Ərəb Xilafətinin zəifləməsi,feodal pərakəndəliyi, siyasi hərc-mərclik Azərbaycanın ardı-arası kəsilməyən yadelli basqınlarına qarşı mütəşəkkil mübarizə aparmasına imkan vermirdi. IX yüzilin sonlarından başlayaraq Azərbaycan slavyan tayfalarının basqınlarına məruz qalmağa başladı.
Ruslar Volqa-Xəzərvasitəsilə Azərbaycanla və Azərbaycan torpaqlarından keçərək Xilafətlə, o sıradan Bağdadla ticarət əlaqələri yaratmışdılar və bu əsasda X əsrin əvvəllərindən yaxşı tanıdıqları Xəzərsahili vilayətlərə soyğunçuluq yürüşlərinə başladılar. Ərəb qaynaqlarında Xəzər sahillərinə və Azərbaycana yürüşlər edən Kiyev Rusdövlətinin hərbi drujinaları vahid adla -"ruslar" kimi qeyd edilir. O zaman Kiyev knyazlarının hərbi drujinalarının üzvləri "rus" adlanırdılar. Kiyev dövlətnini hərbi qüvvələrinin xeyli hissəsi normancəngavərlərindən - Skandinaviyamənşəli varyaqlardanibarət olurdu. Zaman keçdikcə knyaz drujinasının əsasını, sonralar isə hamısını slavyanlar içərisindən toplanmış döyüşçülər təşkil etməyə başladılar.
Kiyev knyazının drujinaları ilk zamanlar hərbi qənimətlər, işğal olunmuş ərazilərdən toplanan xərac hesabına saxlanılırdı. Buna görə də, bu drujinalar daim qarətçi yürüşlərdə olurdu. Rusların Xəzərsahili Azərbaycan torpaqlarına IX əsrin ikinci yarısında başlanan basqınları X əsrin əvvəllərindən daha da genişlənib aramsız şəkil aldı. 909-cu ildə onlar 16 gəmi ilə Xəzərə daxil oldular, Xəzərin güneyindəki Abaskun adasını ələ keçirdilər və sahil məntəqələrini qarət etdilər. Lakin yerli əhali torpaqlarının müdafiəsinə qalxdı və onları ağır məğlubiyyətə uğratdı.910-cu ildə sayca daha çox olan ruslar yenidən bu yerlərə basqın etdilər, Sarı adada (Sara adasında) və sahil məntəqələrində yanğınlar, talanlar törətdilər. Ələ keçirdikləri əsirlər və qənimətlə birlikdə Xəzərin İran sahillərinə hücum etdilər. Lakin onlar Gilan hakimi tərəfindən məğlub edildilər və geri qayıdan zaman Şirvanşahlar tərəfindən darmadağın olundular.
Qədim Rus dövlətinin Xəzərsahili ölkələrə marağı artmaqda idi. Slavyan tacirləri bu zaman Xəzər xaqanına "onda bir" vergisi verib, bu dövlətin ərazisindən keçərək Xəzər sahillərinə ticarətə gəlirdilər. Onlar Azərbaycandan gedən ticarət karvanlarına qoşularaq Şərqin başqa ticarət mərkəzlərinə, yuxarıda qeyd olunduğu kimi, Bağdada qədər gedib çıxırdılar.
914-cü ildə rusların Xəzər sahillərinə daha bir yürüşü oldu. Hər birində 100 döyüşçü olan 500 gəmi ilə ruslar Xəzərə daxil oldular. Xəzər xaqanlığının ərazisindən keçib gəldikləri üçün onlar Xəzər sahillərindən ələ keçiriləcək qənimətin yarısını Xəzər xaqanına vəd etdilər. Onlar Xəzər dənizinin cənub-şərqində Azərbaycan əyalətlərinə soxuldular, Bakı ətrafında və Xəzərin Azərbaycan sahillərində olan Pirallahı, Sahilan (Şəhilan), Zirə (Qumzirə), Kiçik Zirə, Böyük Zirə, Zənbilə (Duvannı), Xirə, Zirə, Sarı adalarında möhkəmləndilər və sahil məntəqələrini qarət etdilər, qadınları və uşaqları əsir alıb apardılar. Geri qayıdarkən onlar ələ keçirdikləri külli miqdarda qənimətin bir hissəsini, şərtləşdikləri kimi, Xəzər xaqanına göndərdilər. Mənbələrin məlumatına görə Xəzər xaqanlığının müsəlman əhalisi xaqana müraciət edib bildirdi: "İzn ver, bu xalqla haqq-hesabı çürüdək. Onlar bizim müsəlman qardaşlarımızın torpaqlarına basqın etdilər, onların qanını tökdülər, arvadlarını və uşaqlarını əsir aldılar". Xəzərin şimal sahillərində təqribən 15000 nəfərlik müsəlman-türk qoşunları ilə rus drujinaları arasında şiddətli vuruşma baş verdi.
Ərəb tarixçisi Məsudinin məlumatına görə üç gün davam edən bu vuruşmada drujinalar darmadağın edildi, onlardan ancaq beş minə qədər döyüşçüdən ibarət kiçik bir dəstə qaçıb canını qurtara bildi. Bu vuruşmada xarəzm, xəzər, burtas (mordva) və bulqar türkləri fəal iştirak etmişdilər. Bundan sonra slavyanlar 30 il Xəzər dənizi sahillərinə hücum etmədilər.Onların Azərbaycana hücumları qarətçilik və soyğunçuluq xarakteri daşıyırdı.
944-cü ildə slavyanlar Yaxın və Orta Şərqin ən böyük, zəngin ticarət və sənətkarlıq mərkəzlərindən biri olan, "Qafqazın ən böyük şəhəri", "Arranın baş şəhəri" kimi şöhrət qazanmış Bərdəyə hücum etdilər. Onlar Kür çayı ilə üzüb gəmilərini Mübarəki adlı yerdə 300 nəfərlik mühafizə dəstəsinin ixtiyarına buraxaraq Bərdəyə hücum etdilər. Salari Mərzban ibn Məhəmmədin Bərdədəki hakimi 5600 qüvvə ilə sayca on qat artıq olan yadellilərə qarşı çıxsa da, məğlub oldu,şəhər slavyanlar tərəfindən tutuldu və qarət edildi, 20 min adam öldürüldü. Lakin bərdəlilər doğma şəhəri düşməndən azad etmək üçün yadellilərə müqavimət göstərməkdə davam edirdilər. Bərdənin ağır günlərində 30 minlik qoşunla özünü yetirən Salari hökmdarı Mərzban ibn Məhəmməd şəhəri mühasirəyə aldı, hərbi fənd işlədərək düşmənə ağır zərbə vursa da, şəhəri azad edə bilmədi. Elə bu zaman Mosul hakimi Əbu Məhəmməd Nəsirəddövləninhərbi qüvvələrinin Azərbaycanın sərhədlərini pozaraq Xoy vəSalmasıələ keçirməsi xəbərini alan Mərzban ibn Məhəmməd özünün əsas hərbi qüvvələri ilə birlikdə cənuba doğru hərəkət etməli oldu. Salarilərin 4.000 nəfərlik kiçik bir hərbi qüvvəsi isə Bərdənin mühasirəsini davam etdirdi. Vaxt uzandıqca daha çox təlafat verən, yoluxucu xəstəliklərdən qırılmağa başlayan ruslar şəhəri əldə saxlaya bilmədilər. Gecələrdən birində qarət etdikləri qiymətli şeyləri götürüb, qalanını isə yandıraraq şəhərdən çıxdılar. Sonra Mübarəkidə onları gözləyən gəmilərə doluşub Xəzərə çıxdılar və öz ölkələrinə qayıtdılar.
944-cü il basqınından sonra Bərdə şəhəri bir daha özünə gələ bilmədi. Yarım ildən çox rusların əlində qalan şəhər dəhşətli dağıntıya məruz qaldı, sənətkarlıq və ticarət tənəzzülə uğradı. Slavyanların qarətindən sonra “Aran şəhərlərinin anası” sayılan Bərdə bir daha əvvəlki qüdrətini bərpa edə bilmədi.Şəhərdə pul kəsilməsi dayandırıldı. Salarilər şəhərin bərpasına fikir vermədilər. 944-cü il faciəsindən bir qədər sonra Azərbaycanın şimal torpaqlarında müstəqil dövlət yaradan şəddadilərin Gəncəni özlərinə paytaxt seçməsi bununla bağlı idi.
Rusların Azərbaycana basqınları sonralar da davam etdi. Azərbaycan hakimləri düşmənə qarşı birləşmək əvəzinə öz aralarındakı ixtilafları həll etmək üçün rus drujinalarını köməyə çağırır, bununla ölkənin yadellilərin tapdağı altına düşməsinə şərait yaradırdılar. 987-ci ildə Dərbənd hakimi əmir Maymun ibn Əhmədonu hakimiyyətdən salmağa çalışan yerli əyanlara qarşı, bu zaman 18 gəmi ilə Dərbəndə hücum etməyə hazırlaşan ruslardan kömək istədi. Hakimiyyətini möhkəmləndirdikdən sonra da o, öz yanında ruslardan ibarət mühafizə dəstəsi saxlayırdı. 1030-cu ildə buna bənzər başqa bir hadisə baş verdi: 38 gəmidə yenidən Xəzər sahillərinə hücum edən drujinalar Bakı yaxınlığında və Kürlə Arazın qovuşduğu yerdə Şirvanşahın qoşunlarını məğlub etdikdən sonra Arazla yuxarı qalxmağa başladılar. Bu zaman Şəddadi hökmdarı Fəzl ibn Məhəmmədin oğlu MusaBeyləqanda qiyam qaldırmış qardaşı Əskuyəniməğlub etmək üçün çoxlu pul verib rusları köməyə çağırdı. Qardaşına qalib gəlib Beyləqan əhalisinə divan tutduqdan sonra onlara çoxlu hədiyyələr verdi. Ruslar Bizans ərazisindən keçib öz ölkələrinə qayıtdılar.
1032-1033-cü illərdə alanlar, Dağıstanda yaşayan sərirlər və slavyanlar hücum edib Şirvanşahların paytaxtı Yezidiyyəni (Şamaxını) ələ keçirib onu on gün ərzində amansızcasına qarət etdilər. Basqın zamanı 10 minə qədər şirvanlı qılıncdan keçirildi. Dərbənd hakimi Mənsur ibn MaymunŞirvanı talan edib qayıdan alanlar, sərirlər və rusları ağır məğlubiyyətə uğratdı. Ertəsi il - 1033-cü ildə Dərbənd hakimindən qisas almaq üçünhücum edən alanlar və ruslar yenidən məğlubiyyətə uğradılar və onlar Azərbaycandan qovuldular
Göründüyü kimi, IX əsrdən Azərbaycan özünün bütün tarixi ərzində, ilk dəfə, Xəzər dənizindən təhlükəli təcavüzlərə məruz qalmağa başladı. Azərbaycanın siyasi varlığı üçün son dərəcə təhlükəli olan dəniz basqınları getdikcə artmaqda idi. Lakin Azərbaycan hökmdarları Xəzərsahili torpaqların xarici basqınlardan qorunması üçünXəzər dənizində hərbi donanma yaradılmasına, Azərbaycanın dəniz dövlətinə çevrilməsinə qayğı göstərmədilər.