Sual: Tələbələri düzgün yetişdirmək üçün nə etmək, onları İslam quruluşuna və xalqa xidmətə cəlb etmək üçün hansı amilləri nəzərə almaq lazımdır?
Cavab: Tələbə yetişdirməkdə iki əsas amil var. Onların heç birinə əhəmiyyətsiz yanaşmaq olmaz. Əgər əhəmiyyətsiz yanaşsaq, ziyanını çəkəcəyik. Bu amillərin biri elm, tədqiqat, elmi işgüzarlıq, elmi istedadların çiçəklənməsi və bu tip məsələlərdən, biri də dindarlıqdan, düzgün hərəkətdən, tələbənin mənəvi və psixoloji sağlamlığından ibarətdir. Universitetlərdə bu iki amili bir-birindən ayırmadan ölkənin bütün imkanları daxilində onlara riayət etmək lazımdır.
Birinci amildə səhlənkarlıq göstərsək, nəticə nə olar? Hamı bilir. Tələbəyə elm və tədqiqat öyrədə bilməyən, tələbəni bir alim, müəllim, yaradıcı və nəhayət cəmiyyətin saysız-hesabsız sahələrindən biri üçün aktual başçı edə bilməyən bir mərkəzdən universitet çıxmaz. Bu sahədə müəllim, dərs vəsaiti, təhsil şəraiti, laboratoriya və elmi jurnallar məsələsi var. Bunlar həmişə bizim dilimizin əzbəridir, hamımız onlarla məşğuluq. Sizin təxminən hamınız universitet mənsubları olduğunuza görə, bu məsələləri çox yaxşı bilir və bunlarla məşğul olursunuz. Ölkənin imkanları həddində bu sahələrdə günbəgün inkişaf etməliyik!
İkinci amil dindarlıqdan, düzgün hərəkətdən, tələbənin mənəvi və psixoloji sağlamlığından ibarətdir. Düzdür, siz buna da diqqət yetirirsiniz. Mən həm təbii şəkildə belə bir qrupun bu ikinci amildən də xəbərsiz olmadığını bilirəm, həm də sizin təxminən hər birinizlə istər bu şurada, istər şura xaricində oturub-durduğuma görə bundan xəbərdaram. Lakin ölkənin ümumi universitetlərində bu ikinci amilə - yəni tələbənin dindarlıq və ayıqlıq məsələsinə, onun məqsədsiz bir elm adamı halətindən çıxıb məqsədli bir elmi kadra çevrilməsi amilinə yetərli diqqət mövcud deyil.
İnsan kompüter deyil. Kompüterə bir proqram yükləyirlər, o da məsələnin cavabını hesablayır. İnsan isə belə deyil. İnsan özü öz proqramını tənzim etməli, qərar verməli, istiqamət seçməlidir. Biz bu ikinci istiqaməti yaddan çıxarsaq, universitet imamın dəfələrlə xəbərdarlıq etdiyi universitet olacaq.
Universitetdə çalışmış, onu bizdən yaxşı tanıyan, həm də dini hisslərə malik olan siz cənablar bunu yaxşı dərk edirsiniz. Universitetin dindən ayrı və dinə yad olması böyük bir faciə deməkdir. Bu faciəni aradan qaldırmaq olduqca çoxlu tələfatlara və böyük problemlərə səbəb ola bilər. Bu problemlərin sonra aradan qalxıb-qalxmaması da bəlli deyil.
İslam Respublikasının xüsusiyyəti belədir ki, onun kadr yetişdirmə aparatı düzgün hərəkət etməli və İslam Respublikasının məqsədlərinə uyğun kadrlar hazırlamalıdır. Biz yalnız alim olan, bir xalqın, xüsusən də müsəlmanların malik olduğu müqəddəs arzulara yiyələnməyən bir insan yetişdirmək istəsək, yaxşısı budur ki, tələbələrimizi qrup-qrup elm mərkəzlərinin bizdən daha imkanlı və daha modern olduğu ölkələrə göndərək, gedib orada elm öyrənib qayıtsınlar. Məqsəd bu deyil. Məqsəd budur ki, ölkə elm və düşüncə baxımından layiqli insanların vasitəsilə və öz məqsədləri istiqamətində hərəkət etsin. Bu yalnız o zaman mümkün olar ki, bu insanlar həmin məqsədləri bilib qəbul etsinlər.
Universiteti bitirən şəxs – yəni universitetin məzunu nə inqilaba, nə dinə, nə ölkəyə, nə milli istiqlaliyyətə və böyük milli arzulara qarşı məsuliyyətli olacaqsa, bu universitet elmi baxımdan nə qədər yüksək olsa da, dəyəri olmaz, onun məhsulu və məzunu asanlıqla müxtəlif siyasi qüvvələrin ixtiyarına keçər.
Bu amil bizim universitet proqramlarımızı müəyyən etməlidir. Biz universitetdə dini, inqilabi ruhiyyəni və milli asılılığa nifrəti diqqət mərkəzində saxlamalıyıq. Asılılıq məsələsi xüsusi əhəmiyyətə malikdir. Təəssüf ki, bu gün dünyanın siyasi mövqe baxımından kiçik ölkələri, necə deyərlər, keçmiş üçüncü dünya və əsasən müsəlman ölkələri belə asılı vəziyyətdə olub gözlərini başqalarına dikmişlər.
Bu asılılığı elm öyrənməyə həvəslə səhv salmaq olmaz. Bəzən elm bizim düşmənimizin əlində olur; düşmənin yanına gedib diz üstə oturar və ondan elm öyrənərik. Bunun eybi yoxdur. Elmin dəyəri o qədər ucadır ki, insan ona görə hətta müxalif olduğu şəxsin yanına da gedə bilər. Bu bir məsələdir, elmdən başqa cəhətlərdə - siyasətdə, mədəniyyətdə və digər sahələrdə düşmənin təsiri altına düşmək isə başqa bir məsələdir. Bizim üçün, necə deyərlər, üçüncü dünya üçün istədikləri və planlaşdırdıqları ikincisidir. Təsadüfən birincinin baş tutmaması üçün işlər də görmüşlər.
On illərdir indiki geriqalmış dünya üçün beyinlərin qaçışından ibarət böyük problem gündəmdədir. Bunlar yaxşı və seçilmiş insanları oğurlayıb aparır, öyrənənlərin və istedadlıların həmin ölkələr üçün çalışmasına da imkan vermirlər. Odur ki, ikinci məsələnin əhəmiyyəti birinci məsələdən çox olmasa da, ən azı onun qədərdir.
Universitetlərdə dini dirçəltmək lazımdır. Bizim universitetimiz dinsiz doğulmuşdur. Bu aydın məsələdir. İndiki formada olan universitet əvvəldən dinsiz doğulmuşdur, bunu planlı şəkildə belə etmişlər. Bu o demək deyil ki, hansısa universitetin təsisçisi dindar adam olmuş, yaxud olmamışdır; ümumiyyətlə buna dəxli yoxdur. Universitetin özülü qeyri-dini və hətta antidin təməllər üzərində qurulmuşdur; əvvəldən dinsiz doğulmuş ölkəmizin ziyalı çevrəsi kimi.
Əsaslı və güclü dinin xüsusiyyəti belədir ki, müxtəlif yerlərə, çevrələrə nüfuz etmək üçün kimdənsə icazə gözləmir. Din universitetə, ziyalı çevrələrinə və elmə də nüfuz etmiş, hər yerə girmişdir. Lakin bünövrə yanlış bünövrə idi. Bu bünövrə dəyişməli və yenə qabaqkı kimi olmasına imkan verməməliyik; təbii ki, düşmən də bikar oturmur.
İnqilabdan sonra mədəni inqilab - yəni universiteti İslam istiqamətinə qaytarmaq üçün həqiqətən böyük zəhmətlər çəkilmişdir. Bəzi müəllimlər, tələbələr və müxtəlif məsul işçilər Allahın və xalqın yanında həqiqətən unudulmaz xidmətlər göstərmişlər. Bu işlərin hamısı gözəldir, lakin yarımçıqdır, tam deyil. Mədəni İnqilab Ali Şurası universiteti dindar, inqilabçı, siyasi cəhətdən ayıq və aktiv tələbə yetişdirən bir mərkəzə çevirməyi özünün ən mühüm və vacib vəzifələrindən bilməlidir. Bu sizin üzərinizə düşən işlərdən biridir. Bunu etməsəniz, xalqın düşmənləri onun əksini edəcəklər. Necə ki, indi müxtəlif üsullarla etməkdədirlər.1
Sual: Təəssüf ki, ölkənin siyasi mühitində, xüsusən də universitetlərdə ruhaniləri və elm hövzələrini gözdən salmaq istiqamətində işlər aparılır. Bu işdə məqsəd nədir və ümumiyyətlə ruhanilərə nə üçün belə hücumlar edirlər?
Cavab: Bu, sadə bir iş və yalnız qrup məsələsi deyil. Bəllidir ki, elm hövzələrində təhsil və tədris sistemi əvvəldən dəqiq araşdırma, tədqiqat, yenilik, yaradıcılıq və elmi əsasları tənqid üzərində qurulmuşdur. Bəzi qüvvələrin elm hövzələrini təqlidçi kimi göstərməsi, onun Mütəhhəri, Behişti kimi şagirdlərini müstəsna nümunələr sayması düzgün deyil. Təbii ki, hövzəni düzgün tanımayan, onun nə olduğunu bilməyən adam belə səhvə yol verə bilər. Böyük ehtimalla və bəlkə də əminliklə demək olar ki, bunlar qərəzsiz şəkildə deyilir. Yəni burada pis niyyət yoxdur, amma həqiqətə ziddir və müxtəlif fəsadlara səbəb ola bilər. Bu, dinin bayraqdarı və nümayəndəsi olan ruhanilərin elmi və mənəvi dəyərinin tələbələrin gözündən düşməsinə gətirib çıxarır. Buna bənzər iş inqilabdan öncə daha naşı üsullarla görülürdü və təsirsiz ötüşmürdü. İnqilabdan qabaq universitet mənsubları həqiqətən ruhaniləri çoxdanışan, çox gözləntisi olan və heç bir şey bilməyən nadan adamlar sayırdılar. Mən onların çoxusu ilə rastlaşmışam. Məsələn, bir məclisdə bir hövzə tələbəsindən iki sanballı söz eşidəndə deyirdilər ki, ruhanilərin arasında həqiqətən sizin kimilər varmı? Halbuki həmin tələbə adi bir tələbə idi. Onlar ruhaniləri tanımırdılar, ölkənin elm mərkəzlərinin ruhanilər haqda təsəvvürü yanlış idi. Elm hövzəsi ümumiyyətlə elm və tədqiqat mərkəzi olmuşdur. Əgər ölkəmizdə elm üçün elmin, qarşılıqsız elmin nümunəsi varsa, bu, qədimdən fəaliyyət göstərmiş elm hövzələridir. Onlar isə buranı elmsiz bir yer bilirdilər.
Ruhani çevrələrdə və hövzə tələbələri arasında olan, Allahın lütfü ilə hələ də böyük həddə qalan zahidliyi və dünyaya etinasızlığı müasir universitet adamlarına müftəxorluq kimi tanıtdırmışdılar. Harada konkret işarə vurmadan "müftəxorlar" deyirdilərsə, ruhaniləri nəzərdə tuturdular. Belə təbliğat aparmışdılar.
Bu təbliğatın hədəfi nə idi? Hədəf ruhanilər deyildi, din idi. Biz ruhanilərin, fiqhin heysiyyətini, fiqhin elmi səviyyəsini və bir ölkənin ümumi hərəkətinə təsirini inkar etsək, yaxud sual altına salsaq, əslində böyük və təsirli bir təbəqənin dini təmayülünə zərbə vurmuş olarıq. Onlar bu işi görmək və düşmən dəyirmanına su tökmək istəyirlər. Odur ki, universitetdə bu məsələyə çox diqqət yetirmək lazımdır.1
Sual: Tələbə, universitet, elm və tələbə hərəkatından söz düşdü. Son zamanlar universitetlərdə cərəyan edən və 1999-cu ilin iyul hadisəsində görünən proseslərə əsasən, onlara hansı tövsiyə və mesajlarınız var?
Cavab: Mənim tələbələrə sözüm budur ki, düşməndən ehtiyatlı olsunlar, onu yaxşı tanısınlar, bu işdə əsla diqqətsizliyə yol verməsinlər. Doğma adamlar görkəmində hər yerə soxulan özgələri tanıyın, gizli əlləri görün. Heç kəsi diqqətsizliyinə görə tərifləmirlər; gözlərini yumduğuna görə heç kəsə "afərin" demirlər. Diqqətsiz bir insana ziyan toxunanda məsuliyyət daşıyan və qınanan birinci şəxs özüdür. Ehtiyatlı olun. Tələbə qiymətli və dəyərli bir təbəqədir. Düşmən tələbəni hədəf seçmişdir. Bir neçə ildir tələbələri quruluşun qarşısında qoymağa çalışırlar, lakin bacarmırlar. Bundan sonra da bacarmayacaqlar. Onların bir qrup adamı fürsətdən istifadə edərək bulanıq sudan balıq tutmaq istəsə, tələbələrin içinə daxil olub bəzi şüarlar səsləndirsə, bəzi sözlər desə də, elə bilməsinlər ki, biz səhv edəcəyik. Xeyr! Biz səhvə yol verməyəcəyik. Biz öz tərəf-müqabillərimizi tanıyırıq. Tələbə bizim övladımızdır, bizə, bu ölkəyə məxsusdur. Tələbə adı altında, yaxud tələbələrin arasına girməklə fəsad törətmək istəyən düşməndir. Tələbələrin özü sayıq və diqqətli olmalıdırlar.2
Dostları ilə paylaş: |