1877 - ci illərin üsyanları. 1877-ci ildə Qafqazda çar Rusiyasının müstəmləkə siyasətinə qarşı üsyanlar baş verdi. Bu üsyanların başlanmasına təkan verən amillərdən biri də 1877-ci ildə Rusiya ilə Osmanlı dövləti arasında müharibənin başlanması oldu. Rusiya işğalından sonra Qafqazın müsəlman xalqları Osmanlı dövlətinə yeganə ümid yeri kimi baxırdılar. Odur ki, 1877-ci ilin aprelində rus-türk müharibəsinin başlanması xəbəri Qafqaz müsəlmanları arasında azadlıq, müstəqillik ideyalarının yenidən canlanmasına, onların Rusiya imperiyasına qarşı silaha sarılmasına səbəb oldu. Osmanlı türkləri ilə həmrəylik nümayiş etdirən Qafqaz müsəlman xalqları, xüsusən də azərbaycanlılar rus müstəmləkəçilərinə qarşı mübarizəyə qalxdılar. Üsyanın cərəyan etdiyi ən qızğın bölgələrdən biri, o vaxt Dağıstan vilayətinə daxil olan Dərbəndətrafı bölgələr idi. Burada üsyan 7 ay davam etmiş və bu üsyanda Dərbəndətrafı bölgələrin və Dağıstanın ümumilikdə 394 kəndi iştirak etmişdi. 1877-ci ilin sentyabrın ortalarından üsyan Quba qəzasında başladı. Vəziyyətin gərginliyini nəzərə alan çar hakimiyyəti oktyabrın 14-də Bakı quberniyasında hərbi vəziyyət elan etdi. Qubaya Yelizavetpoldan, Göyçaydan, Cavaddan, eləcə də Gürcüstandan əlavə rus qoşunları gətirildi. 1877-ci il noyabrın əvvəllərində daha yaxşı silahlanmış və sayca daha çox olan hökumət qoşunları Quba qəzasında üsyanı yatırmağa müvəffəq oldu.
Nuxa qəzasında kəndli həyəcanları 1877-ci ilin oktyabrında başladı. Üsyanı ilk başlayan Baş Göynük kəndinin sakinləri oldular. Tezliklə Biləcik, Aşağı Göynük, Şin, Baş Laysqı, Aşağı Laysqı, İncə, Cunut, Oxud, Qoxmux və s. kəndlərin əhalisi də üsyana qoşuldu. Üsyançıların sayı 8 minə çatırdı. Çar hökumət qoşunları Nuxaya əlavə qüvvələr çəkdi, Nuxada yaşayan erməniləri də silahlandırıb üsyançılara qarşı göndərdi. Nuxa üsyanında ən fəal iştirak edən kəndlər Baş Göynük, Aşağı Göynük, Biləcik kəndləri idi.
1877-ci il noyabrın 5-də Nuxa qəzasında üsyan tamamən yatırıldı. Nəticədə, 300 üsyançı həlak oldu, 600-dən çoxu yaralandı. General - leytenant Mamontsovun rəhbərliyi ilə çar qoşunları Nuxa kəndlərində cəza tədbirlərinə başladılar. Üsyanda fəal iştirak etdiyinə görə Baş Göynükdən 13, Aşağı Göynükdən 25 sakinin evlərinə od vuruldu. Üsyan iştirakçılarının böyük əksəriyyəti sürgünə və katorqaya göndərildilər.
Zaqatalada kəndli həyəcanları 1877-ci ilin avqustunda başladı ki, bu da Dağıstan vilayətində çarizmə qarşı üsyanın yenidən alovlanması ilə bağlı idi. Üsyan 1877-ci ilin noyabrın əvvəllərinədək davam etdi. Üsyançılarla hökumət qoşunları arasında ən qızğın döyüşlər Qaxın Sarıbaş, İlisu, Qaşqaçay kəndlərində baş vermişdi. Bu döyüşlərdə 180 nəfər itki verən üsyançılar məğlub oldular.
Beləliklə, Cənubi Dağıstanı, Dərbənd bölgəsini, Quba, Nuxa qəzalarını və Zaqatala dairəsini bürüyən 1877-ci il üsyanları məğlubiyyətlə başa çatdı. Məğlubiyyətin səbəbi üsyançıların hökumət qoşunlarına nisbətən pis silahlanması, üsyanların ayrı – ayrılıqda baş verməsi, onların arasında koordinasiyanın olmaması, eyni zamanda üsyançıların ümid bəslədikləri Osmanlı dövlətindən maddi və mənəvi yardım ala bilməməsi olmuşdur.
Məğlub olmasına baxmayaraq, 1877-ci il üsyanları böyük tarixi əhəmiyyət kəsb edir. Bu üsyanlar göstərdi ki, Azərbaycan xalqı öz azadlığını unutmamışdır və azadlıq uğrunda mübarizə aparmağa qadirdir.
1870-ci illərin sonunda Qazax qəzasında Quşçu kəndinin kəndliləri mülkədar İskəndərbəyovlara qarşı çıxış etdilər. Onlara Məşədi Yusif Mürsəl oğlu və başqaları başçılıq edirdilər. Silahlı kazakların köməyi ilə çıxış yatırıldı. 1878-ci ildə təkcə Quba qəzasında 120 nəfər bəy və hakim zümrənin nümayəndəsi öldürülmüşdü.
Bu dövrdə Cavanşir, Lənkəran, Göyçay, Şuşa, Yelizavetpol qəzalarında mülkədar malikanələrinin yandırılması kütləvi hal almışdı. Yelizavetpol qəzasında İlyas Əli oğlu kəndliərin vəziyyətini yüngülləşdirmək üçün bəyi öldürmüşdü.
1881-ci ildə Qazax qəzasının Öküzlər kəndində kəndlilər Sultanovlara qarşı mübarizəyə başladılar. 1882-ci ildə üsyan başçılarından biri Kərbəlayı Qasım Məmməd oğlu bəylərlə atışmada yaralandı. Kəndlilər öz oğullarını bəylərin xidmətinə göndərməkdən imtina edirdilər.
XIX əsrin son rübündə kəndli hərəkatının geniş yayılmış formalarından biri qaçaqçılıq hərəkatı idi. Kəndlilər kiçik dəstələrdə birləşərək çar məmurlarına və bəylərə qarşı mübarizə aparırdılar. Onlardan Qaçaq Nəbi, Dəli Alı, Qaçaq Nağı, Qaçaq Kərəm və başqaları şöhrət qazanmışdılar.