TERMİNAL (terminal) – Hesablama sisteminin tərkibində informasiyanın daxil edilməsi və çıxarılması üçün qurğu. T.-ın köməyi ilə zəruri tədris materialı və müvafiq illüstrasiyalar TV ekranına çıxarılır.
TERMİNATOR (terminator) – Kompüterdə açıq kabellərə şəbəkənin qoşulması üçün, yaxud torpaqlama məqsədi ilə istifadə olunan qurğu.
TERMİNOLOGİYA (terminology) – Bu və ya digər bilik, elm, yaxud əməli fəaliyyət sahəsində (o cümlədən kino, TV və radioda) işlədilən terminlərin məcmusu. T. dilin lüğət tərkibinin daha sürətlə inkişaf edən hissəsidir. Hər bir terminoloji sistem elm və texnikanın, iqtisadiyyat və mədəniyyətin müasir inkişaf səviyyəsinə uyğun olmalıdır.
TEZİS (thesis) – 1) Əsaslandırılmalı, sübut edilməli olan müddəa, fikir; 2) TV və radio ilə çıxış, məruzə və mühazirənin, adətən, yazılı surətdə, təfsilatsız ifadə olunan əsas müddəalarının qısa xülasəsi.