AXC-Gürcüstan münasibətləri. Azərbaycanla Gürcüstan arasında da sərhəd mübahisələri vardı. Müstəqillik elan etdikdən sonra Gürcüstan Azərbaycanın tarixi əraziləri – Borçalı qəzasının şərq hissəsinə, Sığınax qəzasının cənubi-şərq hissəsinə, Tiflis quberniyasının Qarayazı düzünə və Zaqatala dairəsinə iddialarını irəli sürdü.
“Zaqatala məsələsi”. Zaqatala dairəsi 1918-ci ilin başlanğıcına 3736 km2 əraziyə və 93,6 min nəfər əhaliyə malik idi. Əhalinin 92%-ni müsəlmanlar (Azərbaycan türkləri, avarlar saxurlar, ingiloylar) təşkil edirdi. Xristian gürcülər isə əhalinin cəmi 5,0%-ni təşkil edirdilər. Gürcüstanın bu əraziyə iddiasının əsasında nə etnik, nə də ərazi amili durmurdu. Gürcülərin bu dairəyə iddiası tarixi-konseptual xarakter daşıyırdı. Belə ki, XIII əsrin əvvəllərində çariça Tamara tərəfindən işğal edilib Gürcüstana birləşdirilən bu ərazi bir müddət gürcü işğalında qalmışdı Yerdə qalan bütün tarixi dövrlərdə Zaqatala dairəsinə daxil olan ərazilər Azərbaycan dövlətlərinin tərkib hissəsi olmuşdur. Məhz XIII əsrdə baş verən bu işğal faktına əsaslanaraq gürcülər Zaqatala dairəsinə iddialar irəli sürürdülər.
Dağlı respublikası da Dağıstan xalqlarının əhəmiyyətli çəkiyə malik olduğu Zaqatala dairəsinə iddialı idi. Azərbaycan Milli Şurası 01 iyun 1918-ci il tarixli iclasında Zaqatala dairəsinin müqəddəratını həll etməyi yerli əhalinin öz seçiminə buraxdı. 26 iyun 1918-ci il tarixdə imam Nurulla Qazıyevin sədrlik etdiyi Zaqatala dairəsinin Müsəlman Milli Şurası tarixi iclasını keçirdi və dairənin Azərbaycanın tərkib hissəsi olduğu bir daha təsdiqləndi. Bu məsələdə Zaqatala dairəsinin bütün müsəlman etnosları, onların bütün siyasi qüvvələri tam yekdillik nümayiş etdirdilər və “Zaqatala məsələsi” sülh yolu ilə ədalətli olaraq Azərbaycanın xeyrinə öz həllini tapdı. Bu işdə dairənin tanınmış ziyalılarından N. Qazıyevin, İ. Qəbulovun, A.Qardaşovun, B.N.Kiçikxanov böyük xidmətləri olmuşdur.
“Borçalı məsələsi”. Gürcüstan hökuməti keçmiş Tiflis quberniyasına daxil edilmiş Azərbaycan torpaqlarını – Borçalı, Qarayazı və Sığınax mahallarını Azərbaycana qaytarmaqdan boyun qaçırdı. Sığınaxın cənubi – şərq hissəsində Azərbaycan türkləri 100%, Qarayazıda 88,8%, Borçalının şərq hissəsində isə 92,3% təşkil edirdilər. Sığınaxda və Qarayazıda gürcülər ümumiyyətlə yaşamırdı, Borçalının azərbaycanlılara aid hissəsində isə gürcülər cəmi 3,3% təşkil edirdilər.
