Azərbaycan tarixi



Yüklə 0,62 Mb.
səhifə121/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   117   118   119   120   121   122   123   124   ...   269
Azərbaycan tarixi mühazirə

Xalq üsyanları. Səfəvilər dövləti Azərbaycanın sosial-iqtisadi və siyasi həyatına böyük yeniliklər gətirsə də, xalq kütlələrinin həyatını yaxşılaşdıra bilmədi. Şah bir sıra vergiləri azaltdı, I Təhmasib rəiyyətin 10-15 il yığılıb qalmış vergilərini ləğv etdi. Lakin az sonra vergilər yenidən artırıldı. Feodal zülmü, vergilərin ağırlığı, XVII əsrin ikinci yarı­sında üsyanlara səbəb oldu. 1667-ci ildə Çuxursəddə qacar və bayat tayfaları maaşların ödənilməməsinə görə qiyam qaldırdılar.Üsyanlardan ən böyüyü Təbriz sənətkar və yoxsul­larının 1672-1673-cü illərdəki üsyanı idi. Darğa Allahqulu bəy Ustaclının zülmü üsyan üçün bəhanə oldu. Şahın göndərdiyi qoşun onlara divan tutub üsyanı yatırdı, şəhər meydanında 150 nəfər edam edildi. Hakimiyyət bəzi güzəştlərə də getməyə məcbur oldu: sənətkarların vergi borcları bağışlandı, Təbriz əhalisi divan vergisindən azad oldu, şəhər vergi toxunulmazlığı hüququ aldı.


11.6.XVI-XVII əsrlərdə Azərbaycan mədəniy­yəti, Azər­baycan intibah mə­dəniyyəti yüksəliş mərhələsində

XVII əsrin əvvəllərində Səfəvi-Osmanlı müharibələri zamanı Azərbaycan elmi böyük itki verdi. Onun çox nüma­yəndələri məhv edildi, çoxları İran şəhərlərinə köçürüldü.


Azərbaycan alimləri əsrin ikinci yarısında Səfəvi imperiyasının bir sıra elm sahələrinə yeni istiqamət verdilər.Bu dövrdə Mirzə Məhəmməd Təbrizi, Molla Mömin İman, Molla Əliqulu Xalxali, Molla Vaqif Xalxali, Nəcibəddin Rza Təbrizi, Mövlanə Rəcəbəli Vahid Təbrizi və b. kimi ölkə­nin mədəni həyatının ön səhnəsinə çıxan alim və şairlər yazıb yaradırdılar.XVII əsrdə Azərbaycan mədəniyyəti fars mədəniyyətilə qarşılıqlı əlaqədə inkişaf edirdi. XVII- XVIII əsrlərdə məktəb və maarifi ruhanilər idarə edirdilər. Yaxın Şərq ölkələrində olduğu kimi, Azərbaycanda da uşaqlar təhsili məscidlərin nəzdində təşkil edilmiş məktəblərdə alırdılar. Məktəbə davamiyyət 10 yaşdan başlayır və bütün gənclik illərini əhatə edirdi. Təhsilin davam etdirilməsi birbaşa maddi imkanlardan, həmçinin, şagirdin meyl və qabiliyyətindən asılı idi. Orta məktəb mədrəsə adlanırdı. Mədrəsələrdə tibb, fəlsəfə, astronomiya, ədəbiyyat və digər elmlərin ayrı-ayrı nümayən­dələri mühazirələr oxuyurdular.
XVII əsrin ortalarında Azərbaycanda olan Evliya Çələbi yazırdı ki, təkcə Şamaxıda 40 ibtidai və 7 orta məktəb vardı. Şah Səfi tərəfindən tikdirilmiş məscidlərin nəzdində çox­lu ayrıca otaqlar-hücrələr vardı, orada tələbələr yaşayırdılar. Həmin səyyahın hesabla­masına görə, o vaxta qədər Təbrizdəki ibtidai məktəblərin sayı 600, orta məktəblərin sayı 47-yə çatırdı. Evliya Çələbiyə görə, məktəblər abad idi. Burada dünya şöhrətli alimlər elmin müxtəlif sahələrini tədris edirdilər. Onlardan Mirzə Məhəmməd Məczuba Təbrizi (1657-1658), İman təxəllüslü Molla Mömin, Mir Əli Nağı Ərdəbili, Mövlana Ələkbər Şirvani, Molla Əliqulu Xalxali, Mirzə İbrahim Ordubadi və s. xüsusilə fərqlənirdilər.
XVII əsrdə Azərbaycanda maarif əsas etibarilə şəhər əhalisi arasında yayılırdı. Kəndli kütlələrinin böyük əksəriyyəti elm və təhsildən kənarda qalırdı. Azərbaycan şəhərlərinin hər məhəlləsində bir neçə məktəb var idi, kənd yerlərində bir məktəb bir neçə kəndə xidmət edirdi. Dövlət bürokratiyası və divanın məmur kadrları bir qayda olaraq şəhər­lərdə gənclərdən hazırlanırdı. Onların içərisində kəndli gənclər cüzi idi.
Azərbaycan dili bütün Səfəvi imperiyasında, xüsusilə, hakim sinfin içərisində geniş yayılmışdı. Səyyahlar göstərirdilər ki, XVII əsrdə şah sarayında, həmçinin, adlı-sanlı adamların ailələrində Azərbaycan dilində danışırdılar. J.Şarden Azərbaycan türk dilini hakim dil adlan­dırırdı. Bu vaxt Azərbaycan türkçəsi "saray dili" adlanırdı, bütün əyan­lardan bu dili kamil bilmək tələb olunurdu. Azərbaycan türkcəsi Səfəvilərin doğma dili idi. Bunu müasir İran tarixçiləri də etiraf edirlər. “1617-ci ildə Şah I Abbasla danışıqlar aparmış italyan diplomatı Tetro Della Balle yazır ki, “İranda farscadan daha çox türkcə, yəni Azərbaycan dilində danışırlar... Şah mənimlə danışıqları da türk dilində (Azərbaycan dilində) aparır, sonra da ətrafındakılara farsca izah edirdi” (Bax: Petro Dello Ballenin səyahətnaməsi. Tehran.1346.Fars dilinə tərcümə edən Şücaəddin Şəfa. səh. 87-88, 239 və s.). Bu vaxt türk dillərinə mənsub olan orijinal, zəngin Azərbaycan dilində xeyli poetik və nəsr əsərləri yarandı. Mənbələr göstərir ki, II Şah İsmayıl Sani təxəllüsü ilə Azərbaycan dilində şeir yazırdı.
XVII əsrdə fars ədəbiyyatı tənəzzül dövrü keçirirdi. XVI- XVII əsr Azərbaycan şairlərinin səciyyəvi xüsusiyyəti ondan ibarət idi ki, onlar əsərlərinin əksəriyyətini Azərbaycan türk dilində yazsalar da, fars dilində də yaradırdılar.
XVII əsrin ortalarında ən istedadlı şairlərdən biri Qövsi Təbrizi idi. O, azadlıq və vətənə məhəbbət ideyasını böyük ustalıqla vəsf etmiş­dir. Onun divanının əlyazması Gür­cüstan və Britaniya müzeylə­rində saxlanılır.
Saib Təbrizi (1601-1677) Təbrizdə doğulmuş və ibtidai təhsilini orada almışdır. XVII əsrdə yaşamış azərbaycanlı Vəliqulu Şamlı qeyd edirdi ki, I Abbasın göstərişi ilə Saibin ailəsi təbrizlilərin kütləvi sürgünü vaxtı İsfahanda yerləşdirilmişdi.
XVII əsr Azərbaycan və fars şairləri içərisində Saib Təbrizi layiqli yer tutur. Evgeniy Bertels S.Təbrizini XVII əsrin “Hafizi” adlan­dırmışdır.
Tərzi Əfşar XVII əsrin əvvəlində Urmiya ətrafında yerləşən Tərzi kəndində doğul­muş, öz obasında təhsil almış və İsfahanda təhsilini davam etdirmişdi. Ağır ehtiyac içərisində olmasına baxmayaraq, şair təhsilini təkmilləşdirmiş, Azərbaycan və fars dillərində şeir yazmışdır. Şeirlərində Təbriz mövzusu geniş yer tutur. Buna görə də, Y.E.Bertels onun təbrizli olduğunu ehtimal edir. Tərzi bir neçə dəfə Şamaxıda və Gəncədə olmuş, Azərbaycanın böyük şairi Nizami Gəncəvinin vətənini yüksək qiymətləndirmişdi. Tərzi Əfşarın irsi XVII əsrdə Azərbaycanın və bütün Səfəvi dövlətinin sosial-iqtisadi-siyasi və mədəni həyatını öyrənmək baxımından dəyərlidir.
Məşhur Azərbaycan rəssam-minatürçüsü və filosofu Sadıq bəy Əfşar (1533-1612) Təbrizdə doğulmuş, Müzəffər Əlinin yanında rəssamlıq təhsili almışdı. Azərbaycan ədəbi dilində yazdığı "Təzkireyi məcmə ül-xəvvas" (“Seçilmişlərin təzkirəsi”) adlı əsərində Azərbaycan şairləri haqqında dəyərli məlumat vermişdir.
XVII əsr Azərbaycan xalq poeziyasının ən görkəmli nümayən­dələrindən biri Tufarqanlı Aşıq Abbasdır. XVII əsrin əvvəllərində yaşayan Abbasın həyat və yaradıcılığı barədə natamam məlumat qalmış­dır. Doğma Azərbaycan, xüsusilə, Təbriz, Dərbənd, Tufarqan şəhərləri onun yaradıcılığında xüsusi yer tutur. Qoşma, gəraylı, divani, müxəm­məs və s. yazmışdır. Yaradıcılığında ictimai bərabərsizlikdən, dövrandan şikayət, dərd və kədər motivləri ilə yanaşı, zülm və haqsızlığa qarşı etiraz, xalqı birliyə və mübarizəyə çağırış ruhu da öz əksini tapmışdır.
Sarı Aşıq XVII əsrdə yaşayıb yaratmışdır. Onun bayatıları qeyd kitabçalarının ayrı-ayrı səhifələrində kiçik parçalarla birgə dövrü­müzədək gəlib çatmışdır. Sarı Aşıq haqqında ilk məlumatı XIX əsrin təzkirəçisi Qaradaği verir və qeyd edir ki, Sarı Aşıq Cənubi Azərbay­canın Qaradağ mahalındandır. Sonralar o, Zəngəzur mahalının Güləbürd kəndinə köçmüşdü (indiki Laçın rayonu). Haqq Aşığı, Qərib Aşıq adları ilə tanınan Sarı Aşıq gözəl bayatılar ustası idi. Yaradıcılığında əsas yer tutan aşiqanə şeirlərində vüsal həsrəti təbii və təsirli ifadə edilmişdir. Bir sıra bayatılarında həyatdan narazılıq, şikayət, kədər motivləri də əksini tapmışdır. Sarı Aşığın yaradıcılığı öz səmimiliyinə, xalqa yaxınlığına görə cəlb­edicidir. Onun irsi məhəbbətlə qorunmuş, nəsildən-nəslə ötürülmüşdür.
Tarixi hadisələr və XVII əsrdə Azərbaycan xalqının azadlıq mübarizəsi məhəbbətlə dildən-dilə keçən xalq dastanlarının yaradılması üçün əsas mövzu olmuşdu. Dastanlarda xalq kütlələrinin arzusu, istəyi, kin-küdurəti, hakim feodallara, yadellilərə qarşı əda­lət­li müba­ri­zədə onların mərdliyi və hünəri tərənnüm edilmişdir. Bu dastanlar içərisində "Koroğlu" qəhrəmanlıq dastanı xüsusi yer tutur. "Koroğlu" dastanı Azərbaycanda xalq hərəkatı salnaməsinin ən parlaq səhifə­lərindən birini əks etdirilir və XVII əsrin ən gözəl əsərlərindən biri­dir.XVII yüzillikdə Azərbaycan dastanları içərisində "Şəhriyar və Sənu­bər" dastanı görkəmli yer tutur. Dastan Azərbaycan nəsrinin ən gözəl nümunəsini təmsil edir.
Məşhur xəttat, I Abbasın kitabxanasının müdiri Əli Reza Təbrizi böyük nəqqaş-miniatürçü, Təbriz miniatür məktəbinin ənənələrinin görkəmli davamçılarından biri idi.



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin