Qaçaq Nəbi. Zəngəzur və Naxçıvan qəzasında qaçaq dəstələrindən birinə Nəbi başçılıq edirdi. Nəbi atasını döyən bəyi əzişdirmiş və 1890-cı ildə katorqaya göndərilməklə cəzalandırılmışdır. O, həbsxanadan qaçaraq bəylərə və hökumət dairələrinə qarşı silahlı mübarizəyə başlamışdı. Arvadı Həcər, qardaşı Mehdi də onun dəstəsində vuruşurdu. Nəbinin dəstəsi tez-tez yerini dəyişərək Cənubi Azərbaycana keçir, oradakı kəndlilərə də kömək edirdi. 1896-cı ildə Nəbi Kərbəladan qayıdarkən Cənubi Azərbaycanda Larni kəndində çarizmin muzdlu nökərləri tərəfindən öldürüldü.
Qaçaq Kərəm. Qaçaq hərəkatının məşhur nümayəndələrindən biri Qaçaq Kərəm idi. O, Qazax qəzasının Qıraq Kəsəmənli kəndində anadan olmuşdur. Atasının intiqamını aldıqdan sonra qaçaqlara qoşulmuş və tezliklə onların başçısı olmuşdu. Hökumət dairələri, xan və bəylər onu daim təqib edirdilər. Ona görə Qaçaq Kərəm tez-tez yerini dəyişməyə məcbur olurdu. O, gah Gürcüstana, Şimali Qafqaza, gah da Türkiyə və İran ərazisinə keçməyə məcbur olurdu. 1885-ci ildə “Narodnaya volya” jurnalı yazırdı ki, məşhur Qaçaq Kərəm bütün Cənubi Qafqaza qənim kəsilmişdir. O, 1909-cu ildə Tehranda vəfat etmişdir. Xalq Qaçaq Nəbi və Qaçaq Kərəm haqqında dastanlar yaratmışdır.
16.4. Azərbaycan millətinin təşəkkül tapması. Azərbaycan millətinin təşəkkülü XIX əsrin 60-70-ci illərində Şimali Azərbaycanda həyata keçirilən buryua islahatlarının nəticəsi kimi dəyərləndirilməlidir. Belə ki, bu islahatların həyata keçirilməsi sənayedə və kənd təsərrüfatında kapitalizm münasibətlərinin formalaşmasına gətirdi ki, o da öz növbəsində iqtisadi, mədəni mərkəzlərin yaranmasına və yüksəlişinə, ümumi bazarın və vahid iqtisadi orqanizmin yaranmasına, cəmiyyətin sosial tərkibinin əsaslı dəyişməsinə, Azərbaycan əhalisinin vahid ərazi, dil, dini-mədəni dəyərlər, şüur və psixologiya ətrafında birləşməsinə imkan verdi. Bütün bu sadalanan proseslər Azərbaycan millətinin təşəkkülünün ilkin obyektiv şərtləri oldu.
Azərbycan millətinin təşəkkülü prosesi özünəməxsus şəraitdə gedirdi və bu özünəməxsusluq Azərbaycan ərazilərinin iki dövlət – Rusiya imperiyası və İran Qacarlar dövləti arasında bölüşdürülməsində idi.
Rusiyanın Şimali Azərbaycanı işğal etməsi burada feodal ara müharibələrinə son qoydu, Şimali Azərbaycan Rusiya iqtisadi, mədəni və siyasi sisteminə cəlb edildi. Şimali Azərbaycanda müxtəlif təsərrüfat sahələri inkişaf etsə də, təsərrüfat, inzibati, siyasi baxımdan ölkə Rusiya imperiyası tərkibində dağınıq hala salınmışdı və vahid sistem kimi çıxış edə bilmirdi ki, bu da Azərbaycan millətinin formalaşmasına əngəl yaradan amillərdən biri idi.
XIX əsrin ikinci yarısında Şimali Azərbaycanda qapalı natural təsərrüfat sistemi dağılır, ictimai islahatların sferası və həcmi artırdı. Kapitalizmin inkişafı, Şimali Azərbaycanın qismən dünya bazarına cəlb edilməsi onun iqtisadi birliyinin təşəkkülünə təkan verdi.
Şimali Azərbaycan iqtisadiyyatında ən aparıcı sahə - neft sənayesi sürətlə inkişaf edir və bu inkişaf özü ilə bərabər başqa sahələrin də inkişafına şərait yaradırdı. Bakı şəhəri kiçik bir yaşayış məntəqəsindən Rusiya imperiyasının böyük sənaye və mədəniyyət mərkəzinə çevrildi. Şəhərin əhalisinin sayı sürətlə artdı, əhalinin tərkibi dəyişdi, şəhərin mədəni görkəmində də əsaslı dəyişikliklər baş verdi. XIX əsrin ikinci yarısında Bakı Azərbaycan millətinin təşəkkülünün mərkəzinə çevrildi.
Neft sənayesinin inkişafı nəqliyyatın, rabitənin inkişafını sürətləndirdi. Dəmir yolları çəkildi, dəniz nəqliyyatının inkişafı, boru-kəmər nəqliyyatından istifadə, teleqraf və telefon xətlərinin çəkilişi, kənd təsərrüfatının ixtisaslaşması, onun bazara yönəldilməsi – bütün bunlar elmin, maarifin, mədəniyyətin inkişafını tələb edirdi.
Kapitalist münasibətlərinin inkişafı milli burjuaziyanın – azərbaycanlı olan iri kapital sahiblərinin formalaşmasına gətirdi. Məhz H.Z.Tağıyev, M.Nağıyev, M.Muxtarov və sair kimi azərbaycanlı kapital sahibləri, ticarətçilər, sənayeçilər formalaşmaqda olan Azərbaycan millətinin aparıcı qüvvəsinə çevrildilər.
Şimali Azərbaycanın kənd təsərrüfatında da keyfiyyətcə yeni münasibətlər formalaşırdı. Kəndli təbəqəsi əsrlik ətalətdən çıxır, kənd əhalisində struktur dəyişiklikləri baş verirdi. Kapitalist münasibətləri kəndin natural təsərrüfatını dağıdıb yeni, daha mütərəqqi burjua münasibətlərinin inkişafına təkan verdi, kənddə yeni təbəqələr – kənd burjuaziyası (qolçomaqlar) və kənd fəhlələri formalaşdı.
Azərbaycan kəndində əmtəə - pul münasibətlərinin inkişafı köhnə dayaqları dağıdır, quberniyalar, qəzalar, mahallar və kəndlər arasınnda əlaqələri möhkəmlədir, kəndi daimi iqtisadi əlaqələrə cəlb edirdi ki, bu da Azərbaycan millətinin təşəkkülü prosesinin ümumi xarakter daşıdığını göstərirdi.
İqtisadi birliklə yanaşı, Azərbaycan millətinin təşəkkülünü xarakterizə edən əlamətlərdən biri – Azərbaycan dilinin xalqın ümumi ünsiyyət dili olaraq qalması idi. Çar Rusiyasının apardığı ruslaşdırma siyasətinə baxmayaraq, Azərbaycan xalqı assimilyasiyaya uğramadı, öz ana dilini qoruyub saxladı.
Milli dilin inkişafında ədəbi dillə xalq danışıq dilinin bir-birinə yaxınlaşmasında 1875-ci ildən nəşr olunan “Əkinçi” qəzetinin və dahi mütəfəkkir M.F.Axundovun əsərlərinin böyük rolu olmuşdur. İqtisadi birlik, milli bazarın tələbatından irəli gələrək Azərbaycan dilinin lüğət tərkibi getdikcə zənginləşir, onun istifadə dairəsi genişlənir, o ümummilli və vahid dilə cevrilirdi.
Millətin mühüm əlamətlərindən biri milli mədəniyyətin, milli şüurun və mentalitetin (milli psixologiyanın) özünəməxsus ümumiliyidir. Milli mədəniyyətin spesfikliyi özünü Azərbaycan xalqının vərdişlərində, adət və ənənələrində, məişətində özünü göstərirdi. Xalqımızdan miras qalan milli keyfiyyətlər - əməksevərlik, azadlıqsevərlik, mərdlik, qonaqpərvərlik, böyüklərə hörmət, xeyirxahlıq, yoldaşlıqda və dostluqda sədaqət ümummilli xarakter daşıyırdı.
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin ədəbi və elmi publisistik fəaliyyəti, Azərbaycan teatrının, mədəni-maarif müəssisələrinin yaranması, maarifdə, incəsənətdə, musiqidə, xalq yaradıcılığında yeni əlamətlərin meydana gəlməsi digər xalqların mədəniyyətinə geniş maraq Azərbaycan xalqının oyanmaqda olan milli şüurunu xarakterizə edən əlamətlər idi.
Azərbaycanın liberal-burjua baxışlı nümayəndələri – Əli bəy Hüseyzadə, Əhməd bəy Ağayev,Əlimərdan bəy Topçubaşov və sair Azərbaycan xalqını elmə və maarifə çağırırdılar.
1828-ci ildə Azərbaycan xalqının parçalanması ilə Azərbaycan ideyasına güclü zərbə dəydi. Çar Rusiyasının işğal etdiyi ərazilərdə yaşayan Azərbaycan əhalisi “tatar”, “müsəlman” kimi adlandırıldılar. “Azərbaycan” termini Arazdan şimala aid edilmədi. Ancaq “Azərbaycan” məfkurəsi xalqın yaddaşından silinmədi və milli ziyalılarımız Azərbaycan ideyasını yaşatdılar. İlk dəfə olaraq, M.F.Axundov öz əsərlərində “millət” anlayışını işlətmiş, 1880-ci illərdə nəşr olunan “Kəşkül” qəzetinin 115-ci sayında isə onun ilk dəfə “Azərbaycan milləti” anlayışını işlətdiyi yazısı dərc edilmişdir.
1891-ci ildə tanınmış publisist Məhəmməd ağa Şaxtaxtlı “Kaspi” qəzetində “Zaqafaziya müsəlmanlarını necə adlandırmalı?” adlı məqalə dərc edərək Cənubi Qafqaz müsəlmanlarının Azərbaycan türk milləti olduğunu yazmışdır.
Xalqın milli şüurunu oyatmaq məqsədilə 1891-ci ildə Kamal Ünsüzadə “Azərbaycan” adlı qəzet təsis etmək istəsə də, çar hökumət dairələri buna icazə vermədilər.
Beləliklə, XIX əsrin ikinci yarısında azərbaycanlıların bir millət kimi formalaşması prosesi gedirdi. XX əsrin əvvəllərində azərbaycançılıq ideyasını siyasi doktrina kimi siyasi müstəviyə çıxaran gənc M.Ə.Rəsulzadə oldu.
Ancaq millətin formalaşmasını ləngidən əngəllər də mövcud idi. Bunlar bəzi qəzaların kapitalist inkişafı axınından kənarda qalması və ucqarlarda hələ də köhnə ictimai-siyasi münasibətlərin hegemonluğu, milli burjuaziyanın formalaşmasında çarizmin apardığı mürtəce siyasət – daha çox qeyri-azərbaycanlı kapital sahiblərinə qəyyumluq etməsi, ana dilində təhsilin yayılmasına yaradılan əngəllər, Şimali Azərbaycanla Cənubi Azərbaycan arasında iqtisadi-mədəni əlaqələrin minimuma endirilməsi və ciddi nəzarətdə saxlanılması, eyni məzmunlu siyasətin İran şahı tərəfindən Cənubi Azərbaycana qarşı aparılması – bütün bunlar Azərbaycan millətinin təşəkkülü yolunda mövcud olan maneələr idi.