Azərbaycan respulikasi


Müasir pedaqoji terminologiyanın əsas nəzəri və praktik məsələləri



Yüklə 0,86 Mb.
səhifə14/30
tarix11.01.2022
ölçüsü0,86 Mb.
#110718
1   ...   10   11   12   13   14   15   16   17   ...   30
1.3. Müasir pedaqoji terminologiyanın əsas nəzəri və praktik məsələləri
Pedaqogikanın inkişafı ilə anlayışın mənası dəyişir, eyni zamanda müəyyən dövrdə anlayışın əvvəlki mənası sıradan çıxır” [123, s.11].

Pedaqogika terminologiyasının spesifikası pedaqoji anlayışların və terminlərin yaranma mənbələri ilə təyin olunur. Elmi-pedaqoji ədəbiyyatda bu cəhətə yanaşmanın iki yolu vardır. Birinci yol pedaqoji anlayışların bilavasitə formalaşması ilə səciyyələnir. Bütün mənbələr təbii və süni olmaqla iki qrupa bölünür. Təbii mənbələr qrupunda anlayışlar kortəbii halda (məişət, praktik fəaliyyətin müxtəlif formaları), süni mənbələr qrupunda anlayışlar elmi-praktik, eləcə də elmi-metodik fəaliyyət prosesində yaranır. Anlayışların yaranmasının üçüncü mənbəyi idarə sahəsidir. Hər üç qrup qarşılıqlı təsirdə olur [88, s.29-30].

Azərbaycan pedaqogika terminologiyasında dilin daxili imkanları hesabına yaranan və müxtəlif dillərdən (yunan, latın, rus, ərəb, fars, ingilis və s.) alınma terminlər işlənir. Pedaqoji terminologiyanın müasir səviyyəsində beynəlmiləl pedaqoji terminlər də üstünlük təşkil edir.

Elmi-pedaqoji ədəbiyyatda pedaqoji terminlərin tədqiq edilməsinə ötən əsrin 60-cı illərinin sonlarında başlanmışdır. Bu sahədə rus dilçiliyində ilk əsər İ.M.Kantora aiddir [113]. Müxtəlif pedaqogika leksikasına həsr etdiyi əsərdə pedaqogikaya dair məlumat və ensiklopedik ədəbiyyatları təhlilə cəlb etmiş, bu əsərlərdəki pedaqoji terminlərin nəzəri təhlili aparılır, terminlərin pedaqoji biliklərin inkişafındakı rolunu araşdırmışdır. İ.M.Kantor sonralar bu məsələ ilə bağlı başqa bir monoqrafiyada yazmışdır [114].

Son dövrlərdə pedaqogika terminlərinin tədqiqi aşağıdakı istiqamətlərdə aparılır: 1) pedaqoji elmlərin anlayışlar və terminoloji sisteminin quruluş və funksiyalarının təhlili; 2) pedaqogikanın ayrı-ayrı sahələrinin ümumi pedaqogika, didaktika, tərbiyə nəzəriyyəsi, məktəbəqədər pedaqogika və s. sahələrinin terminlərinin təhlili; 3)pedaqoji tədqiqat işlərində terminlərin birmənalı işlənmə məsələləri; 4) etnopedaqogikanın terminologiyasının tədqiq olunması; 5)pedaqoji elmlərin leksika-leksikasının linqvistik mövqedən təhlili.

Pedaqoji terminologiya müəyyən dəyişikliklə seçilir. Pedaqoji terminlərin müəyyən qisminə çoxmənalılıq, sinonimlik xasdır.

Pedaqoji terminologiyanın spesifik cəhətlərindən biri bu sahənin anlayışlar sistemində dəqiqliyin olmamasıdır. Məsələn, pedaqogikada hansı anlayışların bu sahənin kateqoriyalarının bildirməsində hələ də mübahisəli tərəflər vardır. B.T.Lixaçyev pedaqogikanın kateqoriyalarını ifadə edən 54 termini qeyd edir [123, s.7-9].

V.İ.Qnetsinski pedaqogika elminin anlayışlar sistemində mərkəzi anlayışı ayırmağı təklif edir. Onun fikrinə görə, bu anlayış elmin bütün sahələrinin əsasında durub onu başqa elmlərdən fərqləndirə bilər. Pedaqogikada belə mərkəzi anlayış “tərbiyə” anlayışıdır [97, s.14].



Terminoloji sistemdə anlayışın çıxış nöqtəsi olmasını qeyd edən S.Sadıqova yazır: “Terminologiyada anlayış yalnız obyektiv gerçəkliyin predmet və hadisələrinin ümumi və əhəmiyyətli əlamətlərini deyil, daha geniş mənada işlənir. Terminologiyada anlayışlar sistemi elm və texnikanın müəyyən sahəsinə mənsub olan bir-biri ilə əlaqədar anlayışların məcmusu; anlayışların məzmunu - anlayışların əsas əlamətlərinin məcmusu, anlayışların təsnifi - anlayışlar arasındakı cins-söz əlaqələrinin açılması - problemlərinin həlli definitiv funksiyanın mahiyyətini müəyyənləşdirir. Çünki terminlə anlayış arasındakı məntiqi əlaqə sistematiklik təşkil edir” [69, s.75]. Şübhəsiz ki, bu fikir bütün sahə terminologiyaları, o cümlədən də pedaqogika terminologiyasında təsdiqini tapır. Məlumdur ki, pedaqogikada mərkəzi anlayış kimi “tərbiyə”, “təhsil”, “tədris”, “inkişaf”, “formalaşma”, “təlim” tədqiq olunur. Bu anlayışların hər biri digər terminlərlə birbaşa və ya dolayısı rabitədədir. Terminlə anlayış, eləcə də ayrı-ayrı terminlər arasındakı əlaqə onların derivatları və birləşmələrində özünü aşkar göstərir.

Sxem 1


Qeyd edilən derivat və törəmə terminlər arasında da qarşılıqlı əlaqələr vardır. Dərs, dərslik bir-biri ilə əlaqəlidirsə, “dərslik” termini də “dərs vəsaitləri” ilə əlaqəlidir. Həmçinin dərs planı→dərslik, dərs planı→ dərs vasitələri və s. Bu tipli əlaqələr pedaqogikada nəzəri planda izahını tapır.

Pedaqogikanın əsas anlayışlarına münasibətdə fikir müxtəlifliyi müasir pedaqogikanın sürətli inkişafı ilə bağlıdır. Bununla belə qeyd olunan elmin anlayışlar və terminlər sistemi hələ də sistemləşdirilməmişdir.

Pedaqogikanın nəzərdən keçirilən anlayışları bir-biri ilə qarşılıqlı vəhdətdə olub, bir-birini tamamlayır. Onlar birlikdə vahid və bütöv pedaqoji prosesi təşkil edir, şəxsiyyətin ahəngdar inkişafına kömək göstərir.

Digər elmlərdə olduğu kimi, pedaqogika da elmi-tədqiqatların nəticəsində inkişaf edib, yeni-yeni müddəalarla zənginləşir. Pedaqoji tədqiqatlar təlim-tərbiyə prosesini təkmilləşdirmək, müəyyən qanunauyğun əlaqələri üzə çıxarmaq məqsədi ilə planlı şəkildə aparılan axtarışlardır.

Pedaqoji terminologiya eyni zamanda iki sistemə mənsubluğu ilə seçilir. Bu sistemlərdən biri ayrıca elmi biliklər sistemidir. Digər sistem isə elmi dildir. Qeyd edilən baxımdan məsələyə yanaşdıqda pedaqogika terminlərini və leksikologiya prizmasından təsnifat iki istiqaməti əhatə edir.

Pedaqoji təsnifat predmet-tematikdir. Bu təsnifat pedaqoji biliklər sahələrinin vahid sistemidir və dörd qrupla səciyyələnir:

1. Ümumpedaqoji anlayış və terminlər. Bu tematik sıra pedaqogikanın əsas anlayışlarını adlandırılmasını, adlandırmanın prinsip və qanunauyğunluqlarını, pedaqoji tipologiya terminlərini, pedaqogika elminin istiqamət və cərəyanlarını, cəmiyyətin təlim-tərbiyə institutlarının adlarını, elmi-pedaqoji tədqiqat metodlarını ifadə edən terminləri özündə birləşdirir. Məsələn, təlim, tərbiyə, təhsil, ali məktəb, dərs və s.

2. Tərbiyə nəzəriyyəsi anlayış və terminləri də pedaqogikada mühüm yer tutur. Bura tərbiyə prosesinin quruluşunu, mahiyyətini, inkişafını göstərən anlayış və terminlər, eləcə də tərbiyə prosesinin həyata keçirilməsinin təşkili üsul və metodlarını ifadə edən vasitələr daxildir. Məsələn, tərbiyə nəzəriyyəsi, tərbiyə prinsipləri, tərbiyə prooqramı, tərbiyənin məzmunu, tərbiyənin məqsədi və s.

3. Didaktikanın anlayış və terminləri. Məsələn, didaktika, təhsil sistemi, təhsil sisteminin prinsipləri, təlimin mahiyyəti, şagird, dərs, dərsin tipləri, dərsin mərhələləri və s.

4. Məktəb və məktəbəqədər işlərlə bağlı terminlər. Məsələn, məktəb, orta məktəb, məktəbəqədər tərbiyə, məktəb proqramı və s.

Pedaqogika terminlərinin başqa bir təsnifatı bu elmin başqa elmlərlə əlaqəsinə görə aparılır. Burada da dörd qrup fərqləndirilir. 1) fəlsəfi anlayış və terminlər; 2)bilavasitə pedaqogika terminləri; 3) ümumelmi anlayışlar (sistem, fərziyyə, model, quruluş və s.); 4) başqa elmlərdən alınmış terminlər.

Pedaqogika terminləri ilə psixologiya, sosiologiya, sosial pedaqogika, sinergetika, riyaziyyat elmləri arasında qarşılıqlı əlaqə daha güclüdür.

Pedaqoji terminlərin leksikoloji təsnifində də iki qrup vardır. Birinci qrupa sabit terminlər daxildir. Bu terminlər qəbul olunmuş və pedaqogika elminin inkişafının müəyyən mərhələsində sabitləşmişlər. Məsələn, təhsil, dərs, tərbiyə, dərs planı, ali məktəb, orta təhsil və s. Müasir pedaqogikada geniş istifadə olunan termin və nomenklaturlar bura daxildir. Belə terminlər tədris proqramlarına, dərs vəsaitlərinə, metodik vasitələrə daxil edilir. Məsələn, dərslik, dərs vəsaiti, təkrar, çalışma, tapşırıq, ifadə, ifadəli oxu və s.

İkinci qrupu şərti terminlər təşkil edir. Bu, pedaqoji anlayışların adları. Bu qrupa aşağıdakılar daxildir: a) fərdi terminlər (müəllifin ayırdığı və ya daxil etdiyi termin); b) obrazlı ifadələr (müqayisə, metafora, aforizm və s.); c) məişət sözləri; d) formalaşmaqda olan terminlər.

XX əsrin ortalarından pedaqogika terminlərinin öyrənilməsinin yeni istiqaməti yaranmışdır. Bu, pedaqogika terminlərinin araşdırılmasına tarixi-pedaqoji yanaşmanı əhatə edir. Eyni zamanda, pedaqoji elmin fənlərarası və sahələrarası xüsusiyyətləri nəzərə alınmaqla terminologiyanın öyrənilməsi də ön plana çəkilmişdir” [26, s.90].

Qeyd olunduğu kimi, pedaqogikanın nəzərdən keçirilən anlayışları bir-biri ilə qarşılıqlı vəhdətdə olub, bir-birini tamamlayır. Onlar birlikdə vahid və bütöv pedaqoji prosesi təşkil edir, şəxsiyyətin ahəngdar inkişafına kömək göstərir.

Digər elmlərdə olduğu kimi, pedaqogika da elmi-tədqiqatların nəticəsində inkişaf edib, yeni-yeni müddəalarla zənginləşir. Pedaqoji tədqiqatlar təlim-tərbiyə prosesini təkmilləşdirmək, müəyyən qanunauyğun əlaqələri üzə çıxarmaq məqsədi ilə planlı şəkildə aparılan axtarışlardır [34, s.5].

