rus dilindən kalka olunurdusa, müstəqillik dövründə ingilis dilindən kalkalara da geniş yer verilir. İkikomponentli birləşmələri ingilis dilindən kalkaların üç əsas forması qeydə alınır: 1. Hər iki tərəf kalka olunur. 2.Birinci tərəf kalka olunur, ikinci tərəf saxlanılır. 3. Birinci tərəf alınır, ikinci tərəf kalka edilir.

14. Azərbaycan dili pedaqogika terminologiyası uzun inkişaf yolu keçmiş və müxtəlif amillərin təsirindən dəyişmələrə məruz qalmışdır. Azərbaycan dilinin pedaqoji terminologiyasını terminlərin mənşəyinə görə aşağıdakı kimi təsnif etmək mümkündür: 1) mənşəcə dilin özünə aid pedaqoji terminlər; 2) ərəb-fars mənşəli pedaqoji terminlər; 3) rus mənşəli pedaqoji terminlər; 4) Avropa mənşəli pedaqoji terminlər.

15. Ərəb-fars dillərindən alınma pedaqoji terminlər sahənin təşəkkül, formalaşma və ilkin inkişaf dövrünə aiddir. Bu proses Azərbaycan dilinin rus dili ilə əlaqələrinin güclənməsinə qədər və ya Azərbaycanda sovet hakimiyyətinin qurulmasına qədərki dövrü əhatə edir. Azərbaycanın Rusiya tərkibinə ilhaq edilməsindən sosialist inqilabına qədərki müddətdə pedaqoji terminlərin ərəb-fars dillərindən alınması, rus dili ilə paralel getmişdir

16. Təhlil və tədqiqat göstərir ki, Azərbaycan pedaqogika elmi uzun illər rus pedaqogikası ilə əlaqəli şəkildə inkişaf etsə də terminoloji sistemdə birbaşa alınmalara , demək olar ki, yer verilməmiş, terminlər kalka yolu ilə ya Azərbaycan dilinin öz sözləri, ya da Azərbaycan dilinin ümumişlək leksik qatı əsasında yaranmışdır. Leksik qatına keçmiş ərəb-fars mənşəli alınmalarla əvəz edilmişdir. Bunun müqabilində rus dili vasitəsilə Azərbaycan dilinə keçmiş kifayət qədər çox Avropa mənşəli alınmalar vardır.

17. Pedaqoji terminologiyada istər daha əvvəl istifadə olunmuş terminlərin, istərsə də yeni alınma terminlərin izah və şərhlərində kifayət qədər əhəmiyyətli fərqlər vardır. Bütün bunlar pedaqoji terminologiyanın toplanıb müzakirə olunmasını, onların nizama salınmasını və unifikasiyasını tələb edir.




Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin