22.3. Heydər Əliyevin siyasi rəhbərliyə qayıdışı, Heydər Əliyev görkəmli və müdrik dövlət xadimidir.
H.Əliyevin hakimiyyətə qayıtması. 1993-cü ilin baharında Azərbaycanda hakimiyyət böhranı yarandı. Xalq Cəbhəsinin siyasətindən narazı olanların sayı artırdı.
1993-cü ilin iyununda Yevlax yun zavodunun direktoru, polkovnik Surət Hüseynovun başçılığı altında 709 saylı hərbi hissə Mudafiyə Nazirliyinə tabe olmayaraq Gəncədə qiyam qaldırdı. Ə.Hümbətov cənub bölgəsində “Talış-Muğan Respublikası”, separatçı ünsürlər respublikanın şimal-şərq bölgəsində “Ləzgistan dövləti” yaratmaq xəyalına düşdülər. 1993-cü il iyulun 4-də Ə.Elçibəyin Gəncədə qiyamçılara qarşı uğursuz əməliyyatı onu nüfuzdan saldı. Qiyamçılar Surət Hüseynovun başçılığı altında Bakı üzərinə yeriməyə başladılar. Ə.Elçibəy Azərbaycanın bu çətin anında H.Əliyevi Bakıya dəvət etdi.
1993-cü il iyunun 9-da H.Əliyev Bakıya gəldi. Həmin il iyulun 15-də H.Əliyev Azərbaycan Respublikasının Ali Sovetinin sədri seçildi (həmin gün 1997-ci ildən “Milli Qurtuluş günü” kimi qeyd edilir).İyunun 18-də prezident Ə.Elçibəy heç kəsi xəbərdar etmədən doğulduğu, Ordubadın Kələki kəndinə getdi. İyulun 23-də onun bütün səlahiyyətlərinin icrası Respublika Ali Soveti tərəfindən H.Əliyevə həvalə olundu.
Ermənilər hücumu davam etdirirdilər. 1993-cü il iyulun 12-də Ağdərə, 23-də Ağdam, avqustun 21-də Füzuli, avqustun 23-də Cəbrayıl, avqustun 31-də Qubadlı ermənilər tərəfindən işğal olundu. BMT-nin Təhlükəsizlik Şurası 1993-cü il iyulun 29-da Ağdamın işğalını pisləyən 853 saylı qətnamə qəbul etdi.
1993-cü ilin avqustunda separatçı Ə.Hümbətov 1993-cü ilin avqust ayında tabeçiliyində olan batalyonları cəbhə bölgəsindən çıxarıb cənub rayonlarına apardı və 7 rayonda qurama “Talış - Muğan Respublikası” elan etdi. H.Əliyev həmin bölgənin deputatları, ağsaqqalları və ziyalıları ilə görüşdü, televiziya vasitəsilə bölgə əhalisinə müraciət etdi.Yerli sakinlərin kortəbii şəkildə baş vermiş mitinqi qurama “Talış-Muğan Respublikası”nı süpürüb atdı. “Sadvalçılar” da zərərsizləşdirildi. Azərbaycanın parçalanması təhlükəsi aradan qalxdı. Qısa bir vaxtda separatizmin kökü kəsildi.
Milli Məclisin qərarı ilə 1993-cü il avqustun 29-da Prezident Ə.Elçibəyə etimad haqqında referendum keçirildi və referendumda iştirak edənlərin 97,5%-i Prezident Ə.Elçibəyə etimad göstərmədi. 1993-cü il sentyabrın 24-də Azərbaycan MDB-yə daxil oldu.
1993-cü il oktyabrın 3-də Azərbaycan xalqı H.Əliyevi alternativ əsasla səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçdi. Prezident oktyabrın 10-da andiçmə mərasimində bildirdi ki, dövlət müstəqilliyini mökəmləndirəcək, onun ərazi bütövlüyünü və tam suverenliyini təmin edəçək, əhalinin rifahını yaxşılaşdıracaq, ordunu möhkəmləndirəcəkdir. H. Əliyev siyasi gediş edərək S.Hüseynovu baş nazir təyin etdi və ölkədə vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. H.Əliyev öz vəzisifəsinə dövlət intizamının, qanunçuluğun, hüquq-mühafizə orqanlarının, ordunun möhkəmləndirilməsindən başladı.
BMT Təhlükəsizlik Şurası 1993-cü il oktyabrın 14-də ermənilər tərəfindən yeni ərazilərin (Füzuli, Cəbrayıl, Qubadlı) işğalı ilə əlaqədar 874 saylı qətnamə qəbul etdi.1993-cü il oktyabrın 29-da Zəngilan rayonu ermənilər tərəfindən işğal olundu. Həmin il noyabrın 12-də BMT Təhlükəsizlik Şurası Zəngilanın işğalını pisləyən 884 saylı qətnamə qəbul etdi.
Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra orduda ciddi islahatlar keçirildi. Səfərbərliyin, döyüş hazırlığının, qoşun hissələri və şəxsi heyətin təlim tərbiyəsinin təkmilləşdirilməsinə istiqamətləndirilmiş tədbirlər müəyyən edildi. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə səhra cəbhə idarəsi və 33 köhnə hərbi hissə ləğv edildi. Prezidentin fərmanı ilə 1993-cü il noyabrın 1-də Dövlət Müdafiə Şurası yaradıldı, noyabrın 23-də Müdafiə haqqında qanun qəbul edildi. 1993-cü il noyabrın 2-də H.Əliyev televiziya-radio ilə xalqa müarciət edib vətənin müdafiəsinə çağırış etdi. Bu müraciətdən sonra minlərlə vətəndaş Milli Orduya yazıldı. 1994-cü il yanvarın 5-də Azərbaycan ordusu əks-hücuma keçərək uğurlu əməliyyatlar nəticəsində Füzuli rayonunun Horadiz qəsəbəsini və 22 kəndini, Cəbrayıl və Kəlbəcər rayonlarının ərazilərinin bir hissəsini erməni işğalından azad etdi. Ancaq 1994-cü ilin fevralında Kəlbəcərdə “Murovdağ” əməliyyatı uğursuz olub ordumuz üçün ağır itki ilə nəticələndi.