Dramaturgiya bir ədəbi növ olaraq çox mürəkkəb və çətin sahə sayılır. Dramaturq yaradıcılıq prosesində susur, onun sözü, mövqeyini obraz və personajlar ifadə edir. Bu, şübhəsiz, çətindir. Obraz və personajların hər kəlməsi, hər cümləsi, canlı dialoqlar, ondan doğan replikalar bitkin təəssürat yaratmalıdır. “Az sözlə çox fikir ifadə etmək tələbi, hər şeydən əvvəl, dramaturqa aiddir. Yığcamlıq tələbi dramaturqu məcbur edir ki, on söz əvəzinə bir söz işlətsin, amma elə söz işlətsin ki, o söz on sözün işini görə bilsin” [22, s.242].
İ.Əfəndiyev, əlbəttə, dramaturgiya sahəsində öz sözünü vaxtında demiş sənətkarlarımızdandır. Onun dramlarında sovet quruluşunun bütün mövzuları, yəni yaşadığı dövrün hər bir cəhəti öz əksini tapa bilmişdir. O, C.Cabbarlıdan öyrənsə də, özünün dərin bilik və bacarığını da yaradıcılığın bu istiqamətinə yönəltmişdir. Sözün həqiqi mənasında İlyas Əfəndiyev dramları ilə cəmiyyətdə, onun daxilində baş verən sosial-mənəvi ziddiyyətləri tam şəkildə üzə çıxarmışdır. Hətta cəmiyyət poblemlərində gizli qalan mətləblər də onun yaratdığı surət və personajların nitqi ilə gercəkləşmişdir.
Dil İlyas Əfəndiyevi daim düşündürən məsələlərdən olmuşdur. Onun fikrincə, dram dili sadə, aydın, başa düşülən, lakonik, əsərin ideya-məzmunu ilə yaxından bağlı, fikirlər yığcam olmalıdır. Dram dili oxucunu, tamaşaçını özünə çəkməli, hər bir obrazın danışığı mükəmməl, özünəməxsus seçilməlidir. Bu tələbləri, sözün həqiqi mənasında İlyas Əfəndiyev gözləmişdir.
“Dramın əsil estetik gözəlliyi və qüdrəti səhnədə təcəssüm edir. Ən müvəffəqiyyətli pyeslər səhnəni duyan, onun qanunları ilə hesablaşan müəlliflər tərəfindən teatra əməkdaşlıq şəraitində yaradılmışdır. Yəni əsər üzərində işləyən məşhur dramaturqların əksəriyyəti konkret teatrı, konkret ifaçıları nəzərdə tuturlar. İlyas Əfəndiyev də bu yolla gedir” [141, s.7].
İlyas Əfəndiyevin dram əsərlərinin ən xarakterik xüsusiyyətlərindən biri xəlqi bədii dildir. Bu dil xalqın təfəkkürün məhsuludur. Özünəqədərki dramaturgiya ənənələrini dərindən mənimsəyən, canlı danışıq dilinin xüsusiyyətlərinə bələd olan İ.Əfəndiyevin yazıçı dili milli soykökə və ənənələrə bağlı idi və xalqın milli şüurunun formalaşması və inkişafına təkan verən bir qüvvə idi.
Dramaturq, bir tərəfdən, dövrünün ən vacib problemlərini qaldırır, ikinci tərəfdən, bu problemləri fərdi dil-nitq şəraitində həll edir. İ.Əfəndiyev totalitar sovet rejimində baş vermiş hadisələri, əhvalatları, münasibətləri, insanların ağrı-acılarını, arzu və istəklərini və s. dramlarında verərkən bunu obrazın fərdi probleminə çevirmir, daha çox qloballaşdırmağa çalışır, demək olar ki, milli problem səviyyəsinə gətirib çıxarır.
İ.Əfəndiyev dram əsərlərində obrazların dili üçün bir sıra tələblərin vacibliyini göstərirdi: 1) dramaturqun dli ilə obrazların dili bir-birindən fərqlənməlidir; 2) əsl dramaturq obrazın danışığını fərdiləşdirməli və tipikləşdirməlidir; 3) surətin dili adi danışıqdan seçilməlidir. İ.Əfəndiyevin dramaturgiya dilində obraz nitqinin şeiriyyəti ayrı-ayrı obrazların “çevik” hərəkətlərində, mimika və jestlərində, danışığının dinamikasında görünür. Bu əlamət yalnız həyat səhnələrinin, hadisə və proseslərin verilməsində və mükalimələrin bolluğunda deyil, surət və tiplərin fərdi psixoloji və ictimai dramatizminin ifadəsində özünü büruzə verir.
İlyas Əfəndiyevin dram dilində dialoqlar obraz və personajların fiziki, mental (əqli), hissi-emosional hərəkətlərini inkişaf etdirir. Dramlardakı canlı, bitkin dialoqlar hərəkiliyi ilə, çevikliyi ilə, mütəmadi dəyişkənliyi ilə fərqlənir. Münasibətləri tənzimləyən, əlaqələndirən vasitələr obraz və personajların fikir və duyğularının arasında baş verir. Dramlardakı dialoqlar canlı danışıq dilinə uyğun qurulur. Yazıçı bunun üçün xalq dilinə əl gəzdirir, onu zənginləşdirir, xalq dili ilə bədii dil arasında yaxınlıq yaradır. Ona görə də bu əlaqə formaları bir laboratoriyanı xatırladır. Bu laboratoriyaya dil və söz sənətkarı arasındakı yaradıcı münasibət hopur, özünü zəngin faktlarla əks etdirir.
Dostları ilə paylaş: |