SƏSGÜCLƏNDİRİCİ QURĞU (reproducing amplifier) – Göstərilmə-yazma başlığına bərkidilən gücləndirici. S.q.-nun köməyi ilə yazının təhrifinin qarşısı alınır, təsvir korreksiya olunur.
SƏSİN BİRLƏŞDİRİLMƏSİ (sound on sound) – Proqramın səs sırasının tam təmin edilməsi məqsədi ilə nəzərdə tutulan səslərin bir xətdə cəmləşdirilməsi. Bir yerə cəmləşdirilən səs siqnallarının nisbi eşidilmə dərəcəsi, adətən, onların sözü gedən səhnə və ya videosıradakı nisbi əhəmiyyəti ilə müəyyənləşdirilir. Montajçı üst-üstə yazılan səs qaynaqlarını düzgün sezdirməli, onların nisbi səviyyəsinin ayrılıqda hər birinin lazımi dərəcəyə uyğun gəlməsinə çalışmalıdır. Səs fonu olaraq düşünülmüş interküy və ya musiqi kadrarxası mətnin eşidilməsinə mane olmamalıdır. Digər tərəfdən, musiqi gərgin dramatik səhnədə ön plana çıxaraq, interküyü və digər səs elementlərini üstələyə bilər. Beləliklə, səsin cəmləşdirilib birləşdirilməsi yekun fonoqramda səs sırası elementlərindən hansının birinci, hansının ikinci və hansının üçüncü planda eşidiləcəyini qiymətləndirib dəqiqləşdirməlidir.