Bakının tutulması. XV əsrdə Bakı Xəzər dənizində Azərbaycanın mühim liman şəhəri idi. O, üç tərəfdən qala divarları və bir tərəfdən dənizlə əhatə olunmuşdu. Şirvanşahların sarayı və xəzinəsinin bir hissəsi burada saxlanılırdı.
Cabanı döyüşündən sonra İsmayıl qoşuna dinclik vermək və qışlamaq üçün Muğana getdi. Burada xəbər aldı ki, Bakı xərac verməkdən imtina edir. 1501 – ci ilin yazında Bakıya qarşı Məhəmməd bəy Ustaclı və İlyas bəy Xunuslunun başçılığı ilə qoşun göndərdi. Bu zaman Bakını Şirvanşahın oğlu Qazı bəy idarə edirdi. Lakin o, şəhərdə olmadığı üçün müdafiəyə arvadı başçılıq edirdi. Qızılbaşlar ondan şəhəri təslim etməyi tələb etdilər, lakin rədd cavabı aldılar. Şəhəri döyüşsüz təslim etməyi məsləhət bilən darğa Əbdül Fəttah edam olundu. İsmayıl Bakıya Nədim bəyi də göndərdi və sonra özü də gəlməli oldu. Qala divarlarının altından lağım atmaq yolu ilə bürclər dağıdıldı, qoşun şəhərə daxil oldu, şəhər talan edildi. Beləliklə, 1501 – ci ildə Səfəvilər Bakını tutdular, Şirvanşahların xəzinəsini ələ keçirdilər.
Ağqoyunlu Əlvənd Mirzə üzərində qələbə. İsmayılın özünü şah elan etməsi.İsmayıl Bakını ələ keçirdikdən sonra Şamaxıya qayıdıb Gülüstan qalasına çəkilmiş Şeyxşahı mühasirəyə aldı. Azərbaycanın cənubunda Əlvənd Mirzə İsmayıla qarşı böyük qüvvə toplamışdı. Bu İsmayılı Gülüstanın mühasirəsindən əl çəkməyə məcbur etdi. O, sərkərdələrindən soruşdu: “Siz Azərbaycan taxtını, yoxsa Gülüstan qalasını istəyirsiniz?”. Onlar “Azərbaycanı istəyirik!” - deyə cavab verdilər. İsmayılın Şirvandakı qələbələri onun nüfuzunu artırmışdı, Bunu görən ağqoyunluların bir çox vassalları və əyanları İsmayılın tərəfinə keçdi.
1501 – ci ilin ortalarında Naxçıvanın Şərur düzənliyində İsmayılla Əlvənd Mirzə arasında həlledici döyüş baş verdi. Əlvənd Mirzənin qoşununun sayı bir neçə dəfə artıq idi, amma o öz qoşununa inanmırdı. Qoşunun arxasında dəvələri bir-birinə bağlatdırmışdı ki, döyüşçülər geri qaçmasın. Döyüş qızılbaşların qələbəsi ilə başa çatdı, Ağqoyunluların bir hissəsi darmadağın edildi, qızılbaşların əlinə çoxlu qənimət keçdi.
1501 – ci ildə İsmayıl Təbrizə daxil oldu, özünü şah elan etdi (1501-1524), adına xütbə oxutdu və pul kəsdirdi. Beləliklə, Azərbaycan Səfəvi dövlətinin əsası qoyuldu, Təbriz paytaxt elan edildi.
Səfəvilər dövlətinin özəyi Azərbaycan, dövlət dili Azərbaycan türk dili idi, əhalinin əksəriyyətini etnik və mədəni birliyə malik Azərbaycan türkləri təşkil edirdi. Qoşun Azərbaycan türk tayfalarından təşkil olunmuşdu, bütün yüksək vəzifələri Azərbaycan əyanları tuturdu. Hərbi başçılar, vilayət hakimləri, maliyyə işçiləri Azərbaycan türkləri idi. Sarayda, orduda və qismən qonşu ölkələrlə yazışmalarda Azərbaycan türk dilindən istifadə edilirdi.
Azərbaycan Səfəvilər dövlətinin yaranması böyük tarixi əhəmiyyətə malik idi. Bütün Azərbaycan torpaqları vahid dövlət halında birləşdirildi, xarici təhlükədən müdafiə asanlaşdı, iqtisadi və mədəni inkişaf üçün şərait yarandı.