Beynəlxalq nəqliyyat əlaqələrinin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:
Beynəlxalq yük daşımaları – bu nəqliyyat əməliyyatları beynəlxalq ticarət üzrə daşımaların 80 %-ni təşkil edir. Dünya üzrə beynəlxalq yük daşımalarında əsas mallar kimi dəniz və dəmir yolu nəqliyyatları vasitəsi ilə daşınan maye məhsullar, xam neft, neft məhsulları, dəmir filiz, daş kömür və s. dir. Son onillliklərdə dəniz nəqliyyatına konkurent kimi qitələrarası yük daşımalarda hava nəqliyyatının potensialı artmaqdadır. Bu ilk növbədə hava nəqliyyatı vasitəsi ilə yüklərin təyinatı üzrə ünvanına tez və itkisiz çatdırılması ilə bağlıdır.
Beynəlxalq sərnişin daşımaları – hazırda yüz milyonlarla insanlar gündəlik olaraq ölkələrarası və qitələrarası marşrutlara çıxırlar. Beynəlxalq ticarət əməliyyatlarının genişlənməsi və biznesin beynəlmiləlləşməsinin intensivləşməsi sərnişin daşımalarının artmasını şərtləndirən amillərdəndir. Bu növ daşımalarda qitələarası marşrutlar üzrə əlverişli və şəriksiz lider kimi hava nəqliyyatı xüsusilə fərqlənir. Qitədaxili məkanda ölkələrarası sərnişin daşımalarında avtomobil və dəmir yolu nəqliyyatının çəkisi çoxdur.