V FƏSİL
DRAM DİLİNİN EKSPRESSİV SİNTAKSİSİ
5.1. Tipik sintaktik konstruksiyaların qurulmasında danışıq dilinin təsiri
Dialoqlarda canlı danışıq dilinin əlamətləri aydın görünür. Bu, ayrı-ayrı obraz və personajların nitqi üçün xarakterikdir. Məsələn, Hacı Fərhadın nitqində: Özünüzü bərkidənəcən nə qədər pul lazım olsa verəcəm….nə qədər xərciniz olsa özüm çəkəcəm [46, s.116].
Dramaturgiya dili canlı dildir. Bu dil rəsmi dil deyil, bu nitq şifahi, hazırlıqsız, öz-özünə formalaşan bir dildir. Bu dilin səciyyəvi əlaməti dialoq mühitində müxtəlif, tipik struktur-qrammatik formaların təzahür etməsidir. Həmin dialoqun əmələ gəlməsində ekstralinqvistik faktorun rolu böyükdür. Danışıq dili dialoqun kommunikativliyi və struktur-qrammatik təbiəti ilə açılır.
Dram əsərlərində danışıq dilinin sintaksisi iki cür təzahür edir: 1) cümlənin sintaktik quruluşu pozulmur, cümlədəki söz və söz birləşmələri danışıq dilində olduğu kimi verilir; 2) cümlənin sintaktik quruluşu ədəbi dilin normalarından kənara çıxır.
Dram dilində bir replika digərindən doğur. Təkrar replikalar hər bir danışıq dili üçün xarakterik hadisədir. Danışıq dili üçün təkrarların sintaktik müstəqilliyi, onların qanunauyğun sxemi və quruluşu, xüsusi söz və ifadələrin işləkliyi, onların mətndə konstruktiv rolu, özünəməxsus intonasiya və s. daha çox xarakterikdir.
F.Safiullina hesab edir ki, bədii ədəbiyyatın dili danışıq dilinin öyrənilməsində etibarlı mənbə ola bilər. Qeyd etmək lazımdır ki, indiki zamanda ədəbi dil məhz danışıq dilinin hesabına zənginləşir [209, s.225].
Bədii əsərlərin başqa növlərindən fərqli olaraq, dram əsərlərində hər bir surət öz danışığı ilə tanınır. Buna görə də ayrı-ayrı surətlərin xüsusiyyətlərini üzə çıxarmaq məqsədilə yazıçı-dramaturq dilin müxtəlif üslublarından istifadə edir, bu və ya digər sifətin aydın ifadə olunması üçün müxtəlif üsullar, priyomlar işlədir. “Dram əsərində dramatik obraz müəllif tərəfindən mətndə təsvir edilmir. Personaj öz xarakterini dramın dinamikasında və öz nitqlərində açır. Personajın nitq səciyyəsi təkcə həmin obrazın istifadə etdiyi konkret leksika üzərində deyil, həm də müəyyən ekspressiv-sintaktik və üslubi-frazeoloji formalar, fərdi mimik və pantomimik ifadələr sistemi üzərində qurulur. Beləliklə, obraz pesonajın bütün replikalarını birləşdirən bir vəhdətdir” [177, s.16].
Dram dilinin danışıq dilindən irəli gələn tipik sintaktik konstruksiyaları mövcuddur ki, bunlar emosional, ekspressiv keyfiyyətlərinə görə xarakterizə olunur. Onların bir növü əlavə konstruksiyalardır. Danışıq dilində əlavə konstruksiyaların mahiyyəti haqqında ümumi fikir belədir: danışıq dilinin təbii, birdən törəyən və əvvəlcədən hazırlanmamış xarakteri nitq boyunca əlavə və dəqiqləşdirmələrin, söhbət axınını kəsmədən bir müstəvidən digərinə keçməyin səbəbidir. Əsas cümlənin intonasiya xarakteri və strukturunun bir istiqaməti vardır, bu əsas ifadəyə ayrı-ayrı sözlər, söz birləşmələri, ifadələr və cümlələr daxil olur. Bu əlavə olunmuş konstruksiyalar [164] tələffüz sürətinin bir qədər artırılması və emosionallığı ilə əsas cümlənin intonasiyasından kəskin şəkildə fərqlənir. Onlar tamamilə gözlənilmədən, qəfildən çatdırılan fikrə yanaşı şərh kimi yaranır.
