Oxucu: “Ana dilim-saf incim”
Bu cahanın özütək,
Qədimdir Ana dilim,
“Ana”, “Vətən”sözütək
Şirindir Ana dilim.
Dağlar şəlaləsidir,
Şaqraqdır Ana dilim
Bulaq təranəsidir,
Şəffafdır Ana dilim.
Dilim Dədəm Qorqudun,
Qopuzundan səslənən,
Min illərlə yol gələn,
Ata nəsihətidir.
Dilim Anam Tomrisin,
Türk qəlbində bəslənən,
Qeyrətli ismətidir.
Dilim də xalqım kimi
Yaranıb var olandan,
Çox qovğalar görübdür,
O, haqsız təqiblərə
Cəsarətlə dözübdür.
II oxucu: Dilim yanvar gecəsi
Sülh, azadlıq bağıran
Haqq, ədalət çağıran
Şəhidlər harayımdır.
Dilim bəxtiyarlığım
Mənim istiqlalımdır.
Dilim milli sərvətim
Mənim iftixarımdır.
Dilim Heydər atanın
Ən ali fərmanıyla
Müstəqil diyarımın
Rəsmi dövlət dilidir.
Dilim ulu öndərin
Ən ali fərmanıyla
Yer üzündə yaşayan
Bütün azərilərin
Birlik, bəhdət dilidir.
Yunisoğlu qürrələn:
Üçrəngli bayrağın tək,
Ucalan, zirvələnən,
Əzəmətli Himnin tək
Qitələrə səslənən
Azad ana dilim var.
Dünya dil sırasında
Onuntək, saf incin var.
I.Aparıcı:
Muzey dedikdə bəzən elə təsəvvür edirlər ki, bu obyekt əşya və şəkillərin toplanıb saxlanıldığı, nümayiş etdirildiyi sakit bir guşədir. Belə düşünənlər şübhəsiz ki, yanılırlar. Muzeylərin hər biri bir abidədir. Elə bir abidədir ki, tamaşaçı ilə danışır, onu düşünməyə vadar edir, qəlbi, ürəyi vətən, torpaq uğrunda çırpınan hər bir kəsi həyəcanlandırır.
Muzey şəhid və şahiddir...
Muzey qan yaddaşıdır...
Muzey mənəvi tərbiyə ocağı, təsəlli mənbəyi və elmi
araşdırma mərkəzidir.
II.Aparıcı:
Bəxtiyar Muradovun Gəncə Tarix – diyarşünaslıq muzeyinin 80 illik yubileyinə həsr etdiyi əsər tarixə hörmətin obrazlı ifadəsinə çevrildi. “Gəncə tarix muzeyi” əsərindən bir parça.
Oxucu: Gəncə tarix muzeyi.
Gəncə...ulu cahanın
Müqəddəs, pir şəhəri
Gəncə...Vətən Ananın
Dünən, bu gün, səhəri
Atatürk prospektində
Binası göz sevinci,
Hikməti, sözü, inci,
Nizaminin adını
Daşıyan ünvandayam.
Tarix muzeyi adlı,
Sirr dolu ümmandayam.
Bələdçimiz söyləyir:
“Salam, gününüz xeyir!”
Ekskursiya başlanır,
Gözlərimiz önündə,
Tarixim varaqlanır.
I.Aparıcı:
Bəxtiyar Muradovun şeirlərinin ilk baxışdan xoşa gələn cəhəti onun səmimi deyilmiş tərzi, şeriyyət gözəlliyi, təsvirlərdən süzülüb gələn işıqlı təəsüratdır.
II.Aparıcı:
Müstəqilliyimizin 10 illiyi münasibəti ilə yazdığı
“Azərbaycanım” adlı kiçik həcmli poemaları yerli və respublika mətbuatında dərc olunmaqla bərabər, müxtəlif televiziya, radio proqramlarında səsləndirilib.
Oxucu: Azərbaycanım
Müqəddəs varlığım sənsən Vətənim,
Anamsan, qayğımı sənsən çəkənim.
Azadlıq arzuma sənsən yetənim,
Mənimgöz bəbəyim, ürəyim, canım,
Əbədi, müstəqil Azərbaycanım.
Naxçıvan, Qarabağ danılmaz obam,
Burda məskən salıb ulu türk babam.
Burda sönməz odum, soyumaz sobam,
Sənə göz tikənin gözündə yanım
Əbədi, müstəqil Azərbaycanım.
Əzəmətli himnim, dilimiz, var ol!
Üçrəng ay-ulduzlu bayrağım, var ol!
Od rəmzli, sünbüllü gerbimiz, var ol!
Şəhidlər qanıyla yazıb dastanım,
Nurlu sabahlara açılsın danım,
Əbədi, müstəqil Azərbaycanım.
Aparıcı:
Bu gün hörmətli yubilyarımızın tərcümeyi-halını göz önündən keçirib 60 illik ömrünün və 40 illik bədii yaradıcılığının hesabatını müxtəlif mövqelərdən qiymətləndiririk. Şair kimi, gözəl mədəniyyət işçisi kimi, xeyirxah insan, yaxşı dost, mehriban ailə başçısı, əsl vətəndaş kimi. Bu sıranı xeyli artırmaq, zənginləşdirmək, çoxaltmaq da olar. Çünki Bəxtiyar müəllim uzun illərdir ki, şəhərin ictimai, mədəni həyatında fəal iştirak edir.
Aparıcı:
Bu il Bəxtiyar Muradovun 60 yaşı tamam olur. Şərəfli ömrünü Azərbaycanımızın çiçəklənməsinə, milli-mənəvi dəyərlərimizin təbliğinə, yaradıcı axtarışlara həsr etmiş bir insan həqiqətən də bəxtiyardır. Biz kitabxana işçiləri də Bəxtiyar Yunisoğlunu yubileyi münasibətilə ürəkdən təbrik edirik. Ona şəxsi həyatında, ictimai fəaliyyətində və yaradıcılığında uğurlar diləyirik !
Arzu edirik ki, Bəxtiyar müəllim oz oxucularını yeni-yeni şeirləri ilə sevindirsin.
İstifadə olunan ədəbiyyat:
1. Gəncə: Şeir // Pəncərə: Birinci bölüm.-Bakı: Səda, 1998.-
S.36-37
2. Şərəflə qoruyaq Azərbaycanı :Şeir // Goranboyun söz
dünyası.- Bakı: Ekologiya.-2001.-S.71
3. Azərbaycanım : Şeir // Zirvə : Bədii, publisistik toplu.- Bakı,
2003.- S.55
4. Gəncə Tarix Muzeyi: Poetik ekskursiya.- Gəncə.- 2004.- 16 s. 5. Orduya xidmətə gedirəm: Şeir // Eminova Elxanə.- Azəri
Yurdunun övladları . II kitab.- Bakı: “Şəms” nəşriyyatı,
2009.-S. 75-78
6. Gəncəm, bayramın mübarək: Şeir // Eminova Elxanə. Azəri
yurdunun övladları. III kitab.- Bakı: Şəms, 2010.- s. 112 s.
Dövrü mətbuat:
1. Ol şirin payım: Şeir // Azad Azərbaycan.- 2010.- N170.- S.7.
3. Ana dilim-saf incim : Şeir // Gəncənin səsi.- 2006.- 14 iyun.- N14.-S.4
4. Bura qədim Gəncədir // Gəncə.- 2012.- mart N29.- S. 23
Haqqında.
1. Eminova Elxanə. Nümunəvi mədəniyyət işçisi // Eminova E. Azəri yurdunun övladları. II hissə. -Bakı: Şəms, 2009.- S.75-76
2. Eminova Elxanə. Nümunəvi mədəniyyət işçisi // Eminova E. Azəri yurdunun övladları: III hissə. -Bakı: Şəms, 2010.- S.10-11
3. Tağıyev Elçin. Ömür bir yuxu imiş... // Mədəni Həyat.- 2013.- N01- 02.- S.37.38.
4. Mirzəqızı Məlahət. Bir ömür payı // Gəncənin səsi.- 2013.-
31 yanvar.- N03-04.- S.4.
5. Tapdıqoğlu Arastun. Ömrünü yaradıcı axtarışlara həsr etmiş
insan //Azad Azərbaycan.- 2013.- 13 yanvar.- N04.
İntenetdə.
www.Qoogle.az
Tərtib edənlər:
Şahnaz Əhmədova
MKS – nin Metodiki İşlərin təşkili şöbəsinin
böyük metodisti.
Rəqibə Rüstəmova
MKS – nin Metodiki İşlərin təşkili şöbəsinin
metodisti
Redaktor:
Abbasova İradə
MKS – nin Metodiki İşlərin təşkili şöbəsinin
müdiri.
Dostları ilə paylaş: |