1622-1639-cu illərin hərbi əməliyyatları. Mərənd sülhünü Səfəvi tərəfi pozdu, belə ki, 1622-1623-cü illərdə Osmanlıda yanıçarların özbaşınalığından daxili vəziyyət mürəkkəbləşdi və Səfəvilər İraqa hücum etdilər. Bağdad daxil olmaqla bütün İraq Səfəvilərə qatıldı. Axalsıx da Səfəvilər tərəfindən tutulub idarəçiliyi Səlim xan Şəmsəddinliyə tapşırıldı.1625-ci ildə Şərqi Gürcüstanda Səfəvilərə qarşı üsyan yatırıldı və ərazi Qarabağ bəylərbəyliyinə qatıldı. 1624-1626-cı illərin İraq uğrunda Səfəvi –Osmanlı qarşıdurması Səfəvilərin qələbəsi ilə başa çatdı.
1629-cu ildə I Şah Abbas vəfat etdi və müharibə şah I Səfi Mirzə (1629-1642-ci illər) tərəfindən davam etdirildi. Osmanlı sultanı IV Murad (1623-1640) 1634-cü ilin yayında böyük qoşunla hücum edərək İrəvanı və Təbrizi ələ keçirdi. Lakin ərzağın və yemin çatışmaması, qışın yaxınlaşması, Səfəvi qoşununun hücum təhlükəsi Osmanlıları Təbrizdən çıxmağa məcbur etdi. Şah 1635-ci ilin aprelində İrəvan qalasını azad etdi. 1637-1638-ci illərdə Səfəvi-Osmanlı müharibəsi İraqda davam etdi. 1638-ci ildə Osmanlılar Bağdadı yenidən ələ keçirdilər.Səfəvi və Osmanlı dövlərləri arasında sülh danışıqları başladı.
1639-cü ilin mayın 17-də Səfəvi – Osmanlı arasında Qəsri-Şirin sülhü bağlandı. Qəsri –Şirin sülhünün şərtlərinə görə Ərəb İraqı Osmanlıya, Zəncir qalasından şərq ərazilər Səfəvilərə verildi. Səfəvilər Qars, Van və Axalsıxa hücum etməməyi öhdələrinə götürdülər. 1555-ci il Amasya sülhünün və 1612-ci ilin Sərab sülhünün şərtləri təsdiqləndi və XVIII əsrin I rübünə kimi qüvvədə qaldı. Bununla Səfəvi – Osmanlı müharibələrinin III mərhələsi başa çatdı.
Şah II Abbasın dövrü (1642-1666). Şah II Abbas hakimiyyətə gələndə cəmi 10 yaşı var idi. Onun hakimiyyəti illəri Azərbaycan tarixinin ən dinc dövrlərindən biri kimi yadda qalıb. Ağıllı və ehtiyatlı siyasi xətti ilə fərqlənən II Abbasın hakimiyyəti dövründə Səfəvilərin qonşuları ilə cəmi iki münaqişəsi qeydə alınıb. Bunlardan biri Rusiya, o biri isə Moğol imperiyası ilə olmuşdur.
II Şah Abbas babası I Abbas kimi Borçalıya xüsusi diqqət yetirirdi. O, hər vasitə ilə Borçalı türklərinin öz yurdlarında möhkəmlənməsinə çalışırdı.Bu isə gürcü knyazı Təhmurazı və artıq Qafqaza maraq göstərməyə başlayan Rusiyanı qıcıqlandırırdı. 1645-1648-ci illərdə gürcü knyazı Təhmuraz mərkəzi hakimiyyətə qarşı qiyam qaldırdı. Gürcü separatçıların Səfəvi ordusu tərəfindən məğlub edilməsindən sonra onların Rusiyaya sığınması və Rusiyanın Təhmurazı dəstəkləməsi iki ölkə arasındakı münasibətləri əhəmiyyətli dərəcədə gərginləşdirdi. Səfəvilərin 150 illik tarixi ərzində Rusiya ilə ilk açıq hərbi qarşıdurması baş verdi.
II Şah Abbasın dövründə Dərbənd və Dağıstanın cənub hissəsi, Tabasaran və Tarki şamxallığı səfəvilərə tabe idi. Rusiya Şimali Qafqaza soxuldu və burada hərbi qalalar inşa etməyə başladı. Bu II Şah Abbasın (1642-1666) sarayında etirazla qarşılandı. Şah imperiyanın şimalında rusların həyata keçirdikləri tədbirlərə mane olmaq məqsədilə xüsusi fərman vermişdi. Rusiyanın hərəkətlərinə cavab olaraq 1652-1653-cü illərdə Şirvan hakimi Xosrov xanın başçlığı ilə Səfəvi hərbi hissələri və ruslar arasında toqquşma baş verdi. Səfəvi qoşunları Dərbənd yaxınlığında sərhəd zonası hesab edilən bəndləri yerlə-yeksan edərək, sərhədi birtərəfli qaydada pozdu.Dağıstan feodalları da şah qoşunları tərkibində rus qalası Sunjaya yürüşdə iştirak etdilər. Ardınca həmin qoşunlar Terek çayı sahilindəki bəndlərin bir qismini uçurmağa başlasalar da, sonradan qalmaqal sakitləşdi. Ruslar Şirvan bəylərbəyi Xosrov xanın vəzifədən kənar edilməsi və edam olunması tələbini irəli sürdülər. Münaqişə 1662-ci ilədək davam etdi. Lakin Rusiya çarı Aleksey Mixayloviç (1645-1676) münaqişənin daha da genişlənməsinə imkan vermədi. 1653-1662-ci illərdə baş vermiş Rusiya – Səfəvi münaqişələri diplomatik yolla həll olundu. II Abbasın dövründə Səfəvi dövləti ilə Rusiya arasında ticarət əlaqələri əhəmiyyətli dərəcədə möhkəmləndi, rus tacirlərinə bir sıra imtiyazlar verildi.
1648-ci ildə Səfəvi ordusu Moğol imperiyası tərəfindən işğal edilmiş Qəndəharı geri qaytarmaq üçün Əfqanıstan ərazisinə daxil oldu. Yüksək döyüş ruhu və qətiyyət nümayiş etdirən Səfəvi əsgərləri qısa müddətdə Qəndəharı düşməndən təmizlədilər. Rusiyanın moğollarla yaxınlaşmasının qarşısını almaq üçün II Abbas ağıllı diplomatik gediş edərək hakimiyyətdən salınmış özbək hakimi Məhəmməd Nadiri yenidən taxta çıxardı.Beləliklə, özü üçün Məhəmməd Nadirin simasında yeni geosiyasi müttəfiq və vacib tərəfdaş qazandı.
II Şah Abbasın hakimiyyəti dövründə ölkədə surətli vüsət alan quruculuq işləri aparılmışdır. Ancaq II Şah Abbasın dövründə ölkənin maraqlarına zərbə vuran bir sıra hadisələr də baş vermişdi. Məsələn, onun dövründə xeyriyyəçilik pərdəsi altında Səfəvi dövlətinin ərazisində çox sayda katolik missionerləri məskunlaşmışdı. Avropa ölkələrinin Şərqdə müstəmləkə ərazilərinin genişlənməsində ticarət adamları ilə yanaşı, xristian kilsəsi də fəal iştirak edirdi. XVII əsrin əvvəllərindən Hindistanda ingilislərin möhkəmlənməsi qonşuluqda yerləşən Səfəvilər dövlətində də, xristian missionerlərin fəaliyyətinin güclənməsinə gətirdi. XVII əsrin ikinci yarısında katolik missionerləri İsfahanda, Naxçıvanda, Təbrizdə, Şamaxıda xristian-yezuit məktəbləri yaratmışdılar. Səfəvilər dövlətində xristian missionerlər təkcə ermənilər, gürcülər, aysorlar və s.xristianlar arasında katolik kilsə təliminin təbliği ilə məşğul olmur,eyni zamanda bütün imperiya ərazisində çoxsaylı casuslara malik böyük kəşfiyyat şəbəkəsini yaratmaqla məşğul idilər. Onların başlıca niyyəti Səfəvi sarayında güclü anti-Osmanlı mühiti yaratmaq və iki müsəlman dövləti arasında müharibəni alovlandırmaqdan ibarət idi. Bu vəzifənin həyata keçməsində missionerlər daha çox ermənilərdən istifadə edirdilər.Lakin II Şah Abbasın İsfahan ermənilərini paytaxt İsfahandan sürgün etdikdən sonra missioner təşkilatları öz fəaliyyətlərində yerli xristian əhali arasında katolisizmin təbliği ilə kifayətlənməli oldular.
Şah II Abbas 1666-cı ildə, 33 yaşında vəfat etmişdir.Onun ölümündən sonra hakimiyyətə böyük oğlu Sәfi Mirzә gəldi. Оnun tахtа çıхmаsındаn еlә dә çох vахt kеçmәmişdi ki, о, аğır хәstәlәndi vә bu хәstәlik bir ildәn çох çәkdi. Bundаn әlаvә Səfəvi dövlətindә әhаlinin iqtisаdi vәziyyәti vә mәişәt şәrаiti çох pislәşdi, nəticədə ölkədə tаun хәstәliyi yаrаndı. Sаrаyın münәccimi vәziyyәtin bеlә оlmаsını tаcqоymа mәrаsiminin uğursuz bir vахtdа kеçirilməsi ilə izah etdi. Buna görə Sәfi Mirzә “dаhа yахşı bir vахtdа” tәkrаrən tacqoyma mәrаsimi kеçirdi və özünə Süleyman adı götürdü.Şah Süleyman (II Sәfi) 1667-1694 illərdə ölkəni idarə etmişdir.
