Азярбайъан шифащи халг ядябиййатына даир тядгигляр ●



Yüklə 1,4 Mb.
səhifə14/91
tarix02.02.2022
ölçüsü1,4 Mb.
#114051
1   ...   10   11   12   13   14   15   16   17   ...   91
Dölim sözünü M.Ergin dulum (20, 75), Ş.Cəmşidov dölüm (8, 281) kimi oxumuşdur.

Bu misralar müasirləşdirilərkən dölim sözü sinəsi kimi uyğunlaş­dırılıb.



Sinəsindən ağarırsa, ata gözəldir

Ağ südünü doyunca əmizdirsə, ana gözəldir (13,131).

M.Ergin dölim sözünü dulum formasında götürərək gicgah kimi izah etmişdir (21,97).

Gicgah qədim türk dilində tulun//tulum sözləri ilə ifadə olunmuşdur:

M.Kaşğari tulun sözünün türk və oğuz dillərinin birində “qulaqla ağız arasındakı yer” mənasında işləndiyini göstərmişdir (12, 400).

Ibn Muhennada “gicgah” mənasında tulun, Esirüddin Edi Hayyan el-Endülüsinin “Kitabül-İdrak li-Lisanl-Etrak” əsərində “qaşla qulaq arasın­dakı yer”, “gicgah” mənasında tulum, V.Radlovun “Versuch Eines Wörter­buches Der Türk-Dialekte” əsərində “gicgah” mənasında tulun sözünün işləndiyi göstərilmişdir (15, 149). Belə qənaətə gəlirik ki, tulun, tulum “Kitabi-Dədə Qorqud”da işlənən dölim (19), dölüm (8) sözünün qədim variantıdır.

Türkiyədə 3 cilddə nəşr olunan “Söz Derleme Dergisi”ndə dölüm “gicgah”, “gicgah üstünə tökülən saç” kimi izah edilmişdir (15, 149).

“Kitabi-Dədə Qorqud Ensiklopediyası”nda da dölüm “birçək” kimi izah edilmiş və dastanda işlənən dölümündən ağarmaq söz birləşməsi “saçına ağ düşmək” formasında müasir Azərbaycan dilinə uyğunlaşdı­rıl­mışdır. Bu qənaətə gəlirik ki, “Kitabi-Dədə Qorqud” dastanında verilmiş

Dölimindən ağarsa, baba görkli

Ağ südin toya əmzirsə, ana görkli –

misraları

Gicgahdakı saç ağarsa, ata gözəldir

Ağ südünü doyunca əmizdirsə, ana gözəldir –

kimi müasirləşdirilməlidir

Gərdək. Gərdək “Kitabi-Dədə Qorqud” dastanının bir neçə boyunda işlənmişdir:

Beyrək ap-alaca gərdəgi içində yeyüb-içüb bixəbər oturardı (13, 57).

Oğuz zəmanında bir yigit ki evlənsə, ox atardı. Oxı yerdə düşsə, anda gərdək dikərdi. Beyrək xan da dəxi oxın atdı, dibinə gərdəgin dikdi (Qam börənin, oğlı Bamsı Beyrək boyanı bəyan edər, xanım (13, 57), Beyrəgin atası-anası baqdı-gördi kim, gərdək görünməz olmış. Gərdək paralanmış, naib şəhid olmuş (13, 57).

Maa tutan gərdəgə ayrıq girsün! (13, 75).

Qırq yerdə otaq dikdirdi. Qırq yerdə qızıl ala gərdəg dikdirdi (13, 90).

Altunlıca günlügin diküb, Qanturalı gərdəginə girüb, müradına – məqsudına irişdi (13, 93).

“Kitabi-Dədə Qorqud” dastanı müasirləşdirilərkən gərdək sözünün bir neçə mənada işləndiyi göstərilir:


  1. gəlin çadırı mənasında

Uca ev yanında qurulsa gəlin çadırı, gözəldir

Uzunca ipi də gözəldir. Oğul gözəldir (13, 131)

2) gəlin otağı mənasında

Beyrək ap-alaca gəlin otağında yeyib-içib xəbərsiz oturmuşdu (13,155).

3) otaq mənasında

Beyrək xan da oxunu atdı,

Oxu sancılan yerdə otağını qurdurdu (13, 155).

Yeri gəlmişkən qeyd edək ki, Qərbi Azərbaycanın Çəmbərək şivəsində gərdək sözü işlənir və bu “toyun ilk günü və sonrakı günlər bəy və gəlinin yatdığı çarpayının qabağına salınan örtük” mənasını bildirir (7, 158).

Gərdək Azərbaycan dilinin etnoqrafik lesikasına daxildir və “toyda oğ­lan evində gəlin üçün pərdə ilə ayrılmış xüsusi yer” mənasını bildirir (3, 157).

Azərbaycan ədəbiyyatında gərdək sözü işlənmişdir:

Telli...Gəlini otağına aparıb gərdək dalında oturdular, ürəyin tıp-tıp döyünə-döyünə gözləyirsən (Ü.Hacıbəyov):

Şux gəlinlər, sevgi doğan gərdəklər;

Gözəl qızlar, qara tellər bizimdir (A.Şaiq)

Q.Qeybullayev azərbaycanlıların toy mərasimindən bəhs edərkən yazır ki, adamlar gəlinin yanından çəkildikdən sonra yengə gəlinin gərdə­yini qururdu. Bəzi yerlərdə gərdək par-parçadan, bəzən də qırmızı kilim­dən ibarət olurdu. Onu qızın atası verirdi. Qeyd edilməlidir ki, oğlan evin­də gərdək qurulması nisbətən iri otaqlı evlərdə olurdu. Gəlin adətən üç gün gərdəkdə (pərdədə) qalırdı. Lakin məlumatçılarımıza görə keçmişdə gərdək bir ilə qədər yerində qalırdı (16, 207 ).

Bu deyilənlərdən belə qənaətə gəlirik ki, “Kitabi-Dədə Qorqud” dastanı Azərbaycan dilinə uyğunlaşdırılarkən gərdək sözü olduğu kimi saxlanılmalıdır.

T.Hacıyev və İ.Məmmədov “Kitabi-Dədə Qorqud”un izahlı lüğəti”n­də göstərirlər ki, gərdək sözü “gərdək, zifaf evi, toy evi” mənasında işlənir (11, 157).



Gərdək Esirüddin Edi Hayyan el-Endülüsinin “Kitabül-İdrak li-Li­sanl-Etrak” əsərində “yeni kürəkənin zifaf evi”, Ahmet Vefikin “Leh­ce-i Os­mani Dersaadet” əsərində “nazik pərdə çəkilmiş gəlin evi”, Wil­helm Radloffun “Versuch Eines Wörterbuches Der Türk-Dialekte” əsərin­də “gə­lin evi, yeni evlənənlərin toydan sonra bir neçə gün qaldıqları yer”, Sir James W.Redhousenin “Türkçeden İngilizceye Lügat” əsərində “kiçik bir dəyirmi çadır”, “otaq”, “xüsusi padşah çadırı”, “toy vaxtı gəlin üçün ha­zırlanmış bir çadır və ya gəlin evi” mənasını bildirdiyi göstərilmişdir (15, 157).

Muharrem Ergin gərdək sözünü “zifaf otağı”, “zifaf çadırı”, “pərdə çəkilmiş zifaf otağı”, “pərdə”, “bir yeri bölən pərdə” kimi izah etmişdir (21, 115).



Oğramaq. “Kitabi-Dədə Qorqud” dastanında işlənən qədim sözlər­dən biri oğramaq sözüdür

Salqum-salqum ta yelləri əsdigində,

Saqallı boz ac turğay sayradıqda,

Saqalı uzın tat əri baladıqda,

Bədəvi atlar issini görüb oğradıqda (13, 34).

Dastanın müasir Azərbaycan ədəbi dilinə uyğunlaşdırılmış varian­tında “oğramaq" sözü “kişnəmək” kimi müasirləşdirilmişdir:

Salxım-salxam dan yelləri əsdikdə,

Saqqalı, boz, ac torağay ötdükdə,

Saqqalı uzun tat kişi azan çəkəndə,

Bədəvi atlar yiyəsini görüb kişnədikdə (13, s.132).



Oğramaq kişnəmək sözünün tam mənası vermir. Kişnəmək atın ucadan səs çıxarmasıdır, necə deyərlər, bağırması, qışqırmasıdır. Oğramaq isə at sahibini görərkən yavaşca səs çıxarmasıdır.

Oğramaq sözünü Hamit Zübeyr və İshak Refet “Anadilden Dere­lemeler” əsərində “atın yavaş kişnəməsi”, Ahmet Vefik “Lehce-i Osmani Dersaadet” əsərində “atların sudan ötrü kişnəməsi”, Wilhelm Radloff “Ver­­such Eines Wörterbuches Der Türk-Dialekte” əsərində, Şeyh Süley­man Efendi-i Buhari “Lugat-i Çağatay və Türki Osman” əsərində “atların su və ya yem üçün kişnəməsi”, “Tamklarıyla Tarama Sözlügü”ndə “atın kahıltı şəklində kişnəməsi” kimi izah edilmişdir (15, 186).

Məhərrəm Ergin dastanda işlənən oğramaq sözünü “yavaş səslə kişnəmək”, “at mırıldanır”, atın mırıldaması kimi yavaş və qalın səslə kişnəməsi”, “atın donquldanması” kimi şərh etmişdir (21, 230).



Oğramaq sözünün mənası “Kitabi-Dədə Qorqud” dilinin izahlı lüğəti”ndə “başqasına məxsus əşyanı gizlincə götürüb mənimsəmək” kimi izah edilmiş və buna uyğun olaraq dastandan “Bədəvi atlar issin görüb oğradıqda, uzun tat əri banladıqda” nümunəsi verilmişdir (21, 139). Oğramaq sözü oğurlamaq sözünün qədim forması kimi götürülmüşdür ki, bu da yanlış izahdır.

E.Əzizov Azərbaycan dilinin Qazax dialektində, Ağdam, Ağdərə, Gədəbəy şivələrində “Kitabi-Dədə Qorqud” dastanında işlənmiş “oğra” sözünün qədim variantı kimi okra sözünün işləndiyini göstərir və qeyd edir ki, dialekt leksikasında oxranna (İsmayıllı, Marneuli, Dmanisi, Qazax), oxra (Kəlbəcər) eyni mənada (kişnəmək mənasında – İ.B.) işlənir – Nə varsa, at yaman orxannıyır (İsm.) – At yaman oxrıyır (Kəlb). Oğra –“kişnəmək” feli “Kitabi-Dədə Qorqud”un dilində var” (10, 261).

Ə.Tanrıverdi oğramaq sözü ilə bağlı yazır ki, oğramaq “Dastan”da kişnəmək mənasında işlənmişdir. Maraqlıdır ki, “Dastan”da paralel işlənmiş vahidlər sırasına “oğramaq” sözünü də daxil etmək olar. Çünki “Dastan”ın dilində “oğramaq”la bərabər, “kişnəmək” sözünə də təsadüf edilir. “Kişnəmək” ədəbi dilimiz baxımından, arxaik “oğramaq” sözü isə dialekt leksikası baxımından səciyyəvidir (18, 272).

Gürcüstanın Başkeçid, Borçalı şivələrində (2,381), Qərbi Azərbay­canın Çəmbərək şivəsində (7,291) ata aid olan “astadan kişnəmək” mənasını bildirən oxrammax sözü işlənir. Dialekt və şivələrimizdə işlənən oxrammax “Kitabi-Dədə Qorqud” dastanında işlənmiş oğramaq sözünün dialekt variantıdır. Deyilənlərdən belə qənaətə gəlirik ki, “Bədəvi atlar issin görüb oğradıqda” cümləsi müasirləşdirilərkən “Bədəvi atlar yiyəsini görüb oğradıqda” kimi verilə bilər.




Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin