Sanatürkün ermənilərə və Romaya qarşı mübarizəsi. Ermənilər IV əsrdə Albaniyanın torpaqlarını ələ keçirmək məqsədilə Albaniyanın Paytakaran vilayətində xristianlığı yaymağa başladılar. Ermənilər və onların arxalandığı Roma imperiyası xristianlığı yaymaq pərdəsi altında işğalçılıq niyyətlərini gizlədirdilər.Sanatürk (298-338-ci illər) Paytakaranda hakimiyyəti ələ aldı. O, Albaniyanın müstəqilliyini qoruyub saxlamaq üçün xristianlığın Albaniyada yayılmasının qarşısını almaq siyasəti yeridirdi. Əslən masket (massaget) türklərindən olan Sanatürk ermənilərə və Romaya qarşı mübarizədə Sasanilərə və hun türklərinə güvənirdi.Onun həyat yoldaşı da Hun xaqanının qızı idi. 337-ci ilin əvvəlləri ermənilər Roma, yunan və iber (gürcü) qüvvələri ilə birləşib Albaniyanın ən böyük vilayəti Paytakaranı talan etdilər. Elə həmin il sasanilərdən kömək ala bilməyən Sanatürk hunlarla ittifaqa girərək 30 minlik qoşunla Ermənistana qarşı hərbi yürüş təşkil etdi, Ermənistanı ələ keçirdi və bir il onu əldə saxladı.
Albaniyada Sanatürkün siyasi rəqiblərindən biri Sasani şahı, II Şapurun qaynı Urnayr idi və şah alban taxt-tacında məhz onu görmək istəyirdi. Bu səbəbdən, 338-ci ildə erməni sərkərdəsi Vaçe Mamikonyan Paytakarana, Sanatürkə qarşı hücum edən zaman II Şapur albanlara kömək göndərmədi, əksinə erməni çarı Tiqranla (338-345) ittifaqa girdi. Sanatürkə hunlar və Dərbənddən şimalda yaşayan tayfalar kömək edirdilər. Nəticədə, 338-ci ildə ermənilərlə döyüşdə Sanatürk həlak oldu. Bundan sonra hun tayfaları Dərbəndi keçərək Albaniyada məskunlaşdılar. 338-342-ci illərdə hunlar və şimal tayfaları Albaniyanı erməni təcavüzündən qorudular. 343 – cü ildə sasanilərin dəstəyi ilə Albaniyada hakimiyyətə çar Urnayr gəldi (343-371). O, Roma və ermənilərə qarşı mübarizədə sasanilərin müttəfiqi oldu. 359-cu ildə Amid döyüşündə birləşmiş sasani-alban qoşunları Roma-erməni qoşunlarını məğlub etdi. Ermənilər tərəfindən işğal edilmiş Arsax, Marlar ölkəsi (Naxçıvan), Kaspiana və digər vilayətlər Albaniyaya qaytarıldı. II Şapur xristianlığa qarşı mübarizəni daha da gücləndirdi.
Sasanilər xristianlığa Roma imperiyasının ideoloji silahı kimi baxır, onun İranda və Cənubi Qafqazda yayılmasının qarşısını almağa çalışırdılar.
Roma imperatoru Valent (364-378) Qafqazda Roma təsirini yenidən bərpa etmək məqsədi ilə Ermənistana qoşun çəkdi. 371-ci ildə Dzirav çölündə baş verən döyüşdə sasani-alban birləşmiş qüvvələri erməni – Roma qüvvələri ilə üz-üzə gəldi. Albanlara başda Şergir adlı sərkərdə olmaqla lek (lak və yaxud ləzgi) tayfaları da köməyə gəldilər. Döyüş Roma – erməni qüvvələrinin qələbəsi ilə nəticələndi. Nəticədə, Roma-erməni qoşunları Albaniya ərazisinə soxuldular və Uti vilayətinin bir hissəsini, Sakasen, Girdiman, Kolt vilayətlərini işğal edib taladılar. Urnayrın Amid və Dzirav döyüşlərində iştirak etməkdə məqsədi Albaniyanın bütövlüyünü qoruyub saxlamaq, ermənilərin Albaniyaya qarşı qəsbkarlığının qarşısını almaq idi.
387-ci ildə Sasanilərlə romalılar arasında sülh bağlandı. Sülhə görə Qərbi Ermənistan və Qərbi Gürcüstan Romanın, Şərqi Ermənistan və Şərqi Gürcüstan Sasanilərin hakimiyyəti altına keçdi. Ermənistan və Gürcüstanda yerli sülalənin hakimiyyətinə son qoyuldu, onların idarə edilməsi Sasani məzbanlarına tapşırıldı. Albaniyada isə yerli sülalənin hakimiyyəti saxlanıldı. Roma və ermənilərin tutduqları Albaniya əraziləri geri qaytarıldı.
Urnayrdan sonra 371-430-cu illər ərzində Albaniyada II Vaçaqan, Mirhavan, Satoy və Asay adında çarlar hakimiyyətdə olmuşlar. Əfsuslar olsun ki, onların fəaliyyəti haqqında məlumat qalmamışdır. Rəvayətə görə çar Arsvagenin dövründə (430-440) mövcud alban əlifbası yenidən işlənərək təzələnmiş və 52 hərfdən ibarət əlifba yaradılmışdır.