Hadisələrin gedişatı. 1920-ci il 22 martda, Novruz bayramı günlərində daşnak dəstələri Xankəndində yerləşən Azərbaycan qarnizonuna, həmçinin Qazax və Gəncə qəzalarına hücum etdilər. AXC hərbi qüvvələrini Dağıstan sərhəddindən Qarabağa çəkməyə məcbur oldu. Hərbi Nazirliyin gördüyü təcili tədbirlər nəticəsində erməni hərbi hissələri Xankəndindən kənarlaşdırıldılar. Lakin ermənilər rusların köməyi ilə Əsgəran qalasını ələ kecirdilər. Əsgəran qalasını geri almaq və Qarabağda erməni qiyamını yatırmaq üçün Azərbaycan hökuməti general Həbib Səlimovun başçılıq etdiyi ordunun böyuk bir hissəsini Qarabağa göndərməyə məcbur oldu. Əsgəran qalası tezliklə azad edildi və Qarabağ qiyamı yatırıldı.
Rusiya Qarabağ hadisələrini təşkil etməklə Azərbaycan hökumətinin diqqətini ora yönəltmək istəyirdi. Belə də oldu. Qarabağda baş verən hadisələr Azərbaycan parlamentində müzakirə edildi. Parlamentin bəzi üzvləri Qırmızı Ordunun köməyinin zəruri olduğunu qeyd etdilər. Rusiya Azərbaycan hökuməti daxilində özünə arxa yaratmaq istəyirdi. Buna da müəyyən dərəcədə nail olmuşdu. Azərbaycan hökuməti şimal sərhədlərdə olan qoşunları Qarabağa yönəltməklə Azərbaycana giriş yolunu açmış oldu.
21 aprel 1920-ci il tarixdə Qafqaz cəbhəsi komandanlığı XI Qırmızı Ordu rəhbərliyinə və Volqa-Xəzər donanmasına 490 saylı Direktiv göndərdi. Direktivdə aprelin 27-də Yalama-Bakı əməliyyatını yerinə yetirmək göstərilirdi. 23 aprel 1920-ci il tarixdə Qafqaz Cəbhəsinin komandanı Tuxaçevski Hərbi İnqilab Şurasının üzvü Orconikidzeyə 52 saylı əmr vermişdi. Əmrdə tək Bakı quberniyasının deyil, bütün Azərbaycanın işğal edilməsi göstərilirdi. Başda A.Mikoyan olmaqla Bakı bolşeviklərinin nümayəndələri müraciət edərək XI Qırmızı Ordunu Azərbaycana dəvət etdilər. 1920-ci il aprelin 25-dən 26-na keçən gecə XI Qırmızı Ordu Azərbaycana hücuma başladı. Aprelin 27-də XI Qırmızı Ordu Bakıya daxil oldu. 27 aprel 1920-ci il tarixdə Azərbaycan Kommunist (bolşevik) Partiyası, Rusiya Kommunist (bolşevik) Partiyası Qafqaz Diyar Komitəsinin Bakı bürosu və fəhlə konfransı AXC hökumətinə ultimatum verib hakimiyyətin Azərbaycan bolşeviklərinə verilməsini tələb etdilər. 27 aprel 1920-ci il tarixdə, axşam saat 23.00-da AXC-nin parlamenti sosialist fraksiyasının təzyiqi ilə hakimiyyətin Azərbaycan bolşeviklərinə verilməsi haqqında qərar qəbul etdi. Qərarda deyilirdi ki, AXC-nin parlamenti aşağıdakı şərtlərlə hakimiyyəti Azərbaycan bolşeviklərinə verir:
1)Azərbaycanın tam müstəqilliyinin qorunub saxlanılması;
2)AK(B)P-nin yaratdığı hökumətin müvəqqəti olması;
3) AXC hökumət idarələrində çalışan qulluqçuların tutduğu vəzifələrdə qalması;
4) AXC hökumət və parlament üzvlərinin həyat və mülkiyyətinin toxunulmazlığının təmin edilməsi;
5)Azərbaycandakı siyasi partiyaların tam sərbəst fəaliyyətinin təmin edilməsi;
6)Azərbaycan Milli Ordusunun saxlanılması;
7)Türkiyənin köməyinə getmək niyyəti ilə Azərbaycana daxil olan XI Qırmızı Ordunun Bakıya girmədən dəmiryolu ilə Türkiyəyə yollanması.
Lakin Sovet Rusiyası bu şərtlərə əməl etmədi və XI Qırmızı Ordu döyüşlə Bakıya daxil oldu. AXC-nin müstəqilliyinə son qoyuldu və Azərbaycanda Sovet hakimiyyəti elan olundu.