Azərbaycan tarixi


XIX əsrin ikinci yarısında Azərbaycan mədəniyyəti



Yüklə 0,62 Mb.
səhifə178/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   174   175   176   177   178   179   180   181   ...   269
Azərbaycan tarixi mühazirə

16.6. XIX əsrin ikinci yarısında Azərbaycan mədəniyyəti.

Azərbaycanın ictimai, iqtisadi və siyasi həyatındakı dəyişikliklər Azərbaycan xalqının mədəniyyətində də öz əksini tapdı. Artıq XIX əsrin ikinci yarısından iri sənaye şəhəri olan Bakı həm də Azərbaycanın mədəniyyət mərkəzinə çevirilmişdi.Kapitalist iqtisadiyyatının inkişafı nəticəsində ixtisaslı fəhlələrə, təhsilli mütəxəs­sislərə ehtiyac artırdı. Baxmayaraq ki, çar hökuməti milli ucqarların mədəni və siyasi inkişa­fına mane olurdu, lakin obyektiv inkişaf davam etməkdə idi.


1867-ci ildə çar hökuməti Qafqazın, o cümlədən Azər­baycanın təhsil müəssisələri haqqında Əsasnamə qəbul etdi. Həmin Əsasnaməyə görə yerli dillər sıxışdırılır və rus dilində təhsilə böyük əhəmiy­yət verilirdi
1869-cu ildə Seyid Əzim Şirvani ilk dəfə olaraq Şamaxıda yeni tipli məktəb aç­mışdı. 1880-ci illərdə Şuşada, Lənkəranda, Ordubadda, Naxçıvanda da belə məktəblər açıldı. Bu məktəblərin ən mühüm əhəmiyyəti ondan ibarət idi ki, burada ilk dəfə olaraq elmi biliklərin əsasları ana dilində öyrədilməyə başlandı.
Azərbaycan əhalisinin maariflənməsində rus-tatar məktəb­lərinin də müəyyən rolu olmuşdur. Gənc pedaqoqlar Həbib bəy Mahmudbəyov və Sultan Məcid Qənizadənin səyləri nəticəsində Bakıda 1887- ci ildə birinci və 1891-ci ildə ikinci rus-tatar məktəbi açıldı.Bu məktəblər üçün müəllimlərin hazır­lan­masında Qori müəllimlər seminariyasının böyük rolu olmuşdur. 1899-cu ilədək bu Seminariyanı 89 nəfər azərbaycanlı bitirmişdi. Onların çoxu sonralar Azərbaycan xalq maarif və mədəniy­yətinin fəxri nümayəndələri oldu­lar. Rəşid bəy Əfəndiyev, M. Mah­mudbəyov, S.M.Qənizadə, Firudin bəy Köçərli, Əlicabbar Oru­cəliyev və başqalarının maarif sahəsindəki xidmətləri əvəz olun­mazdır. Ali təhsilli azərbaycanlıların sayı artırdı.Rusiyada ilk ali təhsil almış azərbaycanlı Ağa bəy Yadigarov olmuşdur. Əslən Şəkidən olan İsmayıl Axundov Azərbaycanın ilk ali təhsilli hüquqşünası olmuşdur. O, 1869-cu ildə Peterburq universitetinin hüquq fakültəsini bitirmişdir. Ondan sonra Cümşüd Sultanov(1874), Ələsgər Qədimbəyov (1887), Əlimərdan bəy Topçubaşov (1888), İsmayıl xan Ziyadxanov (1893) hüquqşünas diplomunu qazan­mışlar. M.Şaxtaxtinski 1869-cu ildə Leybsiq univer­sitetini, E.Sultanov, F.Köçərli, T.Bayraməlibəyov, M.Mah­mudbəyov, C.Məmmədquluzadə, N.Nərimanov, Q.Mi­na­sazov, S.S.Axundov, R.Əfəndiyev Qori müəllimlər seminariyasını, Həbib bəy Mahmudbəyov və Sultan Məcid Qənizadə Tiflis Müəllimlər İnstitutunu, Ə.Haqverdiyev Peterburq yol mühəndisliyi institu­tunu, Əhməd bəy Ağayev Sorbon Universitetini bitirmişdilər.