Müxtəlif pedaqoji nəzəriyyələr yaradıldıqda anlayışlar sistemi vasitəsilə yeni hadisələr aşkarlanır, pedaqogikada olmayan təzə terminlər əmələ gəlir. Bu terminlər ya dilin öz sözləri, ya da alınmalarla ifadəsini tapır. Beləliklə, hər bir yeni pedaqoji termin motivləşir. Belə terminlər sahəyə aid konkret anlayışı bildirdiyinə görə birmənalı olur. Məsələn, Azərbaycan təhsil sistemində kurikulumun tətbiqi xeyli sayda yeni terminlərin istifadə olunmasına zəmin yaratmışdır. Kurikulum, fasilitator, müəllim-bələdçi, summativ və s. bu qəbildən olan terminlərdir.

Lakin bütün terminlərin bir mənalı olduğunu söyləmək mümkün deyildir. Pedaqogika terminologiyasında hələ ki, çoxmənalı terminlər kifayət qədərdir. Məsələn, pedaqoji mədəniyyət termini belə izah olunur: “1) ümumbəşəri mənəvi mədəniyyətin bir hissəsi; bu mədəniyyətdə nəsillərin dəyişməsi prosesinə xidmət etmək üçün zəruri olan maddi və mənəvi dəyər, yaradıcı pedaqoji fəaliyyət üsulları yer alır; 2) fərdi-şəxsi planda mədəniyyət dialoquna hazır olan pedaqoqun şəxsi kamillik xüsusiyyəti; 3) pedaqoji dəyərlərin, fəaliyyət üsullarının və müəllimin peşəkar davranışının dinamik sistemi” [91, s.5].

Eyni bir terminin bir neçə izahının olmasını şərtləndirən cəhətləri verilmiş nümunə əsasında araşdırdıqda burada terminin müxtəlif anlayışlar sisteminə və yarımsisteminə aid anlayışların adı kimi çıxış etməsi faktı üzə çıxır. Deməli, pedaqogikada sistem və yarımsistemlər arasındakı münasibətlər düzgün tənzimləndikdə terminoloji çoxmənalılıq və ya terminoloji polisemiyanı aradan qaldırmaq olar. Bir sıra pedaqoji istiqamətlərdə terminlərin təyin olunmasına belə münasibət bəslənmir. Məsələn, “şəxsi-pedaqoji özünütənzimləmə”, “kulturoloji fərdi yönümlü təhsil”, “fərdi yanaşma” və bir çox digər terminlər müasir pedaqogikada birmənalı təyin olunmuşdur.

Hər bir pedaqoji termin təbiətinə görə sistem səciyyəsi daşıyır. Belə vahid pedaqoji terminlər sistemində özünəməxsus yer tutur. Bu termin müəyyən xüsusi sahəyə aidliyi ilə seçilir. Məsələn pedaqogika nəzəriyyəsi və təcrübəsinin yeni sahələrinə aid terminlər bu cəhətdən diqqəti cəlb edir. “Distant təhsil”, “göndəriş siyahısı”, “videokonfrans”, “videoseminar” kimi terminlər müasir təhsil texnologiyası və terminologiyasına daxildir. Qovuşan mədəni təhsil, “çoxmədəniyyətli təhsil”, “akkulturasiya”, “qlobal təhsil”, “təhsildə qlobal komponent”, “dünyəvi təhsil” terminləri çoxmədəniyyətli gerçəkliyin pedaqogika ilə mənimsənilməsi funksiyası ifadə edən terminologiyadır. Qeyd edilən terminlərdən bəzilərini izah etməyə çalışaq.

Distant təhsil. Terminoloji birləşmədir. “Təhsil” baza terminidir. Birinci komponent ingilis dilindən alınmadır. Məsafə, yol anlamındadır. Distant təhsil-telekommunikasiyaların, kompüterlərin, elektron poçtun, internet əlaqələrinin köməyi ilə məsafədən idarə etmək yolu ilə həyata keçirilən təhsil formasıdır. Inkişaf etmiş ölkələrdə Distant təhsil formasını tətbiq etməklə orta, orta ixtisas və ali təhsil verilməsi təcrübəsi yayılmışdır [12, s.82].

Videokonfrans. Iki alınma komponentin birləşməsi ilə yaranmışdır. Videokonfrans televiziyanın, hazırda həm də kompüterlərin köməyi ilə təşkil olunur. Bu zaman müəyyən bir məsələ ətrafında fikir mübadiləsi və müzakirələr aparılır. Iştirakçılar bir-birindən aralı, fərqli məntəqə və şəhərlərdə yerləşir. Bununla belə, onlar bir-birini görür və eşidir.

Pedaqoji terminologiyanın sistemliyi motivləşməsi, birmənalılığı onun nizama salınması səviyyəsindən asılıdır.

Real təcrübədə pedaqogika terminologiyasında motivləşmiş, çoxmənalı terminlər vardır. Pedaqoji terminologiyada terminlərin semantikasının məntiqi linqvistik xüsusiyyətləri çox zaman mütləq səciyyə daşımır. Bu cəhət terminlərə verilmiş təriflərdə də özünü göstərir” [25, s.176]. Məsələn, “tərbiyəyə diferensial münasibət” termini lüğətdə belə izah edilir. “Tərbiyəyə differensial münasibət uşaqlar arasında müəyyən struktur yaratmış və ya qeyri-formal birləşmiş şagirdlər qrupuna məqsədyönlü pedaqoji təsiridir. Bu təsir qrup üzvlərinin ümumi, oxşar xüsusiyyətləri nəzərə alınmaqla göstərilir. Bəzən müəllimlər fərdi və şəxsi keyfiyyətlərinə görə yaxın şagirdləri belə qrupda birləşdirirlər. Diferensial­laşdırıcı yanaşma uşaqların şəxsi keyfiyyətlərinin təkmilləşdiril­məsində effektiv pedaqoji vasitə rolunu oynayır.

