Азярбайжан милли елмляр академийасы



Yüklə 1,58 Mb.
səhifə74/78
tarix05.01.2022
ölçüsü1,58 Mb.
#111920
1   ...   70   71   72   73   74   75   76   77   78
Sədəf – Sən məni qorxudursan, Uğur! Uğur – Mən başqa bir qıza söz vermişəm… [53, c.2, s.184]; Turac – Bəs sonra nə oldu? Yoxsa çiyninə paqon vurandan sonra özünü bizə yaraşdırmadın? [53, c.2, s.186]; Şəfəq – Qəribədir, həmişə məni küsdürüb ağlatdırdın [53, c.2, s.189]; Nəcəf – Adə, sənə söz deyirəm! Bu mədəniyyət sarayını da elə Uğur onun üçün tikdirir. Xanmurad – Min dəfə sənə demişəm yüz qazanın damazlığı olma! O boyda sarayı Uğur bir qız üçün tikdirir? [53, c.2, s.194].

Seqment konstruksiyalar. Belə konstruksiyalar da dramaturgiya dili üçün xarakterikdir. Bunlar formal cəhətdən təktərkibli sintaktik və kommunikativ vahidlərdir, xüsusi nida cümlələridir, müstəqil frazalardır, vokativlik (çağırış, müraciət) xüsusiyyətinə malikdir.

F.Safiullinanın fikrincə, seqmentləşdirilmiş frazaların vəzifəsi ondan ibarətdir ki, həmsöhbətin diqqətini cümlənin məntiqi məna daşıyan iki hissəsinə cəlb etməkdir, yəni “tema” və “rema”nı qarşı qoymaqdır [210, s.81]. F.Ağayeva isə seqment vahidlərə danışıq dilinin mühüm göstəricisi kimi yanaşır [161, s.37].

İ.Əfəndiyevin dramlarının dilində seqment konstruksiyalar həm müstəqil frazalar kimi işlənmiş, həm də vokativlik funksiyasını yerinə yetirmişdir. Məs.: Sədəf – Uğur! Biz gərək o qədər xoşbəxt olaq ki, o günlərin heyfi çıxsın [53, c.2, s.184]; Şəfəq – Eh, Turac! Elə yollar indi bizim üçün istirahətdir [53, c.2, s.190]; Ballı – Haqq divanı! Yoxla, dərindən yoxla! [53, c.2, s.208]; Nargilə - Gözəllik! Sən hər adama qismət olmursan! [53, c.2, s.34] və s.

Əvəzlik konstruksiyalar. Belə konstruksiyalar da dram dilində xüsusi situasiyada meydana çıxır. Dialoq şəraitində obraz və personajların nitqində müxtəlif quruluşa və mənaya malik olan əvəzlik konstruksiyalar, xüsusən də işarə və sual əvəzlikləri işlənir.

a) işarə əvəzliklərinin (o, bu, budur, bura, elə, elədir və s.) işləndiyi konstruksiyalar: Sədəf – O günləri xatırlamaq sənin üçün də ağırdır, elə deyilmi? Uğur – Elədir, Sədəf… [53, c.2, s.184]; Xanmurad – Aha, budur gəlirlər! [53, c.2, s.172]; Turac – Xahiş eləyirik ki, naz eləməyəsən! Bura baxın, qızlar, bu saat zəng eləyib rayon qəzetinə xəbər vermək lazımdır [53, c.2, s.173]; b) sual əvəzliklərinin (hara, nə, niyə, kim, kimə, nə qədər və s.) işləndiyi konstruksiyalar: Nəcəf – Daha yaxşı… De görüm, hara tələsirsən? [53, c.2, s.172]; Nəcəf – Daha ürəyin niyə qopur? [53, c.2, s.172]; Sədəf – Doğrudan? Kimə? [53, c.2, s.173]; Alxan – Kim düz eləmir? Nə qədər ki, mən sağam, bir nəfərin də haqqına kəm baxılmaz ! [53, c.2, s.176].

Qeyd etmək lazımdır ki, replikaların böyük əksəriy­yətində işarə və sual əvəzlikləri öz konkret leksik mənasını itirərək əsas nitq hissələrinin funksiyasını yerinə yetirmiş və müxtəlif üslubi məqamlar yaratmışdır. Sintaktik bütövlərin bağlanmasında, formalaş­masın­da da həmin əvəzlik-konstruksiyaların rolu böyükdür” [124, s.181].

Adlıq cümlə. Məlumdur ki, dram əsərlərinin pərdə və şəkilləri, eləcə də remarkaları, əksərən, adlıq cümlələrdən ibarət olur. Bu cür cümlələrin iştirakı ilə əşya və hadisələrin vəziyyəti, yeri, zamanı, kəmiyyəti haqqında lakonik və bəzən də emosional informasiya verilir. Məsələn, dramaturqun “Bahar suları”nın birinci pərdəsində “Kolxoz idarəsinin həyəti. Kiçik bağça” [53, c.2, s.171], ikinci şəkildə “Alxan dayının evi” [53, c.2, s.178], ikinci pərdədə “Uğurun evi. Sadə, təmiz qonaq otağı” [53, c.2, s.185], “Alxan kişinin evində” [53, c.2, s.214], “Kolxoz idarəsi” [53, c.2, s.219], “Mədəniyyət sarayının qabağı” [53, c.2, s.225], “Atayevlər ailəsi”ndə: Sadıq Sadıqovun evi. Bahalı mebellər. Ortada, üstü cürbəcür yeməklərlə dolu stol. Qapı zəngi vurulur [53, c.2, s.260], “Böyük park” [53, c.2, s.271], Cahangirin evi, sadə bir otaq, yuxarı tərəfdə böyük bir kitab şkafı. Ortada ağ örtuklü stol. Divan, radioqəbuledici, telefon… [53, c.2, s.277] və s. adlıq cümlələr təsviri xarakter daşıyır. “Adlıq cümlələrin təsviri adlanan növündən bədii əsərlərin başlan­ğıcında, xüsusən dram əsərlərinin remarkalarında müəyyən əşyanın, hadisənin, ob­yek­tin, məkanın, zamanın qısa və emosional xarakteristikası, təsviri prosesində isti­fa­də edilir. Təsvir edilən dövrdə həmin varlıqların mövcudluğu iqrar edilir” [93, s.193].

Adlıq cümlələrdən, həmçinin ayrı-ayrı personajların dilində də istifadə olunmuşdur. Məsələn, “Bahar suları” dramında Şəfəqin dilində verilmiş aşağıdakı mətnə diqqət yetirək: Şəfəq – Mən partizan idim. Bir gün meşədə kəşfiyyat apardığım zaman, tamam qan-tər içində yorulub əldən düşmüş bir oğlan görüb onu öz qərargahımıza gətirdim… Mən düz bir ay heç bir döyüşə getməyib ona qulluq elədim. Bu çox ağır günlər idi, Turac. Qar, çovğun. Yoldaşlarımız əməliyyata gedən gecələr xüsusilə dəhşətli olurdu. Ağacdan qayrılmış kiçik bir daxma. Ortada ocaq yanır [53, c.2, s.190]; Qulu (içir) – Bozartma… Acı­yı­ram sizin halınıza. Heç ömründə bunun dadına baxmısan? [53, c.2, s.212].

Adlıq cümlə dialoqun replikalarında da personajın nitqində işlənir: Qambay. Saat doqquz... Bahar sabahının ən gözəl bir çağı. İndi yəqin ki, bağçamızın çiçəkləri günəşin şüaları ilə gülümsəyir [55, c.2, s.45].

Qeyri-müəyyən şəxsli cümlələr. İ.Əfəndiyevin dramla­rında təsvir olunan iş və hərəkət bəzən bir və ya bir neçə şəxs tərəfindən icra edilir. Bu proses qeyri-müəyyən şəxsli cümlələrlə öz ifadəsini tapır.

Yazıçının dramlarının dilində işlənmiş qeyri-müəyyən şəxsli cümlələrin qrammatik göstəricisi xəbərin 3-cü şəxs cəmdə olan müxtəlif feillərlə ifadə olunmasıdır. Dramlarda işlənmiş qeyri-müəyyən şəxsli cümlələrin xəbəri funksiyasını müxtəlif qrammatik zaman formaları ifadə edir. Məsələn, xəbəri indiki zamanla ifadə olunanlar: Nəcəf – Ağzından çıxmasın, yaxşı deyil, deyirlər, kolxozda böyük yeyinti var [53, c.2, s.202]; Reyhan – Deyirlər, mənim anam çox nəcib bir qadınmış [53, c.2, s.285], Nargilə - Deyirlər, mənim atam ağılda, yaraşıqda, qanacaqda iki oğlanın biriymiş [53, c.2, s.320]; xəbəri keçmiş zamanla ifadə olunanlar: Nəcəf – Mən camaata deyəndə ki, bu, kolxozu dağıdır, deyirdilər belə [53, c.2, s.218]; xəbəri qeyri-qəti gələcək zamanla ifadə olunanlar: Zabitə - Heç özünü dağıtma. Mənə Zabitə deyərlər! [53, c.2, s.291]; xəbəri əmr şəkli ilə ifadə olunanlar: Xosrov Atayev – Qoy məni xalq divanına çəksinlər [53, c.2, s.293]; xəbəri şərt şəkli ilə ifadə olunanlar: İldırım Atayev – Əgər sənə aman versələr, igid ol, qardaşım ! [53, c.2, s.293].

Qeyri-müəyyən şəxsli cümlə obrazlı ifadə və cümlə­lərdən də təşkil olunur. Yazıçı belə cümlələrdən işi icra edən nə danışan, nə də dinləyən üçün maraqlı olmayanda, yəni danışanı və dinləyəni yalnız işin özü maraqlandıranda, iş görülməsi ön plana keçəndə, onu icra edən isə arxa plana keçəndə istifadə edir. İ.Əfəndiyev bu üsuldan istifadə etməklə obraz və personajın dilinin bədii imkanlarını üzə çıxarmışdır. İşin icraçıları çox olan zaman həmin işi konkret şəxslə bağlamaq olmur [7, s.246].

Bəzən İ.Əfəndiyevin dramaturgiya dilində üslubi məqamda xəbər 3-cü şəxsin cəmində deyil, həmin şəxsin təkində öz ifadəsini tapır. Məs.: Alxan – Ey qar­daşoğ­lu… deyir (deyirlər əvəzinə – F.N.), qoca qartalı özlərinə ağsaqqal seçdilər [53, c.2, s.181].

Dialoqun replikaları bəzi hallarda qeyri-müəyyən şəxsli cümlələrdən qurulur: Nəcəf – Mənim də ağlım kəsmir. Amma deyirlər… Alı kişi – Boş sözdür! Nəcəf – Camaatdır da. Danışırlar. Alı kişi. Axı nə deyirlər? Nəcəf – Deyirlər guya Uğur incenerlə əlbir olub kirli pul yeyib… [53, c.2, s.202].

Ümumi şəxsli cümlə. Ümumi qayda şəklində hökm­lərdən ibarət olan bu cür cümlələrdə obrazlılıq mühüm yer tutur. Belə hökmlər hamının qəbul etdiyi ifadələrdir. Məs.: Bədəl – Cücəni payızda sayarlar… [53, c.2, s.220]; Nəcəf – Atalar yaxşı deyib ki, “təzə ay çıxanda köhnəni doğrayıb ulduz edərlər” [53, c.2, s.203]. Ümumi şəxsli cümlələrin xəbəri 3-cü şəxsin cəmində gerçəkləşir. Bu forma ümumiləşdirməni xeyli gücləndirir. Bu quruluşa atalar sözləri və məsəllərin bir his­səsi uyğun gəlir. Məs.: Sadıqov – Yıxılana gülməzlər, Reyhan xanım! … [53, c.2, Nargilə – Səndən xoşum gəlir .

Ümumi şəxsli cümlələr bəzən fərdi səciyyə daşıyır, yəni dramaturqun özünə Nargilə – Ümumiyyətlə, mənim yalandan acığım gəlir məxsus olur. Məs.: Özünə inanasan. Çətinliyin qarşısında titrəməyəsən [53, c.2, s.245].

Şəxssiz cümlə. Belə cümlələrdə təşkiledici üzv olan mübtəda təsəvvür edilmir. Məs.: “Gəlmək” feilinin iştirakı ilə “acığım gəlir”, “yazığım gəlir”, “xoşum gəlir” tipli frazeologizmlər şəxssiz cümlənin xəbəri kimi işlənir. Məs.: [53, c.2, s.307]; Həsənzadə – Ona yazığım gəlir [53, c.2, s.308] və s.

Şəxssiz cümlələr “maq2+olmaz” quruluşunda da özünü göstərir. Bu cür quruluşlu şəxssiz cümlələrə də drama­turqun yaradıcılığında rast gəlirik: Çolaq oğlu Ağasəlimi hərif eləmək olmaz [53, c.2, s.273].

Söz-cümlə. Dram əsərlərinin dili və üslubu üçün səciyyəvi olan sintaktik vahidlərdən biri də üzvlənməyən cümlələrdir. Üzvlənməyən cümlələrə söz-cümlələr və vokativ cümlələr aid edilir.

Mətn, situasiya və intonasiya vasitəsilə əmələ gələn söz-cümlələrin mühüm əlaməti nominativ məna kəsb edə bilməməsidir. Odur ki, belə cümlələr ədatlar, modal sözlər və nidalarla ifadə olunur, qısa, lakonik, sürətli və emosional cavabları formalaşdırır. Söz-cümlə vəzifəsini icra edən ədatlar (hə, bəli, yox, xeyr, heç və s. ), nidalar (ey, aha, bıy, oho və s.) və modal sözlər (əlbəttə, əsla, qətiyyən, sözsüz, şübhəsiz və s.) İ.Əfəndiyevin yaratdığı obraz və personajların nitq xüsusiyyətlərinin əlvanlığını, eləcə də üslubi əvəzetmələrin kəmiyyət göstəricilərinin çoxluğunu göstərir.

Ədatların təsdiq və inkar formaları söz-cümlələrin də həmin mənalarını (təsdiq və inkar) əmələ gətirir. Təsdiqdə “hə”, “bəli” söz-cümlələri mətndə funksionallaşır. İnkarda isə “yox”, “xeyr”, “heç” söz-cümlələri üzvlənməyən xüsusiyyət kəsb edir. Məs.: İldırım – Siz qoca bağban haqqındakı nağılı eşitmisiniz? Mehrican – Xeyr [53, c.2, s.253]. Buradakı “Xeyr” söz-cümlə “Mən qoca bağban haqqındakı nağılı eşitməmişəm” cümləsinin ifadə etdiyi mənaya bərabər tutulur.

Söz-cümlələrin dram dilində bir sıra məna növlərinə rast gəlmək olur:


  1. Təsdiq söz-cümlələr. Modal sözlərlə ifadə olunur: Həsənzadə (birinci oğlana xitabən) – Mənə də elə gəlir ki, bu mümkündür və sizdən xahiş edirəm o barədə mənim də rəyimi Rəşidə bildirəsiniz. I oğlan. Baş üstə [53, c.2, s.354]; ədatlarla ifadə olunur: I oğlan – Yəni demək istəyirsiniz ki… III oğlan. Hə də… [53, c.2, s.354]; Yaşlı kişi – Qızın ağlı olsa, çəm-xəm eləməz. Bu mahalda Rəşid kimi oğlan yoxdur. II oğlan. Əlbəttə [53, c.2, s.353]; nidalarla ifadə olunur: Sarısaç qız – Bu nədi, yoxsa özünə cehiz düzəldirsən? Nargilə (gülümsəyərək). Aha… [53, c.2, s.345]; Sarısaç qız – Sən də gəl! Nargilə – Mən də? Sarısaç qız. Ahaaaa… [53, c.2, s.337].

Nidalar təsdiqdə sual cümləsindəki bir üzvlə də işlənir. Məs.: Həsənzadə - Danışan kimdir? Nəzakət – Danışan Nargilənin anasıdır. Həsənzadə. Ax, anası… [53, c.2, s.334].

Təsdiq söz-cümlələr dialoq şəraitində təkrarlanan sintaktik vahidlərin ortasında işlənir: Nəzakət – Biz çalışma­lı­yıq ki, övladlarımızın xoşbəxtliyi bütöv olsun. Elə deyil­mi? Həsənzadə – Elədir… Əlbəttə, elədir… [53, c.2, s.351].

Təsdiq söz-cümlələr üzvlənən cümlələrlə birgə işlənəndə öz funksiyasını itirir. Bu tip cümlələr də İ.Əfəndi­yevin dram əsərlərinin dilində çoxdur. Məs.: Nəzakət – Necə bəyəm, siz bir yerə gedirsiniz? Həsənzadə - Bəli, gedirəm [53, c.2, s.351].

2.İnkar söz cümlələr. Nidalarla ifadə olunur: Nargilə - Səninlə Dodikin əhvalatı nə yerdədir? Sarısaç qız – Eh… [53, c.2, s.345]; ədatlarla ifadə olunur: I işçi. Bəlkə, o sizi təhqir eləyib? Nargilə (acıqlı). Yox! [53, c.2, s.343]; Həsənzadə - Bəyəm o sizi döyüb-incidirdi? Nəzakət – Yox… [53, c.2, s.342]; Nargilə - Nə oldu? Nə üçün susdunuz? Həsənzadə (dərindən nəfəs alaraq) Heç… [53, c.2, s.339].

3.Sual söz-cümlələri. Dialoqlarda hə, bəli, əlbəttə, şübhəsiz, yaxşı; yox, xeyr, əsla, heç və s. sözlər mətn şəraitində, müəyyən situasiyada təkrar olunduğu üçün sual mənasını ifadə edir. Məs.: Niyaz – Verməmisən! Nəcəf – Hə? Demək belə? [53, c.2, s.224]; Bənövşə - Bəs bir vaxt ər adı tutanda keçi kimi ağaca çıxırdın? Turac – Yox? [53, c.2, s.227]; Sadıqov – Bu, məni biabır etməkdir, camaat arasında nüfuzdan salmaqdır. Dilşad xanım – Yaxşı ee? [53, c.2, s.239], Reyhan – O… Sadıqov… Siz burdaymışsınız… Sadıqov – Necə məyər? [53, c.2, s.284]; Nargilə - Təbiətin qəribə sirləri var… Həsənzadə – Necə bəyəm? [53, c.2, s.301].

