Oyun və xaos. Eposda su xaosu ilə bağlı oyun rudimentləri müşahidə olunur. Suda oynanan oyunlar bu və ya başqa şəkildə eposda da izlərini saxlamışdır. Koroğlu qalanın beş yolu olduğunu bildiyi halda Tona çayından keçir. Bu keçiddə Koroğlu koroğluluğunu yenidən aktivləşdirmiş olur. Çünki suyun sakral keçid olması ritual personajını yeni statusa keçirən vasitələrdən biri kimi çıxış edir. Sudan keçən qəhərman yeni güc və can qazanmış olur. Suya baş vuran oyunçu da suda can qazanmağa çalışır. Atın sudan keçməsi onun öz sakral başlanğıcına qayıtması kimi anlaşılmalıdır. Çünki Qıratın dərya, çay və ya su mənşəli olması haqqında məlumatımız vardır. Suda qulaqlarına qədər batan Qırat öz başlanğıcına dönür, özünün ata və ya əcdad başlanğıcı ilə suda və su vasitəsilə rabitə yaradır. Hər dəfə çətin situasiyadan keçəndə ritual keçidi müxtəlif şəkildə təkrarlanmış olur.
Giziroğlunun Koroğlunu çaya basmasında da sudan keçid ritualının rudimentləri və onun oyunlaşmış variantı görünməkdədir. Suya atılan Koroğlu “Xanbəzəmə”də suya atılan xanla eyni funksiyanı yerinə yetirmiş olur. Burada əsas funksiya məhsuldarlıq üçün göstərilən sakral ritual dəsətəyi olmaqla yanaşı, eyni zamanda, suda oynanan oyunun əyləndirmə funksiyasının elementləri ilə də bənzərlik təşkil etməkdədir. Çünki çaya basılan Koroğlunu sudan əl verib çıxaran da elə onu suya basan adamın özü olur. Bu bir tərəfdən oyunun qapalı, dairəvi strukturunu göstərir, digər tərəfdən də komik situasiya yaratması ilə oyunun xarakterini əks etdirir. Nəzərdən qaçırmayaq ki, “gülüşə aid olan komizmlə də ciddi oyun səfeh deyil. O, müdriklik və səfehlik qarşıdurmasında deyil. Oyuna aid olan anlayışlar gülüş, əyləncə, zarafat, komizm, səfehlik bunlar bizim mənəvi mahiyyətimizin dərin qatında yerləşir” ( 2).
Oğuzun qaranlıq dünyaya səfəri bir oyun modeli üzərində qurulur. Oyun modeli Oğuza qaranlıq ölkəyə girişi təmin edir. Qaranlığa girş üçün “dörd dənə qulunlu madyan və doqquz qoduqlu eşşək ayrılır, adamlar onlara minib qaranlığa gedib-gəlirlər” (16,27).Buradakı dörd və doqquz dünya modelinin üfiqi və şaquli strukturunu özündə ehtiva etməklə bir oyun nümunəsində dünyanı bütövləşdirmiş olur. Oğuz qaranlıq dünyaya İsgəndərin zülmətə getdiyi məqsədlə getmir. İsgəndərdən fərqli olaraq o əbədi həyat axtarmır, onun mübarizəsi dünyanı bütövləşdirmək və tamlığı təmin etməkdir. Bu da nəticə etibarilə vahid Tanrı ideyasının dünyanın birliyi şəklində təsdiqinə xidmət göstərməkdədir. Beləliklə, Oğuz Tanrının, kağanın və dünyanın birliyi arasında harmoniya yaratmağa çalışır.
Oğuzun cahangirlikdən fütuhata qədər genişlənən dünyanı tutmaq ideyasının sakral nüvəsində xaosa keçidlə bağlı arxaik ritual və ondan ayrılan qaranlıq dünyada varlığını qorumağı imitasiya edən gözbağlıca oyunun modeli durmaqdadır.
Dostları ilə paylaş: |