Differensial yanaşma zamanı müəllim şəxsiyyətə aid müxtəlif keyfiyyətləri təhlil edir və bu keyfiyyətlərin uşaqlarda özünü göstərməsini aydınlaşdırır. Şagirdlər qrupu üçün ümumi, tipik xüsusiyyətlər müəyyənləşdirilir və ona uyğun təsir mexanizmi, qarşılıqlı əlaqə strategiyası, tərbiyə vəzifələri seçilir. Beləliklə, şagirdlərin ümumi fəaliyyət və münasibətə cəlb edilməsi forması müəyyənləşdirilir” [131, s.127].

Müasir pedaqogikada terminlərin unifikasiyası və beynəlmiləlləşdirilməsinə də xüsusi yer verilir. Terminlərin sistemləşdirilməsi problem idə pedaqogika üçün aktualdır. Bu cəhət pedaqoji biliklərin sistemləşdirilməsi də bilavasitə bağlıdır. Pedaqogika terminləri kompleksi beynəlxalq pedaqogika terminologiyasını təşkil edir. Bu terminologiya pedaqogika inkişaf etdikcə dəyişir. Qeyd edək ki, müasir dövrdə ayrı-ayrı pedaqoji məktəblər yaranır, milli pedaqoji ənənələrin tətbiqi genişlənir, yeni pedaqoji nəzəriyyələr hazırlanıb tətbiq edilir. Nəticədə pedaqogikada yeni terminlər yaranır, bəzi terminlər isə köhnələrək istifadədən çıxır. Bəzi terminlərin mənası dəyişir. Bunu pedaqogikanın başqa elmlərlə əlaqəsi zəminində izah etmək olar. Məlumdur ki, pedaqogika bir çox elmlərlə sıx bağlıdır. Pedaqogikada fəlsəfə, dilçilik, sosiologiya, psixologiya, informatika və s. sahələrin terminləri istifadə olunur. Məsələn, “pedaqoji psixologiya”, “sinergetik yanaşma”, “modelləşdirmə”, “paradiqma”, “struktur”, “sistem” və s.

Pedaqoji terminologiya indi yalnız lüğət və kitablarda deyil, elektron daşıyıcılarda da yerləşdirilir. Internetdə pedaqoji terminologiyaya aid müxtəlif lüğətlər, ensiklopediyalar, tezauruslar vardır.

Internetdə “pedaqoji terminlər” ifadəsi üzrə axtarış apardıqda belə lüğətləri tapmaq olur. Məsələn, “педагогическая терминология” axtarışı nəticəsində müxtəlif müəlliflərin tərtib etdikləri izahlı lüğətlər, pedaqoji terminlərin siyahısını əldə etmək mümkündür.

Pedaqoji terminologiya müxtəlif aspektlərdən tədqiq olunur. Bura pedaqoji terminologiyanın leksikoqrafik, məntiqi, informativ, linqvistik, terminoloji və s. tədqiqatları daxildir.

Pedaqoji leksikoqrafiya elmi-pedaqoji fəaliyyətin növlərindən birinə çevrilmişdir. Bu istiqamətdə fəaliyyət sahənin dərindən öyrənilməsi və pedaqoji hazırlıq üçün xüsusi əhəmiyyət daşıyır.

Pedaqoji terminologiya sahəsində linqvistik fəaliyyət əsasən aşağıdakı istiqamətləri əhatə edir: 1) pedaqoji lüğət, ensiklopediya, məlumat kitabları, terminoloji lüğətlərin hazırlanması; 2) pedaqoji rubrikator və tezaurusların hazırlanması; 3) pedaqoji terminologiyanın nizama salınması; 4)pedaqoji terminlərin tərcüməsi, ikidilli və çoxdilli lüğətlərin tərtibi; 5)beynəlxalq pedaqoji terminologiya fondunun yaradılması.

Pedaqoji terminlərin leksikoqrafik təsvirinin əsasında onun xüsusi növ işarə kimi mahiyyətinin açılması durur. Lüğətdə terminin təsviri xüsusiyyəti onun təyin edilməsi və definisiyasının verilməsini əhatə edir. Lüğətdə terminin təsviri pedaqoji termin və anlayışlar sisteminin müəyyən hissəsinin əks etdirilməsidir. Pedaqoji terminlərin leksikoqrafik təsvirinin tam və adekvat təminatı bu terminlərin linqvistik xüsusiyyətlərinin və məntiqi mahiyyətinin birləşdirilməsi ilə əldə olunur.

Pedaqoji terminlərin effektiv tədqiqatı və təsviri kifayət qədər tam məntiqi-anlayış təhlilinin aparılmasını tələb edir. Belə təhlil olmadıqda bu sahə üzrə lüğətlərin informativliyini aşağı salır” [144, s.16-21].

Pedaqoji lüğətdə lüğət maddəsinin tərtibinə müəyyən tələblər qoyulur. Bu tələblər aşağıdakılardır: 1) pedaqoji terminologiyanın ilkin məntiqi-anlayış təyini; bu təhlil zamanı terminoloji sistem daxilindəki əlaqə və münasibətlər nəzərə alınır. Bu əlaqə və münasibətlər semantikləşmə üsulları və vasitələrlə lüğətdə ifadəsini tapır; 2) terminin lüğətə daxil edilməsi üçün linqvistik əlamətlərin aşkara çıxarılması; 3) bir lüğət daxilində lüğət maddəsinin eyni formada verilməsi. Lüğət maddəsinə daxil edilən bütün informasiya şərti olaraq elmi-pedaqoji olmalıdır. Pedaqoji terminologiyanın tədqiq edilməsi zamanı terminlərin etimologiyası, təşəkkül, yaranma və elementləri, qrammatik xüsusiyyətləri və bir çox başqa məsələlər araşdırılır.

Pedaqoji terminlərin leksikoqrafik təsviri sahə terminologiyasındakı terminlərin ifadə etdikləri anlayışlar arasındakı münasibətləri açır. Terminin leksikoqrafik təyini zamanı onun qısa tərifi verilir və bu tərifdə anlayışın fərqləndirici əsas əlamətləri ifadəsini tapır.

Xüsusi pedaqoji biliklərin modelləşdirilməsi formalarından biri məntiqi anlayış sxemidir. Bu sxem xüsusi anlayışlar arasında məntiqi münasibət tiplərini əks etdirir. Anlayışlar müəyyən terminoloji sistemin terminləri, bircinslik, növ-cins münasibətləri ola bilər.

