Aydındır ki, dramaturgiyada müəllif dili – dramaturq dili “yoxdur”. Səhnə əsərlərində ideya və fikirlər, başqa janrlardan fərqli olaraq, ancaq surətlərin dili ilə verilir. Burada hər bir surət öz adından danışır, hadisə və əhvalatlara, dövrə və zamana, insanlara münasibət bildirir; hər bir sözdən sərbəst, istəyinə uyğun istifadə edir; sözlərin, ifadələrin vasitəsilə öz dünyagörüşünü açır, istək və düşüncəsini ifadə edir. “Böyük sənətkarlar həmişə surət dilini, nitqini fərdiləşdirməyə və tipikləşdirməyə xüsusi əhəmiyyət verirlər. Dramaturgiyada söz hərəkət, konflikt səciyyəsi daşıyır. Hər bir leksik vahid obrazı hərəkətə gətirir, daxilən hərarətləndirir, heyrətləndirir, qarşıdakının sualına cavab reaksiyasına hazırlayır. Ona görə də səhnə əsərində sözdən istifadə, dialoq (mükalimə) və monoloq qurmaq dramaturqdan xüsusi bacarıq, yüksək istedad tələb edir” [99, s.28-29].