Tiflis əmirliyi.Tiflis qədim Albaniyanın 29 şəhərindən biri olmuşdur. II əsrin antik müəllifi Ptolemey “Coğrafiya” əsərində qədim alban şəhərlərinin yerləşdiyi əraziləri coğrafi koordinatlarla göstərmişdir və buradan aydın olur ki, 840 15 – 460 50 koordinatda Tilbis şəhəri yerləşmişdir ki, bu da coğrafi cəhətdən bu günkü Tiflis şəhərinin yerləşdiyi ərazidir. Ərəb işğallarına qədərki dövrdəTiflis Albaniyanın Kambisena vilayətinin mərkəzi olmuşdur.
Tiflis əmirliyi VIII əsrin sonu – IX əsrin əvvəllərində yaranmışdır və onu idarə edən ilk sülalə Şuaybilər sülaləsi olmuşdur. Əmirliyin qurucusu İsmayil ibn Şuaybi sayılır. 809-cu ildə Xəlifə Harun ər-Rəşidin ölümündən sonra Xilafətdə qarışıqlıq düşür və fürsətdən istifadə edən İsmayıl ibn Şuayb Tiflis əmirliyinin əsasını qoyur. Harun ər-Rəşidi əvəz edən xəlifə Əmin (809-813) İsmayıl ibn Şuaybı əmir kimi tanıyır. 813-cü ildə xəlifə Əmini Məmun əvəz edir (813-833). Xəlifə Məmun İsmayıl ibn Şuaybı Tiflis əmiri titulundan məhrum etdi, əvəzinə Məhəmməd ibn Attabı (813-829) Tiflisə əmir təyin etdi.
830-cu illərdə İshaq ibn İsmayıl yenidən Şuaybıların hakimiyyətini bərpa etdi və 853-cü ilədək Tiflis əmirliyini idarə etdi. 853-cü ildən sonra Məzyədilər sülaləsinin nümayəndəsi Məhəmməd ibn Yəzid tərəfindən işğal olundu və Tiflisi Şeybanilər nəslinin nümayəndələri idarə etməyə başladılar.
880-ci illərdən Tiflis əmiri Cəfər ibn Əli təyin edilir. Tiflis əmirliyində cəfərilər sülaləsinin hakimiyyəti başlayır. Bu dövrdən başlayaraq Tiflis əmirliyində hakimiyyət irsi xarakter alır və əmirliyin ləğvinə qədər, yəni 1122-ci ilədək onu cəfərilər sülaləsi idarə etmişdir. Təqribən 400 ilə yaxın mövcud olmuş bu müsəlman əmirliyi Avropa xaçlılarının dəstəyi ilə gürcü çarı IV David tərəfindən 1122-ci ildə işğal edilmiş və tədricən xristianlaşdırılmışdır.
Dərbənd əmirliyi.Dərbənd Azərbaycanın ən qədim şəhərlərindən biridir. Dərbənd şəhəri və onunla qonşu olan ərazilər Azərbaycan Albaniyasında ən qədim yaşayış məskənlərindən biri hesab olunur. Bunu çoxsaylı ilk mənbələr və tədqiqat əsərləri birmənalı şəkildə təsdiq edir.
VII əsrin ortalarında Dərbənd ərəblər tərəfindən işğal olundu.Xilafətin Şimal ölkələri ilə ticarət mübadiləsində əhəmiyyətli mövqe tutan «Qapılar qapısı» Bab əl-Əbvab-Dərbənd Albaniyanın ikinci böyük şəhəri idi. Ərəb xəlifələri Dərbəndin strateji və ticarət-ötürücü məntəqə kimi xüsusi əhəmiyyətini nəzərə alaraq, onun azad şəhər statusunu saxladılar. Şəhəri əmirlər və ya rəislər şurası idarə etməyə başladı. Hələ 736-cı ildə xəlifə Hişamın dövründə Əsəd Zafir başda olmaqla Dərbəndə göndərilmiş 400 dövlət məmuru bu idarəçiliyin əsasını qoydu. Şəhərin idarəçiliyinə rəhbərlik edən rəislər rəisi nizamnamə çərçivəsində onun mühafizəsini təşkil etməli, qanun-qayda və təmizliyi gözləməli idi. Dərbənd qalasında, eləcə də digər sərhəd qalalarında yerləşdirilmiş hərbi hissələr xidmət müqabilində, xəzinədən maaş almır, yerli ehtiyatlar hesabına saxlanılırdılar. Xəlifənin sərəncamı ilə sərhədyanı bölgənin «kafir» düşmənlə üz-üzə qalan döyüşçü-qazi əhalisinə vəqf payı kimi bütöv vilayətlərlə yanaşı, Abşeronun neft və duz yataqlarından əldə olunan gəlirlər verilirdi. Xəlifə Harun ər-Rəşidin dövründə şəhərlilərin rifahını yaxşılaşdırmaq üçün Dərbəndə Rubas çayından bir neçə kanal çəkildi, burada bağ və bostanlar salındı, dəyirmanlar tikildi.