Atropatenanın tarixi-coğrafiyası.Atropatena dövlətinin şimal hüdudları çox vaxt Araz çayına, şərq hüdudları Talış və Elbrus dağlarına, qərb sərhədləri Zaqros dağları, cənub sərhədləri isə Əlvənd dağlarınadək uzanırdı. Dövlətin paytaxtı ilk olaraq Qazaka şəhəri olmuşdur. Bəzi dövrlərdə Araz çayından şimalda yerləşən indiki Şimali Azərbaycanın bəzi əraziləri də Atropatenanın tərkibində olmuşdur.
Qazakadan sonra Atropatenanın paytaxtı Fraaspa şəhəri olmuşdur. Atropatenada şəhərlərin sayı getdikcə artmış və eramızın başlanğıcında burada Marağa, Təbriz, Şiz (Təxti-Süleyman), Zəncan, Ərdəbil və sair şəhərlər var idi.
Atropatenanin adı və əhalisi haqqında.Qeyd olunduğu kimi, e.ə. VIII – VII əsrlərin mixi yazılarında Andarpatian və yaxud Andirpatian məskən adı çəkilmişdir. Bu yer Mannanın Midiya ilə sərhəd əraziləri idi və Qızıl Uzən çayının cənub-qərb başlanğıcında yerləşirdi.Təqribən eramızdan əvvəl VIII-VII əsrlərdə yaranan Andarpatian adı qədim türk dillərindən tərcümədə “dağ altı yer” mənasını daşıyırdı ki, bu da Midiyadan şimala doğru uzanan ərazilərə şamil edilirdi. Suriya və Bizans qaynaqlarında bu ad Adarbiqan, ərəb qaynaqlarında Adərbaycan, daha sonra isə Azərbaycan kimi formalaşmışdır.
Beləliklə, Azərbaycan adının etimoloji mərhələlərini belə düzmək olar: Andarpatian, Adarpatyan, Adərpatqan, Adərbayqan, Adərbaycan və nəhayət Azərbaycan. Azərbaycan adıının Atropatena adından yaranmasına gəldikdə isə qeyd etmək lazımdır ki, Atropatena adının mənşəyinin sərkərdə Atropatın adından götürülməsi haqqında məlumat yunan coğrafiyaçısı Strabonun əsərlərindən götürülmüşdür və bu məlumat e.ə. I əsrə aiddir. Deməli, Atropata qədər indiki Cənubi Azərbaycan ərazisində Andarpatian adlı ölkə mövcud olmuş və fars dilinin pəhləvi ləhcəsinə uyğun olaraq ölkənin adı canişin Atropatın adına uyğunlaşdırılaraq Aturpatakan adlandırılmışdır. Strabonun “Coğrafiya” əsərində isə Aturpatakan Atropatena kimi göstərilmişdir. Beləliklə, qədim dövrdə və erkən orta əsrlərə aid tarixdə Cənubi Azərbaycan ərazisinin Adərbayqan adlandrılması daha məqsədəuyğundur.
Strabonun yazdığına əsasən Adərbayqan hələ İsgəndərin dövründə müstəqilliyini saxlayırdı və Midiya kimi İsgəndərə tabe olmamışdır. Plini “Artabazan vilayəti” (Adərbayqan) haqqında yazırdı: “Bu padşahlıq farsların (yəni- Əhəmənilərin – İ.A.) vaxtından qalmışdır, lakin İsgəndərin dövründə onu nəzərdən qaçırmışdılar”. Deməli, Adərbayqan hələ Əhəmənilər dövründə nominal da olsa, öz müstəqilliyini saxlayırdı.
Bütün söylənilənlərdən belə nəticəyə gəlmək olar ki, “Azərbaycan”adının kökü heç də Atropatın adı ilə bağlı deyil, ölkənin adı hələ e.ə. VII əsrdə Andarpatian kimi meydana gəlmişdir ki, mənası qədim türk dilində “dağ altı yer” deməkdir. Ölkənin adı e.ə. IV əsrdə canişin Atropatın adına uyğunlaşdırılaraq fars dilində Aturpataqan adlandırılmışdır. Aturpataqan adı e.ə. I əsrdə Strabon tərəfindən Atropatena kimi qələmə alınmışdır. Cənubi Azərbaycan ərazisi ərəblərin gəlişinə qədər Adarpatyan, Adərbayqan,Adurbadaqan və sair formalarda adlandırılmış və ərəb istilasından sonra ərəb dilinə uyğun olaraq “Azərbaycan” adlandırılmışdır. Cənubi Azərbaycan əraziləri yalnız e.ə. I əsrdə Atropatena və yaxud Midiya (Mada) Atropatenası adını almışdır.
Atropatenada yaşayan əhalinin etnik tərkibi haqqında məlumatlar daha çox antik mənbələrdə əks olunmuşdur. “Tarix elminin atası” Heradot e.ə. V əsr Adərbayqan ərazisində kaspi, matiyen, mük, mard, mar tayfalarınını adını çəkmişdir. Strabon kaspi, matiyen, mard, kadusilərlə yanaşı amard, anariak tayfalarının da adını çəkir. Polibi isə əsərlərində (e.ə. II əsr) elimey, anariak, kadusi və matiyen etnoslarını göstərir. Yuxarıda adı çəkilən tayfaların bir qismi türk, bir qismi isə irandilli olmuşdur. Tayfalar arasında münasibətlər onların qaynayıb qarışmasına, ümumi bir etnosun formalamasına imkan yaratmışdır.
Beləliklə, Adərbayqan əhalisi türk və İran ləhcələrində danışan etnoslardan ibarət olmuşdur. Belə şəraitdə qarşılıqlı leksik mənimsəmələr baş versə də, türkdilli etnoslar öz dilini qoruyub saxlamış, türk dilləri qrupuna aid olan Azərbaycan dilinin yetkinləşməsi prosesi başlamışdır.