ALA KÖPƏK
Ala köpək evin önündə durar,
Yaxşılığa quyruq bular, yamanlıqdan qudurar.
Muncuq gözü parıldayar, tanış görsə, dost görsə,
Pişik, tula dəli olar, qəzəblənib bir hürsə...
Bənzəməz heç şəhərlərin tulasına, itinə,
Yeməyini özü tapar, öz işiylə keçinər.
Ala köpək başın əyər, dolaşar,
Qancığını özü tapar, özü sevər, anlaşar.
Vaxt olar ki, bir havlasa, bütün kəndi oyadar,
Boğulanı sudan dartıb çəmənliyə çıxardar.
Ancaq yenə o zavallı hey söyülər, pislənər,
“Haram köpək” deyə adı hər qovğada işlənər.
Ala köpək öyünmədən yavaş-yavaş yaşlanar,
Gözü yaşlı, diş qalmamış, artıq sonu başlanar.
Axırda da “gəbərdi” der, bir çuxura atarlar,
Qaraçılar dərman deyə sümüyünü satarlar.
Dostları ilə paylaş: |