Şah Süleymanın xarici siyasətində güclənməkdə olan Rusiya ilə əlaqələr xüsusi yer tutur. Səfəvi dövləti ilə Rusiya arasında olan münasibətlər siyasi marağa və qarşılıqlı iqtisadi əlaqələrə əsaslanırdı. Rusiya dövləti Azərbaycana öz mallarının əlverişli satış bazarı kimi baxırdı və digər dövlətlərin Azərbaycanla ticarət etməsinə qısqanclıqla yanaşırdı. Hələ XVII əsrin ortalarından rusların Şimali Qafqazda ekspansiyası artmışdı və onlar burada bir sıra qalalar tikməyə başlamışdılar ki, bu da Səfəvi-Rusiya münasibətlərində gərginliyə səbəb olmuşdu. Səfəvi - Rusiya münaqişələri iki ölkə arasında müqavilə bağlanması ilə başa çatdı. 1667-ci ildə bağlanan bu müqaviləyə əsasən Rusiya qızılbaş ipəyini Həştərxan vasitəsilə Moskvaya və Qərbi Avropaya daşımaq hüququnu inhisara aldı. Bu müqaviləyə görə ruslara gömrüksüz ticarət etmək hüququ, qonaq evlərində və ticarət məntəqələrində imtiyazlar verildi. Şah Süleymanın fərmanında yerli hakimlərə tapşırmışdı ki, rus tacirlərinə xüsusi ehtiram göstərsinlər.
XVII əsrin II yarısında Xəzəryanı bölgələrə soxulmuş Don kazaklarına qarşı mübarizə Azərbaycanın siyasi həyatında əhəmiyyətli yer tuturdu. Rusiya dövləti də nəyin bahasına olursa-olsun Volqa-Xəzər su yolunu kazakların basqınlarından qorumağa çalışırdı.
“Kazak” sözü türk dilindən götürülmədir və “qaçaq” mənasında işlədilir.Çar hökumətindən narazı olanlar ölkənin ucqarlarına, xüsusən də Azov-Don ərazilərinə qaçır, orada tacirlərə, hökumət adamlarına, əhaliyə qarşı soyğunçuluqla məşğul olurdular. 1631-ci ildən başlayaraq rus kazak dəstələri dəniz vasitəsilə Xəzəryanı şəhərlərə (Dərbənddən Mazandarana qədər) basqınlar edir, dəniz ticarətinə mane olurdular.
1666-cı ildə Donda kazakların üsyanı başladı. Üsyana başçılıq edən Stepan Razin 1667-ci ilin mayında Volqaya çataraq, həmin il iyulun əvvəllərində Xəzər dənizinə çıxdı. 1668-ci ilin yayında S.Razin kazakların digər atamanı S.Krivoyun dəstəsi ilə birləşərək, 40 qayıqda 2 min nəfərlə Dərbənd sahilinə çıxdı, Niyazabad, Şabran qarət edildi. Bakıya irəliləyərkən yolda müqavimətə rast gəlib, Maştağaya döndü. 150 nəfər əsir götürdülər, 7 min qoyun ələ keçirdilər. Sonra Xəzərin cənub sahillərinə, Gilana, Rəştə basqınlar etdilər.
XVII əsrin II yarısında Volqa-Xəzər su yolu, həmçinin Azərbaycandan keçən quru ticarət yolu ölkələrarası əhəmiyyətini saxlayırdı. Bu dövrdə Azərbaycanla Rusiya arasında yaranmış qonşuluq münasibətləri, Azərbaycan mallarının Rusiya və Avropa ölkələrinə daşınması, ticarət əlaqələrinin güclənməsi hər iki tərəfə böyük iqtisadi səmərə verirdi. Buna görə 1667-ci ildə Rusiya ilə Səfəvilər dövlətləri arasında imzalanan müqavilədə həmşinin Stepan Razinə qarşı mübarizədə səyləri birləşdirmək qərara alındı.
Moskva hökmdarları İngiltərənin Səfəvilər dövləti hüdudlarında nüfuz qazanmasına qısqanclıqla yanaşır, Osmanlı imperiyası ilə Səfəvilər dövləti arasında gərginliyin daim qalmasına can atırdılar. Rusiya çarları Xəzər dənizinə Şərq ölkələrinə müdaxilə üçün əsas vasitə kimi baxırdılar. Ruslar necə olursa-olsun Xəzər hövzəsində möhkəmlənməyə can atırdılar.
Öz sələfləri kimi Borçalıya xüsusi önəm verən Şah Süleyman 1674-cü ildə yenidən Qaxetə qayıdan İraklini yanına çağırtdırdı.Şahın İraklini Qaxetə hakim təyin edəcəyindən qorxuya düşən