Pedaqoji terminologiyanın anlayış münasibətlərinin eksplisit şəkildə ifadə olunması sintaqmatik və paradiqmatik səviyyədə həyata keçirilir. Sintaqmatik səviyyədə bu, termin sinonimlərin, eynicinsli terminlərin, növ-cins cütlərini təşkil edən terminlərin və s. qeydə alınmasıdır. Praqmatik səviyyədə anlayış iyerarxiyasının qurulması əsas götürülür. Bu zaman anlayışların müxtəlif münasibətlərlə əlaqələnməsi nəzərə alınır.

Ayrıca götürülmüş məntiqi anlayış sxemi pedaqogikanın anlayış terminoloji sisteminin terminləri arasındakı münasibətin fraqmentidir. Sistemin modeli tezaurus tipli lüğət maddəsində ən qənaətli və əlverişli şəkildə təsvir olunur.

Pedaqoji tezaurus pedaqogika terminlərinin kifayət qədər tam ardıcıl düzülmüş çoxluğudur. Tezaurusda terminlər arasındakı semantik əlaqələr ifadəsini tapır. Bu əlaqələr paradiqmatik, bazis, konseptual informasiya-axtarış tezaurusu pedaqoji terminlər haqqında informasiya olmaqda əhəmiyyətli vasitədir.

B.B.Komarovski pedaqoji terminologiyanı dar və geniş mənada təyin etmişdir. Onun fikrinə görə, “dar mənada pedaqoji terminologiya pedaqogika elminin əsas anlayışları toplusunu özündə birləşdirir. Geniş mənada pedaqoji terminologiya tərbiyə, təlim və təhsilin nəzəriyyə və təcrübəsində tətbiq olunan leksik və adlar sistemidir” [115, s.5]. Müəllif, eyni zamanda, göstərir ki, “terminlərdən başqa pedaqogikanın leksik fonduna təhsil prosesində istifadə olunan predmetlərin adları, tədris müəssisələrinin tiplərinin tədris avadanlıqlarının və s. adları daxildir. Bunlar pedaqoji nomenklaturanı təşkil edir. Pedaqoji nomenklatura pedaqoji leksikanın yarıdan çoxunu özündə birləşdirir” [115, s.5].

XIX əsrdə və XX əsrin əvvəllərində hazırlanıb nəşr edilmiş pedaqoji ensiklopediyalarda terminlərin tərifləri formal şəkildə verilmişdir. Termin izah olunur, onun formal-məntiqi əlamətləri sadalanır. Pedaqoji anlayışlar çox zaman məntiqi baxımdan təyin olunmuşdur. Anlayışların bir-biri ilə əlaqələndirilməsinə, bir anlayışdan digərinin yaradılmasına diqqət verilməmişdir.

Pedaqoji terminologiya cəmiyyət həyatı ilə sıx bağlı olduğundan tarixi inkişaf prosesində bu sahə terminologiyasında tez-tez dəyişmələr baş vermişdir. Bir sıra anlayış və terminlər arxaikləşmiş, onların əvəzinə yeniləri yaranmışdır. Təhsil sisteminin yeniləşməsi də bu prosesə ciddi təsir göstərmişdir.

B.B.Komarovski pedaqogika terminlərinin spesifik cəhətlərinin olduğunu qeyd edir. Müəllif pedaqogikanın cəmiyyətin inkişafı ilə bağlılığına istinad edərək, bu sahənin terminlərinə ekspressivliyin və qiymətləndirmənin xas olması fikrini irəli sürür. O, pedaqogika terminləri siyasi səciyyə daşıdığını təsdiq edir [115, s.10].

Aydın olur ki, müəllif terminlərin üslubi neytrallıq xüsusiyyətlərini pedaqogika terminlərinə aid etmir. Onun terminin ideologiyalaşması, siyasi səciyyə daşıması fikri də mahiyyətcə doğru deyildir.

Sovet ideologiyası Azərbaycan pedaqogikasında müəyyən qat təşkil edən terminlərin yaranmasına səbəb olmuşdur. Məsələn, sosialist təhsil sistemi, kommunist tərbiyəsi, təhsilin partiyalılığı, sovet pedaqogikası və s. Bu terminlər indi arxaikləşsə də, ümumən Azərbaycan pedaqogikası terminləri kimi öyrənilməlidir. Qeyd olunduğu kimi, pedaqogika cəmiyyətin inkişafı ilə sıx bağlı olan elmdir. Bu elm, bu sahə böyük inkişaf yolu keçmişdir. Ona görə də pedaqoji elmlər sistemində zaman-zaman müxtəlif dəyişmələr baş vermişdir.

Sovet pedaqogikası sistemində aşağıdakı istiqamətlər olmuşdur: 1)ümumi pedaqogika; 2)tərbiyə nəzəriyyəsi; 3)təlim və tədris nəzəriyyəsi; 4)xalq təhsilinin təşkili və məktəb işlərinin idarə olunması; 5)pedaqogika tarixi.

Sovet pedaqogikasında kommunist tərbiyəsi, kommunist əxlaqı, mədəni inqilab, patriya təhsili, Milyonların Lenin Universitetləri, Lenin cüməsi və s bu kimi terminlər istifadə edilmişdir. Bu terminlər keçmiş SSRİ-də buraxılmış pedaqoji lüğətlərə daxil edilmişdir.

Terminoloji sistemdə anlayışın çıxış nöqtəsi olmasını qeyd edən S.Sadıqova yazır: “Terminologiyada anlayış yalnız obyektiv gerçəkliyin predmet və hadisələrinin ümumi və əhəmiyyətli əlamətlərini deyil, daha geniş mənada işlənir. Terminologiyada anlayışlar sistemi elm və texnikanın müəyyən sahəsinə mənsub olan bir-biri ilə əlaqədar anlayışların məcmusu; anlayışların məzmunu - anlayışların əsas əlamətlərinin məcmusu, anlayışların təsnifi - anlayışlar arasındakı cins-söz əlaqələrinin açılması - problemlərinin həlli definitiv funksiyanın mahiyyətini müəyyənləşdirir. Çünki terminlə anlayış arasındakı məntiqi əlaqə sistematiklik təşkil edir” [69, s.75].

