İmam Sadiq (ə): «Bir nəfər Peyğəmbərin (s) yanına gəlib soruşdu: «Ən yaxşı məscid əhli kimdir?» Həzrət (s) buyurdu: «Allahın şəninə daha çox zikr söyləyən (Allahı daha çox yad edən) şəxs.»169
Cabir ibn Abdullahdan nəql olunur: «Allahın elçisi (s) buyurdu: «Məscidlər Axirət bazarlarından biridir. Oraya daxil olan şəxs Tanrı qonağıdır. Oraya daxil olmaq fürsətini əldə etmək, günahların bağışlanmasına səbəb olar. Məscidin (oraya daxil olan şəxsə) salamı kəramətdir. Bununla da‚ xeyir-bərəkət əldə etmək üçün çalışın!» Soruşdular: «Ey Allahın Rəsulu! Necə xeyir-bərəkət əldə edək?» Buyurdu (s): «Dua və Tanrı dərgahına rəğbətlə üz gətirməklə.»170
Əbu Səid Xudridən nəql olunur: «Bir gün Tanrı elçisi məscidə daxil olduqda‚ Ənsardan olan Əbu Umamə adlı kişi ilə üzləşdi. Rəsulallah (s) buyurdu:
Ey Əbu Umamə! Nə üçün namaz vaxtı olmadığı halda məsciddə oturmusan?
Əbu Umamə dedi:
Borclu olduğuma görə qəm-qüssə və kədər içindəyəm‚ ey Allahın Rəsulu!
Sənə bir dua öyrədim ki, onun vasitəsilə Allah-Təala dərd-qəmini aradan aparıb‚ borclarını ödəməyə yardım etsin?
Bəli‚ ey Allahın elçisi!
Hər səhər-axşam bu duanı oxu: «İlahi! Mən qəm-qüssə‚ gücsüzlük‚ taqətsizlik‚ qorxaqlıq‚ simiclik‚ borcumun çoxluğu və insanların məni alçaltmasından Sənə pənah aparıram.
Əbu Umamə deyir: «Bu sözləri dedim və uca Allah mənin dərdimi‚ kədərimi aradan aparıb‚ borcumu ödədi.»171
Rəvayət olunur ki; imam Zeynəl-abidin (ə) başqasının evinin qapısının kandarında oturan bir kişinin yanından keçirdi. İmam (ə) (üzünü ona tutub) buyurdu: «Səni bu zalım və lovğa şəxsin qapısına gəlib (yalvarmağa) nə məcbur edib?» Dedi: Çətin və ağır həyat tərzi». Buyurdu: «Dur! Mən səni elə bir qapıya apararam ki‚ bu qapı (sahibindən) daha yaxşıdır. Uca Tanrı ondan daha mərhəmətlidir.»
Beləcə‚ onun əlini tutub Məscidün-nəbiyə (Peyğəmbərin məscidi) apardı. İmam (ə) buyurdu: «Üzünü qibləyə çevir və iki rəkət namaz qıl. Sonra da əllərini Allah dərgahına uzadıb‚ Ona həmd-səna oxu və Peyğəmbərinə (s) salavat göndər. «Həşr» surəsinin son ayələrini‚ «Hədid» surəsinin ilk altı ayəsini və «Ali-İmran surəsinin iki ayəsini (18 və 26-cı ayələr) oxuyub‚ Allahı (köməyə) çağır. İstədiyini Allahdan dilə ki‚ şübhəsiz‚ O‚ sənə istədiyini verəcək.»172