Sual: İslam dünyasında böyük Aşura hadisəsinin baş verməsində sadaladığınız amillərdən başqa bir amil də təsirli olmuşdurmu?
Cavab: İmamların həyatına baxanda bu vəziyyətin yaranmasına gətirib çıxaran başqa bir amil də nəzərə çarpır. Bu amil haqq tərəfdarlarının İslam dünyasının taleyinə laqeyd qalması və əhəmiyyətsiz yanaşmasıdır. Bəzi şəxslər bir müddət bir qədər aktivlik göstərdilər, lakin hakim qüvvələr sərt qarşılıq verdilər. Misal üçün, Mədinə şəhərinə hücum zamanı bunlar Yezidin əleyhinə etiraz səslərini ucaltdılar. O, zalım bir adamı göndərib onları qətliam etdi, bu insanlar da hər şeyi kənara qoydular və problemləri unutdular. Təbii ki, bunlar Mədinə əhalisinin hamısı deyildilər, həm də öz aralarında çəkişən bir qrup idilər. Onlar İslam təlimlərinin tam əksinə əməl etdilər; nə düzgün birlik və təşkilatçılıq vardı, nə qüvvələrin bir-biri ilə yetərli əlaqəsi. Nəticədə düşmən amansızlıqla hücum etdi, bunlar da ilk addımda geri çəkildilər. Bu, mühüm məsələdir.
Bir-biri ilə mübarizə aparan, bir-birinə zərbə vuran haqq və batil cinahlarının mövqeyi aydındır. Haqq cinahının batilə zərbə vurduğu kimi, batil də haqqa zərbə vurur. Bu cinahların hansı tez yorulsa, nəticə bilinir və yorulan tərəf məğlub olur.
Peyğəmbərlərin təlimlərinin yaşamasının səbəbkarı onlar tərəfindən təkrar olunan tövhid sözü, dini fəzilət və dəyərlərdir. Bu gün həmin təlimlər bütün dünyanı bürümüşdür. Dünyanın hansı tərəfinə baxsanız, peyğəmbərlərin təlimlərini görərsiniz. Halbuki bir neçəsindən başqa təxminən bütün peyğəmbərləri öldürmüşlər. Musaya (ə) o qədər əzab verdilər, İsa ibn Məryəmi (ə) bəlli təqib və təzyiqlərə məruz qoydular, amma onların təlimləri bu günədək qalmışdır.
Əsas səbəb odur ki, peyğəmbərlər meydandan qaçmadılar, birinin məğlubiyyəti digərinin batillə döyüşdən imtina etməsinə bais olmadı. Bir neçəsini çıxmaq şərti ilə bütün peyğəmbərlər düşmənləri tərəfindən təqib olunmuşlar. Eyni zamanda ya öldürülən, ya yandırılan, ya həbs edilən, ya diri-diri mişarla doğranan və hakim qüvvələrin bütün bu işgəncələrinə məruz qalan bu qrupun fəaliyyətinin nəticəsi göz önündədir: Bu gün dünya peyğəmbərlərin təlimlərinin təsiri altındadır. Dünyanın hər bir yerində peyğəmbərlərin təlimləri görünür. Bütün yaxşı xarakterlər, ədalət və sülh kimi gözəl prinsiplər peyğəmbərlərin təlimləridir. Bunların hamısının yaşamasının amili yorulmamaq və meydandan qaçmamaqdır. İmam Hüseynin (ə) dövründə və İslam tarixinin bu qədər faciə törədilən bəlli hissəsində bu prinsip mövcud deyildi. Onların bir-biri ilə əlaqələri yox idi, tez məğlubiyyət hiss edir, yorulur, səhnəni tərk edirdilər, nəticədə isə düşmən irəliləyirdi.
Bir dəfə bu təcrübədən düzgün istifadə olundu və onda da qəti qələbə hasil oldu. Bu bizim dövrümüzdəki İslam inqilabında baş verdi. Allah-Taala Böyük İmamı elə yaratmışdı ki, məğlubiyyət və yorulmazlıq hiss etmirdi, onun ruhunda uğursuzluğa yer yox idi, ən çətin vəziyyətlərdə də inkişaf niyyəti vardı. Sizin özünüz səkkizillik müharibə dövründə yaxından gördünüz ki, ən ağır durumlarda da geri çəkilmək qəsdi olmayan şəxs möhkəm dağ kimi dayanan imam idi. İnsanın arxasında belə möhkəm bir dağ duranda rahat mübarizə aparar.
O, mübarizə çağında da belə idi; bütün çətinliklərə, uğursuzluqlara, dəyənəklərə, təzyiqlərə, sürgünə və yaşın çoxluğuna baxmayaraq, yenə də mübarizəni davam etdirirdi. Böyük İmam mübarizəyə başlayanda gənc deyildi, 63 yaşı vardı. Mənim yadımdadır, 1962-ci ildəki çıxışlarında deyirdi ki, mən nədən qorxmalıyam. Məni öldürsələr, əziz Peyğəmbərin (s) və Əmirəlmömininin (ə) dünyadan köçdüyü yaşda vəfat edəcəyəm. Bundan böyük xoşbəxtlik ola bilərmi?! Onun məntiqi bu idi.
İmam 63 yaşında və qocalıq çağında mübarizəyə başladı. Çünki şərait o zaman münasib idi. O, qocalıq çağında bütün zəhmətlərə dözdü, 80 yaşında da bu böyük inqilabın rəhbərliyini öhdəsinə götürdü və 90 yaşına qədər sizin şahidi olduğunuz ağır hadisələrdə ona rəhbərlik etdi. ABŞ və SSRİ-nin təhdidi, iki supergücün birliyi, səkkizillik müharibə, Təbəsə hücum, iqtisadi, siyasi və informasiya blokadası heç zaman bu uca dağı qorxutmadı, heç bir tufan onu tərpədə bilmədi. Buna görə də qələbə çaldı.
Bu təcrübəyə bir dəfə bizim inqilabımızda əməl olunmuşdur. Xalq və mübarizəni sevənlər bu kişinin arxasında dayandılar, həmrəylik nümayiş etdirdilər, hətta ən zəif insanlar da bir-birinin ardınca prosesə qoşuldular və nəhayət düşmən məğlub oldu. Bu gün düşmən bizə məğlub olmuşdur.1
Dostları ilə paylaş: |