Azərbaycan tarixi


AZƏRBAYCAN MONQOL AĞALIĞI DÖVRÜNDƏ



Yüklə 0,62 Mb.
səhifə83/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   79   80   81   82   83   84   85   86   ...   269
Azərbaycan tarixi mühazirə

AZƏRBAYCAN MONQOL AĞALIĞI DÖVRÜNDƏ

Plan



1.Monqolların Azər­baycana birinci yürüşü.Xarəzmşah Cəlaləddinin Azər­bay­canı işğal etməsi.
2.Monqolların Azərbaycana ikinci yürüşü və Azərbay­canda monqol ağa­lığının başlanması.
3.Monqoların Azəbaycana üçüncü yürüşü və Azərbaycan Elxani­lər (Hü­lakilər) dövlətinin tərkibində.
4.XIII -XIV əslərdə Azərbaycanın iqtisadi həyatı.
9.1. Monqolların Azər­baycana birinci yürüşü. Xarəzmşah Cəlaləddinin Azər­bay­canı işğal etməsi.


Monqolların Azərbaycana birinci yürüşü. XII əsrin ikinci yarısında Mərkəzi Asiyada yaşayan monqol tayfalarında əmlak bəra­bərsizliyi yaranmış, əhali müxtəlif təbəqələrə bölünmüşdü. Monqollar tayfa başçılarına “xan”, formalaşmaqda olan feodallara “noyon”, onların döyüşçülərinə isə “nökər” deyirdilər. Sadə kəndlilər “qaraçı” adlan­dırı­lırdı. Müxtəlif monqol tayfaları arasında hakimiyyət uğrunda gedən qanlı mübarizə Temuçinin başçılıq etdiyi qınıq tayfasının qələbəsi ilə başa çatdı və 1206-cı ildə Qaraqorumda, monqolların böyük qurultayında Temuçin “Böyük xan”, yəni monqolca “Çingiz xan” titulu aldı.
Monqollar köçəri maldarlıqla məşğul olduqlarından onlara yeni otlaqlar lazım gəlirdi və monqollar mütəmadi olaraq otlaq yerlərini dəyişirdilər. Əhalinin və mal-qaranın sayının artması yeni otlaq sahə­lərinə tələbatı artırdı və bu səbəbdən 1209-cu ildə Baykal gölü ətrafı əra­zilər, 1211-ci ildə Yakutiya-Saxanın cənub əraziləri, 1211-1215-ci illərdə Şimali Çin, bir qədər sonra Şərqi Türküstan monqollar tərəfindən ələ keçirildi. Monqollar 1219 - ildə Mərkəzi Asiyanın ən güclü dövləti olan Xarəzmşahlar dövlətini ələ keçirdilər. Xarəzmşah Məhəmməd Xəzər dənizin­dəki adalardan birinə qaçdı və orada öldü.
Çingizxan Qərb ölkələri haqqında məlumat toplamaq və Xarəzm­şah Məhəmmədi tutmaq üçün Cəbə və Subutay Bahadurun başçılığı ilə 30 minlik qoşun göndərdi. Məlum oldu ki, Məhəmməd gizləndiyi adada dünyasını dəyişmişdir. 1220-ci ilin payızında Monqol qoşunları İranın şimalından keçərək Azərbaycan sərhəddinə yaxınlaşdılar.
Monqolların birinci hücumu ərəfəsində Azər­bay­canda siyasi vəziyyət çox mürəkkəb idi. Ölkənin şimalında Şirvanşahlar, cənubunda Eldənizlər dövləti özlərinin ən ağır və böhranlı dövrünü yaşayırdı. Mara­ğada Rəvvadilərin nəslindən olan Ağsun­qurilər sülaləsi (1107-1227) hakimiyyətdə idi.
Eldənizlər dövlətini ara müharibələri bürümüşdü, hakimiy­yət uğrunda mübarizə ən yüksək zirvəyə çatmışdı. Heç bir müqavimətə rast gəlməyən monqollar tezliklə Zəncan, Ərdəbil və Sərabı ələ keçirib Təbrizə yaxınlaşdılar. Atabəy Özbək onlara qarşı çıxmayıb savaşa gir­mək­dən yayındı. Gecə-gündüz əyyaşlıq edən Özbək, adam göndərib barışıq bağladı, monqollara çoxlu pul, paltar, at, qaramal və davar bağışladı. Monqollar buradan “az soyuq və bol otlaq yeri” olan Muğana, qışlamağa getdilər. Amma dolayısına, tarixçi İbn əl-Əsirin dediyi kimi, “yolda gürcü vilayətlərinə də baş çəkdilər”. Onminlik gürcü qoşunları ilə monqollar arasında savaş gürcülərin məğlubiyyəti ilə bitdi: gürcülərin çox hissəsi öldürüldü, qalanlar qaçıb canını qurtardı. Bundan sonra gürcü hakimi IV Georgi elçi göndərib Atabəy Özbəyə monqollara qarşı ittifaq bağlamağı təklif etdi. Onlar bu ittifaqa Hilat və əl-Cəzirə hakimi Məlik əl-Əşrəfi də qoşmağı nəzərdə tuturdular.
Monqollar gürcü hakimi IV Georgi ilə Özbəyin ittifaq bağladığını eşidib 1221-ci ilin əvvələrində Gürcüstana yürüş etdilər və oranı qarət edib Azərbaycana qayıtdılar və yenidən Təbriz üzərinə gəldikdə burada kəskin dirənişlə qarşılaşdılar. Atabəy Özbək şəhərdən çıxıb Naxçıvana getmiş, ailəsini isə Xoy şəhərinə göndərmişdi. O, gürcü çarı IV Georgi ilə anlaşma bağlayıb, birgə müqavimət göstərmək istəyirdi. Bu zaman Təbrizdə bütün hakimiyyət şəhər rəisi Şəmsəddin Tuğrainin əlində idi. Onun başçılığı ilə paytaxt əhalisi monqollara qarşı yaxşı hazırlıq görüb qalanı bərkitmiş, səd və xəndəklər qurmuş, uğurla döyüşmək üçün birlik yaratmışdı. Bunu görən monqollar şəhərə girmədilər. Hər iki tərəfin razılığı ilə təbrizlilərdən pul və paltar alıb oradan ayrıldılar.
Təbrizdən sonra monqollar qəflətən Marağaya hücum edib oranı qarət etdilər, Həmədanda baş verən üsyanı yatırdıqdan sonra Ərdəbili dağıtdılar və yenidən Təbrizə yaxınlaşdılar. Üçüncü dəfə Təbriz əhalisin­dən xərac aldıqdan sonra monqollar Beyləqana hücum etdilər. Bütün əhali şəhərin müdafiəsinə qalxdı. Monqollar şəhəri güc ilə ala bildilər. Burada da əhalini bütünlüklə, yenicə doğulmuş körpələri, qadın və qocaları belə qılıncdan keçirdilər. Beyləqanı və ətraf torpaqları dağıt­dıqdan sonra Gəncə üzərinə yollan­dılar. Ancaq “şəhər əhalisinin çox­luğunu, şücaətini, gürcü­lərlə olan savaşda kişilik və qoçaqlıq göstərmiş olduqlarını və bu şəhərin olduqca mohkəmliyini bildikləri üçün” ona yaxın getməyib pul almaqla kifayətləndilər.
Gürcüstana zərbə endirdikdən sonra monqollar Dəryal dərəsi ilə Qafqazın şimalına çıxmaq fikrindən daşınıb yenə Gürcüstana döndülər. Gürcüstandan sonra monqollar Şamaxını mühasirəyə alıb döyüşə başladılar. Şirvanşah şəhərdən qaçdı, şəhərin müdafiəsini əhali özü təşkil etdi. Tarixçi ibn əl-Əsir yazır ki, əhali “qılınca sarılmaq vaxtıdır, bizə qılıncdan qurtuluş yoxdur, səbr etmək və şərəflə ölmək hər şeydən yaxşıdır” deyərək müqavimət göstərdi. Üçgünlük döyüşdən sonra monqollar şəhəri tutub qarət etdilər və dağıtdılar.
Şamaxıdan sonra monqollar Dərbəndə yaxınlaşdılar. Dərbəndin alınmaz qala olduğunu bilən monqollar bir nəfər dərbəndlinin bələdçiliyi ilə gizli dağ aşırımından keçərək Şimali Qafqaza yollandılar.
Monqolların Şimali Qafqaza yaxınlaşması ərəfəsində aralarında ciddi ixtilaflar olduğuna görə yerli qıpçaq və alanlar (osetinlər) qüvvə­lərini birləşdirə bilmədilər. Qıpçaq­ların rus knyazlarına müra­ciətləri də əməli nəticə vermədi. Yalnız bir neçə rus knyazlığı qıpçaqlarla müttəfiq­liyə razılıq verdi. 31 may 1223-cü il tarixində Kalka çayı üzə­rində mon­qollar qıpçaqları və onların müttəfiqlərini darmadağın etdilər. Həmin ilin yayında Azərbaycan qıpçaq dəstələrinin hücumuna məruz qaldı. Rus-qıpçaq qoşunlarını məğlub etdikdən sonra monqollar şimala, Volqa sahillərinə yollandılar. Burada onlar Bulqar dövlətinin qoşun­larından ağır zərbə aldıqdan sonra Qazaxıstan çöllərindən keçərək Monqolustana qayıtdılar.
Beləliklə, monqolların Azərbaycana birinci yürüçü 1222-ci ildə başa çatdı. Monqollar iki ili (1220-1222) Azərbaycanda olub buranı qarət etdilər. Monqolların Azərbaycanda hərbi uğurlarının əsas səbəbi daxili feodal çəkişmələri və vahid mərkəzi dövlətin olmaması idi. İlk monqol yürüşü kəşfiyyat xarakteri daşıyırdı. Bu hücum Azərbaycanın ictimai-iqtisadi, siyasi və mədəni həyatına böyük zərbə vurdu, feodal özbaşınalığını daha da artırdı. Birinci yürüş zamanı Marağa, Beyləqan, Şamaxı şəhərləri daha çox ziyan çəkdi. Lakin monqollar Azərbaycanda möhkəmlənmədilər. Tarixi ədəbiyyatda bu yürüş qərb ölkələrinə “kəşfiyyat yürüşü” adlandırılır və mahiyyət etibarı ilə gələcək monqol işğallarının “coğrafi xəritəsi”nin təyin edilməsinə xidmət edirdi.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin