DÖŞƏMƏ DAYAQLARI (tripod) – Səyyar işıq cihazlarının çoxunun qatlanan döşəmə dayaqlarına bərkidildiyi qurğu. D.d. çox vaxt yüngül alüminium qatışıqlarından hazırlanır və işıq avadanlığının yetərli dayanaqlılığını təmin edir. Bu dayaqları açıb-qaldırmaq mümkün olduğundan işıq cihazlarının qoyulma hündürlüyünü və buna uyğun şəkildə işığın düşmə bucağını tənzimləmək olur.
DÖŞƏMƏ ŞTATİVİ (tripod mount/stacker)– Üçayaq tipli oturacağı olan qurğu. Bəzən təkərləri və «durna»sı da olur. Bu ştativlər mikrofonu danışana tərəf yönəltməyə, tuşlamağa, irəli çıxarmağa və dayandığı yerdən uzatmağa imkan verir. Belə ştativlər, əsasən, telefilm çəkilişində kara gəlir, çünki çəkilişlərdə aktyorların yerdəyişmələri ciddi nəzarətdə saxlanılır və onlar çəkiliş meydançasının nisbətən kiçik hüdudları ilə kifayətlənməli olurlar.