Səlcuq dövlətinin yaranması, Sultan I Toğrulun fəaliyyəti. 1030-cu ildə Qəznəvi hökmdarı I Mahmud vəfat etdi.Hakimiyyətə onun qardaşı Məsud gəldi. Fürsətdən istifadə edən səlcuqlar yenə fəallaşdılar. 1038-ci ildə Toğrul bəy Nişapuru ələ keçirdi, özünü sultan elan etdi və mərkəzi Nişapur olan Səlcuq dövlətinin əsasını qoydu. Dövlətin başçısı Sultan Toğrulun (1038-1063) hakimiyyəti illərində səlcuq türkləri daha da qüvvətləndilər. Səlcuqların müstəqilliyini qəbul etməyən Məsud Qəznəvi onlara qarşı qoşun çəkdi. 1040-cı ildə Dəndənəkan vuruşmasında Qəznəvilər dövlətinin hərbi qüvvələri darmadağın edildi. Bundan sonra Xarəzm (1043) səlcuqların əlinə keçdi. 1044-cü ilədək bütün Xorasanda sultan I Toğrulun hakimiyyəti bərqərar oldu.
1043-cü ildə Mərv şəhərində toplanan Böyük qurultayda Şərqə və Qərbə yeni yürüşlərə başlamaq qət olundu. Dövlətin paytaxtı Nişapurdan Reyə - Tehran yaxınlığına köcürüldü (1043). Səlcuq qoşunları buradan üç istiqamətdə – Həmədan - İsfahan, Gilan və Azərbaycana doğru yürüşə başladılar.
Çox keçmədən İbrahim Yanalın başçılıq etdiyi səlcuqlu qoşunları Həmədan və İsfahan da daxil olmaqla bütün Qərbi İranı, Kutalmış Gilan da daxil olmaqla Xəzərin cənubundakı torpaqları və sərkərdə Həsən isə Azərbaycanın cənub bölgələrini. ələ keçirdilər. Şərqi Anadoluda hərbi əməliyyata başlayan Səlcuq-Azərbaycan qoşunları 1048-ci il sentyabrın 18-də Bizans, erməni və gürcü qoşunlarını birlikdə darmadağın etdilər. Bizans səlcuqlarla sülh bağlamağa məcbur oldu. 1042-1051-ci illər ərzində bütün Qərbi İran səlcuq türklərinin əlinə keçdi.
1054-cu ildə Sultan Toğrul Təbrizə yaxınlaşdı, Rəvvadi hakimi Vəhsudan müqavimət göstərmədən onun hakimiyyətini qəbul etdi. Sultan Toğrul Rəvvadilərdən sonra Şəddadilər dövlətinin paytaxtı Gəncəyə gəldi. Şəddadi hökmdarı Əbüləsvar Şavur I Toğrulu mehribancasına qarşıladı və onunla Bizans-erməni-gürcülərə qarşı saziş bağladı. Şəddadilərdən sonra I Toğrul indiki Ermənistan yerləşən əraziləri ələ keçirib Reyə qayıtdı. 1055-ci ilin yazında o, Xilafətə qarşı yürüşə başladı və Bağdadı ələ keçirdi. Xəlifə Sultan Toğrulu bütün "Şərqin və Qərbin hökmdarı" kimi tanıdı. Xristian dünyasının Şərqə təzyiqlərinin artdığı bir şəraitdə Xəlifə, səlcuqlara islamın son ümidi, xilaskarı kimi baxırdı. Sultan I Toğrul Bağdaddan Reyə qayıtdı və 1055-ci ildə orada vəfat etdi. Onun əvəzinə hakimiyyətə qardaşı oğlu gənc Alp Arslan (1063-1072) gəldi.