“Əlavə konstruksiyadan… dram əsərlərində daha çox istifadə edilir. Dram əsərlərində obrazın müxtəlif hərəkətləri, davranışı, jest və mimikası, başqa obrazlara münasibəti, yerişi, duruşu, danışıq tərzi və s. əlavə konstruksiyalar vasitəsilə verilir. Çox vaxt personajın adından sonra onun kimə üz tutduğu, hansı əhval-ruhiyyə ilə, nə tərzdə danışdığı barədə məlumat verilir” [93, s.260-261]. Məs:
Uğur (Əsəbiləşir). Bəs belə! (Soyuq və ciddi) Təhqiqatı nə vaxt başlayırsan.
İ.Əfəndiyevin dram dilindəki əlavə konstruksiyalar əsas söyləmin məzmunu ilə bağlıdır. Belə konstruksiyaları İ.Əfəndiyevin dramlarından seçilmiş nümunələr əsasında quruluş etibarilə bir neçə qrupa ayırmaq olar:
1) bir sözdən ibarət olan əlavə konstruksiyalar: Şəfəq (dərdli) – Yadımdadır [49, c.2, s.225];
Dilşad xanım (təmkinlə) – Siz gedin işinizdə olun [49, c.2, s.239].
2) söz birləşməsindən ibarət olan əlavə konstruksiyalar: Sadıqov (əlini çırparaq) – Doğrusu, heç soruşmamışam da [49, 2 c., 238];
Reyhan (Cahangirin əlindən tutaraq) – Adını çək, qulağını bur [49, c.2, s.244].
“Bahar suları”, “Atayevlər ailəsi”, “Sən həmişə mənimləsən” dramlarının dilindəki söz birləşməsindən ibarət olan əlavə konstruksiyaların ikinci tərəfi daha çox -araq2 şəkilçili feili bağlamadan ibarət olur. Məs.: onun qollarından yapışaraq, Həsənzadəyə həyəcanla baxaraq, birdən canlanaraq və s.
3) cümlədən ibarət olan konstruksiyalar: Ballı – Haqq divanı! Yoxla, dərindən yoxla! Deyilənlər düz olsa, onu (oğlunu göstərir) elə itir ki… [49, c.2, s.208];
Niyaz (dəstəyi götürür) – Allo…Prokuroru ver [49, c.2, s.225];
Şəfəq (birdən göz yaşları ilə Sədəfi qucaqlayır) – Bacım, əziz bacım… [49, c.2, s.232].
4) mürəkkəb cümlədən ibarət olan əlavə konstruksiyalar: Şahsuvarov (Cahangirin sözlərindəki istehzanı hiss edir, lakin üzə vurmur) – Doğrudur [49, c.2, s.244];
Turac (o qədər hirslənir ki, bir neçə saniyə heç nə deyə bilmir) – Uğurun əlinə dönüm! [49, c.2, s.200].
5) sintaktik bütövdən ibarət olan əlavə konstruksiyalar: Şəfəq – Mən partizan idim…Bayırda külək ac canavar kimi ulayır. Mən xəstənin başı üzərində oturub vahimə, iztirab içində ona baxıram və gecələrdən birində o, gözünü açıb məni görür!… (pəncərədən uzaqlara baxaraq susur. Onun gözlərində uzaq, əzablı bir ifadə var) [49, c.2, s.190].
Replikaların gedişində cümlələr qırılır, bir personajın demək istədiyini o birisi deyir. Məs.:
Zeniş əmi. A kişi, deyirəm məndə bəxt var, inanmırlar. Mənim də arzumu eşit, Gövhər xanım. Qızıl balıq, narşərab, bir də ki...
Qambay. Bir də ki, qırmızı şərab, ürəyinizdəndir, Zeniş əmi? [55, c.2, s.46].
Replikanın sualları və cavabları şaxələnə bilir:
Qambay (güclə hiss edilən bir istehza ilə).
Dostları ilə paylaş: |