4.Emosionallıq bildirən söz-cümlələr. Emosionallıq bildirən söz-cümlələr nidalarla, nidalaşan sözlər və bəzi ədatlarla ifadə olunur, söylənilən hadisəyə adlandırma yolu ilə deyil, birbaşa emosional münasibət bildirir, mənası mətnin, situasiyanın, intonasiyanın köməyilə aydınlaşır, sevinc, təəccüb, təəssüf, nifrət və s. ifadə edir [93, s.208].

Dram dilində hiss və emosiyaları ifadə edən söz-cümlələr obraz və personajların təəccübünü, sevincini, təəssüf və nifrətini bildirməklə yanaşı, qarşı-qarşıya gələn surətlərin bir-birinə münasibətlərini də reallaşdırır. Məs.: Həsənzadə. Təşəkkür edirəm. Nargilə. Ox ... (qışqırır). Mən səndən təşəkkür istəmirəm [53, c.2, s.339]; Nargilə. Bah ... bah ... (mahnı davam edir). Siz bu mahnını oxumağı ona qadağan eləyin! [53, c.2, s.33]; Turac – Bəs sən bilmirsən ki, dünyada hər şey dəyişir? Uğur – Oho! Sən fəlsəfəyə keçdin, əmiqızı! [53, c.2, s.183]; Dilşad xanım – Pəh. Pəh… yamanca şirindilli kişisən [53, c.2, s.237].

Replikaları təşkil edən personajların işlətdiyi cümlələr fərqli məqsədlər üçün istifadə olunur. Replikalarda sual cümləsi dialoq iştirakçılarının düşüncəsini ortaya qoyur. Məs.: İldırım. Bəlkə onların böyük bir cinayətdə ittiham edildiklərini bilmirsiniz? Elə isə, bu cür adamların şəhər soveti sədri Xosrov Atayevin evində bu qədər məhrəm olmaları sizə qəribə görünmürmü? [53, c.2, s.332].

Psixoloji hal olan əsəbiliklə bağlı silsilə suallar meydana çıxır. Dialoqlarda zəncirvarı suallar dialoq mühitində ardıcıl sual silsiləsini yaradır. Belə cümlə­lərdə suallar izahedici mahiyyət kəsb edir. İkinci sual cümləsində sual vasitəsilə fikir dəqiqləşir. Məs.: Dilşad xanım (əsəbi) Nə üçün? Sadıqov neyləyib? Necə? Necə? Nə üçün qarışmaym? [53, c.2, s.311]. Mədəd. Bəs taxılı kim əkəcək? Pambığı kim becərəcək? [53, c.2, s.268].

Replikalarda nida cümləsi obraz və personajın həyəcanını, emosiyasını (qorxu, təəccüb, nifrət, alqış, qarğış, çağırış və s.) hisslərini ifadə edir. Sevinc ifadə edən nida cümlələri: Nəcəf. Ay oğulsan, ha! Aha!...Çox sevindim! [53, c.2, s.271]; Qorxu ifadə edən nida cümləsi: Sadıqov. Özünü tox tut! İnsanın ən güclü müdafiə vasitəsi cəsarətdir! Bir işi tutma, tutdunmu, qorxma! [53, c.2, s.348]; Kədəri, nifrəti ifadə edən nida cümləsi: Dilşad xanım. Artıq-əskik danışma! Rədd ol burdan! [53, c.2, s.367] Təəssüf ifadə edən nida cümləsi: Xosrov Atayev. Aha… Demək, sən elə bilirdin ki, mən yüksək vəzifəyə keçəndən sonra biz də dayələr, qulluqçularla yaşayacağıq, qapımızda “Pobeda” maşınları dayanacaq. Eləmi? Ah, Sən nə dəhşətli qadınmışsan! [53, c.2, s.369].

Replikalarda əmr cümləsi. Bəllidir ki, “personajların nitqində işlənən əmr cümlələri ilə onların mənsub olduqları təbəqəni, tutduqları vəzifə və mövqeyi, ob­razlar arasındakı münasibəti, danışıq tərzini və s. müəyyənləşdirmək olur” [24, s.279].

İ.Əfəndiyevin personajlarının nitqində işlənən əmr cümlələri xarakter etibarilə rəngarəngdir.

1. Avamlığın, sadəlövhlüyün ifadəsi: Xuduş (sadəlövhcəsinə). Amanın bir günüdür, bu sözü burada dedin, bir də heç yerdə demə! [53, c.2, s.330].

2. Səmimiliyin ifadəsi: Dilşad. Qoyma əri dolaşsın! Sən kömək elə, Lətafət bədbəxt olmasın! [53, c.2, s.327].

3. Personajın vəziyyəti, əhvali-ruhiyyəsinin ifadəsi: Xosrov Atayev (acığını udaraq). Dilşad! Axırıncı dəfə səndən xahiş edirəm; əgər bizim aramızdakı on illik məhəbbətin məhv olmasını istəmirsənsə, bir də məndən belə şeylər xahiş etmə! [53, c.2, s.327].

4. Personajın qəzəbinin ifadəsi: Reyhan. Kim olursa olsun, amansız ol, Cahangir! [53, c.2, s.321].

Replikalarda nəqli cümlələr geniş şəkildə işlənir. Mətnin təşkilində müxtəlif leksik-qrammatik vasitələr iştirak edir. Təsvir olunan hadisə, əhvalat personajların nitqində nəqli cümlə ilə transfer olunur. Müəyyən hal, vəziyyət, şərait bu cümlələrin vasitəsilə çatdırılır. Məs.: Mehrican (fikirli). İndi mən sizə gələndə İldırım Atayev bağçanızdakı böyük yasəmən ağacının dibini boşaldırdı; Reyhan. Əmimgilin kontorunda Lida adlı cavan bir planovik işləyirdi [53, c.2, s.317].

Dialoqda mətnin qurulma üsulları müxtəlifdir. Dialoqda mətni əvəzlik qurur. Məs.: Dilşad (odlanaraq). Əlbəttə, haqlı olar! Çünki sənin qardaşındır. Mən isə yad qızıyam… Amma bu on ildə gecə-gündüz sənin qulluğunda duran, sənə yanan mən olmuşam, qardaşın yox! Sənin çətin günlərinə mən dözmüşəm… (Ağlayır). Mən səndən savayı kişiyə gözümün ucu ilə də baxmamışam. Mən elə güman etmişəm ki, sən məni istəyirsən… Amma indi baxıb görürəm ki, bəd ayaqda yenə qardaşın yaxşı olur, mən pis! (AA, s.53).

Dialoqda elə mətnlərlə qarşılaşmaq olur ki, onlara ad vermək lazım gəlir. Aşağıdakı mətnin formalaşmasında “pul” leksik vahidi mühüm rol oynamışdır:

Ağasəlim – Dünyada hər şeyin başı puldur. Pul olma­saydı, bizim bu məclisimiz də olmazdı. Pul olmasaydı, sədaqət də olmazdı. Dünya pul üstündə bərqərardır. Pulu da biz kimin sayəsində qazanırıq? Əlbəttə, yaxşı dostların! (AA, s.38).

Sintaktik sinonimlərdən istifadə. Sintaktik sinonim söz birləşməsi ilə söz birləşməsi, cümlə ilə cümlə arasında mövcuddur. Bunlar formaca fərqlənməli, məna etibarilə yaxın olmalıdır. Ümumiyyətlə, sintaktik sinonimlər dramaturgiya dilində həm eyni (eyni valentli) quruluşda, həm də müxtəlif (müxtəlif valentli) quruluşda özünü göstərir. Müxtəlif valentli sintaktik sinonimlərdə semantik-informativ ümumilik qorunub saxlanılır, bu sinonimlik funksional-sintaktik oxşarlığa görə dəyişir. Məsələn, xəbər cümlədə sintaktik transformasiyaya uğraya bilir: Turac qapıdan içəri girdi, qapı üzünə bağlandı. Turac qapıdan içəri girəndə qapı üzünə bağlandı.

