TEZİSLİ ÇIXIŞ (thesis report) – Xronometrajı, mövzusu, əsas ideyası əvvəlcədən müəyyən edilən çıxış. Burada çıxış edənin toxunmaq istədiyi başlıca məsələlər qısaca şərh olunur. Beləliklə, T.ç. bir növ özünəməxsus ssenari planı formasıdır.
TEZLİK (frequency) – Vahid zamandakı (1 san. ərzində) tam rəqslərin sayı; rəqs periodunun əsas qiyməti. Dəyişən cərəyanın şiddətinin, elektrik sahəsinin intensivliyinin, maqnit induksiyasının və s. dəyişmə siklləri sayının zamana olan nisbətidir.
TEZLİK ÇEVİRİCİSİ (frequency conventer) – Radio siqnalının tezliyini dəyişdirmək üçün istifadə olunan elektron qurğu. T.ç.-nin girişinə iki müxtəlif tezlikli elektrik rəqsi (gərginlik və ya cərəyan) verilir. T.ç.-nin çıxışındakı rəqslərin tezliyi girişə verilən rəqslərin tezliklərinin fərqi (qəbuldedicilərdə), cəmi (vericilərdə) və ya onların müxtəlif kombinasiyaları ola bilər.