Azərbaycan tarixi


XVI-XVII əsrlərdə Azərbay­canın ictimai – iqtisadi həyatı



Yüklə 0,62 Mb.
səhifə120/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   116   117   118   119   120   121   122   123   ...   269
Azərbaycan tarixi mühazirə

11.5.XVI-XVII əsrlərdə Azərbay­canın ictimai – iqtisadi həyatı


Sosial-iqtisadi həyat. Şah I İsmayılın yaratdığı dövlət Qızılbaşlar və ya Səfəvilər dövləti adlandırılmışdı. Dövlətin başında qeyri-məhdud hakimiyyətə malik olan şah dururdu. Bütün mülki və dini hakimiyyət şahın əlində cəmləşmişdi. Səfəvilər şiəliyi dövlət dini elan etmişdilər. Şahın yanında ən nüfuzlu əmirlərdən ibarət məşvərətçi hüquqa malik Ali məclis var idi.
Səfəvilər dövlətində aşağıdakı vəzifələr var idi: 1) vəkil – şahın dini və dünyəvi işlər üzrə müavini, dövlətdə ikinci şəxs hesab edilirdi. İlk vəkil Hüseyn Lələ Şamlı olmuşdur; 2) əmir-ül-ümarə - Səfəvilər dövlətində qoşunun baş komandanı idi; 3) qorçu­başı – qızılbaşların tayfalarından toplanmış şah qvardiya­sının başçısı idi. Dövlətin hərbi qüvvəsinin əsasını feodal çərəkə qoşunu təşkil edirdi. Səfəvilər və feodalların qoşunu elatlardan toplanırdı. I Şah Abbas dövründə orduda islahatlar keçirildi; 4) mülki işlərə vəzir başçılıq edirdi.O, maliyyə, ölkənin mədaxil və məxaric işlərinə baxırdı. Səfəvilər dövründə dövlətdə baş vəzir ali rütbəli məmur idi. I Şah Abbas dövründə vəzir Hatəm bəy Ordubadi idi; 5) sədr – dini işlərə başçılıq edirdi.
Səfəvilər dövlətinin ərazisi inzibati cəhətdən bəylər­bəyliklərə, bəylərbəyliklər isə mahallara bölünmüşdü. Bəylər­bəyliklər şah tərə­findən təyin edilmiş bəylərbəyi tərəfindən idarə olunurdu. Onlar ən böyük və ən nüfuzlu tayfa başçılarından təyin edilirdilər. XVI əsrdə Azərbaycan mərkəzi Şamaxı olan Şirvan, mərkəzi Gəncə olan Qarabağ, mərkəzi Təbriz şəhəri olan Təbriz və mərkəzi İrəvan olan Çuxur-Səd bəylərbəyliyinə bölünmüşdü. 1590-cı ildən 1607-ci ilədək, yəni Təbriz şəhəri osmanlıların əlində olduğu dövrdə Təbriz bəylərbəyliyi ləğv edilmiş, Azər­baycan bəylərbəyliyi adlandırılmışdır. Təbriz osmanlılar­dan azad edildikdən sonra bəylərbəyliyə Təbriz adı qaytarılmışdır.
Mahalları bəylərbəyi tərəfindən təyin olunmuş naib, kənd­ləri kəndxudalar və yüzbaşılar idarə edirdi. Şəhərləri kələntər idarə edir, şəhər polisinin başçısı darğa ona tabe idi. Məhkəmə işlərinə şəriət, yəni islam dininin normaları əsasında baxılırdı. Məhkəmə işlərini qazılar aparırdı. Dövlət idarəetmə aparatında Azərbaycan-türk tayfaları əsas yer tuturdu. Ali vəzifəyə əsas etibarilə şamlı, ustaclı, türkmən, rumlu, zülqədər, əfşar, qacar, təkəli, xunuslu, cağatay tayfalarının əmirləri təyin olunurdu. Səfəvilər dövlətində 5 feodal zümrəsi var idi:1) Şah və hakim sülalənin üzvləri; 2)yarımköçəri qızılbaş tayfalarının hərbi əmirləri; 3) ali şiə ruhaniləri; 4) mülki bürokratiyanın yuxarı təbəqəsi; 5) köhnə əsil-nəsilli, oturaq əyanlar. Səfəvilərdə şahdan sonra feodallar içərisində birinci yeri qızılbaş əyanları tuturdu.
Səfəvilər dövlətinin yaradılması nəticəsində Azərbaycanda əkinçilik, maldarlıq, sənətkarlıq və ticarət inkişaf etməyə başladı. XVI əsrdə feodal münasibətlərində əsaslı dəyişiklik baş vermədi. Səfəvilər dövründə beş torpaq mülkiyyət forması var idi: 1) dövlət (divan torpaq­ları); 2) Şah və şah ailəsinə məxsus olan torpaqlar (xass). Bu torpaq­lardan əldə edilən gəlir şah sarayının qulluqçularına xərclənirdi. XVI əsrdə Səfəvilər sülaləsinin xassı Ərdəbil torpaqları idi. Səfəvilər döv­ründə ən iri torpaq sahibi şah idi. 3) Səfəvilər dövlətində feodallara xidməti müqabilində verilən yeni torpaq sahibliyi tiyul adlanırdı. Tiyul Səfəvilər dövründə, soyurqal Qaraqoyunlu və Ağqoyunlu dövründə veril­mişdi. Səfəvilərin ilk dövründə soyurqal torpaqları məhdud­laşdırıldı, tiyul torpaqları paylanıldı. Tiyul ayrı-ayrı şəxslərə xidməti müqabilində verilir və şərti, müvəqqəti xarakter daşıyırdı. Soyurqal irsən keçir, tiyul isə irsən keçmirdi. Tiyul ancaq şahın icazəsi ilə irsi keçə bilərdi; 4) feodalların şəxsi torpaqları (mülk); 5) dini idarələrə məxsus torpaqlar (vəqf). Azər­baycanda camaat adlanan kənd icması mövcud idi. Onların istifadə etdiyi torpaqlar şaha və ya feodallara məxsus idi. Xırda kəndli torpaq sahibliyi də var idi. Kənd icmaları vergi və mükəlləfiy­yətləri ellik zəmanət əsasında ödəyirdilər.
Səfəvilər dövründə əhalidən 35-ə qədər vergi alınırdı. Ən ağır vergi olan malcəhət məhsulla – natural şəkildə ödənilir, məhsulun altıda birini təşkil edirdi.
Səfəvilər dövründə Azərbaycanın sosial-iqtisadi və mədəni həyatında şəhərlər mühim rol oynamış, Gəncə, Şəki, Şamaxı, Bakı, Ərdəbil, Culfa və digər şəhərlərin rolu artmışdı. Təbriz Səfəvilərin ilk paytaxtı, sənətkarlıq, ticarət və mədəniyyət şəhəri idi. 300 min nəfər əhalisi olan Təbriz çox mühim xalçaçılıq mərkəzi idi. Burada halvacılıq, ipək və pambıq parça, boyaq istehsalı da inkişaf etmişdi. 1522-ci ildə usta Qiyasəddin Cami tərəfindən toxunulmuş xalça hal-hazırda Milan muzeyində, 1539-cu ildə toxunulmuş Şeyx Səfiəddin xalçası hazırda Londonun “Viktor və Albert”muzeyində saxlanılır. Təbrizdə ən böyük bazar Qeysəriyyə bazarı idi. 1667-ci ildə Şamaxıda zəlzələ oldu, şəhərin xeyli his­səsi dağıldı.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin