Lətafət (hövsələsiz). Eh, ay xala...
Dilşad (qəzəbli). Nə “ey”... [54, c.2, s.10].
5.İntolerantlığın etiraz mənasını əmələ gətirən formalarla ifadəsi: Lətafət. Nə edək, hamı sizin kimi mühəndis olmaz ki... Reyhan. Sən əvvəllər adama belə cavab verməzdin [54, c.2, s.8].
Diskursda verbal və qeyri-verbal vasitələrdən istifadə. Dramatik diskursdan danışarkən qarşılaşdırılan iki şəxs arasında olan nəzakət qaydalarından və həmin anlayışların dram dilində ifadə vasitələrindən də bəhs etmək yerinə düşər. Çünki personajların bir-biri ilə söhbətinin məzmunu etik norma kimi ədəb, nəzakət, mərifət fonunda inkişaf edir. Etiket işarələri müəyyən cəmiyyətdə icra edilməsi zəruri sayılan qaydalar sistemidir. Onlar dil və nitqə məxsus vahidlər olub, dildaxili davranış qaydalarını ifadə edir, hər cəmiyyətdə insanlar arasında dildaxili normal münasibətləri bildirməyə xidmət edir. Bu münasibəti bildirən ifadələrə İ.Əfəndiyevin dram dilində çox rast gəlmək olur. Digər tərəfdən, etiket məhz müvafiq situasiyada və kommunikativ şəraitdə hər kəsin faydalandığı, əlverişli saydığı dildaxili nitq vasitələrini tənzimləyir. İnsan hər gün dəfələrlə mətnyaradan nitq etiketlərindən istifadə edir, qarşıdakına müraciət edib, onları salamlayır, bağışlayır, təşəkkür edir, təbrik edir, uğurlar arzulayır, emosional hissləri ilə münasibət bildirir və s. Bir başqasının qayğısına qalır, dərdinə şərik olur, hərəkətini bəyənir, ona kompliment deyir və öz sevincimizi kiminləsə bölüşürük [82, s.13].
İ.Əfəndiyevin dram əsərlərində bu göstərilən nitq etiketlərinə personaj nitqində çox rast gəlmək olur: 1) salamlamaq etiketi: Bayandur (bir anlığa nəzərdən keçirərək, Aynura). Salam, dayıqızı!
Aynur (təəccüblə). Salam.
Bayandur (eyni şən əda ilə). Deyəsən, tanımadın?
Aynur. Yox, tanıya bilmirəm...[56, c.3, s.306];
2) üzr istəmək etiketi: Ağahüseyn (zarafatyana). Yoxsa, prokuror olmaq istəyirsən?
Bayandur. Bağışla, ay dayı, onlar məndən artıq döyüllər ki [56, c.3 s.309];
3) təşəkkür etmək etiketi: Canişin (qısa pauzadan sonra). Yaxşı, madmazel, mən sizin xahişinizi olduğu kimi əlahəzrət imperatora çatdıraram. Ümid edirəm ki, imperator həzrətləri İbrahim xanın nəvəsindən öz iltifatını əsirgəməz.
Xurşidbanu. Təşəkkür edirəm, knyaz həzrətləri [54, c.2, s.185];
4) uğurlar arzulamaq etiketi: Xurşidbanu. Diqqətinizə qarşı minnətdaram, knyaz həzrətləri. İcazənizlə biz bu gün Şuşa qalasına yola düşməliyik.
Canişin. Nə deyə bilərəm, sizə yaxşı yol. (Əl tutuşur) Mən sizin səfərinizin uğurlu olacağına əminəm... [54, c.2, s.185, 186];
5) emosional münasibət bildirmək etiketi: Bayandur. Ancaq, dayıqızı, düzü, daş qaldırmaq-zad açmır məni. Orta məktəbi qurtarandan sonra gəldim, istədim girim yurfaka, kəsdilər, zalım uşağı... [56, c.3, s.307];
Aynur (kəskin). Sizin mənim istedadımı hərrac bazarında hərraca qoymağınıza dözməzdim!
Qədim. Of! Sizin diliniz... [56, c.3, s.317];
6) qayğı ifadə edən etiketlər: Sədaqət. O oğlanın fikri dəli eləyəcək axırda səni! Bizim hansı birimiz qız vaxtı üç-dörd elə sarıdimdik studentciklə flirt eləməmişik... Çıxart onu yaddan, yazıqsan! [56, c.3, s.306];
7) kompliment etiketləri: Qədim (zarafatla). Sən cəsarətdə təksən, Lalə.
Lalə. Bişirmə! [56, c.3, s.313];
8) tərif etiketləri: Aynur. Afərin, bibioğlu! Siz ikiniz də bir-birinizə bab dostlarsınız! [56, c.3, s.321].
Nitq etiketləri, davranış vahidləri mətnin təşkilində kommunikativ komponent kimi vacib hesab edilir.
Azərbaycan nitq etiketində bir çox müraciət formaları vardır ki, onlardan yerində və düzgün istifadə nitq mədəniyyəti baxımından mühüm əhəmiyyət kəsb edir. “Qohumluq əlaqələrinə, yaşa, cinsə, ictimai mövqeyinə, vəzifəyə və sairəyə görə ümumiyyətin qəbul etdiyi sözlər (bunlara vokaiv sözlər də deyilir) müraciət olunanları razı salır, onları hərəkət etməyə, fəaliyyət göstərməyə sövq edir” [10, s. 262].
Müraciətin müxtəlif formaları İ.Əfəndiyevin dram personajlarının nitqini bəzəyir. “Canım” vokativ sözü ilə müraciət:
Dostları ilə paylaş: |