Азярбайъан шифащи халг ядябиййатына даир тядгигляр ●



Yüklə 1,4 Mb.
səhifə25/91
tarix01.01.2022
ölçüsü1,4 Mb.
#103165
1   ...   21   22   23   24   25   26   27   28   ...   91
İşin məqsədi. Mərasim folkloru haqqında tələbə auditoriyasında bə­sit olsa da, müəyyən məlumatlar olur. İşin aktuallığı və məqsədi bu mə­lumatları sistem şəklində, bölgülər əsasında bura daxil olan nəğmə struk­turlarının (ritual nəğmələri, toy, yas nəğmələri və s. mövsüm, məra­sim və məişət nəbmələrinin) təhlilini verməkdir.
Mərasim folkloru Azərbaycan şifahi xalq ədəbiyyatının ən zəngin qolla­rından birini təşkil edir. Mərasim folkloru şifahi ədəbiyyatımızın daim maraq doğuran sahələrindən biridir. Mərasim folkloru uzun illərdir ki, həm tədqiq, həm də tədris olunur. Ali məktəblərdə mərasim folklo­runun tədrisi elmi prinsiplərə söykənilərək aparılmalıdır.

Mərasim folkloru şifahi xalq ədəbiyyatının ən maraqlı və geniş əhatəli sahələrindən birini təşkil edir. Adından göründüyü kimi, mərasim folkloru yazılı ədəbiyyatdan çox-çox əvvəlki dövrlərin məhsuludur. İbti­dai insanlar hələ təbiətdən ayrılmadığı bir dövrdə onlar üçün anlaşılmaz olan təbiət qüvvələrinin təsiri altında idilr. Onlar təbiətin bu gün başa dü­şülən hadisələrini qeyri-adi şəkildə qavrayır, onları öz şüurunda fövqəlləş­di­rirdilər. Hətta onları – təbiət qüvvələrini ram etmək üçün əllərindən gələni əsirgəmirdilər. İbtidai insanlar bunun üçün müxtəlif texnik üsullar­dan istifadə edirdilər. Bura ilk növbədə ibtidai insanların rəqslə müşayiət olunan ritual hərəkətlərini daxil etmək olar. Həmin ritual hərəkətlər magik sözlə ifadə olunurdu. Bu magik sözlər ritmik, oynaq, həzin sədalarla bir yerdə ifa olunaraq sonralar nəğmə şəkli alırdı. Şifahi xalq ədəbiyyatının tarixinə nəzər salsaq görərik ki, bu xalq ədəbiyyatının keçdiyi bütün tarixi dövrlərdə nəğmələrin yaranması, yayılması, şifahi repertuara daxil olması müxtəlif görüşlərlə bağlı olmuşdur. Tələbələrin mərasim folkloru ilə tanış­lığı hələ orta məktəbdən başlanır. Orta məktəb dərsliklərində mərasim folkloru ancaq mətn səviyyəsində öyrədilir. Bu iş ali məktəblərdə orta məktəblərdəki tədrisdən fərqli şəkildə aparılmalıdır. Buna həm də ali mək­təb­lərin birinci kursuna daxil olan tələbələrin marağı imkan verir. Məsələn, mərasim folklorunun əsasını təşkil edən ritual dü­şün­cəni tələbə­lərə anlatmaq üçün bu düşüncənin keçdiyi mərhələləri on­ların nəzərinə çatdırmaq tələb olunur. Bundan sonra yaranan ritual nəğ­mə­lərin mərasim nəğmələrinin əsasında dayanmasından söhbət açmaq olar.

Ritual nəğmələr, eləcə də mərasim nəğmələri lirik üslubun yaratdığı ən qədim şeir növlərindən biridir. Ritual nəğməsi ilə mərasim nəğməsi arasında köklü fərqlər vardır. Müəllimin ən birinci vəzifəsi onların arasın­dakı fərqi izah etməkdir. Ritual nəğməsi qəbilə üzvləri tərəfindən hər han­sı bir prosesin icra olunması zamanı ifa olunur və sırf qəbilə həyatını əks etdirir. Ritual nəğmələrin qədim mətnləri bugünkü mərasim nəğmələ­rinin içində özünü qismən qoruyur. Mühazirə zamanı müəllim ritual nəğmənin ünvanlandığı mifoloji görüşü, nəğmənin həsr olunduğu mifoloji tanrını, onun funksiyalarını izah etməlidir. Azərbaycan mifologiyasında da mifo­loji tanrılara həsr olunan çoxlu ritual nəğmə vardır. Məsələn, bugünkü Yel baba haqqında oxunan mərasim nəğmələrini həmin mifoloji tanrının şərə­finə oxunan nəğmə tipi hesab etmək olar. Mərasim folklorunun, xüsusən nəğmələrin tədrisində aşağıdakı prinsiplərə əməl olunmalıdır.


  1. Mərasim nəğməsinin ümumi nəğmə içində yerinin müəyyənləş­dirilməsi;

  2. Mərasim nəğmələrinin mövzu, süjet, motiv və s. ilə bağlı siste­minin açıqlanması;

  3. Nəğmə janrının şəkil xüsusiyyətlərinin araşdırılması;

  4. Ritual nəğmədən mərasim nəğməsinə keçidin yollarının izah olun­ması;

  5. Ritual və mərasim nəğmələrinin semantik quruluşunun öyrədil­məli;

  6. Ritual və mərasim nəğmələrindən yaranan bədii nümunələrin izah olunması (məsələn, tapmaca);

  7. Ritual və mərasim nəğmələrinin dil quruluşunun öyrənilməsi;

  8. Köhnə nəğmə əsasında nəğmənin yeni tipinin yaranma səbəb­lə­rinin öyrənilməsi;

  9. Nəğmə janrından başqa epik mətnlərdə istifadə olunma imkan­larının araşdırılması və s.

Mərasim folkloru, ümumiyyətlə, mövsüm-mərasim nəğmələri ilə şifa­hi xalq ədəbiyyatının lirik, epik və dramatik növlərindəki janrları ara­sın­da yaxın bağlılıq vardır. Mövsüm-mərasim nəğmələri folklorun lirik üslu­bunun tərkibində olduğundan bu nəğmələrlə lirik növ arasında birbaşa əlaqə vardır. Müəllim belə nəğmələri tədris edərkən onların şəkli xüsusiy­yətlərini lirik növün xüsusiyyətləri əsasında izah etməyə üstünlük vermə­li­dir. Eyni zamanda həmin nəğmələrin epik və dramatik üslubda və növdə işlənə bilmə xüsusiyyətləri nəzərə alınmalıdır. Aydındır ki, epik mətnlərdə lirik nəğmələr strukturun tələbinə görə işlənə bilir. Mövsüm və mərasim nəğmələrinin tam və ya hissə şəklində mətnə düşməsini izah edərkən əfsanə, rəvayət, nağıl və dastan mətnlərinin nəğmə ilə bağlılığı əsas götü­rülür. Eləcə də xalq oyunlarında və dramlarında əsas vasitə kimi nəğmələrdən istifadə oluna bilir.

İlkin ibtidai görüşdə ilk mərasimlərin əsasında ritual təsəvvürlər dayanmışdır. Bu ritual təsəvvürlər, adətən, təbiətlə üz-üzə gələrkən ibtidai insanlar üçün təbiət qüvvələrinin «qəzəbini yumşaltmağı» həyata keçirən ritualların məzmununu təşkil etmişdir. Məsələn, ibtidai insanlar şimşəyin çaxmasını, sellərin axmasını və s. təbiət hadisələrini qeyri-adi qarşıladıq­ları üçün bu hadisələri hansısa ilahi qüvvənin onlara qəzəbi kimi qiy­mətləndirmişlər. Bütün bunlar təhtəlşüurda ilkin fövqəladə qüvvəyə olan inamı yaratmış və onların şərəfinə rituallar təşkil etməyə sövq etmişdir.