B.B.Komarovski pedaqoji terminlərin linqvistik təsnifatını verərkən onların elmi dəyərlilik və müxtəlif təkamül səviyyəsinə görə ayırmağa çalışır. O, stabil, şərti və korrelyativ terminləri ayırır. Pedaqogikanın müəyyən inkişaf dövründə sabitləşmiş terminlərin olduğunu qeyd edən müəllif şərti pedaqoji termin anlayışını da daxil edir. Onun fikrinə görə, şərti terminlər formalaşma dövründə olan terminlərdir. B.B.Komarovski yazır: “Pedaqogikada termin əvəzediciləri xüsusi yer tutur. Onlar pedaqoji anlayışı bildirir, lakin termin kimi qəbul edilməmişdir. Şərti terminlərin əsas qrupları aşağıdakılardır: 1) fərdi terminlər; 2) obrazlı ifadələr; müqayisə, təşbeh, mübaliğə, metafora, hiperbola, aforizm; 3) pedaqojiləşdirilmiş terminlər; 4) terminləşməkdə olan terminlər” [115, s.18-19].

Rus dilçiliyində pedaqoji terminologiyanın əsas tədqiqatçılarından biri sayılan B.B.Komarovskinin məsələyə münasibətində mübahisə doğuran cəhətlər çoxdur. Hər şeydən əvvəl, müasir terminologiyada “şərti termin” anlayışı yoxdur. Müəllifin istifadə etdiyi “провизорные термины” anlayışı da özünü doğrultmur. Obrazlı ifadələr kimi verilmiş metafora, hiperbola, mübaliğə və s. üslubi fiqurlardır. Onlar həm ədəbiyyatşünaslıqda, həm də dilçiliklidə istifadə olunan konkret terminlərdir. Məsələn, metafora, mübaliğə, metonimiya və s.

Müəllif terminləri və ya fərdi terminlər anlayışlarını qəbul etmək olar. Hər bir anlayış və onu ifadə edən termin yaradıcılıq prosesində meydana çıxır. Lakin bu və ya digər müəllifin daxil etdiyi termin həmişə terminoloji sistemdə yer ala bilmir. Məsələn Dobrolyubovun “умственно-медленные ученики”, Piroqovun “очеловечивание чувств”, Makarenkonun “парные воспитание”, Bexteryevin “коллективное рефлексология” terminləri müasir pedaqoji terminlər sırasında yer almamışdır. Buna baxmayaraq həmin terminlər pedaqoji fikir tarixinə daxil olurlar. Bu terminlərdən bəzilərinin ifadə etdikləri anlayışlar vardır. Təbii ki, pedaqoji tədqiqatlarda tərbiyə və təhsil vasitələri, yolları axtarıldığına görə bəzən obrazlı ifadələrdən istifadə edilir. Lakin belə obrazlı ifadələrin hər birini pedaqogikaya aid termin kimi qəbul etmək düzgün deyildir.

Termin anlayışın adlandırılması ilə meydana gəlir. Lakin anlayışın adı dərhal sahə terminologiyasının vahidinə çevrilmir. Yeni ad termin kimi formalaşma dövrü keçir. Müəllif və fərdi terminlər sahədə işlənmək təcrübəsini keçir. Əgər termin yalnız bir və ya bir neçə müəllifin əsərində rast gəlinirsə onun sahədə qəbul edilməsini söyləmək olmaz. Hər bir terminologiyada termin variantları qeyri-standart terminlər olur. Sahə terminologiyasının nizama salınması, unifikasiyası və nəhayət, standartlaşdırılması prosesində termin variantları arasında biri qəbul edilir.

Korrelyativ terminlər pedaqoji terminologiyada ayrıca qrup təşkil edir. Bu cür terminləri sabit terminlərdən ayırmaq olmaz. Hər cür termin, hər şeydən əvvəl, termindir. Sabit və qeyri-sabit termin qarşılaşdırılması qüsurludur. Korrelyativ terminlər terminoloji birləşmələrdə özünü göstərir. Çoxsözlü terminin tərkib hissələri arasındakı əlaqə, korrelyasiya onlara korrelyativ termin adı vermək üçün zəmin yaradır.

Pedaqogika terminlərinin sistemləşdirilməsi üçün pedaqoji elmlərin predmet və tematik bazasından istifadə olunur. Pedaqogika elminin müəyyən istiqaməti üzrə qruplaşdırılan terminlər ayrıca tematik sıra yaradır.

Müasir dövrdə pedaqogikanın nəzəriyyə və təcrübəsi ilə bağlı fəal beynəlxalq əməkdaşlıq gerçəkləşmişdir. Təhsil və tədrisin keyfiyyətini yaxşılaşdırmaq, ən optimal metodların tədris, tərbiyə və təlim metodlarını tətbiq etmək, təcrübədə sınaqdan çıxmış təhsil sistemlərindən istifadə etmək diqqət mərkəzinə çəkilmişdir. Odur ki, pedaqogikanın anlayışlar sahəsi genişlənir və mürəkkəbləşir. Pedaqoji elmin terminologiyasının həm milli, həm də beynəlxalq səviyyədə tədqiq edilməsinə tələbat artır. Pedaqogikada daim yeni terminoloji vahidlər yaranır. Hazırda istifadə olunan pedaqoji menecment, pedaqoji sistemologiya, pedaqoji konseptologiya, pedaqoji faktologiya, miqrant pedaqogikası, didaktik mühit, media-təhsil və bir çox başqa terminlər son dövrlərdəki inkişaf və inteqrasiyanın məhsuludur.

Yeni, müasir pedaqoji terminlərin yaranması səbəblərini araşdırdıqda həmin səbəblərdən altısını asanlıqla ayırmaq olur: 1) ölkədə baş verən sosial, iqtisadi dəyişikliklər və onlardan irəli gələn nəticələr; 2) xarici təhsil konsepsiyalarının ölkə təhsil sisteminə təsiri; 3) pedaqoji sistemdə tətbiq edilən innovasiyaların artması; 4) pedaqogikanın bir çox elm sahələri kimi, ideoloji təsirlərdən azad olması; 5) pedaqogikanın tədqiqat predmetinin başqa sahələrlə inteqrasiyası və diferensiasiyası; 6) pedaqogikada yeni elmi istiqamətlərin yaranması [137, s.10].

Pedaqoji biliklərin inkişafında sahə terminologiyasının zənginləşməsi, termin-anlayış uyğunluğunun öyrənilməsi, anlayışların mahiyyətinin aydınlaşdırılması, təyin olunması və mənimsənilməsi xüsusi əhəmiyyət kəsb edir. Aydındır ki, pedaqogika elminin tərkib hissəsi olan elmi-pedaqoji biliklərin müəyyən hissəsini anlayışların mahiyyəti, onları ifadə edən terminlərin mənası, bu terminlərin birmənalılığa, motivləşməyə və sistemliyə meylilik səbəbləri təşkil edir. Pedaqogika elminin hər bir yeni anlayışı terminlə adlandırılır. Bu anlayış sahənin seçilmiş predmet, hadisə, bu hadisələrin xassələri və münasibətləri sistemində müəyyən mahiyyət kəsb edir. Müasir dərketmə baxımından anlayış gerçəkliyin predmet və hadisələrinin, onların əlaqə və münasibətlərinin ən mühüm xassələrini, əlamətlərini özündə birləşdirir. Elm və texnikanın, ayrı-ayrı anlayışlar sahəsinin sürətli inkişafı, terminlərin yaranmasının sözlərin yaranmasını qabaqlaması determinləşmə prosesinin meydana çıxmasına səbəb olmuşdur.

Müasir pedaqogikanın terminologiyasında işlənən terminlərin öyrənilməsi, onların toplanıb nizama salınması mühüm əhəmiyyət kəsb edir. Pedaqogikanın anlayış-terminoloji aparatı mürəkkəb və zəngindir. Ümumiyyətlə, orta və ali məktəblərdə müxtəlif elm sahələri tədris olunduğundan bu sahələrin terminləri də onlara dair pedaqoji araşdırmalarda istifadə olunur. Belə vəziyyət ayrı-ayrı sahələrin inteqrasiyası zəminində onların terminoloji sistemlərində də inteqrasiyanın getməsi ilə gerçəkləşir.

Müasir pedaqogika bir sıra sahələrə bölünmüşdür. Pedaqogikanın sahələrə bölgüsünün meyarlarından biri pedaqoji fəaliyyətdir.

Pedaqogikada aşağıdakı sahələri ayırırlar: 1) ali məktəb pedaqogikası; 2)“Üçüncü yaş” pedaqogikası; 3) sahə pedaqogikası; 4) istehsalat pedaqogikası; 5)sosial pedaqogika; 6) islah-əmək pedaqogikası; 7) xüsusi pedaqogika; 8) surdo pedaqogika; (8.1. Loqopediya; 8.2. Tiflopedaqogika; 8.3.Oliqofrenopedaqogika); 9) müalicə pedaqogikası; 10) müqayisəli pedaqogika; 11) məktəbəqədər pedaqogika; 12) ümumi pedaqogika; 13) hrta ixtisas təhsili pedaqogikası; 14) orta təhsil pedaqogikası.

Müasir pedaqogikanın ayrı-ayrı istiqamətlərinin adlarının hər biri ümumi pedaqogika terminologiyasına daxil olan terminoloji birləşmədir. Onların hər birinin definisiyası vardır. Ali məktəb pedaqogikası ali təhsil müəssisələrində ixtisaslı mütəxəssislərin hazırlanması sistemini nəzərdə tutmur. Bu pedaqogika yaş və sahə ilə bağlılığa malikdir. Orta ixtisas təhsili pedaqogikası bir çox hallarda ayrıca sahə kimi ayrılır sahə pedaqogikasının tərkib hissəsi olaraq götürülür.

Sahə pedaqogikasının məqsədi müəyyən sosial qrupa və ya peşəyə mənsub adamların təlim-tərbiyə və təhsil xüsusiyyətlərini öyrənməkdir. Bu sahə öz növbəsində orta ixtisas təhsili, ailə, istehsalat, hərbi, hüquqi və s. pedaqogikaya bölünür.

İstehsalat pedaqogikası adamların istehsalatdan ayrılmamaq şərtilə təliminin xüsusiyyətləri, qanunauyğunluqlarını vacibliyi konkret müəssisədə istehsal texnologiyasının xüsusiyyətləri və onun inkişaf perspektivləri ilə bağlıdır. Yeni texnologiyaların tətbiqi işçilərdən peşə səviyyələrini artırmağı, yeni müştərək peşələrə yiyələnməyi tələb edir. Bəzi müəssisədə bütünlüklə yeni texnologiyanın tətbiqi nəticəsində qlobal yeniləşmə baş verir. Bu zaman istehsalat personalının yenidən öyrədilməsi zərurəti meydana çıxır.

Sosial pedaqogika pedaqogikanın spesifik sahəsidir. Bu pedaqogika bütün yaş qruplarından və sosial kateqoriyalardan olanların təhlili məsələlərini əhatə edir.

Sosial pedaqogikaya tərbiyənin sosiologiyası, sosial tərbiyə nəzəriyyəsi, sosial tərbiyə psixologiyası, sosial tərbiyənin iqtisadiyyatı və menecmenti daxil olur.

“Üçüncü yaş” pedaqogikası müasir dövrdə elm və texnikanın tərəqqisi nəticəsində istifadəyə verilmiş müxtəlif avadanlıqlardan və cihazlardan (kompüter, bankomat, telefon, televiziya, internet və s.) yaşlı nəslin istifadə etməsi ilə bağlı çətinliklər meydana gətirmişdir. Həmin çətinliklərin aradan qaldırılması üçün “üçüncü yaş” təlim sistemi yaradılmışdır. Həmin təlim sistemi cihaz və qurğulardan istifadəni öyrətməyi nəzərdə tutur.

Ayrı-ayrı ölkələrdə ictimai, iqtisadi və siyasi quruluşun müxtəlifliyi ilə əlaqədar müxtəlif pedaqoji cərəyanlar yaranmışdır. Bu cərəyanların təlim, tərbiyə və təhsil sahəsinə münasibətində fərqlər aşkara çıxır. Tədqiqatçılarımız xarici ölkələrdə daha geniş yayılmış 4 pedaqoji cərəyanı - praqmatizm, ekzistensializm, neotomizm və pedaqoji futurologiya cərəyanlarını qeyd edirlər.

Praqmatizm pedaqogikası yeni yaranmış istiqamətlərdən biridir. Praqmatizm subyektiv idealizmə əsaslanır, iş və ya əməl mənasını ifadə edir. Əsas nümayəndələri kimi isə Con Dyui,Vilyam Klipatriki (ABŞ) göstərmək olar ki, onlar ABŞ-da, İngiltərədə, İtaliyada, Fransada və digər ölkələrdə təhsilin inkişafına xeyli təsir göstərmişlər.

Ekzistensializm əslində fəlsəfi cərəyandır, mənası mövcudluq deməkdir. Ekzistensializm fəlsəfəsinə görə ölüm adamda qayğı, qorxu, qətilik, vicdan kimi həyat təzahürləri əmələ gətirir.

Ekzistensializm Fransa, Almaniya, ABŞ-da daha geniş yayılmış və əsas nümayəndələri kimi A.Fallikonu, C.P.Sartrı, E.Qrizebaxı göstərmək olar. Onlar isbat edirdilər ki, adamın xarakterini formalaşdıran təlim, tərbiyə deyil, şəxsin özüdür.

Neotomizm də fəlsəfi cərəyandır və mənası belədir: neo -yeni, tomizm isə orta əsr sxolastikasının banisi Foma Akvinskinin dini nəzəriyyəsidir. Neotomistlər insanın və onun ictimai həyat tərzi formalarının ilahi qüvvə tərəfindən yarandığını iddia edirlər:

Futurologiya sözü gələcək haqqında nəzəriyyə mənasını verir. Pedaqoji futurologiya təhsilin gələcək inkişaf yollarını, yaxın onilliklərdə məktəbin necə olacağını müəyyənləşdirməyə çalışır. Bu cərəyanın ABŞ-da ən görkəmli nümayəndələri Q.Broudi, A.Duayt, D.Qolberq, U.Ziqler və başqalarıdır.

“Didaktika” anlayışı pedaqogika elminə on yeddinci yüzillikdə gətirilmişdir. Didaktika yunanca didakticos (öyrədən) və didakto (öyrənən) sözlərindən götürülmüşdür. Həmin termini ilk dəfə alman pedaqoqu Volfqanq Ratke (1571-1635) və çex pedaqoqu Yan Amos Komenski (1592-1670) işlətmişlər. Bu anlayışın mahiyyətini həmin şəxslərin hərəsi bir cür aydınlaşdırmışdır. V.Rakteyə görə, didaktika elmləri, dilləri və incəsənəti öyrətmək məharətidir. Y.A.Komenskinin nöqteyi-nəzərincə, didaktika hər şeyi hamıya öyrətmək sənətidir.

Pedaqogikanın təhsil və təlimin mahiyyətindən, məqsəd və vəzifələrindən, məzmunundan, prinsip və metodlarından, qanun və qanunauyğunluqlarından, vasitələrindən, təşkili formalarından bəhs edən hissəsi təlim və təhsil nəzəriyyəsi və ya didaktika adlanır.

Cəmiyyətin ictimai sifarişinə, elm və məktəbin müasir səviyyəsinə əsaslanaraq, didaktika öyrənmə predmetini - təlimin məqsədini (nə üçün öyrətmək, nəyə hazırlamaq); təlimin məzmununu (nəyi öyrətməli); təlimin metodlarını və təşkili formalarını (necə öyrətməli); təlimə nəzarət və onun nəticələrinin hesaba alınması və s. bu kimi məsələləri müəyyənləşdirir. Təlimi və təhsili nəzəri, daha ümumi səviyyədə tədqiq edən pedaqoji fənn didaktika adlanır. Didaktika təlimin pedaqoji nəzəriyyəsi olub onun məzmunu, metodları və təşkili formaları barədə elmi əsaslandırma verir.

Hələ vaxtilə M.F.Axundov Həsən bəy Zərdabiyə yazdığı məktubunda göstərirdi: “Sən hər qəzetində biz müsəlman tayfasına elmin fəzilətini və səməratını zikr edib, bizə hey təklif edirsən, elm öyrənin… bizə de görək, elmi harada öyrənək və kimdən öyrənək və hansı dildə öyrənək?” Göründüyü kimi, Mirzə Fətəli xalq məktəblərinin üç başlıca probleminə toxunurdu: “Harada öyrənək” deyərkən məktəblərin azlığını, “kimdən öyrənək” deyərkən müəllim məsələsini, pedaqoji kadrların çatışmadığını, “nə dildə öyrənək” deyərkən məscid məktəblərində ərəb-fars dilinin hakim olduğunu, doğma ana dilində dərs keçilmədiyini nəzərdə tuturdu.

Pedaqoji nəzəriyyənin əsaslandırılması zamanı pedaqoji təsirin nəticə verməsi ön plana çəkilir. Elmi pedaqoji metodların tapılması belə nəticələrin alınması ilə möhkəmləndirilir. Müasir dövrdə pedaqoji biliklərin sınaqlar yolu ilə təsdiqi istiqaməti də geniş yayılmışdır.

Pedaqogika sahəsində modelləşdirmənin tətbiqi də bu sahə terminologiyasını başqa bir xətt üzrə zənginləşməsinə səbəb olur.

Pedaqogika müxtəlif elmlərə əlaqəyə malikdir. Ona ən çox yaxın olan elmlərdən biri psixologiyadır. İki elmin yaxınlığı onların terminologiyasında müştərək terminlər çoxdur. Qeyd edilənlər pedaqogika terminologiyasının özünə aid terminləri bir daha araşdırmağı tələb edir. Belə araşdırma pedaqogika terminlərinin təyin edilməsi müştərək terminlərin aşkara çıxarılması üçün böyük əhəmiyyət daşıya bilər və pedaqoji terminlər lüğətlərinin tərtibində bu nəzərə alınmalıdır.


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin