3.3. Azərbaycanın şimal ərazilərində Albaniya dövlətinin yaranması, onun ərazi – inzibati quruluşu, əhalisi və xarici siyasəti.
Albaniya (Ağvan) dövlətinin yaranması. Qafqaz Albaniyası Azərbaycanın şimal hissəsində tarix elminə məlum olan ilk dövlətdir.
Albaniyanın əsas əhalisi olan albanların adı ilk dəfə Qavqamel döyüşü ilə əlaqədar çəkilmişdir. E.ə. 331-ci ildə Qavqamel döyüşündə alban döyüşçüləri İran şahı III Daranın ordusuna köməyə gələrək İsgəndərə qarşı vuruşmuşlar.Bu onu göstərir ki, artıq Əhəmənilər dövründə albanlar vahid tayfa şəklində birləşmişdilər. E.ə. 330-cu ildə Əhəmənilər imperiyası dağılmış, Əhəmənilərə vaxt-vaxt xərac ödəyən albanlar isə tam müstəqilliyə nail olmuş və öz dövlətini yaratmışlar.
Albaniya dövləti e.ə. IV əsrin axırı - III əsrin əvvəllərində Araz çayından şimaldakı ərazilərdə meydana gəlmişdir. Yunan coğrafiyaçısı Strabonun verdiyi məlumata görə Albaniya şimalda Sarmatiya (indiki Dağıstan), qərbdə İberiya (indiki Gürcüstanın şərqi), cənubda Azərbayqan (Atropatena) və cənubi-qərbdə Ermənistan ilə həmsərhəd olmuşdur. Albaniyanın paytaxtı yarandığı vaxtdan 551-ci ilə qədər Qəbələ, 551-ci ildən 705-ci ilə, yəni süqutunadək Bərdə şəhəri olmuşdur.
Albaniya müxtəlif dilli mənbələrdə ayrı-ayrı şəkildə adlandırılır. Alban tarixçisi Musa Kalankatlı Albaniyanın adının mənasını izah edərək yazır ki, ölkə mülayim xasiyyətinə görə ona verilən “ağu” adına görə Ağuan, yəni Ağvan adlandırılmışdır. “Ağu” sözü türk dillərində “yaxşı, xoş, mülayim” mənasını verir. Deməli, Albaniyanın adı birbaşa burada yaşayan türkdilli tayfalarla bağlı yaranmışdır.
Bütün tarixi boyu (e.ə. IV əsrin sonundan 705-ci ilə qədər) Albaniyada 3 sülalə hakimiyyətdə olmuşdur. Yarandığı vaxtdan eramızın III əsrinin əvvəllərinə qədər Albaniyanı yerli aranilər sülaləsi idarə etmişdir.
Kalankatlı Musa “Alban tarixi” əsərində e.ə. II əsrdə Albaniyanın hökmdarının Aran olduğunu göstərir. Antik mənbələrə görə onun hakimiyyəti Araz çayından İberiya (Gürcüstan) sərhədlərinə qədər ərazilərə şamil edilirdi. Aran adının mənası türk dillərində “ərən”, “cəsur”, “mərd”, “qoçaq” kimi izah olunur. Tarixi mənbələrdə sonralar adı çəkilən Oroys (Aruz), Kozis və Zober (Sebər) də aranilər sülaləsinin nümayəndələri olmuşlar. Erkən orta əsr qaynaqlarına görə, Albaniyanın uti, qarqar, gardaman, sovdey tayfaları Aranın nəslinə mənsub olmuşdur. Buradan belə bir nəticə çıxır ki, Aranilər mənşəcə türksoylu tayfanın nümayəndəsi olmuşlar. Təəssüflər olsun ki, Aranilər nəslinin sonrakı nümayəndələrinin adları tarixə bəlli deyil. Bu haqda alban tarixçisi Kalankatlı Musa yazır: “Arandan sonra böyük arşakilər sülaləsinə mənsub olan Cəsur Vaçaqanadək keçən günlər məlum deyil”. Söhbət eramızın 215-ci ilindən Albaniyanı idarə etməyə başlamış arşaki sülaləsinin nümayəndəsi Cəsur Vaçaqandan gedir. Bütün bunlara baxmayaraq, Albaniyanın qədim dövrdə sosial-iqtisadi, mədəni həyatına, qonşu dövlətlərlə siyasi, hərbi və ticarət münasibətləri haqqında tarixi mənbələrdə qiymətli məlumatlar qalmışdır.
III əsrdən 510-cu ilədək Albaniyanı parfiyalı arşakilər sülaləsi idarə etmişlər. 510-cu ildə Albaniya Sasani imperiyası tərəfindən işğal edilmiş və 629-cu ilədək onun tərkibində mərzbanlıq statusunda qalmışdır. 629-cu ildən 705-ci ilədək Albaniyada Mehranilər sülaləsi hakimiyyətdə olmuşdur.