4.Nəticənin çıxarılması (5 dəq.)
Təlimçı BİBÖ cədvəlinə qayıdır və 3-cü sütunda olan “Biz nə öyrəndik?” sualına cavabları iştirakçılardan alıb qeyd edir. Sonra fəal və ənənəvi dərslərin oxşarlıq və fərqini dəqiqləşdirir:
Ənənəvi dərsin və fəal dərsin quruluşunun fərqi nədədir?
Müqayisə nəticəsində iştirakçılar aşağıdakı fikirlərə yönəldilir:
Fəal dərsin quruluşu tədqiqat prosesinin mərhələlərini xatırladır (təlim prosesinin mərkəzi - tədqiqatdır), ənənəvi dərs illüstrativ-izahedici xarakter daşıyır (təlim prosesinin mərkəzi - mühazirədir).
Ənənəvi dərsdə yeni məlumatlar dərsin əvvəlində müəllim tərəfindən şagirdə çatdırıldığı halda, fəal dərsdə bu məlumatlar dərsin axırında şagirdin özü vasitəsi ilə (tədqiqat nəticəsində) əldə edilir.
Hər iki dərsdə tətbiq etmə mərhələsi axırda olur, lakin fəal dərsdə bu mərhələ daha yaradıcı xarakter daşıyır.
Fəal dərsin fərqli mərhələlərindən biri – refleksiya mərhələsidir. Refleksiyanın nəticəsində şagird öz tədqiqat fəaliyyətinin əsas mərhələlərini dərk etmiş olur.
Dərsin nümayişi zamanı sizdə hansı suallar yarandı?
Hansı yeni anlayışlarla tanış oldunuz?
Hansı problemləri müşahidə etdiniz? Siz nəyi başqa cür edərdiniz?
Bu mərhələdə təlimçi iştirakçıların suallarının siyahısını BİBÖ cədvəlində qeyd edərək, görülən yerdə asır və treninqin sonuncu gününə kimi onlara qayıdır: treninqin gedişi zamanı cavab verilən suallar siyahıdan çıxarılır (üstündən xətt çəkilir).
Sonda təlimçı fəal (interaktiv) təlimin mərhələlərinə aid olan “refleksiya”anlayışını təqdim edir və onun mahiyyətini axırıncı fəaliyyət əsasında izah edir.