Ağasəlim. Canım, evdir, gəlmisiniz, əyləşin də. (Stul çəkib oturur, sonra Sadıqovla Xuduş da əyləşirlər) [54, c.2, s.11];
Nalayiq sözlərlə müraciət: Dilşad. Axmaq! Niyə istəmirsən? Cavan gəlinsən, get, gəz, istirahət elə! [54, c.2, s.11];
Nida və ümumi isimlərlə müraciət: Dilşad. Ah, kişilər, diliniz olmasaydı, qarğa-quzğun sizi didərdi [54, c.2, s.12];
Vəzifə, rütbəyə müraciət: Ağabəyim ağa. Xan atam! Sən lap körpəliyimdən məni o qədər nazlandırmısan ki, heç bir arzumu, heç bir istəyimi səndən gizlətməmişəm [54, c.2, s.292];
Tanrıya müraciət: Ağabəyim ağa. Ey böyük Yaradan! Nə üçün sən məni bu qədər çətin imtahana çəkirsən? İlahi! Bu imtahandan mənim mərd çıxmağıma kömək elə [54, c.2, s.294].
Beləliklə, diskurs kommunikasiya vasitəsi və dildaxili nitq etiketi kimi dialoq nitqində özünü göstərir.
Dram dilinin etik məsələləri. İ.Əfəndiyev qəhrəmanlarının bir-birinə, cəmiyyətə və s. münasibəti birmənalı deyil. Bu münasibətləri tənzimləyən mədəni, nəzakətli danışıq da var, əxlaq normalarına uyuşmayan digər formalardan da istifadə olunub. Məsələn: 1) kinayəli danışıq: Fariz (Laləyə). Hardaydın, ağəz?
Lalə. Fariz! Sənə yüz dəfə demişəm ki, mənə “ağəz” demə [56, c.3, s.334];
2) başqasının sözünü yarımçıq kəsmək: Həbib. Yəqin sən də elə bilirmişsən ki, biz də sizin kimi milyonerik...
Aynur. Ardını demə... (Ağır pauza) [56, c.3, 339];
3) nalayiq sözlər işlətmək: Ağahüseyn. O necə bibiqızıdı ki, səninlə təkcə “Mersedes”də gizlin kababxanaları gəzir, əclaf! Məni dolayırsan? [184, c.3, s.329];
Fariz. Canınıza dərd olub. Niyə getmişdin məndən icazəsiz?
Lalə (qışqırır). İdiot! [56, c.3, s.334-335];
4) yalan danışmaq: Həsənzadə. Yəqin ki, doğru deyirsiniz...
Nargilə (ona diqqətlə baxaraq). Yox! Yalan deyirəm! Papirosu axıra qədər çəkdi [54, c.2, s.72].
Dramın ayrı-ayrı replikalarında kommunikativ situasiyada ədəb, nəzakət, mərifət etik məzmunu xüsusilə diqqəti çəkir. Bu məzmunun, daha doğrusu, kommunikativ situasiyanın müxtəlif tipləri meydana çıxır. Biz İ.Əfəndiyevin dramlarında müşahidə etdiyimiz həmin tipləri aşağıdakı kimi qruplaşdıra bilərik:
1) razılıq situasiyası: Tubu xanım. Qızım, indi səni Tehrana yola salarkən, yeganə təsəllim odur ki, o qərib şəhərdə ağlın, kamalın hər zaman sənə kömək olacaq. Bilirsən ki, əgər, sən özün vətənimizin böyük taleyi üçün məhəbbətini fəda eləyib bu izdivaca razılıq verməsəydin, xan atan səni məcbur eləməyəcəkdi...[54, c.2, s.295];
2) narazılıq situasiyası: Dilşad. Yox, daha qocalıram. Ağ tükləri görürsənmi? Deyir hər şey vaxta baxsa da, vaxt heç nəyə baxmır. Ömrü tutub saxlamaq mümkün deyil. Üzümüzə gələn ay otuz doqquzu bitirib, qırxa keçirəm [54, c.2, s.10];
3) üzr istəmək situasiyası: Nargilə. Çox sağ olun. Mən sizdən belə kobud sözlər gözləməzdim.
Həsənzadə. Bağışlayın.
Nargilə. Yox, siz məndən üzr istəməyin...lap ürəyimi parça-parça eləsəniz də mən sizin üzr istəməyinizə razı olmaram [54, c.2, s.71];
4) təşəkkür etmək situasiyası: Həsənzadə. Təşəkkür edirəm. (Qısa pauza) Siz çox roman oxuyursunuz.
Nargilə. Nə üçün soruşursunuz?
Həsənzadə. Elə-belə... [54, c.2, s.71];
Nargilə (riqqətlə). Mən, oğlunuzdan ayrıldığınız bu ağır dəqiqələrinizdə sizə, nə isə, ürəkaçan bir şey danışmaq istərdim.
Həsənzadə. Təşəkkür edirəm. Siz bir az öz həyatınız haqqında söhbət etsəydiniz... [54, c.2, s.73].
Dramatik diskursda personaj. Müasir dramaturgiyada bədii dialoq personajın şəxsiyyəti, dünyagörüşü, işi, fəaliyyəti, xarakteri və s. barədə informasiya (sosial status, xarici görünüş, emosional durum, kommunikantlararası münasibət, xarakterik cəhətlər və s.) ötürür. Bu zaman personajın nitqində atalar sözü və məsəllər, dialekt sözləri, jarqonlar və s. leksik vasitələr işlənə bilir. Məs.: Dilşad (gülümsəyir). Kor atlanar, öz kəndini çapar [54, c.2, s. 30];
Şahmar. Məni dolama, ə. Bizim Şahsevəndə sənin dədən naxırçı Gülmalıdan savayı Gülmalı var? (Gülür) Hi...hi...Ə, qodux, gözümüzün qabağında böyüməmisən? [54, c.2, s. 211].
Diskursiv sahədə, məkanda obraz, personajların portreti – onların fiziki görkəmi, mənəvi aləmi, sosial təbiəti, psixoloji durumları və s. çərçivədə mütləq şərh edilir. Məs.:
Məkanın, personajın sosial təbiətinin, psixoloji vəziyyətinin diskursda təqdimi: Knyaz Xasay. Mən sizin ərə getdiyinizi eşidib, üç gün, üç gecə at sürərək, Dağıstandan gəlirəm, Banu bəyim. Sizin üçün söz-həkət olmasın deyə, atları nökərimlə Daşaltında qoyub, Xəzinə qayasından çıxmışam. Buradan gedəndən bəri elə bir gün olmayıb ki, mən sizin ayrılığınızın sitəmini çəkməyim, Banu bəyim. Gəlin nigahımızı təzələyək. Bir də heç zaman bir-birimizdən ayrılmayaq! [54, c.2, s. 222].
Personajın mənəvi aləminin təqdimi: Fəridə. Uşaqlıqdan belə ürəyiaçıqdır. Zarafatla həmişə ona deyərdim ki, “qorxuram bu ürəyiaçıqlığının ucundan bir gün tora düşəsən”. Doğrudan da düşdü. Biz instituta girən il eşitdim ki, bir oğlana vurulub. O da yazıq qızı bədbəxt eləyəndən sonra yoxa çıxıb. Bu, çox dəhşətli bir vicdansızlıqdır, elə deyilmi? [54, c.2, s.145].
Personajın fiziki görünüşünün təqdimi: Nargilə (onun sözünü kəsir). Əhəmiyyəti çoxdur. Mən oradan, o pəncərədən sizə, sizin iri və gözəl əllərinizə tamaşa elədikcə öz-özümə deyirdim; görəsən, bu adam həyatında bir kəsdən, bir çətinlikdən qorxmuşdurmu? Sizin bu əlləriniz mənə əsl kişiliyin, cəsarətin, mərdliyin, iradənin, alicənablığın canlı bir timsalı kimi göründü [54, c.2, s. 87].
Dram personajlarının dili – qəhrəmanların daxili dünyasını, mənəvi aləmini, hətta sosial vəziyyətini də əks etdirir. Diskursiv təhlil hər bir personajın emosional vəziyyəti haqqında informasiya ötürür. Məs.: Mehrican. Nə üçün bizimlə həmişə acıqlı danışırsan, Lilya? Axı biz bir vaxt yoldaş idik [54, c.2, s.9]. Dram əsərlərində kommunikant yeni informasiyanı mətnə ötürür. Məs.:
Dilşad. Salam, qızlar. (Reyhana) Xəbərin var, deyirlər İldırım Atayev gəlir.
Reyhan (sevinclə). Nə danışırsan?! Doğrudanmı əmim gəlir? Bu nə yaxşı xəbər oldu [54, c.2, s.9].
Diskurs təhlili nəticəsində kommunikantların münasibətləri xarakterizə edilir və həmin münasibətlər üzə çıxır. Məs.: “Atayevlər ailəsi”ndə Dilşadın mükaliməsinə nəzər salaq. Onun İldırım Atayevə həm əvvəlki, həm də sonrakı münasibəti aydınlaşır:
Dilşad. Elə mən özüm də çox sevinirəm. (Gülümsəyir). Doğrudur, o vaxt aramızda bir balaca giley-güzar olmuşdu. Ancaq bunun eybi yoxdur. Zaman yavaş-yavaş axan güclü bir çay kimi hər şeyi yuyub aparır. Güman edirəm ki, biz onunla yeni bir dost kimi görüşəcəyik [54, c.2, s.9].
İ.Əfəndiyev dram diskurslarında informasiyanın ümumi ötürülməsi prosesi adresant-kod-kontekst-kod-adresat sırasına əsaslanır.
Nitq fəaliyyəti mürəkkəb təşkil olunmuş və özünü tənzimləyən sistemdir. Bu fəaliyyət keyfiyyətcə bircinsli olmayan vərdişlər kompleksi ilə həyata keçirilir.
İ.Əfəndiyevin dramlarında kommunikativ fəaliyyətin bitmiş, yaxud davam edən elementi olan diskurs həm də ünsiyyət prosesinin yazı və ya nitq şəklində ifadəsinin nəticəsi olaraq meydana çıxır. Diskurs aktual nitq fəaliyyəti və nitq təsirinə məruz qalır. Diskurs daim konkret obyekt və konkret şəraitlə əlaqədardır.
Beləliklə, dialoq diskurslarında kommunikativ-ünsiyyət modeli “danışma-dinləmə-dərketmə” prosesindən keçir. Bu, çoxşaxəli bir prosesdir.
Dostları ilə paylaş: |