17.3. Azərbaycan Birinci Dünya müharibəsi dövründə.
Birinci Dünya müharibəsi 29 iyul 1914-cü il tarixdə başlamış və 11 noyabr 1918-ci il tarixdə başa çatmışdır.Dörd ildən artıq davam etmiş bu müharibədə dünyanın 38 ölkəsi iştirak etsə də, müharibənin əsas səbəbkarları işğalçı siyasət yeridən İngiltərə və Almaniya və onların yaratdığı hərbi bloklara daxil olan dövlətlər idi. Almaniya, Avstriya-Macarıstan və İtaliyanın daxil oluğu “Üçlər ittifaqı” 1879-1882-ci illərdə yaranmışdı. Birinci Dünya müharibəsi illərində blokdan İtaliya çıxdı və bloka 2 yeni ölkə - Osmanlı imperiyası və Bolqarıstan daxil oldu. Beləliklə, “Üçlər ittifaqı” “Dördlər İttifaqı”na çevrildi.
İngiltərə, Fransa və Rusiyadan ibarət olan “Antanta” hərbi bloku isə 1904-1907 - ci illərdə yaranmışdı. Sonralar bu blokaa ABŞ, Serbiya, Yunanıstan və sair ölkələr daxil olmuşdu.
Azərbaycan müharibə aparan ölkələrin planlarında. Özündən asılı olmayaraq Azərbaycan da Birinci Dünya müharibəsinə cəlb olunmuşdu. Bu Şimali Azərbaycanın müharibə edən Rusiya imperiyasının tərkibində olması və müharibə edən dövlətlərin ona dair planları ilə əlaqədar idi. Belə ki, çox əlverişli coğrafi mövqedə yerləşən və öz yeraltı, yerüstü sərvətləri ilə seçilən Azərbaycan iri dövlətlərin maraq dairəsində idi. Burada alman, rus, ingilis rəqabəti özünü daha qabarıq göstərirdi. Müharibə ərəfəsində Bakı nefti uğrunda kəskinləşən mübarizədə ingilis və alman inhisarçı birlikləri arasında rəqabət daha da güclənmişdi.Bu dövrdə Azərbaycan neft sənayesinə qoyulan 112 milyon manat xarici kapitalın 59 milyonu ingilislərə, 43 milyonu fransızlara və cəmi 10 milyonu almanlara məxsus idi.
İngiltərə - Bakıya türklərin və almanların girməsinə yol verməmək və Bakı neftinə nəzarəti ələ keçirmək niyyətində idi. Dünya müharibəsi başladıqda neftin əhəmiyyətini ən çox başa düşən dövlət Böyük Britaniya oldu. Hökumətin əsas qayğısı donanmanı yanacaqla təmin etmək, xam nefti ucuz qiymətə alaraq neft ehtiyatı yaratmaq idi. Bu məqsədlə ingilis hökuməti müvafiq orqan yaratdı.
Rusiya – Bosfor və Dardanell boğazlarina sahib olmaq və Osmanlı imperiyasını bölüşdürmək, Almaniya isə Osmanlı dövlətinin əli ilə Azərbaycan neftinə sahib olmağa çalışırdı. Müharibə ərəfəsində Azərbaycan neftində alman kapitalı da təmsil olunurdu. Almaniyanın dünya müharibəsinə başlamasına təsir edən amillər coğrafi siyasətlə və yanacağa olan ehtiyacla bağlı idi.
Mərkəzi Asiya, Əfqanıstan və Hindistanı nüfuz dairəsinə salmaq, Osmanlı dövləti- Qafqaza sahib çıxmaq, türk-müsəlman xalqlarını rus əsarətindən azad etmək kimi niyyətlər güdürdü.
Qafqaz cəbhəsi.1914-cü il oktyabrın 31-də Qafqaz cəbhəsində hərbi əməliyyatlar başlandı. Qafqaz cəbhəsi Batumdan Cənubi Azərbaycandakı Urmiya gölünədək uzanırdı. Türk qoşunları Qars-Batum istiqamətində hücuma keçdilər. Noyabrın 17-dək davam edən ilk döyüşlərdə Türk ordusu qalib gəldi. Bundan ruhlanan Ənvər paşa Sarıqamış istiqamətində hücümə keçərək Qarsı tutmağı qərara aldı. Sarıqamış əməliyyatı 1914-cü il dekabrın 4-dən 1915-ci il yanvarın 18-nə kimi davam etdi. Lakin ağır qış şəraiti, əsgərlərin hərbi sursat və ərzaq çatışmazlığı, hərbi əməliyyat planında ciddi qüsurların olması, rus ordusunun canlı qüvvəsinin və hərbi texnikasının üstünlüyü və s. səbəblərə görə Sarıqamış əməliyyatında Türk ordusu ağır itki verərək məğlub oldu. Rus ordusu Təbrizi ələ keçirdi və türkləri Cənubi Azərbaycandan sıxışdırıb çıxartdı. Müharibənin sonunadək Qafqaz cəbhəsində elə bir ciddi dəyişiklik baş vermədi.
Dostları ilə paylaş: |