Rituallar mərasimlərin ibtidai formasını təşkil edir. Rituallar ictimai mənası o qədər də başa düşülmədən keçirilən magik söz oyunu və manipulyasiya – hərəkətlərdən ibarət olmuşdur. Ritual xüsusi mahiyyət daşıyır və qəbilənin geniş üzvlərinin rəqslərini özündə əks etdirir. Bütün ibtidai icma quruluşu dövründə nə qədər ibtidai tanrı olmuşsa, bir o qədər ritual dünyagörüşü də olmuşdur. Belə demək mümkünsə, ritual ibtidai icma cəmiyyətinin yaratdığı dünyagörüşü sistemidir. İbtidai icma qurulu­şu yeni ictimai quruluşla əvəz olunduqca ritualın da ictimai mənasında dəyişikliklər baş verir. Məsələn, tayfa quruluşu sistemində ritualın sosial mənası dəyişməyə başlayır. Təhtəlşüurda qəbul olunan ilk yaradıcıya olan baxış və onun şərəfinə keçirilən riutallar formasını dəyişir. Yeni cəmiyyət üçün ritual arxaik düşüncə sisteminə çevrilir və inancın yeni formasına uyğun olan, ritualdan üstün hərəkətlərə əsaslanan tipik söz, nəğmə və hərəkətlərlə icra olunur. Aralıq mərhələdə olan belə manipulyativ rəqslər ümu­mi məzmun daşıyır, tanrının bütün müsbət xüsusiyyətlərini mədh edir, onun şərəfinə oxunan ümumi nəğmə tipini təşkil edir. Bunlar hələ də özlü­yündə tam mərasim forması deyil və ibtidai icma quruluşu ilə quldar­lıq quruluşu dövrlərinin özünə məxsus ritualdan üstün dünyagörüşü forma­sını təşkil edir. Bu dövrdə mifoloji şüurda tanrıların oynadığı rol, onların ibtidai insanların şüurundakı funksiyaları artıq sabitləşmişdi. Ona görə də konkret mifoloji tanrıya həsr olunan ritual da öz ictimai mənasını daha da genişləndirmişdi. Bu mənada ritual artıq öz sosial funksiyasını, təsir etmə imkanlarını daha da artırmışdı. Ritualın ibtidai insanların həyatında oynadığı rol mifoloji şüurun bütöv tarixi bir dövrdə oynadığı rola bərabərdir. Yəni ritual da mifoloji şüurun tərkib hissəsi olub, onun sosial həyatını tənzimləyən ictimai bir hadisədir. Ritual ona görə ictimai hadisədir ki, toplumun siyasi-ictimai həyatını tənzimləyir, ibtidai cəmiy­yətin bütün üzvlərini əhatə edir. İlk əvvəlki dövrlərdə ritual xüsusi hadisə olsa da, təhtəlşüurdan keçərək ictimai məzmun daşımış və beləliklə, toplu­mun, ibtidai cəmiyyətin ilin müəyyən dövrlərində onların həyatını nizama salan qüvvəyə çevrilmişdir.

Mifoloji şüurdan tarixi şüura keçid baş verdikdən sonra ritualların da məzmununda böyük dəyişikliklər baş vermişdir. Ümumiyyətlə, tarixin inkişaf mərhələlərinə nəzər salsaq, tarixi şüurun yaratdığı bədii şüurun da insanların həyatında necə mühüm rol oynadığını görə bilərik. Folklorun da tarixi həmin bədii şüurun yaratdığı ilkin nümunələrdən başlanır.

İlk şifahi sözlü mətnlər ritualların icra olunduğu zaman formalaş­mışdır. Mifoloji şüurdan tarixi şüura keçid dövründə də bu mətnlər aparıcı rol oynamış, bir tanrıya həsr olunan nəğmə kimi formalaşsa da, sonradan onların ətrafında xüsusi mətnlər, miflər yaranmışdır. Buna görə də mifləri eyni zamanda dünyagörüşü adlandırırlar. Çünki miflərdə ibtidai cəmiyyə­tin bütün əxlaq normaları öz əksini tapırdı. Bədii şüurun formalaşdığı dövrdə həmin əxlaq normaları və dünyagörüşü ibtidai cəmiyyətin bütün sahələrini əhatə edən bədii mətnlərə çevrilirdi.

Tarixi şüur ritualların da ictimai funksiyasının dəyişilməsinə səbəb olmuşdur. Tarixi şüur eyni zamanda ritualların sosial mahiyyətinin dəyi­şil­məsinə səbəb olmuş, yeni məzmunlu ritual-mərasimlərin keçirilməsinə şərait yaratmışdır. Bəs ritual nəyə görə mərasimlə əvəz olunmuşdur? Bu sualın cavabını ritualın yaratdığı xüsusi inanc formalarının ümumi inanc formaları ilə əvəz olunmasında axtarmaq lazımdır. Məsələn, qış və yaz fəsilləri ibtidai insanların şüurunda şər və xeyirxah qüvvələr kimi qalmış, insanların həyata baxışını əks etdirmişdir. Qış onların nəzərində şər qüv­və­ni təmsil etməklə yanaşı, antropomorf obraz kimi yazın düşməninə çev­rilmişdir. Yaz isə ölüb-dirilən tanrını şüurda formalaşdırmış, qışdan sonra yazın gəlişini ölüb-dirilən tanrının şərəfinə keçirilən mərasimlə qeyd etmişlər. Mərasim o vaxt geniş şəkil alır ki, toplumdan böyük kütlələrin bayramına çevrilir. Mərasimi səciyyələndirən digər bir xüsusiyyət məra­sim­də ifa olunacaq nəğmələrin çeşidlərinin bol olmasıdır. Məsələn, Novruz bayramı ilə əlaqədar keçirilən şənliklərdə çoxlu nəğmələr ifa olunur. Bu da onu göstərir ki, Novruz bayramı öz əhatəsinə görə nəinki ritualı, hətta mərasimi də üstələmişdir. Qısaca, sözümüzü belə ifadə edə bilərik ki, ritual dar bir çərçivədə yaranıb bir nəğmə tipi və manipulyativ hərəkətlə müşayiət olunur. Mərasimdə isə nəğmənin sayı arta bilir və yenə manipulyativ hərəkətlərlə bir yerdə icra olunur. Məsələn, «Günəşi dəvət» mərasimində ilk doğan günəşi qarşılamaq üçün insanlar dağa çıxmış, qurban kəsmiş, rəqslərlə bir yerdə nəğmələr ifa etmişlər. Günəş onların hamısı üçün yaradıcı qüvvə idi, tək-tək tirələrin yox, bütün tayfanın nəzə­rində ilahi qüvvə idi və günəşin şərəfinə keçirilən mərasimdə o, ilin müəy­yən günündə, deyək ki, yazqabağı torpağı isindirən, ona həyat bəxş edən qüvvə kimi anılırdı. Bu da mərasimi ritualdan ayıran əsas fərqdir. Məra­simin kütləviləşməsi tanrılara inanan kütlənin daha çox geniş əraziləri əhatə etməsindən asılıdır. Kütlənin sayı nə qədər çox olarsa, mərasim daha yüksək səviyyədə keçirilər, ictimai məzmun qazanar. Mərasimin ən yüksək forması bayramlardır. Bayramlar, adətən, ümumxalq mahiyyəti daşıyır və cəmiyyətin bütün təbəqələrini əhatə edir.

Mərasimin digər bir əsas xüsusiyyəti onun genişlənmə xassəsinə malik olmasıdır. Bu xüsusiyyət mərasimin bayrama çevrilməsində əsas rol oyna­yır. Lakin bu xüsusiyyət heç də bütün mərasimlərə aid deyil. Məsə­lən, bu genişlənmə xüsusiyyəti toy mərasiminə aid olsa da, onu bayrama çevirə bilmir, eləcə də yas mərasimi də genişlənmək xüsusiyyətinə malik deyil. O, ailənin, nəslin ümumi kədəri kimi qalır.

Azərbaycanda mərasimlərin sayı lap çoxdur. Onların bəziləri xüsu­siləşir, bəziləri kütləviləşir, bəziləri isə unudulmaqdadır. Mərasimlər müx­tə­lif inanclara söykənən ibtidai insanların dünyagörüşündən asılı olaraq, zaman keçdikcə yaddaşlardan silinir. Lakin mərasimlər unudulsa da, bu mərasimlərdə oxunan lirik nəğmələr hələ yaddaşlardan silinməmişdir. Bu sahədə Azərbaycan folklorşünaslığında böyük işlər görülmüş, ən qədim nəğmələrdən tutmuş mərasim nəğmələrinə qədər bütün mətnlər toplanıl­mış­dır. Həmin nəğmə mətnlərindən tədqiqatımızda yeri gəldikcə tədrisdə istifadə edəcəyik.

Mərasim folklorunun tədrisi praktik məşğələlər üzrə həyata keçirilir. Bu işin təşkil olunması müəllimdən xüsusi bilik və bacarıq tələb edir. Biz yaşadığımız bu mühitdə mərasim folklorunun çoxlu növləri ilə qarşılaş­mışıq. Hər bir şəhərdə, rayon və kəndlərdə xalq müxtəlif mərasimləri ye­rinə yetirir, öz bilik, bacarıq və vərdişlərini ənənəvi olaraq həyata keçirir. Ona görə də mərasim folkloru üzrə nümunələrin praktik məşğələlərdə öyrədilməsi çətinlik doğurmur. Hər bir tələbə yaşadığı mühitdə müxtəlif xalq biliklərinin təzahür formalarını bu və ya digər dərəcədə mənimsəyir. Odur ki, müəllim nəzərdə tutduğu mərasim folkloruna aid materialların mənimsədilməsini sinifdənxaric oxu materialları əsasında həyata keçirə bilər. Mərasim folkloru üzrə materialların auditoriyada nəzərdən keçiril­məsi göstərilən metodologiyaya uyğun şəkildə aşağıda kimi aparıla bilər:


  1. Mərasim folklorunun növlər üzrə janrlarının, üslublar üzrə şifahi mətnlərdən fərqlənməsinin izah olunması; növ, janr, söyləyici və mətn dialektikasının mənimsədilərək açıqlanması;

  2. Mərasim folkloruna aid hər hansı bir nümunənin tək-tək tələbələr tərəfindən mənimsənilməsi, mətnin söylənilməsi;

  3. Mərasim folklorunun lirik nümunələrinin əzbərlənməsi, bütöv­lükdə tələbələr tərəfindən ifa olunması;

  4. Mərasim folklorunun dramatik üslubundakı oyun və tamaşaların səhnələşdirilməsi və ifa olunması;

  5. Mərasim folklorunun epik üslubundakı şifahi mətnlərin tələbələr tərəfindən mənimsənilməsi və söylənilməsi.

Bu praktik iş üzrə nəticələr sonra auditoriyada müzakirə olunur, metodist müəllimlər bu praktik məşğələyə aid fikirlərini söyləyir, tələbələrin nəzəri və praktik hazırlıqlarına qiymət verirlər (13, 48).

Mərasim folklorunun öyrənilməsi və öyrədilməsinə yeni baxışlar tələb olunur. Bu mövzunun aktuallığı hər şeydən əvvəl xalqımızın uzun zaman­lardan bəri arzusunda olduğu müstəqillik, tarixi keçmişimizə, soy­kö­kümüzə qayıtmaq, xalqın milli adət-ənənənələrinin bərpasına münasi­bət, mərasim nəğmələrinin mənəvi dəyərlərimizə təsiri, folklor qaynaqla­rın­dan istifadə edib etnos mədəniyyətinin öyrənilməsi, milli-mənəvi dəyərlərimizin dünyaya tanıdılması və s. ilə bağlıdır. Buna görə də mərasim folklorunun ayrı-ayrı nümunələrinin həm tədqiq olunması, həm də öyrədilməsi vacib və aktual sayılır.


NƏTİCƏ

Azərbaycan şifahi xalq ədəbiyyatının ən qədim, zəngin və maraqlı tərkib hissələri içərisində mərasim folkloru mühüm yer tutur. İbtidai insan­ların dünyagörüşü, təbiət və cəmiyyət hadisələrinə münasibəti məra­sim folkloru nümunələrində öz poetik ifadəsini tapır. Mərasim folkloru xalqımızın tarixi təfəkkür yönümünün, milli adət-ənənələri və milli mədəniyyətinin, estetik düşüncəsinin öyrədilməsində, şagird və tələbələrə milli-mənəvi dəyərlərimizin aşılanmasında aktuallığını bu gün də saxlayır. Ona görə də mərasim folklorunun öyrənilməsinə və öyrədilməsinə müa­sir­lik baxımından yanaşılmalı, millilik önə çəkilməli, bu yönümdə fəal təlim texnologiyalarına üstünlük verilməlidir. İlk öncə mərasim folklo­runun, xüsusilə nəğmələrin öyrədilməsində bir sıra prinsiplər gözlənil­məlidir. Mərasim nəğmələrinin ümumi nəğmələr içərisində yeri müəy­yənləş­dirilməli, mövzu, süjet və motivlə bağlı sistemi açıqlanmalı, janr özəllikləri aşkarlanmalıdır. Digər tərəfdən, ritual nəğmədən mərasim nəğməsinə keçidin üsul və vasitələri, ritual və mərasim nəğmələrinin semantik quruluşu aydınlaşdırılmalıdır. Ritual və mərasim nəğmələrinin oxşar və fərqli cəhətləri konkret ritual və mərasim nəğmələri nümunələri əsasında öyrədilməlidir.

Mərasim folklorunun bir bölümü olan mövsüm mərasimi nəğmələ­rində ayrı-ayrı təbiət hadisələri və etiqadlarla bağlı inanclar öz əksini tapır. Bu nəğmələrdə çeşidli təbiət hadisələri insanlaşdırılır, insana məx­sus əlamətlər təbiətə məxsus əşya və proseslərin üzərinə köçürülür. «Yel baba», «Qodu-qodu», «Qarı ilə Martın deyişməsi», «Duman, qaç, qaç» ayrı-ayrı təbiət hadisələri ilə bağlı mövsüm mərasimi nəğmələri olub, mil­li düşüncə, milli psixologiya və adət-ənənələrin inikası kimi diqqəti çəkir.

Məişət mərasimi nəğmələri isə müəyyən hadisə və predmetlə bağlı olub, xalqımızın sevincini, kədərini, arzu və istəklərini ifadə edir. Novruz və toy mərasimi nəğmələrində, doğum və adqoyma mərasimlərində xalqı­mızın milli adət-ənənələri bu gün də yaşanır və zaman-zaman yaşana­caq­dır. Orta və ali məktəblərdə şifahi xalq ədəbiyyatının, xüsusilə mövsüm və məişət mərasimi nümunələrinin öyrədilməsi şagird və tələbələrin azərbay­cançılıq, humanizm, milli-mənəvi dəyərlər ruhunda tərbiyəsində olduqca önəmlidir.

Mərasim folkloru xalqımızın azadlıq, müstəqillik arzularının reallığa çevrildiyi müasir mərhələdə daha diqqətlə, qayğı ilə öyrədilməli, tələbə­lərin estetik hisslərinin formalaşması, onlara milli-mənəvi dəyərlərin aşılanması istiqamətində mühüm addımlar atılmalıdır.


Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin