MƏZAD - II
Alçaq evdən əyilib,
İpək, ibrişim geyib,
Əldə ləyən, qazanlar,
Çiyində şal, yorğanlar,
Çıxır dəllal düşüncəsiylə, qayğıyla,
Salam verir hər ötənə sayğıyla.
-Uğur ola, Qurd Əli ağam!.. Bağırır,
Hər kəs bir az soruşdurur, çağırır.
-Alın, ey ümməti-Məhəmməd, alın!
Təzə mallar gəlib, toplayıb qalın!
Pırıl-pırıl parlayan farfor, çini fincanlar!
İpək köynək, ucuz dəsmal, atlas şallar-kaftanlar!
Qalaylı qazan, sürməli sini, sədəfli kürsü, altın fəs,
Az işlənmiş yeni mallar, düşünməsin, alsın hər kəs!
Bu təsbeh, sizə ömür, yetmiş yaşlı imamın!
Bu qazan xoleradan ölən qudamın!
Şal-kaftan, atlas yorğan vərəmdən ölən Gülsümün,
Toyundan əvvəl özüm satdım, kürəkənin, özümün!
Buyur, qaşıq – bir süfrəlik!
Buyur, tava – bir sıralıq!
Buyur, dəsmal, buyur, yaylıq!
Buyur, fəs!
Buyur, mövlud, təbirnamə, məhəmmədiyyə,
(və çeşidli isimlər),
Qarışqa duası, qulunc softası, cadu, sehir, tilsimlər...
***
Əldən-ələ keçir şeylər, evdəkini çıxarır,
Əski düşür Qurd Əliyə, alıb kefinə baxır.
Əski təsbeh qolunda,
Namaz qılır haqq yolunda,
Əski qazan poqquldayır, bişir yenə eyni aş,
Yenə əski qəhvədanı sürür odun üstünə.
Yenə buranın yaşlı dəllalından,
Ölü malından
Aldığı şeylə toy edir, görür işini,
Bürünür əski yorğana, görür düşünü,
Xeyrə yozur gələcəyini, bu gününü, keçmişini.
Ağməscid, 22 sentyabr 1922.
TƏQDİRƏ
Gənc qızları dörd divara qapayan,
Kasıbın payını yeyərək doyan,
Sənsən, zalım, gözün çıxsın,
Məzarını sellər yıxsın.
Körpə çağaları aparıb gedən,
Cavan anaları divanə edən,
Sənsən, səni görüm böyümə, bitmə,
Oddan başqa yerə getmə!
Kasıb xalqın bostanını qovurdun,
Bizə gələn buludları sovurdun,
Qoy qurusun əlin-qolun,
Bilinməsin sağın-solun.
Bir kasıb balaca özünə gəlsə,
Bir az günəş görüb sevinsə-gülsə,
Sənsən günəşini alaraq qaçan,
Başına dolu, qar, ildırım saçan.
“Təqdir budur” deyib yansa analar,
Nalədən daşın da bağrı yumşalar.
Sən ləzzətlə öz çayını içərsən,
Mahnı oxuyaraq kəfən biçərsən.
Mənə neçə dəfə quyular qazdın,
Alnıma neçə yas qisməti yazdın,
Xilas oldum yenə sənin felindən,
Bir təhər qurtuldun sənin əlindən.
And içdim səninlə çarpışmağa mən,
Axırda qolundan yapışmağa mən,
Yolunu kəsəcək səddəm, divaram,
Səninlə sonadək qovğada varam!
Kaş bir gün boynunu qoltuğa salam,
O qır saqqalını ləzzətlə yolam!..
Budapeşt, 16 sentyabr 1917.
Dostları ilə paylaş: |