KÖLGƏDƏ YATANA
Təpəyə baxıram, fabrik dumanı,
Aşağı baxıram, motor boranı.
Sağımda dəmiryol, kürəyim çılpaq,
Solumda bir dəniz, sahili uzaq.
Nə yelkən tikməyə bir arşın iplik,
Nə yola qoymağa bir parça çəlik.
Hər avto keçəndə qızarır üzüm,
Hər lampa yananda qamaşır gözüm.
Parovoz fit verir, bağrımı yarır,
Tramvay birbaşa üstümə varır.
Teleqraf, telefon, radio deyirlər,
Məni ələ salır, məzələnirlər.
Qaranlıq gecələr... Poyezd yürüyür,
Kimisə yolundan atıb sürüyür.
-Ey, kimsən, relslərdən uzaq dur bir az!
Sürət qatarını saxlamaq olmaz.
Yoldan çıx, keçərəm, səni əzərək,
Mənim tez mənzilə yetişməm gərək!
Paroxod keçəndə qorxdum mayakdan,
Üzümə tüpürür dalğa bayaqdan.
***
Baxdım bir dostuma, girmiş kölgəyə,
Bürünüb paltoya, dalmış mürgüyə.
Dilində alaşa yorğa mahnısı,
Dolaşır dünyanı, yoxdur qayğısı.
Dedim gördüyümü, əlin yellədi,
-Vallahi, qardaşım, xəstəsən, dedi.
Alaşa yorğayla dağ-düz keçərəm,
Loğmanın ruhuyla1 dəniz keçərəm.
-Heç dəniz görənə bənzərin yoxdur!
-Sus, dedi, samanbaş, biliyin çoxdur!
Ağzımın köpüyü dənizdir mənim,
Dənizlər hamısı mənim əsərim.
Gördüyün yuxudur, dediyin nağıl,
Məqsədin öyünmək, səndə yox ağıl.
Gəvəzə, nə demək avto, telefon?
Yıxar hamısını bircə felyeton!
***
Kaş günəş yüksəlib kölgəyə düşə,
Bir az o hərifin qafası bişə.
Onadək tramvay əzib keçməsə,
O Loğman ruhuyla ölüb getməsə,
Möhkəm inanıram, o, fərq edəcək,
Relslərin üstündən qalxıb gedəcək.
Deyin: bunlar xəyal, yoxsa, yuxumu?
Bunları Üskütdən duyan oldumu?
Gerçəkdən sudakı adam uçdumu?
O biri poyezdi görüb seçdimi?
Relslərin üstündən tez duracaqmı?
Dostumu kölgədən çıxaracaqmı?
Dostları ilə paylaş: |