Азярбайъан шифащи халг ядябиййатына даир тядгигляр ●


Azərbaycan variantlarında olan bəzi fərqliliklər



Yüklə 1,4 Mb.
səhifə86/91
tarix01.01.2022
ölçüsü1,4 Mb.
#103165
1   ...   83   84   85   86   87   88   89   90   91
Azərbaycan variantlarında olan bəzi fərqliliklər: Bənövşə oyun qaydası, demək olar ki, Azərbaycanın bütün bölgələrində eynidir, fərq isə daha çox oyuna hazırlıq mərhələsi ilə oyundakı deyişmənin sözlərində görülür. Bir sıra mənbələrdə (2, 196; 9, 47) “Bənövşə” oyununun hazırlıq mərhələsində uşaqların “Halay-halay” çəkərək iki dəstəyə ayrıldıqları və hər bir dəstənin özlərinə bir başçı (və ya molla) seçməklə oynanıldığı məlumdur.

Filologiya üzrə elmlər doktoru, professor Əjdər Ağayevin “Ümum­təhsil məktəblərində xalq oyun ənənələrindən istifadə metodik vəsaiti”ndə göstərdiyi variant isə digərlərindən xeyli dərəcədə fərqlənir. Buradakı fərq­lilik əsasən bir dəstənin oğlanlardan, digərinin isə qızlardan ibarət ol­masıdır. Başqa bir fərqli cəhət isə oyunda oğlanların qızlara müraciətlə söylədiyi təkərləmədə görülür:

A qızlar, haqlı qızlar.

Ay quş qanadlı qızlar,

Bənövşə, bəndə düşər,

Bizdən sizə kim düşə. (10, 73)



Yuxarıda qeyd edilən dəstələrdən birinin qızlardan, digərinin isə oğ­lanlardan olması və söylənən təkərləmənin başqa bölgələrimizdə oyna­nı­­lan variantlardan tamamilə fərqlənməsinə diqqət çəkilsə də təəssüf ki, bu variantın hansı bölgəyə aid olması barədə məlumat verilməməsi ilə əla­qə­dar olaraq bu hissələrdəki fərqliliyin sonradan dəyişikliyə uğrama­ma­sı­na şübhə doğurur. Bu variantda oyuna hazırlıq mərhələsi də digər bölgə­lə­ri­mizə görə fərqlidir: Əvvəlcə oyunçulardan daha fəal olan iki nəfər lider se­çilir. Qalan oyunçular isə iki-iki aralarında özlərinə şərti adlar (gül, çi­çək, şir, pələng kimi) qoyurlar və başçıların yanına yaxınlaşaraq belə deyirlər:

‒ Halay-halay, ay bəy!

‒ Aldım salay – deyə bəylərdən (başçılardan) biri cavab verir.

Gül kimə, çiçək kimə?

Başçılardan biri gülü, digəri isə çiçəyi seçir, bu şəkildə davam edə­rək uşaqlar başçılar arasında bölünərək iki dəstədə təmsil olunur (10, 130). Ə.Ağayevin göstərdiyi variantdakı hazırlıq mərhələsi eyni ilə Nax­çı­van bölgəsindəkinə bənzəyir. Hazırlıq mərhələsində başçılar tərəfindən seçiləcək oyunçuların özlərinə şərti adlar qoymalarının səbəbi isə başçılar tərəfindən ən güclü oyunçuların bilinməməsi üçündür. Bundan sonra oyu­nun oynanma qaydası, demək olar ki, eynidir, bəzi fərqliliklər isə oyun­dakı deyişmənin son sözlərindədir. Belə ki, “Adı göyçək, özü göyçək fi­lan­kəs” yerinə bəzən qızlara “Başı yaylıqlı, qəddi sərv, boyu uca, yanağı qır­mızı, dodağı püstə, dərdini çəkdiyim filankəs”, yaxud “Qırmızı koftalı, yaşıl tumanlı, rəngi od tutub yanan, gözəl filankəs” (10, 130) deyə mü­ra­ciət olunur. Oğlanların isə adlarının əvvəlinə “Qorxu bilməz, ürəkli, özü aslan biləkli”, yaxud “ədalı-hoqqalı, beli nazik toqqalı” və yaxud “Yerişi ağır, duruşu ağır, özü aslan biləkli”, yaxud “yerişi ağır, özü fağırlardan fağır” (10, 131) və s. kimi təşbihlər əlavə edərək oyunçunu özünəməxsus xü­susiyyətlərlə təqdim edirlər.

Şəki variantında da oyunun sözləri digər bölgələrimizə görə fərqlidir:

I dəstə: ‒ Qıy qılınc, qıy qılınc.

II dəstə: ‒ Qınnan qılınc (və ya – Qıyma qılınc)

I dəstə: ‒ Ox atdım.

II dəstə: ‒ Oğru tutdum.

I dəstə: ‒ Bənövşə.

II dəstə: ‒ Bəndə düşə.

I dəstə: ‒ Sizdən bizə, bir qız düşə. Adı gözəl , özü gözəl , Aysel xa­nım, bu qol üstə.

Adı çəkilən oyunçu qaçaraq bəndi qırmağa çalışır. Oyunçu bəndi qı­ra bilirsə dəstə üzvləri tərəfindən alqışlanır, əgər bəndi qıra bilmirsə, onda öz dəstəsinin oyunçuları ona qarğış edirlər:

Yer də haram olsun sənə!

Göy də haram olsun sənə!

Yediyin halva çörək,

O da haram olsun sənə! (5, 415)




Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin