Beynəlxalq qarışıq daşıma (intermodal) daşıma anlayışı
və onun əsas şərtləri
Qeyd etmək lazımdır ki, daşıma prosesində bir qayda olaraq yalnız nəqliyyatın müəyyən bir növü (məsələn dəniz nəqliyyatı və havanəqliyyatı, yaxud avtomobil nəqliyyatı və s.) iştirak edir. Başqa sözlə, yük, adətən, ancaq hər hansı bir nəqliyyat növü vasitəsilə daşınaraq təyinat yerinə çatdırılır. Hüquq elmində buna birbaşa daşımalar deyilir.
Bəzən yükü nəqliyyatın yalnız bir növü ilə təyinat yerinə çatdırmaq mümkün olmur, yəni bir nəqliyyat növü çərçivəsində yük sahibinə daşıma xidməti göstərilməsi qeyri-mümkün olur.
Dövlətlər arasında daşımanın qarşılıqlı, faydalı və səmərəli şəkildə təşkil olunması problemi yalnız nəqliyyatın bir neçə növünün iştirakı ilə həll oluna bilər. Bundan ötrü yükün daşınma marşrutu müəyyənləşdirilir, daşıma prosesini həyata keçirmək üçün nəqliyyatın ayrı-ayrı növləri seçilir və onlardan hər birinin yalnız müsbət keyfiyyətlərindən istifadə edilir. Belə daşıma beynəlxalq nəqliyyat hüququnda beynəlxalq qarışıq daşıma adlanır.
Qarışıq daşıma dedikdə elə bir daşıma növü başa düşülür ki, belə daşıma zamanı nəqliyyat (daşıma) prosesini həyata keçirmək üçün iki və daha çox nəqliyyat növündən istifadə olunur. Belə daşımanın həyata keçirilməsində ən azı nəqliyyatın iki müxtəlif növü iştirak edir. Ona çox vaxt birbaşa qarışıq daşıma deyilir.
Qarışıq daşıma, hər şeydən əvvəl, nəqliyyat infrastrukturu müəssisəsinin (dəniz və ya çay limanının, aeroportun, terminalın və s.) iştirakı ilə həyata keçirilə bilər. Bu zaman belə müəssisələr daşıyıcıların fəaliyyətini bir-biri ilə əlaqələndirir. Digər tərəfdən, qarışıq daşıma belə müəssisələrin iştirakı olmadan da həyata keçirilə bilər. Bu zaman yük ardıcıl surətdə müəyyən nəqliyyat növünün daşıyıcısından digər nəqliyyat növü daşıyıcısına verilir.
Beynəlxalq qarışıq daşımaya gəldikdə isə, qeyd etmək lazımdır ki, o, nəqliyyatın ənənəvi sistemindən (unimodal transport), yəni unimodal daşımadan (unimodal daşıma nəqliyyatın bir növü tərəfindən həyata keçirilir) bir sıra xarakterik cəhəti ilə fərqlənir.
Belə cəhətlərə aşağıdakılar aiddir:
-ən azı iki növ nəqliyyatın iştirakı;
-yükün göndərilmə və təyinat yerinin iki müxtəlif dövlətdə olması, yəni daşımanın iki dövlət arasında həyata keçirilməsi;
-daşıma iştirakçılarından birinin (operatorun) daşıma prosesini bütövlükdə vahid daşıma sənədi (qarışıq daşıma müqaviləsi) əsasında təşkil etməsi;
-operatorun yükə görə yükgöndərmə yerindən təyinat yerinə kimi məsuliyyət daşıması;
-yükün, əsasən, xüsusi qablarda (konteyner, çən və s.) daşınması.
Göstərilən cəhətlərdən ikisi (birinci, daşımanın iki dövlət arasında həyata keçirilməsi və ikinci, daşıma prosesinin operator tərəfindən təşkil olunması) beynəlxalq qarışıq daşımanı qarışıq daşımadan fərqləndirməyə imkan verir.
Dostları ilə paylaş: |