Alban yazısı haqqında
Alban dilinin şimalda vahid ünsiyyət vasitəsi olduğunu göstərən mühüm bir dəlil həmin dilə məxsus əlifbanın, alban yazısının olmasıdır. Kalankatuklu Moisey yazısı olan xalqlar içərisində midiyalıları və albanları xüsusi qeyd etmişdir: «Yazıya malik olan xalqlar budur: yəhudilər, romalılar (bunların yazısından bizanslar da istifadə edirlər), ispanlar, yunanlar, midiyalılar, ermənilər və albanlar». (7;16) Tədqiqatçılar müəyyənləşdirmişlər ki, uzun müddət elmi, bədii, publisistik əsərlər, kargüzarlıq sənədləri alban dilində yazılmışdır: «X əsr də daxil olmaqla alban mənbələri başlanğıcdan alban dilində tərtib olunmuşdur. Bura alban dini rəvayət ədəbiyyatı (aqioqrafiya), məktub şəklində yazışmalar, kanon ədəbiyyatı, qərarlar, salnamələr daxildir. Musa Kalankatlının «Alban tarixi» kitabı əvvəl alban dilində yazılmışdır». (48;236) Lakin alban əlifbasının nə zaman və kim tərəfindən yaradıldığı mübahisəlidir.
Alban əlifbası haqqında fikrin təşəkkül tarixini T.M.Məmmədov daha ətraflı araşdırmışdır.(16; 100-115) Uzun müddət alban dilinə tərcümələr və alban yazısı haqqında Matenadarandakı beş müxtəlif əlyazmasında olan mə’lumata əsaslanmışlar. 1937-ci ildə filologiya elmləri doktoru, professor İ.V.Abuladze XV əsr əlyazmalarını öyrənərkən 1717 nömrəli əlyazmada alban əlifbasını əldə etmişdir. Sonra Matenadarandakı bu əlyazmanın iki başqa surəti üzərində T.İ.Ter-Qriqoryan da tədqiqat aparmışdır. Bunlar XV əsrdə ruhani Mkrtıçın göstərişi ilə monastrın şagirdləri üçün dərslik kimi monax Foma Metsopski tərəfindən tərtib edilmişdir. Əlyazmada ərəb, suriya, erməni, gürcü əlifbaları ilə yanaşı, 52 hərflik alban əlifbası da vardı. 1938 və 1957-ci illərdə ciddi araşdırmalardan sonra akademik A.Q.Şanidzenin alban əlifbası haqqında yazıları çap olunmuşdur. T.M.Məmmədov göstərir ki, bu tapıntı akademik R.Acaryanı da maraqlandırmış, o bu əlifbanın həqiqətən alban əlifbası olması barədə məqalə ilə çıxış etmişdir. (16; 101) Alban yazısının, alban dilində tərcümə əsərlərinin olduğunu tarixi mənbələr də təsdiq edir. Erməni, gürcü və alban əlifbalarının yaradıcısı ən’ənəvi olaraq Mesrop Maştots sayılır. Lakin burada da şübhəli məsələlər çoxdur.
V əsr erməni tarixçisi Koryun göstərir ki, Maştots hələ Albaniyada olmadığı zaman Benyamin adlı alban onun yanına gəlmiş, Maştots ondan alban dilinin yadelli (əcnəbi) bir şivəsi haqqında mə’lumat alıb əlifba düzəltmişdir.
T.M.Məmmədovun dediyi kimi, buradan aydın olur ki, Mesrop alban dilini bilmirmiş, alban dili haqqında alban Beniaminin köməyi ilə mə’lumat almışdır: (Maştots) «...Albaniyaya yollandı və bu ölkəyə gəldi. Çar iqamətgahına gəlib, Yeremiya adlı müqəddəs yepiskopla və onların Arsvaq adlı çarı və bütün ə’yanları ilə görüşdü... (Maştots) onların sorğusuna əsasən nə üçün gəldiyini bildirdi və onlar hər ikisi, yepiskop və çar yazının hazırlanmasına itaətlə razılaşdılar». (16; 103)
Həmin dövrün erməni tarixçisi Moisey Xorenasi qeyd edilən əlifbanın boğaz səsləri ilə zəngin olan qarqar dili üçün yaradılmış olduğunu söyləyir: «Mesrop öz yolunu Albaniyaya Arsvagenin, (bu ölkənin) çarının və yepiskopların başçısı Yeremiyanın yanına salır. Onlar onun tə’limini məmnuniyyətlə qəbul edirlər və ona seçilmiş oğlan uşaqları verirlər. Və öz yepiskopu Ananiyanın vasitəsilə Sünik hakimi gənc Vasakı tə’cili göndərib iste’dadlı tərcüməçi Beniamini öz yanına çağıraraq, Mesrop onların köməyi ilə qarqar şivəsi, boğaz səsləri ilə zəngin olan, kobud, barbar, yüksək dərəcədə yöndəmsiz qarqar şivəsi üçün yazı düzəltdi». (16; 104)
T.M.Məmmədov Koryunun və Xorenasinin qeydlərində bir sıra fərqlər müəyyənləşdirmişdir: Koryundan fərqli olaraq, Xorenasinin yazısından aydın olur ki, Mesrop əlifbanı alban Beniamin və Yeremiyanın köməyi ilə düzəltmişdir. Koryun Beniamini «ruhani», Xorenasi «tərcüməçi» adlandırır. Koryun göstərir ki, Mesrop hələ Albaniyaya gəlməmiş alban dili haqqında mə’lumat almışdır, Xorenasinin qeydlərindən aydın olur ki, Albaniyaya gəldikdən sonra bu dili öyrənmişdir. T.M.Məmmədov başqa bir mühüm fərq də müəyyən etmişdir: Koryuna görə, Mesrop alban dili üçün, Xorenasiya görə, alban dilinin qarqar dialekti üçün əlifba düzəltmişdir. Əgər Koryunun dediyi olduğu kimi verilmişsə, onun sözlərində də qarqar dilinə işarə vardır. Koryun belə ifadə işlədir: «İ on (Maştots), razuznav i obsledovav çujezemnıy qovor albanskoqo əzıka, sostavil zatem pisğmena...»(16; 103) Burada aydın şəkildə «alban dilinin yadelli (əcnəbi) şivəsi» sözləri işlənmişdir. Deməli, əslində, Koryun da əlifbanın alban dili üçün deyil, alban dilinin bir dialekti, görünür, mühüm mövqeyi olan bir tayfa dili üçün əlifba yaradıldığını qeyd etmişdir. Belə olduqda məntiqi olaraq düşünülür ki, alban dili üçün əlifba daha əvvəllərdən mövcud olmuş, Mesrop alban dili üçün əlifba düzəltməmişdir. Kalankatuklu Moiseyin «Albaniya tarixi» əsərindəki aşağıdakı sözləri də bu fikri təsdiq edir: «O zaman ki yunanların imperatoru Kiçik Feodosi idi, ermənilərin çarı Vramşapux idi, İran şahı Yezdəgird idi, Arsvakan isə Albaniyanın çarı, Albaniyaya, bizim patriarxımız Yeremiya və çarımız Yesvagenin yanına həmin Mesrob gəldi. Onların hər ikisi (Arsvagen və Yeremiya) ona maarifçilik fəaliyyətində kömək etməyə razılıq verib, (o, Müqəddəs Ruhun köməyi ilə erməni və gürcülərə əlifba yaradıb) və məmnuniyyətlə ona şagirdliyə fərasətli gəncləri təhkim etdilər. Onlar Sünikdən (Zəngəzurdan) Bəncamin adlı tərcüməçini də’vət etdilər və onu Sünikin gənc knyazı Vasaq yepiskop Ananiyanın xahişi ilə Albaniyaya göndərdi. Onlar Mesrobun yanına gəlib, onunla birlikdə qırtlaq, qaba, barbar və çətin səslənən qarqar dilinin əlifbasını yaratdılar.» (7; 33) Bunu Kalankatuklunun əsərinin 1 hissəsinin 16-cı fəslinin adından da görmək olar: «Mesrobun Albaniya çarı Arsvagenin yanına gəlməsi. Burada əlifbanı təkmil etməsi, məktəbləri yenidən açması, ölkədə dağılmış bütpərəst məzhəblərin kökünün kəsilməsi və Albaniyada xaçpərəstliyin möhkəmlənməsi». (7; 32) Göründüyü kimi, burada yeni məktəblərin açılmasından, yeni əlifbanın yaradılmasından deyil, məktəblərin yenidən açılmasından, mövcud əlifbanın təkmilləşdirilməsindən söhbət gedir.
V əsr erməni tarixçisi Lazar Parbetsiyə görə, Mesrop yalnız erməni əlifbasının müəllifidir. Erməni tədqiqatçısı Q.N.Akinyan isə yazmışdır ki, Maştots heç vaxt albanlar üçün əlifba düzəltməyib. Elə buna görə də Q.Voroşil qeyd edirdi ki, alban əlifbasının mənşəyi məsələsi aydın deyil. Aydın olan budur ki, V əsrdə ya həmin əlifba təzələnmiş, yaxud da həmin əlifba əsasında qarqarlar üçün əlifba tərtib edilmişdir.
Bütün bunlar bir şeyi təsdiq edir ki, bu dövr Albaniyada yazının, maarifin, məktəbin inkişaf etdiyi dövrdür: «Albaniya tarixi» əsərinə əsasən Urnayrdan sonra Yesvagen hökmdar olmuşdur. Onun hakimiyyəti dövründə köhnə yazının islahı yolu ilə yeni alban yazısı yaradılır. Üç Qafqaz xalqının - albanların, gürcülərin və ermənilərin əlifbasının yaradıcısı Mesrop Maştots hesab edilsə də, mənbələrin müqayisəli təhlili əsas işin iste’dadlı tərcüməçi sünikli Beniamin tərəfindən yerinə yetirildiyini sübut edir. Əlifba təzələndikdən sonra Yesvagen uşaqlar üçün xüsusi məktəblər açdırır, onlara yazı sənətinin sirlərini öyrətmək əmrini verir, hətta dövlət hesabına onları yer və yeməklə də təchiz edir. Dini və dünyəvi əsərlərin siryani və yunan dillərindən alban dilinə tərcüməsi də bu dövrdə yerinə yetirilməyə başlayır».(17; 113-114) K.V.Trever də bu fikirdə olmuşdur ki, V əsrin başlanğıcında Albaniyada artıq hansısa köhnə bir əlifba vardı ki, onu Maştots «təzələdi». Qonşu erməni və gürcü xalqlarının V əsrdən əlifbalarının olması da göstərir ki, mütləq albanların əlifbası olmuşdur, çünki Alban dili Qafqazda və Ön Asiyada daha böyük rola malik idi. Erməni və gürcü dilləri eramızın V əsrinin ilk rübündən e’tibarən yazısı olan dillərdir. Bununla belə, onların tə’sir dairəsi heç də alban dilinin tə’sir dairəsi səviyyəsində olmayıb. (13; 76) Türk-alban dili qonşu dilləri də öz tə’siri altına almışdı. Doktor Mordman XIX əsrin 70-ci illərində erməni dilinə həsr etdiyi bir məqalədə yazırdı: «Mə’lumdur ki, ermənilər Hind-Avropa mənşəli xalqdır, amma onların dili Turan dilinin güclü tə’sirinə mə’ruz qalmışdır. Mən həmin ifadə ilə heç də çoxəsrlik kontakt nəticəsində osmanlı türkcəsindən alınmış sözləri nəzərdə tutmuram. Söhbət IV, V, VI və VII əsrlərdə erməni ədəbi dilinə keçmiş Turan elementlərindən gedir. Bu elə bir dövr idi ki, dünyada hələ nə səlcuqlar, nə osmanlılar... var idi. (13; 80) Müəllif Turan dedikdə qonşu Aran xalqını və başqa türk tayfalarını nəzərdə tutmuşdur.
Əlifbada boğaz səslərinin çox olması tədqiqatçıların bir qismini bu əlifbanın Qafqaz dilləri üçün tərtib edildiyi qənaətinə gətirmişdir. Lakin Y.B.Yusifovun qeyd etdiyi kimi, bə’zi türk dillərində və o cümlədən qarqar dilində də boğaz samitləri olmuşdur. Moisey Kalankatuklunun «Albaniya tarixi» əsəri tərcümə və nəşr edilərkən qəsdən üzərində əməliyyat aparılmış, bir sıra məsələlər dəyişdirilmiş və dolaşdırılmışdır. «Albaniya tarixi» əsərinin Yerevanda Ş.V.Smbatyan tərəfindən 1984-cü ildə qrabardan rus dilinə edilmiş tərcüməsi barədə «Qaynaqlar»da oxuyuruq: «Ancaq nəzərə alınmalıdır ki, bu çapı hazırlayan müəllif kitabın bir çox yerlərini özü istədiyi kimi dəyişdirmiş, bə’zən isə bilərəkdən kəsib atmışdır. Buna görə yeni çap bir sıra hallarda əski 1861-ci il çapı qədər və bəlkə daha çox naqis, qərəzli və nöqsanlıdır.» (4; 40) «Albaniya tarixi»nin yeni tərcüməçisi qeyd və şərhlərində albanları barbar, geridə qalmış bir xalq kimi təsvir etməklə sübut etməyə çalışmışdır ki, albanlar belə bir əsər yarada bilməzdi, qrabar bu əsərin ana dilidir. Lakin əsərin müəllifi Kalankatuklu Moisey xalis bir alban olaraq Albaniya haqqında, böyük sərkərdə və dövlət xadimi, diplomat Cavanşir haqqında elə məhəbbətlə danışır ki, bunu yalnız həqiqi bir alban vətəndaşı edə bilərdi. Ona görə də bu əsərin vaxtilə alban dilindən qrabara tərcümə edilmiş olduğunu göstərən tədqiqatçılar (Z.Bünyadov, S.Əliyarov, Y.Yusifov, F.Məmmədova, T.Hacıyev və b.) haqlıdırlar.
Alban dilinin yazısı V əsrə deyil, daha əvvəllərə aiddir: »Mə’lumdur ki, Alban hökmdarı Oroyz (e.ə. I əsr) Pompeyə məktub göndərmişdi. III əsrdə albanlar Romaya yazılı mə’lumat çatdırmış, V əsrdə isə alban dilində fərman tərtib edilmişdir... Onlar yəqin ki, qarqar dili əsasında düzəldilmiş əlifbadan da istifadə edirmişlər». (2; 219) Aran yazısının olmasını erməni katalikosu Babkenin fars provoslav xristian kilsəsinə 506-cı ildə yazdığı məktub da təsdiq edir: «Biz öz dini tə’limimiz haqqında sizə gürcülər və ağvanlarla birlikdə, hər kəs öz dilində, əvvəllər yazmışıq». (18; 5) Ə.S.Sumbatzadə göstərir ki, «...V əsrin sonu, VI əsrin əvvəlində albanlar öz yazılarından artıq beynəlxalq yazışmalarda da istifadə edirdilər». (10; 68)
İngilis alimi doktor Dauset «Ağvan tarixi»nin ingilis dilinə tərcüməsini nəzərdən keçirərək bu nəticəyə gəlmişdir ki, əsər iki hissədən ibarətdir, birinci hissəsi VII, ikinci hissəsi XI əsrdə yazılmışdır. Birinci hissəni Kalankatuklu Moisey, ikinci hissəni Movses Dasxuransi qələmə almışdır.
Alban əlifbasının tədqiqatçısı A.Şanidze on bir əsrdən çox davam edən Alban mədəniyyətinin Qafqaz regionunda böyük rolunu nəzərdə tutaraq yazmışdır: «Mən belə hesab etmişəm və hazırda da belə hesab edirəm ki, orta əsrlərdə Qafqazın mədəni və siyasi həyatında görkəmli rol oynamış bütöv bir xalqın yazısı izsiz yox ola bilməz. Qazıntılar bizə alban yazısının mövcud olması barədə mənbələrin mə’lumatını inandırıcı şəkildə təsdiq edən epiqrafik material verməlidir. Bundan əlavə, mən hələ ümidimi itirmirəm ki, nə vaxtsa və harada isə palimpsestlərdə (perqament yazılarında) alban əl yazılarından parçalar üzə çıxacaqdır». (19; 5)
Bu sözlərdən az sonra - 1948-ci ildə Mingəçevir qazıntıları zamanı üzərində alban yazısı olan daş tapılmış və bu barədə S.M.Qaziyev mə’lumat vermişdir. (20; 396-403) Lakin həm tapılmış əlifbada (Matenadaran 7117), həm Mingəçevir yazılarında qüsurlar olduğu üçün yazıları düzgün oxumaq mümkün olmamışdır. 1956-cı ildə A.Q.Abramyan həmin yazıları oxumaqla məşğul olmuş, bu yazıları cəmi iki kənddə - Qutqaşen rayonunun Nic, Vartaşen rayonunun Vartaşen kəndində yaşayan udinlərin dili əsasında oxumağa çalışmışdır. Udinlər heç vaxt ölkədə bütün Şimali Azərbaycanı əhatə edən vahid dilə və dövlətə malik olmamış, daim türkdilli utilərlə qarışdırılmışdır. Müəllifin oxuduqları inandırıcı deyildir və istədiyi yerə alban əlifbası adlandırılan 52 hərfli əlifbanın istədiyi hərfini qoymuşdur.
Q.Voroşil Suriya mənbələrinə əsaslanaraq göstərir ki,VI əsrin əvvəllərində Aran yepiskopu Kardost hun-savirlər üçün də əlifba düzəltdirmiş və İncili savirlərin dilinə çevirtdirmişdir: «VI yüzilliyin başlanğıcında Suriya tarixçisi xəbər verir ki, 520-ci ildə alban yepiskopu Kardost üç ruhani ilə hun savirlərin yanına getdi. Onlar savirlər üçün yazı yaratdılar. ...orada hun dilində yazı buraxdılar».»İndiyədək lazımi diqqət yetirilməmiş çox vacib bir tarixi-dilçilik amilini göstərmək gərəkdir. Bu, türklər arasında xaçpərəstliyin yayılması, albanların İncili onların dilinə çevirməsidlir». (13; 24) Qafqaz Albaniyasının tədqiqi sahəsində maraqlı araşdırmalar aparmış Q.Voroşil ona görə albanların türklərə əlifba öyrətməsindən danışır ki, o, albanları qafqazdilli hesab edir, udinlərin əcdadları sayır, gah albanları udinlərə, gah da udinləri albanlara aid edir (hətta bə’zən qarqar dilini udin dilinin dialekti hesab edir -13; 27) və buna görə də o, S.T.Yeremyanın sözlərinə haqq qazandırmağa çalışaraq yazır: «Musa Xorenlinin mə’lumatında bu əlamətdardır ki, alban ədəbi dilinin norması üçün Albaniyanın o dövrkü şahlıq iqamətgahının - Paytakaran şəhərinin və onun şəhər ərazisinin, Qarqar düzünün (indiki Mil düzü) danışdığı qarqar dialekti götürülmüşdür». Q.Voroşil S.T.Yeremyanın bu sözlərini qeyd etdikdən sonra deyir: «Ancaq, onun dediyinə görə, 25-30 ildən sonra, yə’ni V yüzilliyin ikinci yarısında Albaniyanın yeni paytaxtı - Utik vilayətindəki Partav şəhəri meydana çıxdı. Partav şəhərinin və onun şəhər ərazisinin Utik vilayətinin danışıq dili uti dili, bizim günlərədək saxlanmış udi dili idi», Alban-Arran dilinə qarqar ləhcəsinin nə qədər uyğun olduğu S.T.Yeremyana bəlli deyil, ancaq o, başqa bir məsələyə - «uti, yaxud udi dilinin Aran, yə’ni alban dili ilə eyniliyi»nə şübhə etmir. (13; 28) Musa Xorenlinin mə’lumatı doğrudur, lakin hər iki müəllifin - Yeremyan və Voroşilin uti ilə udini, türkdilli albanlar ilə qafqazdilli udiləri, çox qədim türk tayfası olan qarqarlarla udiləri eyniləşdirməsi tamamilə yanlışdır və bəlkə də tarixi faktların şüurlu təhrifidir. Q.Voroşil alban dilinin udi dili olduğunu əsaslandırmaq üçün ağvan əlifbasındakı bir sıra hərf adlarının udi dilində hazırda real mə’naya malik olduğunu göstərmişdir: zoq - zoğ, kat - qətrə, un - sən, sa - çay qumu, cav - şan, şöhrət, ar - armud və s. Bu sözlərin hamısının kökü bizim dildə də eyni mə’nadadır («zoğ» sözü, qətrə mə’nasında «qat» sözü, «ar» - armud, «çav» -şöhrət (qədim türk), «sa» - çay daşına vurmaqla od çıxaran satıl sözü və s.).
Dostları ilə paylaş: |