Yeddinci fəsil: Milli birlik, milli təhlükəsizlik, onları qorumağın yolları, milli təhlükə və onlara qarşı tədbirlər
Sual: Siz novruz bayramı münasibəti ilə etdiyiniz müraciətinizdə milli birliyi və milli təhlükəsiziliyi ilin şüarı adlandırdınız. Lütfən bu barədə açıqlama verin və milli birlikdə məqsədin, eləcə də hazırkı çağda milli birliyi pozan əsas amillərin nədən ibarət olduğuna aydınlıq gətirin.
Cavab: Bu ilin əvvəlində dedik ki, ilin şüarı milli birlik və milli təhlükəsizlik olsun. Ölkənin vəziyyətini və beynəlxalq məsələləri nəzərə alaraq həqiqətən demək olar ki, məmurların və xalqın diqqətdə saxlamalı olduğu iki mühüm şüar bunlardır. Əgər milli birlik və milli təhlükəsizlik təmin olunsa, hökumət də öz işlərini, mühüm vəzifələrini və qurucu proqramlarını icra etməyə macal tapar, iqtisadi problemlərlə məşğul olar, xalqla maraqlanar, xalqın məişət vəziyyətini və ölkənin mədəni problemlərini həll edər. Əgər təhlükəsizlik, yaxud birlik olmasa, ixtilaf, çaxnaşma və daim siyasi gərginlik olsa, ziyan görən birinci qüvvə hökumət olacaq və öz vəzifələrini icra edə bilməyəcək. Hökumət vəzifələrini icra etməyəndə isə xalqın, aztəminatlı təbəqələrin, gənclərin və müxtəlif qurumların proqramlarına ehtiyaclı olanların vəziyyəti bəlli olar. Buna əsasən, bu iki şüar böyük əhəmiyyət kəsb edir. Mən milli birlik üzərində daha çox dayanmaq istəyirəm. Çünki təhlükəsizlik də birlikdən irəli gəlir. Birlik olmasa, milli təhlükəsizlik də təhlükəyə düşər. Birlik dedikdə məqsədimiz nədir? Yəni bütün xalq bir cür düşünsün?! Xeyr! Yəni bütün xalq eyni siyasi xətdə olsun?! Xeyr! Yəni bütün xalq bir şeyi, bir şəxsi, bir cinahı, bir qrupu dəstəkləsin?! Xeyr! Birliyin mənası bunlar deyil. Birlik odur ki, təfriqə, nifaq, çaxnaşma və iğtişaş olmasın. Hətta dini baxımdan eyni olmayan iki qrup da birləşə, bir-birinin kənarında dura və dalaşmaya bilər. Bu birliyi sıradan çıxaran amillərdən biri daim xalqın düşüncə arenasına atılan qeyri-konkret məfhumlardır. Onları hərə bir cür izah edir; bir qrup belə, bir qrup elə izah edir və nəticədə lazımsız ixtilaf və qarışıqlıq yaranır. Təbii ki, düşmən bütün bu məsələlərdən qazanır. Çox güman ki, bunların hamısında, yaxud bəzisində düşmənin əli də var. Biz bunu görməzdən gələ bilmərik.
Təəssüf ki, bu gün bəzi şəxslər həssas olmuşlar; düşmən deyən kimi inadkarlıqları tutur ki, nə üçün belə deyirsiniz. Düşmən var, düşməni görməzdən gələ bilməzsiniz. Düşmənini, onun səngərlərini, silahlarını görmədiyinə və təxribatını anlamadığını görə heç bir xalqa və topluma afərin demirlər. Düşmənin özü açıq deyir ki, mən düşmənlik edirəm. Düşmənin özü deyir ki, mən İranda qarışıqlıq yaratmaq üçün büdcə ayırır, düşüncələri gərginləşdirmək üçün radio kanalı açır, İran xalqının iki yerə bölünməsini istəyirəm. İndi biz deyək düşmən yoxdur?! Bu sadəlövhlük deyil?! Düşmən işləyir. Təbii ki, biz ayıq olsaq və səhvə yol verməsək, düşmən heç bir iş görə bilməz. Şübhəsiz ki, bizim səhvimiz, diqqətsiliyimiz və səhlənkarlığımız düşmənin uğur qazanmasında mühüm və əsaslı amillərdir.
Mən tarixə müraciət edib buna iki misal vurmaq istəyirəm. Siz görün bu qeyri-konkret məfhumlar bir cəmiyyəti necə ikiyə bölür:
Bir nümunə Siffeyn döyüşünə aiddir. Əmirəlmömininin (ə) qoşunu Müaviyənin qoşununa üstün gələndə onlar Quran kitablarını nizələrə taxdılar. Bu hərəkət Əmirəlmömininin (ə) qoşununda ikitirəlik yaratdı. Bunun mənası o idi ki, bizimlə sizin aranızda Quran var. Bəzi adamlar dedilər ki, biz Quranla vuruşa bilmərik, bəziləri isə dedilər ki, bunlar Quranla döyüşə girmişlər, Quranın vərəqlərini qaldırırlar, əslində isə onun məzmunu ilə - yəni Əmirəlmömininlə (ə) vuruşurlar. Hər halda, müsəlmanların qoşununda ikitirəlik yarandı və zəiflik baş verdi. Bu, düşmənin işi idi.
İkinci nümunə də həmin müharibədə baş verdi. Əmirəlmöminin (ə) Quranın mühakiməsinə məcbur edildikdən sonra onun düşərgəsi daxilindən öz adamları ayağa qalxıb şüar verdilər ki, hakimiyyət yalnız Allaha məxsusdur. Bəli, bəllidir və Quranda da var ki, hakimiyyət Allaha məxsusdur, amma bunlar nə demək istəyirdilər. Onlar bu şüarla Əmirəlmöminini (ə) hakimiyyətdən salmaq istəyirdilər. Əmirəlmöminin (ə) onların planını ifşa etdi. Dedi ki, hökm və hakimiyyət Allaha məxsusdur, amma bunlar onu demək istəmirlər. Bunlar demək istəyirlər ki, Allah təcəssüm olunub cəmiyyəti idarə etməlidir; yəni Əli (ə) olmamalıdır. Bu şüar bir qismi Əmirəlmömininin (ə) düşərgəsindən xaric edib bədbəxt, nadan, qafil, yaxıngörən, bəziləri isə qərəzli olan qrupa qoşdu və Xəvaric amili meydana çıxdı.
Təəssüf ki, indi bizim cəmiyyətimizdə buna bənzər işlər görülür. Verilən şüarların bəzisi aydın və yaxşıdır, amma düşmən onlardan sui-istifadə edir. Mən bu gün iki sözü izah edəcəyəm. Ümidvaram siz əzizlər və müsəlman xalq bu iki məsələyə elə diqqət yetirəsiniz ki, qəlblərində xəstəlik olanlar bundan sonra nə desələr və yazsalar da, nifaq salmağı bacarmasınlar. Bu sözlərin biri şiddət, biri isə islahatdır.1
Sual: Uzun müddətdir mətbuatda şiddət haqda yazır və quruluşa sadiq qüvvələrin bir hissəsini şiddətdə ittiham etməyə çalışırlar. Sual budur ki, şiddət nədir və İslamın buna baxışı necədir?
Cavab: Şiddət öldürmək, döymək, həbs etmək, kobud davranmaq və aşağılamaqdır. Şiddətin mənası aydındır. Artıq neçə aydır bizim bəzi mətbu orqanlarımız daim yazırlar ki, şiddət yaxşıdır, yoxsa pis; yaxud filankəs şiddətin tərəfdarıdır, filankəs isə ona müxalifdir; yaxud İslam şiddəti qəbul edir və ya qəbul etmir. Bu məsələ bu qədər mühüm və müşküldür, yoxsa bunun arxasında başqa niyyətlər gizlənib?
İslamın şiddətə baxışı aydındır. İslam şiddətdən istifadəni prinsip seçməmiş, amma qanuni yerlərdə bunu inkar da etməmişdir. İki cür şiddət var: biri qanuni şiddətdir - yəni qanun bu şiddəti icra edir. Yazır ki, kim filan işi görsə, onu həbs edin. Bu şiddətdir, amma pis deyil və insanların hüququna təcavüzün qarşısını alır. Bu şiddət qanunu pozan və təcavüzkar insana qarşıdır. Təcavüzkara qarşı şiddət işlədilməsə, cəmiyyətdə təcavüz çoxalar. Burada şiddət lazımdır. Şiddətin bir növü də qanunsuz şiddətdir. Məsələn, bir nəfər yersiz, özbaşına və qanuna zidd olaraq kiməsə qarşı zor işlədir, bir şillə vurur. Bu yaxşıdır, yoxsa pisdir? Bəllidir ki, pisdir. Bunda şübhə yoxdur.
İslam Peyğəmbərin (s) davranışı və fərdi əxlaqı haqda buyurur: "Allahın mərhəməti səbəbinə sən onlarla yumşaq rəftar etdin. Əgər qaba, daşürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər"1. Peyğəmbəri (s) xalqla münasibətdə yumşaq və mülayim olmasına görə mədh edir və deyir ki, sən sərt və kobud deyilsən. Həmin Quran başqa bir yerdə Peyğəmbərə (s) deyir: "Ey Peyğəmbər! Kafirlərə və münafiqlərə qarşı vuruş, onlarla sərt (şiddətli) davran!"2 Qabaqkı ayədə qeyd olunan sərtlik və şiddət anlayışı burada da var, lakin orada möminlərlədir, davranışda, fərdi rəftardadır, burada isə qanunun icrasında, cəmiyyətin idarəsində və nizam-intizam yaratmaqda. Orada şiddət pisdir, burada isə yaxşıdır.
Əziz Peyğəmbər (s) Məkkəyə daxil olarkən on üç il ona əziyyət, işgəncə verən, yalançı adlandıran və bütün problemləri yaradan insanlarla üzləşdi. Onların hamısına dedi ki, siz azadsınız; onlardan intiqam almadı. Lakin elə həmin səfərdə bəzi şəxslərin adını çəkib dedi ki, bunları harada görsəniz, öldürün. Onlar dörd qadın və dörd kişidən ibarət idi. Burada şiddət lazım idi, amma orada mülayimlik.
İslam günahı isbat etmək haqda deyir ki, insanları güdməyin, onun-bunun günahını izləməyin, əsassız olaraq insanları günahkarlıqda ittiham etməyin. Günah sübuta yetdikdə isə buyurur: "Allahın dini barəsində (cəzanın icrasında) onlara qarşı ürəyiniz yumşalmasın". Yəni günahkarı cəzalandırmalısınız, ona ürəyiniz yanmasın.
İslam kompleks dindir, təkyönümlü deyil. İslam hökuməti zorakılıq, təcavüz, iğtişaş və qanun pozuntusu qarşısında qaldıqda qüdrətlə, qətiyyətlə və şiddətlə rəftar etməli, xalqı ilə ümumi rəftarında isə mehriban və mülayim olmalıdır: "Sizin əziyyətə düşməyiniz ona ağır gəlir, o sizdən (sizin iman gətirməyinizdən) ötrü təşnədir, möminlərlə şəfqətli, mərhəmətlidir". Peyğəmbər (s) sizin çətinliklərinizə görə əziyyət çəkir. Həmişə belədir; xalqa toxunan hər bir ziyana görə ona ürəyi yananlar əziyyət çəkirlər. Deməli, orada elə olmaq lazımdır, burada isə belə.
Peyğəmbər (s) hicrətin onuncu ilində vida həcci adlanan son həcc ziyarəti üçün Məkkəyə gedəndə Əmirəlmöminin (ə) Yəməndə məmuriyyətdə idi. Peyğəmbər (s) o həzrəti əhaliyə din öyrətmək, kömək etmək və onların zəkatını almaq üçün Yəmənə göndərmişdi. Əmirəlmöminin (ə) Peyğəmbərin (s) həccə getidyini eşidən kimi tez özünü Məkkəyə çatdırdı. Yəmən əhalisindən bir qədər zəkat alınmışdı. Onların arasında o zaman çox dəbdə olan Yəmən paltarları da vardı. Bu karvanla getmək üçün Əmirəlmömininin (ə) vaxtı yox idi. O özünü Peyğəmbərə (s) çatdırmağa tələsirdi. Odur ki, həmin malları gətirmək üçün bir nəfəri karvanın başçısı təyin etdi və həcc əməllərini əvvəldən Peyğəmbərlə (s) birgə yerinə yetirmək üçün özünü cəld Məkkədə Peyğəmbərə (s) çatdırdı. Həmin karvan çatanda Əmirəlmöminin (ə) onların yanına getdi, gördü ki, onlar Yəmən paltarlarını öz aralarında bölmüş və hər biri gözəl bir paltar geyinib gəlmişlər. Buyurdu ki, nə üçün bunları geyinmisiniz? Dedilər ki, qənimət və zəkat olduğu üçün bunlar bizə məxsusdur. Buyurdu ki, Peyğəmbərə (s) çatmadan, xəzinəyə təvil verilmədən bölünməsi düzgün deyil, qanuna və dinə ziddir. Buna görə paltarları onlardan aldı. Bəziləri özləri verdilər, vermək istəməyənlərdən də zorla aldı. Təbii ki, çox imanı olmayan bir kəsdən bir imtiyaz alınanda inciyər. Onlar Peyğəmbərin (s) yanına gəlib Əmirəlmöminindən (ə) şikayət etdilər. Peyğəmbər (s) buyurdu ki, nə üçün şikayət edirsiniz, məgər nə olub? Dedilər ki, Əli (ə) bunları bizdən aldı. Peyğəmbər (s) onların cavabında buyurdu ki, bu iş üçün Əlini qınamayın, o, ilahi qanunlar məsələsində sərt və şiddətli insandır.
