1.5. Bulqarlar və tatarlar
1231-ci ildə tatarlar Böyük Bulqar şəhərinə yaxınlaşdılar, lakin qış səbəbilə daha çox irəliləmədən şəhər yaxınlarında qərargah qurdular və yazın gəlməsini gözləməyə başladılar (Polnoye sobraniye russkix letopisey, 1963. Т. 28, s. 29), Yazın gəlməsi ilə bir neçə uğursuz hücum cəhdindən sonra isə yönlərini başqa istiqamətə çevirdilər. Beləcə, təhlükə adlamış oldu. Amma bu, çox da uzun sürmədi, belə ki, 1236-cı ildə tatarların əsas qüvvələri Batı xan, Şeybani xan, Tanqut və Sabutayın başçılıq etdiyi qoşunlarla bir araya gələrək Bulqar torpaqlarına daxil oldular (Raşid-ad-din, 1960, s. 37-38) və öz alınmaz qalası ilə məşhur olan Böyük Bulqar şəhərini fəth etməyi bacardılar. Döyüşlərdə çox sayda bulqar öldürüldü, bir o qədəri də əsir alındı (Djuveyni Ala-ad-Din, 1941, s.185).
Bu hadisə dövrümüzədək ulaşmış rus salnamələrinin birində belə təsvir edilir: «(Пришли) безбожники-тотарове, град их сожгоша, плениша всю землю Болгарьскоую, град их Великии взяша и иссекоша вся жены и дети, а инии в полон взяша» (Allahsız tatarlar gəlib Bulqar torpaqlarından od və atəşlə keçdilər, Böyük Bulqar şəhərini oda verdilər, bulqarların arvad və uşaqlarını əsir alıb apardılar).
Bulqarların tatarlara məğlub olmaları və Bulqar şəhərinin tatarların əlinə keçməsi barədə macar keşişi Yulian da məlumat verməkdədir (Аnninskiy S. А., 1940, s. 83). Əldə olan məlumatlardan belə aydın olur ki, həmin dövrlərdə bulqarlar çox zəifləmişdi və hətta Sabutayın başçılıq etdiyi öncül tatar dəstələrinin təzyiqinə belə davam gətirə bilmək iqtidarında deyildilər (Qrumm-Qrijmaylo Q. Ye., 1926, s. 463).
Çox çəkmədi ki, Bulqar şəhəri yenidən quruldu və yenidən bölgənin əsas ticarət və mədəniyyət mərkəzlərindən birinə çevrildi. Batı xan bu şəhəri özünün qərargahına çevirmişdi və onun 1242-1246-cı illərdə həmin şəhərdə yaşadığı məlumdur. Bu isə o deməkdir ki, həmin dövrlərdə sözügedən şəhər Qızıl Orda xanlığının mərkəzi rolunda çıxış edirdi.
Tatarlar iqtisadiyyatlarını daha da inkişaf etdirə bilmək üçün yeni şəhərlərin salınmasında maraqlı idilər. Bu illər ərzində ətrafda daha bir neçə yeni şəhər salındı. Bunlardan biri də Əjdərxan şəhəri idi. Bulqar şəhəri Berkə xanın dövründə (1257-1266) də Saray şəhəri ilə birlikdə Qızıl Orda şəhərinin iki əsas şəhərindən biri idi (Мarko Polo, 1997, s. 193).
Beləliklə, 1236-cı ildə böyük ölçüdə təxrib edilən Böyük Bulqar şəhəri tatarlar tərəfindən tezliklə bərpa edildi. Elə bu səbəbdən də hazırda həmin ərazidən tapılmış bütün əski kitabələr Qızıl Orda dövrünə aid edilir (Bartold V. V., 1968, s. 136).
XIV əsrin II yarısında Qızıl Orda ərazisində xristian tatarlarla müsəlman tatarlar arasında çəkişmələr başlandı. Mərkəzi hökumətin zəifləməsindən istifadə edən xristianlar müsəlmanların hakimiyyətindən qurtarmağa can atır və hər imkanda müsəlmanlara qan uddururdular. Rum ortodoks kilsəsinin firnəsinə uyan xristian əhali cameləri oda verməkdən də çəkinmirdi. Həmin dövrdə əski bir fin-uqor şəhəri olan Moskva xristian tatarların əsas şəhərinə çevrilmişdi. Xristian tatarların əlində olan ərazilər dövrün Avropa mənbələrində «Moskva Tatariyası» və ya «Moskoviya» kimi yad edilsə də, rus tarixşünaslığı tarixi faktları təhrif edərək həmin ərazidən «Rusiya dövləti» və ya «Moskva Rus dövləti» kimi bəhs edir, xristian tatarları da «rus» kimi qələmə verir (Tuncay B., 2016).
1370-ci ildə Bulqar şəhəri xristian tatarların əlinə keçdi. Şəhər və bulqar torpaqları yenidən təxrib edildi. Ölkənin şəhər və kəndləri talan edildi. 1374-cü ildə Bulqar şəhərinin müsəlman əhalisi xristianlara böyük həcmdə bac-xərac verməklə şəhəri yandırılmaqdan xilas edə bildi.
1376-cı ildə xristianlar növbəti dəfə Bulqar ərazisinə hücuma keçdilər. Xristianlarla müsəlmanlar arasında qanlı döyüş oldu. Bulqar xanları Osan və Məhəmmədin başçılığı altındakı müsəlman qoşunlar xristianları geri püskürtməyi bacardı (Polnoye sobraniye russkix letopisey, 2004. Т. 25, s. 192).
Bulqarın müsəlman əhalisinin çilələri 1382-ci ildə son buldu. Həmin il Qızıl Orda xanı Toxtamış xristianlar üzərində qələbə çalaraq üsyankar Moskva Tatariyasını mərkəzi hakimiyyətə tabe etməyi bacardı. Bulqar və Kazan şəhərlərindəki xristian tacirlərin mal və mülkləri, o cümlədən gəmiləri müsadirə edildi. Həmin dövrdə Kazan və Bulqar şəhərlərinin əraziləri o qədər böyümüşdü ki, bu iki şəhər artıq vahid bir meqapolisə çevrilmişdi. Elə bu səbəbdən dövrün salnamələrində artıq «Bulqar» və «Kazan» adları sinonim kimi işlədilir (Polnoye sobraniye russkix letopisey, 2000. Т. 11, s. 71). Tədricən «Kazan» adı «Bulqar» adını sıxışdırdı. Bəzi mütəxəssislər bunu həmin dövrdən etibarən Kazanın Bulqar ölkəsinin paytaxtına çevrilməsi kimi şərh edirlər.
1395-ci ildə xristianlar növbəti dəfə müsəlman şəhərlərinə hücuma keçdilər. Kazan və Bulqar şəhərləri üç ay boyunca xristianlar tərəfindən yağmalandı. Yağmalar 1396-cı ildə son buldu (Polnoye sobraniye russkix letopisey, 1913. Т. 21, s. 417-418).
Bulqar ölkəsinin şəhərləri 1399-cu ildə də yağmalara məruz qalmışdı. Həmin il hücuma məruz qalan şəhərlər arasında Bulqar və Kazanla yanaşı, Jukotin və Keremençuk da var idi (Polnoye sobraniye russkix letopisey, 2001. Т. 6, s. 5-6). Artıq həmin dövrdən etibarən mənbələrdə «Bulqar ölkəsi» ifadəsi tamamilə unudulur və onun əvəzinə «Kazan xanlığı» ifadəsi işlənməyə başlayır. «Tatar» adı isə «Böyük Tatar Xaqanlığının ərazisində yaşayan bütün türk xalqlarının, o cümlədən bulqarların ümumiləşdirici adına çevrilir.
Dostları ilə paylaş: |