Yeni məktəb xadimlərinin ən mühüm vəzifəsi ana dilində dərslik­lərin yaradılması idi. Abdulla Şaiq “Uşaq çeşməyi”, “Gülzar”, M.Mah­mudbəyov “İkinci il”, “Üçüncü il”, ”Türk ədəbiy­yatına ilk qədəm”, “Yeni türk əlifbası” adlı dərsliklər yazmışdılar. Kişi təhsili ilə yanaşı, qadın orta təhsili də inkişaf edirdi. 1874-cü ildə Bakıda ilk qadın gimnaziyası açıldı,1883-cü ildən bu məktəb Mariya məktəbi adını aldı. 1896-cı ildə Mərdəkanda məşhur metsenat H.Z. Tağıyev tərəfindən bağbanlar hazırlayan birinci xüsusi məktəb açıldı. Elə həmin ildə H.Z Tağıyev Bakıda qız məktəbini də açmışdı.1896-cı ildə Bakıda Yermo­layeva tərəfindən ilk musiqi məktəbi təşkil edildi.1897-ci ildə rəssamlıq məktəbi də açılmışdı.
Azərbayacanın ictimai, iqtisadi və mədəni inkişafı elmin inkişafına şərait yaradırdı.Təbiət elmlərinə maraq çox idi. Neft işinin öyrənilməsində Almaniyanın Strasburq univerisitetinin məzunu Möhsüm Xanlarovun kimyaçı kimi xüsusi xidməti olmuşdur. Biologiya və kənd təsərrüfatı sahəsində də müəyyəın uğurlar əldə edilmişdi. Bu sahədə H.B Zərdabi, N.B.Vəzirovun böyük xidmətləri olmuşdur.H.B. Zərdabi “Gigiena”, “Torpaq, hava, su” və başqa əsərlər yaradaraq təkamül nəzriy­­yəsini müdafiə etmişdi. Azərbaycanlı həkimlər Vəkilov, Mehman­darov tibb eliminin inkişafına böyük köməklik etmişlər.
XIX əsrin ikinci yarısında Azərbaycanda tarix elmi sahəsində mühüm irəliləyişlər olmuşdu. Mirzə Camal oğlu, Əhməd bəy Cavanşir, Mir Mehdi Xəzani Qarabağ xanlığının, Mirzə Əhməd Xudaverdi oğlu Lənkəran xanlığının tarixinin öyrənilməsi sahəsində uğurlu işlər görmüşlər. Azər­baycan ədəbiyyatının inkişafında M.F.Axundov, S.Ə. Şirvani, N.Nəri­manov, F.B.Köçərli, H.B.Zər­dabi və s. ədiblərin böyük rolu olmuşdur.
Fəlsəfi fikrin inkişafında M.F Axundovun xüsusi xidmətləri olmuşdur. Onun “Üç məktub və cavab” adlı əsərində təbiət və cəmiyyət məsələlərinə dair mütərəqqi fəlsəfi fikirlər verilmişdir. Azərbaycanda teatr sənəti də inkişaf etməkdə idi. Milli teatırın yaran­ması xalqın mənəvi həyatında böyük hadisə idi. 1873-cu ilin martın 22-də Bakı realnı məktəbinin tələbələri M.F.Axundovun “Lənkəran xanının vəziri” pyesini səhnələş­dir­mişdilər. Aprelin 17-də “Hacı Qara” pyesi tamaşaya qoyuldu
Musiqi sahəsində də böyük nailiyyətlər əldə edildi.Hacı Hüsü, Cabbar Qaryağdı oğlu, Məsədi İsi, Sadıqcan, Keçəçi Məhəmməd kimi musiqiçilər xalq arasında geniş şöh­rətə malik idi.
XIX əsrin ikinci yarısında Şimali Azərbaycanın mədəni həyatında milli mətbuatın inkişafı ən mühüm hadisələrdən biri olmuşdur. Azərbaycan ictimaiy­yətinin ayrı-ayrı nümayəndələri böyük çətinliklərlə üzləşərək milli mətbuatın bünövrəsini qoymuşdular. Azərbaycan mətbuatının banisi, böyük ictimai xadim Həsən bəy Zərdabi tərəfindən “Əkinçi”qəzetinin buraxıl­ması böyük hadisə idi. Qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxmışdır. H.B.Zərdabi qəzetin təkcə naşiri və redaktoru deyil, həm də onun korrektoru və mürəttibi idi. 1875-1877-ci illərdə “Əkinçi”nin cəmi 56 nömrəsi çıxmışdı.
“Əkinçi” qəzeti mütərrəqi maarifçi,demokratik ideyaları təbliğ edir, möv­humata, cəhalətə və avamlığa qarşı çıxır, Azərbaycan gerçək­liyinin bir çox zəruri problemlərini qaldırırdı. Qəzet azadlığa çıxmağın yolunu elm və maarifdə görürdü. O,təhsil və tərbiyə məsələ­lərinə xüsusi əhəmiyyət verir, məktəblərdə yeni təlim və tərbiyə üsullarının tətbiq edilməsinə tərəfdar çıxırdı. Azərbaycanda qadın təhsilinin, qadınların ictimai həyata cəlb olunmasının zəruriliyini müdafiə edən ilk Azərbay­can qəzeti “Əkinçi”olmuşdur. Qəzet ana dilinin saflığı uğrunda yorul­madan mübarizə aparırdı. “Əkinçi”Azərbaycanda mütərəqqi ictimai fikrin inkişafında və bütövlükdə Azərbaycan mədəniyyətinin inkişafında böyük rol oynadı. O, qısa müddət ərzində ən qabaqcıl ziyalıları öz ətrafında birləşdirmiş, Azər­baycan xalqının həyatının bir çox sahələrinə müsbət təsir göstərmişdir.“Əkinçi”nin nəşri dayan­dıqdan iki il sonra Tiflisdə Azərbaycan dilində “Ziya” qəzeti nəşr edildi. Onun birinci nömrəsi 1879-cu il yanvarın 16-da çap­dan çıxdı. Qəzet 1880-ci ilə qədər çıxmış,cəmi 76 nömrəsi buraxıl­mışdı. 1880-ci il dekabrın 6-dan etibarən qəzet “Ziyayi-Qafqaziyyə” adı altında çıx­mağa başladı. Qəzetin yaradıcısı Seyid Ünsüzadə idi. Cəmi 104 nömrəsi çıxan və 1884 –cu ilə qədər nəşr olunan qəzetin səhifələrində ictimai-siyasi problemlərə geniş yer verilirdi.
1880-ci ildə Seyid Ünsüzadənin qardaşı Cəlal Ünsüzadənin “Kəşkül” adlı qəzeti nəşr olunmağa başladı. “Kəşkül” öz ideya istiqamətinə görə “Əkinçi”yə daha çox yaxın idi. Qəzetdə, siyasət, ticarət, sənaye, mədəniyyət məsələlərinə toxunulurdu. Eyni zamanda qəzet Şərq despotizmini, geriliyi, fanatizmi tənqid atəşinə tutur, maarifçilik və mədəniyyət ideyalarını müdafiə edirdi.
1880-ci illərdə çıxan “Kəşkül”qəzeti ilk dəfə “Azərbaycan milləti” ifadəsini işlət­mişdir. Azərbaycan burjua millətinin tərkibinə kapitalistlər, fəhlələr, kəndlilər, tacirlər, sənətkarlar daxil idi. Millətin yaranması milli şüurun da formalaşmasına səbəb oldu. Milli şüurun formalaşması isə müstəmləkə zülmünə qarşı, torpağın müstəqilliyi uğrunda mübarizə üçün çox vacib oldu.
Şimali Azərbaycanda savadın yayılması ilə kitabxana və qiraətxanalara ehtiyac hiss edilməyə başladı. Bu dövrdə ictimai və xüsusi kitabxanalar açıldı. İlk kütləvi kitabxana 1859-cu ildə Şamaxı və Şuşada açılmışdı.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin