KİNODRAMATURGİYA (film drama) – Kinematoqrafiyanın ədəbi yaradıcılıq sahəsi. Bilavasitə söz formasında ortaya çıxan və dramatik, prozaik ədəbiyyatın bir çox vasitələrindən istifadə edən K. öz süjetlərini onların sonrakı ekran həyatının vəzifələrinə uyğun olaraq yaradır, işləyib-hazırlayır və əks etdirir, eyni zamanda kinonun spesifik xüsusiyyətlərini və imkanlarını nəzərə alır. K.-nın inkişafının bütün mərhələlərində əsas vəzifəsi ekran obrazlarını söz vasitəsilə yaratmaqdır.
KİNOFESTİVAL (film festival) – Kino əsərlərinin yaradıcılıq yarışı, baxış. K. ən yaxşı filmləri, kinematoqrafiyanın inkişaf meyllərini üzə çıxarmaq, kinematoqrafçılar arasında əməkdaşlıq və təcrübə mübadiləsi aparmaq məqsədi daşıyır. Bədii filmlər festivalları ilə yanaşı, xronika və sənədli, elmi-kütləvi, tədris, multiplikasiya filmləri K.-ları da təşkil olunur. Bəzən K.-lar dekada, kino aylığı, kino həftəsi, kino günləri və s. adlanır.
KİNOFİKASİYA (adaptation for the cinema) – Kinonu yaymaq, kino göstərmə işini genişləndirmək. Kinoteatrlar və səyyar kinolar təşkil etmək, kino şəbəkəsi yaratmaq üçün görülən tədbirlər, kinofilmlərin nümayişinin və kino avadanlığının keyfiyyətinin daima artırılması.
KİNOFİLM (taped film/notion picture) – 1) Ayrıca kino əsəri; vahid süjetlə bağlı olan, çəkilmiş obyektin ardıcıl mərhələlərinin fotoqrafiyalarının (kadrlarının) məcmusundan ibarət kinematoqrafiya əsəri; 2) Kinolentə ardıcıl köçürülmüş və ekranda göstərilmək üçün tematik tam halında birləşdirilmiş təsvirlər məcmusu.