Azərbaycanla mübahisəli ərazi sayılan və əhalisinin əhəmiyyətli hissəsini azərbaycanlılar təşkil edən bu bölgəyə nəzarət hüququnu Gürcüstan alman hərbçilərinin tam ixtiyarına vermişdi. Gürcü silahlı qüvvələri alman hərbi dəstələri ilə birləşərək, 1918-ci il iyunun əvvəllərində Borçalıya daxil oldular. Alman əsgərləri kəndlərə daxil olur, kimsəyə məhəl qoymadan əhalini tərk-silah edir, mal-dövlətini əlindən alır, müqavimət göstərən qadınlar, uşaqlar döyülür, təhqirə məruz qalır, kişiləri yerindəcə güllələyirdilər. Öz əməllərinə bəraət qazandırmağa çalışan almanlar bütün bu aksiyaların Gürcüstan hökumətinin razılığı ilə həyata keçirildiyini bəyan edirdilər. Almanlar Borçalı qəzasının azərbaycanlılar yaşayan kəndlərini amansızcasına qarət edirdilər.Başkeçiddə vəziyyət, xüsusilə dözülməz idi. Almanlar Başkeçidin Şabandılar, Dəmirçi Həsən, Qızıl Hacılı, Arıxlı, Kiçik Türlü, Qızıl Kilsə, Hamamlı, Yuxarı Ozman, Aşağı Ozman, Səfərli, Muğanlı, Molla Eyyublu, Qamışlı, Saatlı, Soyuq Bulaq, İlməzdi, Qaraqala, Sarı Yar və sair kəndlərinə basqınlar edir, əhalinin əmlakını əlindən alır, onlara qarşı zor tətbiq olunurdu.
Gürcüstanda yaşayan 187 minlik azərbaycanlı əhalisinin adından 1918-ci ilin yayında Azərbaycan hökumətinə göndərilən şikayətnamədə Yuxarı Borçalının 30-40 kəndinin alman hərbi dəstələrinin,özbaşınalıq edən erməni və gürcü silahlılarının davamlı basqınlarına məruz qaldığından, “rüşvət içində boğulan Gürcüstan hökumətinin isə azərbaycanlıların şikayətlərinə diqqət yetirməməsindən” danışılır.
1918-ci ilin iyunun 14-də Azərbaycanın Xarici İşlər Nazirliyi azərbaycanlıların məskunlaşdığı Borçalıya və digər ərazilərə birləşmiş gürcü-alman hərbi qüvvələrinin yeridilməsinə qarşı nota verdi, sərhəd məsələsinin siyasi yolla həll olunmasını təklif etdi. Gürcüstan hökuməti buna razılıq vermədi. Cənubi Qafqaz respublikaları arasındakı ərazi mübahisələri daha kəskin şəkil almağa başladı.
Ərazi məsələlərini həll etmək üçün 1918-ci ilin noyabrın 14-də Tiflisdə Gürcüstan, Azərbaycan və Şimali Qafqaz Dağlı Respublikasının səlahiyyətli nümayəndələrinin iştirakı ilə konfrans başladı. Ermənistan bu konfransda iştirakdan imtina etdi. Bu konfransda mübahisəli ərazi məsələlərini həll etmək mümkün olmadı. Buna görə də həmin problemin İstanbulda keçiriləcək beynəlxalq konfransında müzakirə edilməsi qərara alındı.
Birinci Dünya müharibəsində məğlub olan Osmanlı imperiyası hərbi qüvvələrini Cənubi Qafqazdan çıxaran kimi ermənilər daha da fəallaşdılar, ərazi iddiası ilə 1918-ci ilin sonunda Gürcüstanla aparılan müharibə nəticəsində Borçalı mahalında Lorini və onun ətraflarını işğal etdilər.
Ərazi məsələlərinin həlli üçün növbəti konfrans 1919-cu ilin aprelin 25-də Tiflisdə başladı, lakin regionda vəziyyətin mürəkkəbləşməsi ilə bağlı konfrans işini dayandırdı. Şimali Qafqazda Denikinin Könüllü ordusu sürətlə Cənub Qafqaz istiqamətində irəliləyirdi ki, bu da həm Gürcüstan, həm də Azərbaycan üçün təhlükə yaradırdı. Ümumi düşməndən müdafiə olunmaq zərurəti Azərbaycan və Gürcüstanı yaxınlaşmağa vadar etdi və 16 iyun 1919-cu il tarixdə Tiflisdə iki gənc dövlət arasında hərbi-müdafiə paktı bağlandı. İki ölkə arasında mübahisəli ərazilər məsələlərinin müzakirəsi təxirə salındı.
Beləliklə, Azərbaycan türklərinin tam çoxluq təşkil etdiyi Borçalı, Sığınax və Qarayazı əraziləri (8,7 km2) mübahisəli ərazilər kimi Gürcüstanın tərkibində qaldı. 1920-ci ildə Cənubi Qafqazın sovetləşməsindən sonra da bu ərazilər Azərbaycana qaytarılmadı və bu günədək Gürcüstanın tərkibində qalmaqdadır.