Sinonim sintaktik konstruksiyalar İ.Əfəndiyein yaratdığı personajların nitqində özünü göstərir. Maraqlıdır ki, eyni formanı iki personaj təkrar etmir, onların hər biri nitqinin fərdi keyfiyyətlərinə uyğun formalardan, mənaca yaxın ifadələrdən maksimum istifadə edir. Məs.:

Rayon soveti sədri (gəlir) – Salam, yoldaşlar! Biz gecikməmişik ki? Alı kişi – Lap vaxtında gəlmisən. Bədəl – Zamanında yetişmisən [53, c.2, s.227]. Bu dialoqda Bədəl də Alı kişinin sözlərini təkrar edə bilərdi (eyni valentli). Lakin nə qədər çətin olsa da, hər bir personaj öz leksikonu daxilində hərkət etmiş, nəticədə dialoqda sintaktik sinonim meydana gəlmişdir (müxtəlif valentli). Bu fakt göstərir ki, dilimizin sinonim konstruksiyalarla yüklənmə imkanları çox zəngindir, dramaturq bu imkanlardan səmərəli istifadə etməyi bacarmışdır. Digər dialoqa diqqət yetirək:

Şəfəq – Çox sağ olun, yoldaşlar! Mən sizi heç bir zaman unutmayacağam. Xanmurad – Biz də səni heç bir vaxt yaddan çıxarmayacağıq… [53, c.2, s.230]. İzahata ehtiyac yoxdur, burada da Şəfəq “sizi heç bir zaman unutmayacağam”, Xanmurad isə “səni heç bir vaxt yaddan çıxarmayacağıq” sinonim konstruksiyalarından istifadə etmişlər.

Nitq fəaliyyəti kimi monoloji nitq dialoji nitqin for­malaş­ması, təkmilləşməsi və zənginləşməsində vacib şərtdir. Bunlar müntəzəm olaraq bir-birinə qarşılıqlı təsir etdiyinə görə vəhdəti unudulmamalıdır.

İ.Əfəndiyevin dram əsərlərindəki monoloqlar son dərəcə yüksək sənətkarlıqla yaradılmışdır. Monoloqlar vasitəsilə obrazın daxili aləmini, sarsıntılarını, həyata, cəmiy­yətə münasibətini, dünyagörüşünü veməyə çalışmışdır. Monoloqlarda obrazların daxili hiss və həyəcanları, sarsıntıları nidaların köməyi ilə ifadə olunmuşdur. Müxtəlif nidalar monoloqlarda emosionallığı artırır. Dramaturq qrammatik tərkiblərlə, sual cümlələri ilə monoloqun bədiili­yini gücləndirməyə nail olur. Monoloqların dilinin leksik, semantik və frazeoloji xüsusiyyətləri zəngindir. Məsələn, “Hökmdar və qızı” pyesindən verilmiş aşağıdakı mətnə diqqət yetirək: Ağabəyim ağa. Bu nə dəhşətdir, ilahi! Azərbaycan torpağında axıdılan bu günahsız qanlar bəs deyilmi? Ey böyük yaradan, sənin dərgahında mənim günahım necə böyükdür ki, mənə bu qədər əzab verirsən? [54, c.2, s.332].

“Ata­yevlər ailəsi” dramındakı Ziyad Şahsuvarov milis idarəsi rəisinin müavinidir. Onun monoloqu daxili şübhələrini əks etdirir. Şahsuvarov. ...Mənə arxa lazımdır! Atayev kimi güclü bir arxa! Mən təkəm. Tək olmaq isə dəhşətdir! Qəlbimdə hər dəqiqə hiss etdiyim qorxu və iztirablara ancaq Reyhanın məhəbbəti son qoya bilər! Lakin skamyadan dünən qalxan bir gədə onu mənim əlimdən alır. Məni mat qoyur! Utan, Şahsuvarov! Dilşad xanım arvadlığı ilə səndən qətiyyətlidir! Lakin vəziyyət son dərəcə təhlükəli və mürəkkəbdir. Mənə hər dəqiqə ümumi atmosferi öyrənmək lazımdır. Ax...Öldürür bu şübhələr məni! Kim üzümə bir az ciddi baxırsa, kimin danışmağında bir sərtlik duyuramsa, qorxu, müdhiş bir kabus kimi çökür üzərimə! Gecikmək olmaz! Bu saat hər anın bir hökmü var!” [53, c.2, s.344-345].

Bu monoloq Şahsurovun daxili hisslərini aça bilir.

İ.Əfəndiyevin dramaturgiyasında monoloq personajların daxili aləminin açılmasına xidmət edir, bu aləmin mürəkkəbliyini aşkara çıxarır. Dərin mənalı monoloqlar əsərdə ifadə olunan ideyanın məğzini, canını təşkil etmişdir. Bəzən monoloq vasitəsilə sonda hadisələrə yekun vurulur. Məsələn, “Şeyx Xiyabani” dramında Şeyx Xiyabaninin yığcam monoloqu ilə hadisələr nəticələnir. Şeyx Xiyabani (tüfəngi Ayaza uzadaraq) – Al…Nə qədər ki, Səttar xanın tüfəngi sizin əlinizdədir, Azadıstan məhv olmayacaq. Mənim azərbaycanlı qardaşlarım! Biz qısa bir zamanda da olsa həqiqi azadlığın nə demək olduğunu gördük. Qoy gələcək nəsillər bizim haqq işimizi davam etdirsinlər. Qoy onlar da unutmasınlar ki, əgər Şimaldakı azərbaycanlı qardaşlarımız bizdən ayrı düşmüş olmasaydılar, Səttar xan da, biz də məğlub olmazdıq! (yıxılır) [46, s.164].

İ.Əfəndiyevin dramlarındakı monoloq özünütəqdim məqamında işlənə bilir. Məs.: “Bizim qəribə taleyimiz”də Kamran: – Mən Kamran Muradzadəyəm. Bu böyük şəhərə mühüm bir vəzifəyə təyin olunmuşam. İyirmi il bundan qabaq mən bu şəhərdə tələbə olduğum zaman bir qız sevmişdim. Onu indi də unuda bilmirəm [46, s.165].

Bu monoloq dramın nədən bəhs olunacağı haqqında əvvəlcədən məlumat verir.

Replikaların monoloqlarında ümidsizlik motivi güclüdür: Tofiq. Mən indi nəyəm? Qəlbi qaralmış, vicdanının müdhiş məngənəsində çırpınan yazıq bir səadət oğrusumu? Belə olduqda, həyatda yaşamağın bir mənası varmı? (Gözləri yarı qapanır. Qısa bir pauza. Birdən gözlərini dəhşətlə açaraq, əlləri ilə ürəyini tutur) Sus! Ey məlun səs, sus! Sən inandırmağa çalışırsan ki, mənim günahım bir qədər əzaba səbəb olacaq qədər böyük deyil. Deyirsən ki, sən nə edəydin, onun ölüm xəbəri gəlmişdi. Gülyazı isə sən sevirdin... Sən güman edirdin ki, öz məhəbbətinlə onun itirilmiş səadətini geri qaytaracaqsan. Mən də sənə deyirəm ki, bu xudpəsənd sözlərinlə sən yalnız vicdanı kor caniləri aldada bilərsən! Sən bilmirsənmi, Qambay kimi qəhrəmanları düşmən alovları yandırdıqca, onlar da səməndər quşu kimi təkrar-təkrar dirilib əbədi olaraq yaşayırlar! [55, c.2, s.43].

Dramaturq personajın monoloqunda daxili sarsıntıları digər məlum fakt və hadisələrlə əlaqələndirir, bununla hadisələr arasında üzvi bir bağlılıq yaradır, həmçinin də qəhrəmanın əhvali-ruhiyyəsi müsbət məcraya yönəlir. Məsələn, “İntizar”
da Qambayın monoloqunda ümidsizlikdən, bədbinlikdən nikbinliyə doğru bir inkişaf var: “Yox, mən yaşayacağam və bununla da öz fəlakətimə güləcəyəm! Buna mənim haqqım var. Yaralı şahinin son sözlərini xatırla: “Mən şərəflə vuruşdum!” Mən uğursuz hərb maşınının iki gözündən və qollarından, qıçlarından məhrum etdiyi minlərlə Qambayları gördüm... Hamısının da çöhrəsində bu məğrur sözləri oxudum: “Mən şərəflə vuruşdum!” Məni sehrli iplərlə həyata bağlayan sirr bundan ibarətdir. Biz günəşi itirdiksə, onu könlümüzdə tapacayıq! [55, c.2,s.43]. Monoloqdan görünür ki, qətiyyətlilik personajın müəyyən şəraitdə yaranmış ümid çırağını söndürə bilmir.

Monoloqla əsərin ideyası açılır, cinayətkar və saxta­karlıqla məşğul olanlar ifşa olunur. “On manatlıq lüstr” pyesinin personajı Rahilə evində üç yüz manatlıq lüstrdən istifadə edir. Amma on manatlıq lüstr sahibində olan xoşbəxtlik onda yoxdur. “Əri bu boyda mağazanın direktoru olan gənc, gözəl bir qadın evinə on manatlıq lüstr aldığı üçün özünü xoşbəxt hiss edir. Mənim isə qəlbim üç yüz manatlıq böyük lüstrün işığında həmişə qaranlıq olmuşdur. Bir dəfə də olsun sevinməmişdir. Daima qorxu... Daima səksəkə, daima daxili narahatlıq, daima öz gözündə alçalmaq...” [55, c.2, s.38]. Monoloqda olan bu qırıq-qırıq, sona yetməyən cümlələr daxili sarsıntıları ifadə etmək gücünə malikdir.



Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin