Albaniyanın ərazi-inzibati quruluşu. Qafqaz Albaniyasının ərazisi inzibati cəhətdən əyalətlərə və vilayətlərə bölünürdü. Bir əyalət bir neçə vilayətdən ibarət olurdu. Albaniya ərazisində 10 əyalət mövcud olmuşdur. Onlardan 6 əyalət Kür çayından şimalda 4 əyalət isə Kürdən cənub ərazilərdə yerləşirdi. Bunlar aşağıdakılar idi:
1) Çola (Dərbənd); 2) Lpina (Lupena); 3) Kambisena (Kambeçen); 4) Əcəri (Həcəri); 5) Kabalaka (Qəbələ; 6) Şəki (erməni mənbələrində - Şako, gürcü mənbələrində Nuxpato kimi adlandırılmışdır); 7) Paytakaran əyalətinin adı müxtəlif mənbələrdə müxtəlif cür göstərilir. Erməni mənbələrində - Kaspk, Kazbk, antik mənbələrdə - Kaspiana, alban mənbələrində Paytakaran və yaxud Balasikan, fars və ərəb mənbələrində Balasakan kimi göstərilir. Mərkəzi şəhəri Balasakan (Beyləqan) olmuşdur ; 8) Uti (yunan mənbələrində – Otena) əyaləti. Bu əyalətin tərkibində 2 böyük vilayət – Girdiman və Sakasena vilayətləri var idi ; 9) Arsax (yunan mənbələrində Orxistena); 10) Sünik (fars mənbələrində Sisakan).
Beləliklə, görünür ki, Albaniyanın tarixi əraziləri, ərəb mənbələrində göstərildiyi kimi, Dərbənddən Tiflisə, Tiflisdən Naxçıvanın qərbinə, oradan isə Astaraya kimi uzanırdı.
VIII əsrin əvvəllərində (705-ci il) Albaniya dövləti süquta uğradı və onun ərazisində Şəki, Şirvan, Qarabağ, Aran, Muğan və Naxçıvan kimi tarixi vilayətlər yarandı.
Albaniyanın qonşu ölkələrlə münasibətləri. Romalılar Aralıq dənizinin şərqində hakim olandan sonra Kiçik Asiyanı tutub şərqə doğru işğallarını genişləndirməyə cəhd etdilər. Roma sərkərdəsi Lukull Pont padşahı VI Mitridatı məğlub etdi və onu təqib edərək Cənubi Qafqaza doğru irəlilədi.
Lukullu əvəz etmiş Pompey Albaniya və İberiyaya hücum etdi. Romalılar Xəzər dənizinə qədər irəliləmək və buradan Hindistanla Qara dənizi birləşdirən ticarət yolunu nəzarət altına almağa çalışırdılar. Qışın gəlməsi ilə əlaqədar Pompey Kür sahilində qışlamaq qərarına gəldi, ordunu üç dəstəyə bölüb möhkəm düşərgələrdə yerləşdirdi. Bu dəstələrdən birinə özü, birinə Metel Seller və digərinə Lüsi Flakk başçılıq edirdi. Alban hökmdarı Oroys 40 min piyada, 12 min süvari döyüşçü ilə e.ə. 66-cı ilin dekabrında romalılar üzrəinə hücum etdi. Kür çayının sahilində qanlı döyüş oldu. Oroys Sellerin dəstəsini sıxışdırdı. Lakin yaxşı silahlanmış və təcrübəli romalılar qalib gəldilər. Pompey albanlarla sülh bağlayıb İberiyaya soxuldu. Albanlar romalıları izləyərək onlar üçün təhlükəli vəziyyət yaratdılar. Buna görə də Pompey yenidən albanlar üzərinə hücum etdi.
Albanlarla romalılar arasında ikinci döyüş e.ə.65-ci ildə Qanıx (Alazan) çayının sahilində oldu. Oroysun qardaşı Kozis 60 min piyada, 12 min süvaridən ibarət alban qoşununa başçılıq edirdi. Döyüşdə Pompey qalib gəldi. Bundan sonra Pompey Xəzər dənizinə doğru irəliləməyə cəhd etmiş, lakin albanların müqaviməti buna imkan verməmiş və o geri qayıtmağa məcbur olmuşdur. Pompey Oroysdan onun düşərgəsinə gəlməyi tələb etmişdi. Lakin o, Pompeyin düşərgəsinə getməmiş, ona hədiyyə, məktub göndərmiş və onunla sülh bağlamışdı. E.ə.36-cı ildə Roma sərkərdəsi Kanidi İberiya və Albaniyaya hücum etdi. Alban hökmdarı Zober Romadan asılılığı qəbul etdi.
Eramızın I əsrində Albaniyada hakimiyyət yerli hökmdarların əlində idi. Albaniya xarici siyasətində Romaya meyl edirdi. 68-ci ildə Roma imperatoru Neron Albaniyaya böyük yürüşə hazırlaşırdı. Bu yürüş Dərbənd keçidi istiqmətində olmalı idi. Lakin Neronun ölümü ilə əlaqədar yürüş baş tutmadı.
Eramızın 80-ci illərində romalılar Xəzər dənizinə doğru irəliləməyə çalışırdılar. 1948-ci ildə Qobustanda aşkar edilmiş latın dilində daş kitabə imperator Domisian dövründə (81-96) 12-ci ildırım sürətli Roma legionunun Albaniyada olmasını təsdiqləyir. Albaniya Roma ilə siyasi, iqtisadi və ticarət əlaqəsində olmuşdur. Roma hökmdarı Adrian (117-136-cı illər) alban hökmdarı ilə dostluq münasibətləri saxlamış, ona qiymətli hədiyyələr göndərmişdir. Albaniya III əsrə qədər Romanın təsir dairəsində olmuşdur.
I-III əsrlərdə Şimali Qafqazda yaşayan tayfalar Dərbənd keçidi vasitəsilə Cənubi Qafqaza hücum edirdilər. Bu dövrdə alanların basqınları daha tez-tez olurdu. Onların 72-74-cü illərə təsadüf edilən ən böyük yürüşləri zamanı Atropatenaya qədər ərazilər qarət edildi. Mingəçevir və Qəbələdə tapılmış katakomba qəbirlərin (yeraltı sərdabələr) alan tayfalarına aid olması arxeoloqlar tərəfindən təsdiqlənmişdir.