İslamın təyin etdiyi sərhəd şiddətin qanuni olmasıdır. Qanuni şiddət nəinki yaxşı, hətta vacibdir. Qeyri-qanuni şiddət isə nəinki pis, hətta cinayətdir və ona qarşı tədbir görmək lazımdır. İslamın baxışı budur. Daha bundan ötrü mübahisəyə ehtiyac yoxdur və heç kim İslamın əsaslarını və həqiqətləri bilmədən bəzi mətbu orqanlarını təhrikedici və azdırıcı manşetlərlə doldurmasınlar. Xalqın bu mövzular üstündə bir-biri ilə vuruşmasını istəyən düşmənlərin məqsədi başqadır. Onlar şiddəti ümumi bir məsələ hesab edir, qanuni və qeyri-qanuni şiddət arasında fərq görmür və qanuni şiddətə də qarşı çıxırlar. Onlar deyirlər ki, kimsə Tehranın küçələrində iğtişaş törətsə, xalqın təhlükəsizliyini pozsa, mal-mülkünü tələf etsə, uşaqlarını təhlükəyə salsa, ona qarşı tədbir görməyin, çünki bu, şiddətdir. Halbuki onların özləri dünyanın müxtəlif yerlərində ən kobud və ən faciəli işləri görürlər. İndi radiosu şiddətlə düşmənliyin təbliğatçılarından olan və daim şiddət əleyhinə şüarlar səsləndirən sionizm rejimi hər gün Livanın cənubunu bombalayır, qadını, uşağı, kiçiyi və böyüyü məhv edir. Dünyanın müxtəlif yerlərində olan dostları da belədirlər.1
Sual: Buyurduğunuz şüarlardan biri də islahatdır. Təəssüf ki, bəzi mətbu orqanları bu barədə cəmiyyətdə şübhələr yaradır və milli birliyi pozurlar. Sizcə islahat nədir və İslam inqilabı islahata qarşı çıxırmı?
Cavab: İslahat həmişə sevilmiş sözlərdən biridir. Yeni hökumət iş başına gələndən islahat siyasətini irəli sürmüşdür. Hər hansı fəsaddan əziyyət çəkən bütün insanların qəlbi bu şüarla döyünür və islahatın tərəfdarıdırlar. İslahat çox yaxşı bir şeydir. Amma o nədir? Düşmən burada da işə qarışır, onun xəbər imperatorluğu təbliğat fəaliyyətinə başlayır və ölkə daxilində bəzi qüvvələrin peyda olub islahat, bəzi qüvvələrin də antiislahat şüarı verməsinə bais olur. Məgər kimsə islahata müxalif ola bilərmi?! Düşmənin işi belədir. Düşmənin işi şübhə yaymaq və öz məqsədlərindən ötrü cəmiyyəti qarışdırmaqdır. Düşmən islahatı sevmir. Bu barədə qəti fikir bir kəlmədir: islahat ya inqilab, İslam və iman islahatıdır, ölkənin bütün məmurları, bütün mömin xalq və bütün fikir sahibləri də onunla razıdırlar, ya da Amerika islahatıdır və ölkənin bütün məmurları, bütün mömin xalq və bütün sayıq insanlar ona müxalifdirlər.
İslahat barədə İmam Hüseyndən (ə) iki cümlə nəql olunmuşdur. O buyurur: “Babamın ümmətinin işlərini islah etməkdən ötrü qiyam edirəm”2. O, islahat barədə düşünür və islahat aparmaq istəyirdi. Başqa bir yerdə də buyurur ki, İslam ümmətinin və İslam ölkəsinin islahını istəyirəm. Bu, İmam Hüseynin (ə) şüarıdır.
İslahat nədir? İslahat hər bir nöqsanlı sahənin düzəlməsi deməkdir. İnqilabın özü böyük bir islahatdır. Dünyanın siyasi ədəbiyyatında inqilabı islahatın qarşısında qeyd etsələr də, mən bu terminlə danışmaq istəmirəm. Mən İslam termini olan islahatdan danışıram. İnqilabın özü ən böyük islahatdır. İslahat inqilabın mahiyyətində və kimliyində yatır. İnqilabçı, sayıq və şücaətli bir xalq daim baxır ki, keçmişdən qalmış, zaman boyu diqqətsizlik, yanlış idarəçilik və təcavüzlər səbəbindən yaranmış fəsadların nə olduğunu görsün və onları islah etsin; səhvlərini görüb düzəltsin. İslahatsız inqilab ola və heç bir cəmiyyət islahatsız yaşaya bilməz. İnqilabın əvvəlindən hamı islahatın yaranmasını arzulamış, hər kəs öz iradəsi qədərincə buna çalışmışdır. Bu gün bir hökumət islahatı özünə şüar seçmişdir. Çox gözəl! Mən bu hökumətin məmurlarının, islahat şüarı verənlərin, o cümlədən möhtərəm prezidentimizin islahatda məqsədlərinin nə olduğunu bilirəm. Onlar İslam islahatını istəyirlər.1
Dostları ilə paylaş: |